Kulis.az Səhər Əhmədin yeni şeirini təqdim edir.
Facebook şeirləri
Nə vaxtdı, evdən çıxmıram,
Odamda küllənirəm.
Bayıra addım atmağa
Tənbəllik eləyirəm.
İndi yadıma da düşmür
O çox darıxdığım gün.
Nəsə çovğun olmalıydı,
Son evdən çıxdığım gün.
Yenə yıxılan oldumu
Qar üstündə sürüşüb.
Hərdən gülümsəyirsənmi,
yadına nəsə düşüb.
Yalanı yoxmuş həyatın,
Sən demə, gerçək imiş.
Uşaq vaxtı uydurduğum
“Sən” belə gerçək imiş.
Uzaqlaşdım qapılardan
Qondum pəncərələrə.
Haçandı heç nə yazmırdım
Tərləmiş şüşələrə.
Üzümü qoydum, isindi
Pəncərəmin şüşəsi.
Və bir də smaylik çəkdim-
Gülücük işarəsi.
Sonra bir öpüş yolladım
Tanrıya-yaradana.
Düşünmənin, varolmanın
Hissetmənin adına...
***
Qarşımda-Ana səhifədəki paylaşımları
Tək-tək “layk” elədim.
Birinə gülümsədim, birinə acıdım,
Dərin hüznlə kədərləndim.
Bayırda balıq satan kişinin
Qışqırtısı.
Otaqda divar saatının çıqqıltısı.
Saata baxmadım, pəncərəyə boylanmadım.
Bilmək istəmədim günün
Hansı vədəsi olduğunu.
Oyanıb, çay içib, yenə yatmış,
Yenə oyanmışdım.
İçimdə nə bir həyəcan,
Nə bir təlaş.
Kompüterin yanında qırmızı bir alma vardı,
Yeməyə tələsmirdim.
Bu natürmorta oxşayan
Mənzərəni pozmaq istəmirdim.
Mövsüm qış, otaq isti, ayağım yalın,
Kreslom rahat,
Başım sakitdi.
Günə necə, hardan başlayacağımı bilmirdim.
Sanki nəinki otaqda, bütün dünyada
təkdim.
Amma qarşımda- virtualda
Duyğularının üstünü açıq qoymuş adamların
Hamısını sevirdim.