O, naturalizmdən uzaqdır

O, naturalizmdən uzaqdır
25 aprel 2019
# 11:22

Orxan Həsəninin üç hekayəsini oxudum. İncəsənətdə obyektivlik anlayışı şərtidir. Nəsrdə bu şərtilik yalnız dəqiq söz və sanballı fikirlə ifadə olunan bədii təsvirlərlə öz sürüşkən yerinə oturdula bilir.

Oxuduğum "Metro terminalının sevgisi", "Buynuzsuz kərgədan", "Gözlənilən xəyanətin tarixçəsi" hekayələri əsasən mütaliədən qaynaqlanır, ona görə naturalizmdən xeyli uzaqdır və yaxşı ki, uzaqdır.

Image result for orxan həsəni

Gənc nasir başını işlətməyi ədəbiyyata birə kimi doluşmuş “sakat” zaman mənzərələrinin təsvirindən daha üstün tutur. Ancaq burada real həyat görüntüləri də ara-sıra nəzərə çarpır.

Ekstravaqant situasiyalar var: "Birinci dəfə iyirmi yaşımda öldüm" və ikinci həyatımı metro terminalı olaraq yaşadım. Hələ üçüncü də var: yazıçı kimi yaşamaq.

Bəri başdan qeyd edim ki, yazıçılıqda yazıçılığı bəyənmirəm, ustadlarımız da belə tövsiyə edirdi.

Ancaq Orxanın hekayələrində daxili aləmə ciddi nüfuz cəhdlərilə yanaşı əla metaforalar, hərdən şəkli əsl rəssam gözü ilə çəkilmiş situasiyalar gördüm. Onlardan bir neçəsini oxuyun:

"Yanağındakı iri xal deyildi, elə bil, bəd xəstəliyə yazılan resept idi; adamı vahimələndirirdi.

Aradan bir xeyli zaman keçdi, Məliyin anası da öldü, içində böyütdüyü aləm də yaddan çıxdı, hər şeyi ot basdı, mamır bürüdü. Hələ Məlik aşiq də oldu, qadın nəfəsini duydu, canında ağrı böyütdü, sonra o ağrını unutdu. – “Buynuzsuz kərgədan”

Eskalator Məliyi yer üstü dünyaya təhvil verdi. Sahil metrosunun solğun işığı sifətinə vuranda hiss elədi ki, Elnarənin kirpik çalmağı uzun Samsung adaptoru kimi ayağına dolaşıb. – “Buynuzsuz kərgədan”

Zivədən asılmış paltar kimi avtobusda çəkisiz yellənirdi. – “Gözlənilən xəyanətin tarixçəsi”

"İndi isə övladı olmayanlara şad xəbər...” – radiodan gələn xışıltılı səs qadının dəmir sırğalarına toxunmuşdu sanki və kişi dünyanın milyonlarla səsi içindən bu səsi seçib tanıya bilmişdi. Qadın da, o saat duyuq düşmüşdü, gözlərini qıyıb havada uçuşan milyonlarla səslərin içində məhz o səsi tutmaq, çantasının saxlancına qoymaq, hifz etmək istəmişdi; uyğun bir künc-bucaq tapan kimi yenidən və yenidən dinləmək üçün. Yalnız bundan sonra qadının gözlərindəki sirr sanki faş olmuşdu; hiss eləmişdi ki, qadının övladı olmur. – “Gözlənilən xəyanətin tarixçəsi”

Gördüm ki, pəncərədən mənə baxır, əllərini yelləyir. Ürəyim də onun havadakı əlləri kimi sevinməyə başladı, Allaha and olsun. Gülümsədim. Elə gülümsədim ki, gülüşüm yaddaşına həkk olsun, darıxanda xatırlasın, başını qatsın. – “Gözlənilən xəyanətin tarixçəsi”

Onu bu sarı paltoda görəndə elə bilirdim günəşdir, ayaq açıb yeriyir".– “Gözlənilən xəyanətin tarixçəsi”

Gənc qələm dostumuza ürək-dirək verməklə bu çətin peşəyə ruhlandıraq və inanaq ki, onun yazılarında həyatın yazıçı gözü ilə tutulmuş acı və şirin dəmləri qurulan bəzi psixoloji sxemləri mütləq üstələyəcək.

# 3294 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #