Qadınların ən gözəli mənim ömrümə düşdü – Şəhriyarın Sonuncu Şeirləri

Qadınların ən gözəli mənim ömrümə düşdü – <span style="color:red;">Şəhriyarın Sonuncu Şeirləri
27 fevral 2019
# 12:15

Kulis.az tanınmış şair Şəhriyar del Geraninin son vaxtlar yazdığı şeirləri təqdim edir.

***

Bu şəhərdən yavaş-yavaş uzaqlaşar qatarlar

üzülmə, quşlar ona çatarlar.

Uzaqlaşar ömürdən sevgilər də astaca

gedirsən - üçcə heca.

Yağış yağır deyirsən, bilirəm

günəş çıxıb deyirsən, bilirəm

külək əsir deyirsən, bilirəm

mən bilirəm qəribdi adamlar...

Qayıdıram evimizə, əlim ətəyimnən uzun

atam sahura oyanıb, ucadan qılır namazın.

Dualar qəbul olunub

yan otaqdan körpə səsi gəlirsə,

günəş boy göstərirsə,

buğdalar cücərirsə,

Allah qəbul eyləsin quşların duasını,

Allah qəbul eyləsin daşların duasını.

Uzaqdan fit verir qatarlar...

Qadınların ən gözəli mənim ömrümə düşdü

amma mən heç bir qadının ağ atlısı olmadım.

Anam öldü, yas saxladım, anam öldü deyirəm

amma mən heç bir ananın bayatısı olmadım.

Anam qadın, bacım qadın, qızım qadın

ağlama, əlləri nağılım mənim.

düz deyirsən, Allah haqqı qalmayıb ağlım mənim.

Anam qadın, bacım qadın, qızım qadın,

ağlama, əlləri nağılım mənim

Mən bilirəm kimə düşür almalar...

Yaşayırsan, deyirsən: Ömürdü

ölürsən, deyirlər: Həyatdı...

Daş üstünə çəkilmiş gül şəkli

ətriylə hamını aldatdı...

Nəysə, eşit nə deyirəm

atası müharibədən qayıtmayan sinif yoldaşım

inşa yazısından dörd almışdı -

"güllə” sözünü sətirdən-sətirə səhv keçirmişdi...

İndiki kimi yadımdadı...

***

Gər çi gör üzü...m üstə yağışları,

dizi..m üstə gəlib sənə bağışlanam.

Gər bilmənəm savabı nəydi, suçları -

düzüb gedib gözü...m üstə baxışların,

Ömür keçir səni itirməy ilən...

Elə tutardım əllərin,

əllərin elə yoxdu ki.

Elə öpərdim saçların,

saçların elə yoxdu ki.

Gözümü yumub sayıram gizlənəsən laaa...p uzağda,

Dil gəl, gedən ömürdəndi, Allahda elə gün yoxdu

Ki, ömürdən sayılmasın...

Gər çi gör necə çevrilir yağış dəniz üzünə,

Ay bu gözəlim yağışda balıqlar da islanar.

Sən - bu yağışlı gecədə yuxusuna girdiyim qız

yuxunu suya düz danış, sular yalan götürməz!

İlahi, heç bir balıq tilovuna yubanmasın...

Yubanmasın balıqdısa, uşaqdı,

qaçıb gəlib ayağına, uşaqdı

dizin bilib al qoynuna, uşaqdı

süd dişinə sap bağlayan uşaqdı

qorxur ağrısınnan səni itirməyinin...

Qamışınnan ayrı düşən ney ahım,

Balıqların duasıdı sabahım.

Məni elə bağışla ki, bilinməsin günahım,

Ay sənə and verirəm

alnımın açıq yerinnən, üzümün ağ yerinnən...

****

Sevgi bir vətənlik yermiş

qadın bədənində.

Sevgisizlik ömrün qürbətiymiş əslində.

Mənə qalsa,

yağışları küçələrdən

duaları hecalardan

qaranlığı gecələrdən ayırardım

sənin xatirinə...

