#

“Baxdım ki toz basmış təbəssümümü...” - Səhər Əhmədin şeirləri

“Baxdım ki toz basmış təbəssümümü...” - <span style="color:red;">Səhər Əhmədin şeirləri
21 iyul 2015
# 12:39

Kulis Səhər Əhmədin yeni şeirlərini təqdim edir.

Dibçək güllərini suladım öncə,
Saralıb büzüşmüş yarpağı üzdüm.
Təmasdan sevinən biçarələri
Açıq pəncərənin önünə düzdüm.

Beş yaşlı oğlumun yatmazdan qabaq,
Çəkib şifonerə yapışdırdığı
Mənə bənzəməyən rəsmimə baxdım,
Qəfildən oğlumçün yaman darıxdım.

Kamodun tozlanmış güzgüsün sildim,
Orda da əksimə baxdım və güldüm.
Haçandı görmürdüm sanki üzümü,
Baxdım ki toz basmış təbəssümümü.

Həzin bir mahnıya başladım sonra,
Uşaqkən anamın xoşladığından.
Mahnı da sevindi dodaqlarımda
Şad oldu hələ də yaşadığına.

Yemək də bişirdim, çayı da süzdüm,
Yemiş də doğradım, qarpız da kəsdim.
Dəyişdim masanın boz örtüsünü,
Ən təzəsin seçdim, ən güllüsünü.

Bir azdan uşaqlar gələcək evə,
Dağıdıb tökməyə nəsə tapsınlar.
Sonralar mənsiz də yaddaşlarında
Şəklimi çəkməyə nəsə tapsınlar.

***

Uçan qar dənəsimisən,

ensən əriyəsimisən,

gəlib tutaqmı səni,

bizə söz deyəsimisən?

Ürəkdənmi istədin,

var gücünləmi öldün,

hamı dərddən ölür, sən

sevincindənmi öldün?

Yazdınmı divarlara

son sözünü qanınla,

yaşamaq istərdinmi

öldüyün o inamla?

Səni neçəyə satdılar,

Bir anamı, bir günəmi,

Səni necə unutdular,

Sənin kimi, eləmi?

Əzrayıl sənə nə dedi,

Nə danışdın onunla,

Necə razılığa gəldiz,

nə dəyişdin canınla?

İndi nə ruhun ağrıyır,

Nə bədənin.

Sən ölümü öldürmüsən,

ölüm səni.

# 1091 dəfə oxunub

Müəllifin son yazıları

# # #