“Ədəb” sözünün ədəbiyyata heç bir dəxli yoxdur. Baxmayaraq ki, ədəbiyyatşünaslar onun bu sözdən götürüldüyünü və əxlaq, mərifət, gözəllik mənalarını ifadə etdiyini bildirirlər. Dalınca da qeyd edirlər ki, ədəbiyyat- həyatı obrazlı şəkildə əks etdirən söz sənətidir.
Belə çıxır ki, ya həyat yalnız gözəllik və incəlikdən ibarət olmalı ya da ədəbiyyat yalan danışmalıdır. Hər halda “Həyatı obrazlı şəkildə əks etdirmək” həqiqətləri ört-basdır etmək anlamına gəlmir.
Bir dəfə “kult.az” saytında mənim “Bu xarabada” şerimin müzakirəsi açılmışdı. Aysel Əlizadə maraqlı bir şərh yamışdı o zaman: “Gözəl qabığı olan turş almadı bu şeir”. Başqa bir şərhçı də cavab yazmışdı ki, həyat özü də gözəl qabığı olan turş almadı. Hər iki fikir dəqiqdi və bizim indi axtardığımız həqiqətə yaxındı.
Öz həyatı turş dadan birinə şirin nağıllar yedirtmək çıxış yolu deyil. Ona həyatın turşluğunu-acılığını ifadə edən əsərlər lazımdı. Çünki ədəbiyyat hər şeydən əvvəl təsəllidir. Yazıçının oxucuya deyə biləcəyi ən yaxşı söz “sən tək deyilsən”dir. Qurban Yaquboğlu bu fikri daha gözəl ifadə edir: “Ən azından biz iki nəfərik”.
Bəzən kədərli bir şeir insanda güclü həyat eşqi yaradır, bəzən açıq-saçıq bir əsər böyük tərbiyəvi əhəmiyyətə malik olur. Yadıma bir rəfiqəmin sözləri düşür: “Dostoyevskini oxumasaydım, əxlaqsız olardım”.
Çünki ədəbiyyatın bizə verdiyi ən böyük dərs- ibrət dərsidi.
Bu yaxınlarda Aqşin Yeniseyin bir şeirini oxudum:
Səndən sonra evimə
Fahişələr dadandı.
Ən kədərli nəğmələr
Boş şüşələr dadandı.
Elə bil ər-arvadıq,
Mən və araq şüşəsi.
O biri otaqdasa
Sənin yerində yatır
Bir küçə fahişəsi.
“Bu, ədəbiyyat deyil”- deməyə tələsməyin. Çünki bu, ədəbiyyatdır. Həyatın obrazlı şəkildə ifadəsi, yəni. Və deməli gerçəkdən də “ədəb” sözünün ədəbiyyata elə bir dəxli yoxdur.
Fahişə obrazı və ədəbiyyat
13 oktyabr 2012
07:00
2649 dəfə oxunub