Kulis.az Şəhriyar del Geraninin “Həvədiş Ronaldodan Messiyə Aydın Xırdalanlı...” yazısını təqdim edir.
Bu köşənin məhz indi yazılması mənim dünyagörüşümə zidd olsa da, gərək, bağışlayasınız. Gündəmə görə şəxsən Aydın Xırdalanlının ruhundan, gecikmiş məqalə üçün də bütün meyxana xiridarlarından üzr istəyirəm.
Zaman - 2001. Məkan – İmişli rayonu. Yeniyetmə uşaqlarıq. ANS-in efirində meyxana yarışması başlamış. Hər kəs izləməkdə. Bir də bizim tərəflərdə unikal icad vardı - aliminium simlərdən əldəqayırma antennalar ucalardı damlardan. Bu icadla daha çox İranın “üçbarmaq” dediyimiz kanalından dünya futboluna, bir də, ANS-ə baxar idik. Əcəb zamanlar idi qabaqlar...
Elə həmin il İran televiziyasından izlədiyimiz dünya futbolunu üstələyən bir hadisə baş verdi Azərbaycan televiziya məkanında. Hadisənin adı – Aydın Xırdalanlı. Heyrət! Təsəvvür edin, Braziliyalı futbol ulduzu “həvədiş Ronaldo”nu da kölgədə qoydu bizim Aydın.
Bəs, meyxana yarışması vasitəsilə ekranlardan hamının evinə qonaq gələn, ailəsinin bir üzvünə, sevimlisinə çevrilən bu sənətkarın sehri nədəydi? Onca iştirakçılar arasından niyə hər kəs məhz onu seçirdi, onu sevirdi? Hə, deməli, şair xalq dediyimiz möhtəşəm azərbaycanlılar sözü-sözdən, tükü-gözdən seçməyi əntiqə bacarırlar, əfəndilər. Necə ki, İlahi istedad, məharət, bəlağətli avaz, intellekt və əsrarəngiz performans qabiliyyəti vardı Aydında, tamaşaçılarda da bütün bunları dəyərləndirəcək əxlaq, mədəniyyət, zövq vardı.
Bu məqalə kimlərəsə hər-hansı bir mətləbi isbat etmək üçün yazılmır. Məlum ki, bəlli bir yaşa, təfəkkürə çatmış insanlara bir köşəylə həqiqəti çatdırmaq qeyri-mümkün. Amma sizə maraqlı bir düstur verim, məhək daşınız olsun, gərəyiniz olar. Məsələn, çoxillik mübahisəli sual var ədəbiyyat cameəsində: “Tolstoy, yoxsa Dostoyevski?” Yaxud, dünya musiqində: “Bethoven, yoxsa Motsart?” Və ya çağdaş futbol azarkeşləri arasında: “Ronaldo, yoxsa Messi?” Deyim ki, bu müqayisələrdə Tolstoyu, Bethoveni, Ronaldonu seçənlərin istedadına, intellektinə, zövqünə şübhəylə yanaşın həmişə. Çalışın, başqa polemik müstəvilərə də çəkib rəyini öyrənin. Amma Dostoyevskini, Motsartı, Messini seçən adamların istedadına da inanın, intellektinə də, zövqünə də. Bu imzalar sənətkarlığın məhək daşlarıdır. O cümlədən, Aydın Xırdalanlı da meyxana sənətinin Dostoyevskisi, Motsartı, Messisiydi.
Bir daha deyirəm, bu məqalə kimlərəsə nəyisə sübut etmək üçün yazılmır. Bu, sadəcə bir şairin digər bir şair haqqında könül qeydləridir. Bəli, Aydın Xırdalanlı gözəl şair idi. Gər çi, meyxana demək onun azad seçimiydi. Aydın şifahi ədəbiyyatın fədaisi oldu. Hansı ki, çağdaş dövrün texnologiyaları ağuşunda şifahiliklə yazılılıq arasında sərhədlər də itmiş. Bütün məsuliyyətiylə deyirəm, Azərbaycan yazılı poeziyasına özünü dürtüşdürən şeiryazanların 90 faizindən yuxarıdadır Aydının poetik məqamı. Ümumi deyəndə heç kəs üzərinə götürmür, gərək adlar çəkəsən. Aydın Xırdalanlı, məsələn, fikrətqocalardan, yaxud rasimqaracalardan min yol, yüz köynək daha yaxındır gerçək şeirə, həqiqi poeziyaya.
