Əziz Şərif: Ədəbiyyatı həyat realizmi yaratmır, həyat realizmini ədəbiyyat formalaşdırır.
Bir fb dostum bu günlərdə Naxçıvanda 120 illik yubileyi qeyd edilən görkəmli alim Əziz Şəriflə bağlı mənə sual ünvanlamışdı. Cavab olaraq bunları yazmağı özümə borc bildim.
Düşünürəm ki, müəyyən təhsil, xidmət illəri, bəzi növ səfər və səyahətlər istisna olmaqla insan doğulduğu yerdə yaşamalı, işləməli və əbədiyyətə də orada qovuşmalıdır. Bu, indi 60-ı haqlamış bir adamın gəldiyi qənaətdir. Əlbəttə, kimlərsə bununla razılaşmaya da bilər. Mən təxminən indi duyuram rəhmətlik Əziz Şərifin bütün ömrünü qürbətdə yaşamağının özünəməxsus çətinliklərini. Hərçənd ki, o, özü bu haqda danışmağı bir o qədər də xoşlamırdı. Bilmirəm, bəlkə də yaxın adamları ilə doğma vətəni və orada qoyub gəldiyi böyük tarixi dəyərlər haqqında o daha kövrək notlarla danışırdı. Amma mən Əziz müəllimlə Moskvada cəmi bircə dəfə görüşmüşəm.
Onu Ədəbiyyat İnstitutunda bizimlə görüşə yazıçı Çingiz Hüseynov gətirmişdi. İl olardı belə, 1982, ya da 1983. Biz 4-5 nəfər azərbaycanlı tələbəydik, bəzi qiyabiçilər, ədəbiyyatsevərlər-filan da yığılmışdı, olmuşduq təqribən 10 nəfər. Bütün həyatını bu nəhəng imperiya mərkəzinin ədəbi təlatümlərində yaşamış, Moskva Dövlət Universitetinin professoru Əziz Şərif əvvəlcədən bu sayı bilə-bilə ömrünün o ixtiyar çağında Çingiz Hüseynovun qoluna girib bizimlə görüşə gəlməyə razılaşmışdı. Bu, onun vətəni Azərbaycana, ədəbiyyata və qələm adamlarına ürəkdən bağlılığının daha bir təzahürü kimi qiymətləndirilməli idi. Amma o vaxt biz cavanıydıq, hətta o qədər cavanıydıq ki, Mirzə Cəlil, “Molla Nəsrəddin” ətirli bu böyük şəxsiyyətlə bircə dənə xatirə fotosu çəkdirmək belə ağlımıza gəlmədi.
Üç saatdan artıq çəkən o auditoriya görüşündə biz görkəmli ədibə nə suallar verdik, nə cavablar aldıq, bunu indi bütün təfsilatı ilə xatırlamaq çətindir. Əziz Şərif özü 40 il əvvəl həmin auditoriyada tələbə kimi oturmuşdu. Amma söhbət Naxçıvandan başlayaraq Tiflisə, oradan Bakıya, Moskvaya qədər olan bütün dövrləri əhatə etdi. Əziz müəllimin cavabları daha əhatəli şəkildə onun məşhur xatirələrində olduğu kimi idi. Təəssüf ki, kitab halında “Atam və mən” adı ilə Bakıda nəşr edilmiş o xatirələrini bir-iki tələbədən, görüşdə iştirak edən moskvalı şairədən savayı kimsə oxumamışdı. İki il sonra böyük ədəbiyyat ölkəsində yalanlar haqqında bütün miflərin darmadağın olacağını hələ heç kim bilmirdi; bu ölkədə mətbu nə vardısa, hamısı oxunurdu, amma Əziz Şərifin o qiymətli xatirələri oxunmamışdı.
Mirzə Cəlil realizmi kontekstində ona verilən postmodernizm havalı sualların birinə böyük ustadın çox dəyərli cavabı yadımdadır. O, dedi ki, ədəbiyyatı həyat realizmi yaratmır, həyat realizmini ədəbiyyat formalaşdırır. Dedi ki, Mirzə Cəlildə bu konseptuallığın dualizmi mövcuddur.
Görüşdən sonra mən qrup yoldaşım Nəsib Nəbioğlu ilə Əziz müəllimi və Çingiz Hüseynovu yaxınlıqdakı metro stansiyasına qədər ötürdük. Qarsız-yağışsız, yumşaq bir payız günüydü... Havada hər hansı bir vida mahnısını andıracaq not belə cingildəmirdi. Moskva onun qoynunda yaşayan hər kəsi görür və vicdanla yaşamağa səsləyirdi. Bu iki böyük şəxsiyyətlə Tverskoy bulvarda asta-asta, yanaşı addımlamaq özlüyündə bizi həm də məsuliyyətə çağıran anlar idi. Əziz müəllim güclə yeriyirdi, Çingiz müəllim tez-tez başını aşağı əyib, yumşaq intonasiyada gah azərbaycanca, gah da rusca ona fiziki gücünü artıracaq xoş sözlər deyirdi, bizim isə ona deyiləsi bütün sözlərimiz tükənmişdi sanki...
Biz metronun girişində vidalaşdıq. Qoca ustadla bir daha görüşməyəcəyimiz təxminən ona da aydın idi, bizə də. Gəncliyin öz, qocalığın da öz problemləri var: onlar heç zaman bir-birini tamamlamır. Mən onun gözlərinə baxdım və orada soyuq bir qürur işığının hələ sönmədiyini gördüm, nəsə demək istədim, amma ifadənin qeyri-dəqiq səslənəcəyi məni qorxutduğu üçün heç nə demədim, susdum. 1989-cu ilin təlatümlü yay günlərindən birində Əziz Şərifin Moskvada vəfatı haqqında xəbəri Bakıda eşidəndə mən Qorki institutundakı o görüşümüzü, “Puşkinskaya” metro stansiyasının girişində vidalaşdığımız anları xatırladım və rəhmətlik Mirzə Cəlil demişkən, xeyli bikef oldum.