Tort dadında yazı

Tort dadında yazı
8 yanvar 2013
# 08:15

Uşaqlıqda tez-tez gözdən itməyi sevərdim. Evdəkilər axtarıb məni ya bir ağac dibindən, ya zirzəmi küncündən tapardılar.

İllər keçib amma mən hələ də gizlənməyə bir yer tapmamışam. Hələ də o fikirdə qalıram ki, nə qədər ki insan öz tənhalığının dekorasiyasını tapmayıb, özünü tam ifadə edə bilməyəcək.

Hansısa mövzu ətrafında heç vaxt rahat bir şəraitdə düşünə bilmirəm. Bəzən ən izdihamlı bir küçədə yazı masasından daha yaxşı “işləyirəm”. Yad adamların içində istədiyimi fikirləşməkdə sərbəstəm. Çünki onlar mənim “kodumu” bilmirlər, fikirlərimə nüfuz etmək şansları yoxdur.

Vay o gündən ki, hansısa yazının havası adamı evdə, özü də istirahət günü yaxalaya. Bir vaxtlar valideynlərimdən gizləndiyim kimi indi də öz uşaqlarımdan gizlənmək lazım gəlir. Çünki beynində hər hansı mövzunu süjetə salmaq haqda fikirləşərkən uşağa riyaziyyatdan kömək etmək cəhənnəm əzabıdır. Yalnız bir tərəfi verilmiş kvadratın perimetri və sahəsi haqda fikirləşmək mənim nəyimə lazımdı?

Düşünüb çıxış yolu tapıram. Uşaqlara meyvəli bir tort boyun oluram, əvəzində isə onlar mətbəxə keçməyəcəklərinə söz verirlər. Mən iş otağında heç nəyə nail olmuram. Kitab rəfindən üzümə boylanan yazıçıların gözü qabağında nəsə yazmağa əlim qalxmır. Mətbəxdə isə ancaq evdar qadınam, burda nə yazıçılar, nə də oxucular qarşısında öhdəliyim yoxdu.

Həm də yalnız yazı yazmağa sərf olunan vaxtı itki hesab edirəm, yaradıcılıqla ən yaxşı sintez olunan isə mətbəx işləridi, çünki hər ikisində fantaziya sonsuzdu.

Tort üçün lazım olan ərzaqları soyuducudan çıxarıb masanın üstünə yığa-yığa beynimdəki fikirləri də bir-bir nəzərdən keçirib işə başlayıram. Hərdən hansısa ərzaqla problemim yaranır, ya hansısa fikri ifadə etməkdə çətinlik çəkirəm. Amma sonda nəticə yaxşı alınır.

Tortdan bir dilim kəsib, özümə bir stəkan çay süzürəm və beynimdəki yazını son dəfə nəzərdən keçirib hər iki məhsulun “dadına baxıram”. Düzdü, tort daha mükəmməl çıxıb, amma yazı mənə daha çox ləzzət edir.

Bir azdan-uşaqlar bu tortu həzmi-rabedən keçirirkən mən klaviaturaya sarılıb bu fikirləri öz beynimdən kompüterin yaddaşına köçürməklə məşğul olacam. Bu mövzudan əbədi olaraq yaxa qurtaracaq və xeyli rahatlayacam. Ən azı bir neçə gün-yeni mövzu düşüncəmi işğal edənə qədər. Bu zaman özümü güclü və enerjili hiss edəcəyəm. Dünyadakı bütün kvadratların sahəsini və perimetrini tapacaq qədər güclü. Axı dəqiq elmlərin də öz ləzzəti var.

# 2586 dəfə oxunub

Müəllifin son yazıları

# # #