Ağacın olsa idim, çoxdan qurumuşdum

ümidin olsa idim, çoxdan puç olmuş.

Axx... mən çoxdan yorulmuş, çoxdan yorulmuş!

Elə-elə mən oldum yağışına islanan,

küləyinə üşüyən.

Elə-elə mən oldum asi düşən Allahına, tapınıb bəndəsinə.

İtin olsaydım, bircə özümə hürərdim,

sənin bütün yadların mənəm deyəsən.

Sevgi bir məzarlıq yermiş

gəzdirərsən bədənində.

Hamı-hamı sənə gülər,

Amma sən

əvvəl-axır dəfn edərsən

özünü lap əvvəlinə - ana bətninə...

Elə-elə mən oldum yağışına islanan, küləyinə üşüyən,

Elə-elə mən oldum asi düşən Allahına tapınıb bəndəsinə.

Elə mən yorulmuş... Bu mən yorulmuş!

***

Torpaq insanı udanda qəbir olur,

İnsan torpağı udanda - şəhid.

İnsan bütün yerlərini qəbrə uduzur,

Vətən bütün yerlərini şəhidə.

Bir də

Bu dünyada hamı öz əcəliylə ölür,

Şəhid hamının əcəliylə...

***

Qar yağır,

bu qış bu qarı unutmaz

elə bir ucdan qar yağır durar-tutmaz,

qar yağır on dörd dekabrına iki min on səkkizin.

Əcəb içib sərxoş olub dəli olmalı gecədir bu gecə,

belə getsə, balıqlara ulamaq

kəpənəklərə hürmək öyrədər bu gecə.

Darıxmağın iliklərə metastaz verən çağıdı,

bu dünyada hamı bir az,

bir az sevgi uşağıdı.

elə mən də...

Bəs sən, bəs sən, bəs sən...

hansı uzağında qaldın ömrün görəsən?

Bağırsam səsim çatmaz,

çağırsam ünüm yetməz.

Yox, belə getməz eşqim,

belə getməz...

Bir də eşit nə deyirəm,

bir küçə xatırladım indicə

uşaqlığımdan bu günə uzanan

həmin o – dünyanın ən uzun

intəhasız, up-uzun küçəsini.

Elə qəflətən

təklikliyin sümüyə dirənən gecədə

qaranlıqdan ay

qardan aydınlıq dilənən gecədə

heç bilmirəm hardan yadına düşmək

niyə xatırlanmaq istədim sənə...

Amma istəyirəm xatırlayasan

xatırlayasan həmin küçəni

həmin küçənin tinində dayanıb səni düşünəni.

Amma... niyə və necə?

İti quyruğundan bağlasan dayanmaz bu gecədə...

***

Unudulacaq bütün sevdalar

(Vaqif Bayatlı Odər)

Unudar insan Tanrını

Tanrı insanı unudar.

Günəş gecədə dincələr

Gecə günəşi ovudar,

qadın çiçəyi unudar

unudar çiçək arını...

Suların da yaddaşında

unudular balıqlar

balıq unudar çayları.

Anamızın laylaları

əvvəlcə bizi uyudar

sonra başqa uşaqları...

Ayılarsan ki bir sabah

açılıb bütün silahlar

atılıb bütün adamlar

ölən ölüb

qalan qalıb

amma hamı unudulub.

Ağaclar kölgəsindən

quşlar göyündən unudulub.

köhnəlib bütün arzular

Hamı dünənindən unudulub

Unuduldu bütün sevdalar...

***

Dünən yazdım,

Sənə deyəcəklər

adın gələndə udqunmuram daha

gözün aydın, qırıldı bütün kəpənəklər.

Dünən yazdım,

Sənə deyəcəklər

zarafatlar xatirəyə çevriləndə ağı olur

sədaqətin beləsi lap ağır olur

gecələr ulduza hürər yiyəsindən küsən itlər.

