Şairlər tamadalara qarşı qiyama qalxdı SORĞU

Şairlər tamadalara qarşı qiyama qalxdı <span style="color:red;">SORĞU
16 sentyabr 2014
# 11:48

Təxminən bir neçə gün əvvəl şeir deyən, qiraət ustası Ağalar Bayramov Musa Yaqubun şeirlərinə öz səsi və intonasiyası ilə “yeni nəfəs” verdiyini ərz etdi. Mən də eləmədim tənbəllik, qayıtdım ki, ay Ağalar müəllim, Musa Yaqubun şeiri astma-bronxit-zad olub bəyəm? Yoxsa sizin səsiniz inqalyasiyadır?

O da bekara əndişələnib dedi ki, hayıf o addan ki, sizə qoyublar! Özü də hayıf sözündə vurğunu birinci hecaya saldı, haa-yıf dedi. Yəni, əsəbi halda belə ustad Məhəmməd Hüseyn Şəhriyarı unutmadı. Elə buna görə də, içində xırdaca da olsa ədəbiyyat bəslədiyinə görə Ağalar müəllimi özlüyümdə “bağışladım”. Ta orası alayı mövzudu ki, o xırdaca ədəbiyyatdan harda, necə istifadə edir.

İstədim bu mövzuda ədəbi prosesi təşkil edən ciddi qələm adamlarından, şairlərdən münasibət öyrənim. O səbəbə ki, cənab Ağalar müəllim qonaq qismində iştirak etdiyim toylarda Musa Yaqubu, Ramiz Rövşəni, hətta Vaqif Səmədoğlunu, Vaqif Bayatlı Odəri öz intonasiyası ilə dəfələrlə gözümdən salmağa ciddi cəhd göstərib. Və səd-əfsus bu işin öhdəsindən yüksək məharətlə gəlib. Şairləri yox haa, həmin şairlərdən dediyi şeirləri gözümdən salıb... Əl-qərəz, saz çalanlar sazı çayxanaya aparıb aşıqları el gözündən saldığı kimi, tamadalar da poeziyanı toyxanalara aparıb adamların ürəyindən saldı...

Mənim tamadalar haqqında şəxsi qənaətim bundan ibarətdi; tamada ədəbi “maşennik”di, başqa heç nə...


Münasibət öyrənmək üçün mövzunu belə qoydum: “Toy məclislərində poeziyaya ehtiyac varmı? Və yaxud, tamadaların şeir deməyi nə dərəcədə vacibdi?”


Şair Vaqif Bayatlı Odər:

- Tamadaların dediyi şeirlər başqa şeirlərdi. Çox vaxt nə dediklərinin mahiyyətinə varmırlar. Ümumiyyətlə, ciddi şeir toy üçün deyil, hami üçün deyil. Şeir seçmə adamlar üçündü. Amma, kimsə də mənim şeirlərimi deyirsə, mənim bundan xəbərim yoxdur. Nə də etiraz etmirəm. Əsas odur şeiri urvatdan salmasınlar. Bilirsənmi, heç kəsə qadağa qoymaq olmaz. Qoy şeir də öz taleyin yaşasın. Şeirin də şeir taleyi var...


Şairə Sevinc El Sevər:

- Şeir kifayət qədər intim məsələdir. Şairlə oxucu arasında olan ruhi məsələdir. Mənə görə, bunların arasına girmək olmaz. Hətta sinif otağında belə şeirin əzbər deyilməsinə qarşıyam. Bu, bir növ sovet dövründən qalma ənənədir. O vaxtlar şeir təbliğat vasitəsiydi axı. Həqiqətən də tamadalar şeiri gözdən saldılar. İndi kimin yanında şeirdən söz salırsan deyir “əşşi, şeir nədi, o yana elə”. Adamlar şeirə nifət edir. Bunun da səbəbi şeiri yüngül formada lazımsız yerlərdə deyilməsidi.