Ədəbiyyat festivallarında olduğum Türkdilli coğrafiyalarda, hal-hazırda magistr pilləsində təhsil aldığım Kiyev Dövlət Universitetində bütün Türkdilli millətlərin nümayəndələrindən eşitdiyim və sonsuz qürur hissi keçirtdiyim bir nəsnə:
“Azərbaycan dili bütün digər Türkcələrdən daha ahəngdar, səlis və gözəldir”.
Festivalları və Universitet mühitini ona görə xüsusi vurğuladım ki, bunu deyənlər ədəbiyyat, elm, bilim adamlarıdır, sıradan kimsələr deyil. Gerçəkdən də, Azərbaycan dili heyrətamiz dərəcədə rəvandır. Bunların meyxanaya nə dəxli var? – soruşsanız, belə cavab verərdim: - Meyxana Azərbaycan dilinin tapıntısıdır! Başqa heç bir xarici dildə mümkün olmadığı kimi, başqa Türkcələrdə də alınmır meyxana demək. Dəfələrlə səfərlərdə olduğum xarici ölkələrdə adamların heyrətə gəldiyini görmüşəm meyxanaya qulaq asarkən. Meyxana, əlbəttə sənətdir, şifahi ədəbiyyatın ən maraqlı, oynaq təfəkkürlü, cilalı dilli, intonasiyalı bir qoludur.
Bu müstəvidə, əfsanəvi söz ustası Aydın Xırdalanlını Azərbaycan meyxana sənətinin böyük itkisi hesab edirəm. Çağdaş meyxananın gəlişməsində, mükəmməlləşməsində, peşəkarlıq səviyyəsinin artmasında misilsiz xidmətləri danılmazdır Aydının. Son dərəcə istedadlı, hazırlıqlı, vətənpərvər və xarakterli, usta bir söz adamıydı. Bir-iki dəfə şairanə məclislərdə süfrə arxasında oturmuşduq, əxlaqı, nitqi, mütaliəsi, intonasiya, ahəng duyumu, bir sözlə, masterliyi məni heyrətə gətirmişdi. Klassik ədəbiyyatı gözəl bilirdi, bilmədiklərini də fantastik fəhmiylə duyurdu. İslam dininin, muğamın, aşıq ədəbiyyatının mətləblərinə gözəl bələd idi. Bir məclisdə Füzulinin “Degilsən çoxdan ey gərdun cahan seyrində yoldaşım...” beytiylə başlayan qəzəlini demişdim, hönkür-hönkür ağlamışdı. Baxın, həmin duyumda idi sənətkarlıq, böyüklük, İlahidənlik. Nizami baba demiş, əlbəttə kamillik şərtdir bütün müstəvilərdə. Fərqi yoxdur sənətin hansı yolunda olmaqlığın. Şərt olan peşəkarlıqdır. Biz Aydın Xırdalanıyla nə Tomas Transtromeri, nə Lorkanı, nə də Vaqif Bayatlını müqayisə etmirik. Müqayisə etməyə qalxarıqsa, demək, məsələdən uzağıq, söhbətin ofsaytında dayanmışıq, deyəcəyimiz bütün cümlələr heçə sayılacaq. İntellektual tupoyluğunuzu kənara qoyun. Biz Aydına olduğu meydanda dəyər veririk. Bəli, o, dayandığı meydanda şahanəydi, təkrarsız idi, əvəzolunmaz idi.
Onsuz da son illərdə tənəzzülünü yaşayan meyxana sənəti onurğasını itirdi deyərdim. Xəstəliyindən dolayı son vaxtlar fəaliyyət göstərməyən möhtəşəm Aydınımız var idi və heç olmasa, bilirdik. Ki, nəfəsi üstündədi meyxananın. İndiysə, o nəfəs də yoxdu artıq. Necə deyərlər, “Daha meyxananın nəfəsi kəsildi”. O cür fantastik talantlar meyxanaya əsrdə bir-iki gələ, ya gəlməyə. Aydın günü-gündən namiqqaraçuxurlulaşıb, pərvizbülbülələşib, ümumiyyətlə, laşıb-ləşib-luşub-lüşüb deformasiya olan möhtəşəm meyxana sənətində gerçək ustadların rindanəliyini təmsil edən sonuncu mogikan idi. Onun yoxluğunda sintezatorların və danqıltıların səsi daha çox eşidiləcək.
Bütün söz xiridarlarına, gerçək meyxana sənətinin nə olduğunu bilən hər kəsə başsağlığı verirəm. Məkanın rahat olsun, sənətkar. Ruhuna Eşqlər!