Dünən yazdım,

Sənə deyəcəklər necə tövşəyib öldülər

içimdə qaçan atlar

Sənə çatmadılar.

Dünən yazdım,

Sənə deyəcəklər

deyəcəklər ki, salamat qal...

***

Sevirsənsə, günəşi sev sabahın xatirinə,

Bu gün gecdi, amma sabah hər şey yaxşı olacaq.

Gəl sənə nağıl danışım: "üç dost olur..."

İnanma!

İnsan əvvəldən axıra bu dünyada tək olur.

Ağla, sənə kimsə deməz gözün üstə yaşın var

Unudulmuş insan üzü su üzünnən bərk olur...

Yaşa getsin bu su ömrü, çevir buxar üzünə,

Sonra yağışla qayıt, sonra da buza çevril.

Üzülmə, ət yeyənlər qənimdi ot yeyənlərə,

Sən də canavar yeyən vəhşi quzuya çevril.

Bəs, O?

Bəs O, ömür ayrıcında hansı tərəfin idi?

İşıq gələn tərəfindi, yoxsa ki it hürənin?

Daha bütün işıq gələn tərəflərdə it hürər,

Və ulayar gecə-gündüz onu sevən tərəfin...

Gəl sənə nağıl danışım: "üç dost olur..."

Nə isə...

İnsan əvvəldən axıra bu dünyada tək olur.

Ağla, sənə kimsə deməz gözün üstə yaşın var

Unudulmuş insan üzü su üzünnən bərk olur...

***

Mənim əllərimdə sabun köpükləri,

sənin əllərində kəpənək,

bir uşağın yuxusunda görüşək...

mən qadını tanıyaram almasınnan

mən payızı tanıyaram heyvasınnan

o uşağı tanıyaram yuxusunnan

mən vətəni tanıyaram

çiskin yağış sonrası

torpağının qoxusunnan…

Gördün? - olmadı mən deyən

ağac oldu, daş oldu,

dilimizin ucundakı “kaş…” oldu

gedib qəbirlərə yoldaş oldu mən deyən

su olub qayıtmadı

müharibədən qayıtmayan qardaş oldu…

Səni xatırlayıram, ağlayıram,

elə yoxsan, elə yoxsan, elə yox.

balan ollam uzanıb qollarına

ama yoxsan, çox uzaqsan, belə yox.

Mən sevgini tanıyıram yoxusunnan…

***

Uzaq bir şəhərə yolun düşərsə,

yollar da uzanıb çıxıb gedərsə,

ömründə bircə yol darıxar isən,

yalın çiyininə bir baxar isən,

görərsən çiynindən baş alıb gedən

bir qərib ağlayır hər uzağında.

Dönüb qayıdarsan, dönüb baxarsan.

Görərsən həmin səs hey arxancadı.

Görərsən təbiət tamam başqadı,

görərsən o quş da budaqdan küsür.

Görərsən səadət tamam başqadı,

görərsən gülüş də yanaqdan küsür.

Baxıb karıxarsan, baxıb susarsan.

Qayıdıb görsən ki, əllərim əsir... bağışla...

Bağışla bu uzaq şəhərə məni,

bağışla uzanıb gedən yollara.

Bağışla, darıxma,

çiynindən baş alıb gedən həmin o qəribin uzağına bağışla.

O quşu o budağa

O gülüşü o yanağa

Bu gileyi bu uşağa bağışla.

Qayıtma, əllərim əsir,

yoxdu bu ömrün yiyəsi... bağışla...

***

Divara çəkilmiş nəhəng ağac şəklinə qonmaq istəyən quş

Əvvəlcə havaya çırpıldı

sonra ağaca

sonra divara

sonra torpağa...

Mən, yaxınlaşıb ona yardım etmək istədim

çırpına-çırpına uzaqlaşdı

İnsana inanmadı...

# 23007 dəfə oxunub

Müəllifin son yazıları

# # #