Kulis.az Şəhriyar del Geraninin saytlarda yayımlanmayan şeirini təqdim edir.
***
uzaqlar sənə aparar
bu hüzünlü gecədə
bütün üzüntüləri.
duman çökmüş təpələrdə
qarğalar haray salar,
heç qoymaz ki darıxmağa
üşüyən qəbirləri...
sən hardasan?
hansı yerin üstündəsən?
bilmirəm.
məni unutdunsa, demək
dənizi də unutdun.
sən hardasan?
hansı küçə
hara aparıb səni?
getmisənsə, yer üzündə səadət bitib demək...
qayıt,
qoxla gülümsəyən baharı körpələri,
bütün darıxmaqlarıma sənin adını qoydum.
qayıt bir yol evimizi-eşiymizi sevindir,
qayıt nimdaş ağrıları, birtəhər et, ovundur...
parə-parə olub sinəm, noola, götür parəni,
göynəyindən tanıyıram sən vurduğun yarəni,
qollarım sənə qalxıb e... endir bu minarəni,
küləklərin islandığı yağışlarda qayıt gəl,
adam kimi sevmədik ki, bacaraq unutmağı...
gedənlər də tərgiziblər biryolluq qayıtmağı,
heç yox imiş adamların sən bildiyin allahı.
bədənim də yadırğayıb öpüb-qucaqlamağı,
qollarımı öyrədirəm indi qucaq açmağa...
görən mənə niyə bir cüt ayaq verdin, ilahi?
tək ayaq da bəs edərmiş öz içimdən qaçmağa...
uzaqlar sənə aparar
bu hüzünlü gecədə
bütün üzüntüləri.
duman çökmüş təpələrdə
qarğalar haray salar,
heç qoymaz ki darıxmağa
üşüyən qəbirləri...