Şair Vaqif Bəhmənli:

- İstedadla olan hər şey gözəldi. Toy da elə şeydi ki, sən də, mən də bir az hal əhliyik, bir az “vurandan” sonra istəyirsən danışasan, güləsən, qol qaldırıb oynayasan, adamlara qaynayıb-qarışasan. Şeir də çox ciddi məsələdi. Gərək auditoriya da, ortam da həlim olsun, harmoniya olsun, bir az da yuvarlaqlaşdırıb demək olar – gərək auditoriya da poetik olsun. Qabaqlar belə idi ki, məclisə bir şair gəldi, vəssalam. Hamı gözün zilləyərdi ona. Hamı istəyərdi bir kəlimə söz desin, bir şeir desin. Şeiri ancaq şair deyə bilərdi. Amma, indi tamadalar bilmirsən kimdi, nəçidi, hardan gəlib? Ağzına gələni danışırlar, ağıllarına gələni deyirlər. Bilmirsən şeir deyir yoxsa topa-topa söz danışır. Bu dediyim adamlar şeiri hörmətdən salır. Bilmirəm necə, ancaq, necəsə bunun qarşısını almaq lazımdı.



Şair Cəlil Cavanşir:

- Toylarda şeir deyilməsinin əleyhinəyəm. Onsuz da içib dünyanı başqa cür görən adamlara şeir lazım olmur. Mənasızlıqdır. Həm şeiri, həm də şeir deyəni gözdən salır. Şəxsən mən toyda şeirə qulaq asmaqdansa əlli qram araq vurub, üstündən lüləkababı isti-isti aşırmağı seçirəm. Ümumiyyətlə, tamada anlayışını ləğv eləmək lazımdı. Sözün xətrinə gərək adamlar toylarında tamadaların şeir deməsinə qadağa qoysunlar. Sənin başladığın bu missiya çox əhəmiyyətlidir, ciddi şəkildə davam etdirmək lazımdır...



Şair Aqşin Yenisey:

- İstər ictimai, istərsə də məişət kütləviliyində tamadalıq məktəbinə ehtiyac duyulması bir yandan adət-ənənələrimizin qısırlığından irəli gəlirsə, digər tərəfdən xalqımızın şifahi mədəniyyətdən yazılı mədəniyyətə keçə bilməməsinin göstəricisidir. Tamada məclisdəki ünsiyyət boşluğunu öz boşboğazlığı ilə dolduran muzdlu zəvzəkdir. Tamada xalqımızın alnına vurulan “şair xalq” möhürünün üstünə çəkdiyimiz mənəviyyat imzamızdır. O, tanımadığı bəy və gəlini, heç vaxt üzünü görmədiyi qonaqları yalandan poetik ibarələrlə tərifləməklə gələcəkdə “yeddi oğul, bir qız” doğacaq ananın bətninə özünün yaltaqlıq, yalançılıq nütfəsini üfürür. Dünya xalqları öz folklorunu yalnız cansız simvollarla “yaşadır”. Bizim tamada isə bütün dövrlərin tələblərinə adaptasiya oluna-oluna hələ də turp kimidir. Biz səsdən sözə keçə bilməmişik, hətta telefonla da bağıra-bağıra danışırıq ki, xəttin o başındakı bizim sözümüzü yox, səsimizi eşitsin...



Şair Fərid Hüseyn:

- Hesab edirəm, toyda çox danışmaq olmaz. Sən orda kimdən şeir deyirsən de, Nizami, Füzuli, Nəsimi və s. bunun orda oturanlara heç bir dəxli yoxdu. Bir də görürsən deyirlər nəyə görə toyda ciddi şairlərdən yox, yüngül şeir yazanlardan şeir oxuyurlar? Guya ciddi şairin şeirini oxusa dağı dağ üstünə qoyacaq? Tamadalıq absurd və olduqca mənasız sənətdir. Kimin əli-ayağı hər yerdən üzülür, cumur tamadalığa. Nənəni çağırıb nənə haqqında, bibini çağırıb bibi haqqında, xalaqızını çağırıb xalaqızı haqqında şeirlər deyir. Belə iş olar? Belə sənət olar? Adama deyən gərək, ay qardaş, bu hərəkətlərlə nə demək istəyirsən? Həyatdan nə istəyirsən? Bunun qarşısını almaq lazımdı, mütləq. Tamadaların şeir deməyinə qadağa qoyulmalıdıp.


P.S. Düşünürəm bütün bu danışılanları inkişaf etdirmək lazımdır. Ciddi sözümdür. Necə ki, yaslardan yazıldı və nəticə əldə olundu. Bunu da kütləvi etiraza çevirmək və hədəfə çatmaq gərəkdir.

Qeyd: Mövzunu davam etdirəcəyik.

# 5820 dəfə oxunub

Müəllifin son yazıları

# # #