Tural Abbaslı: “Kəramət Böyükçöl şantajla məşğuldur” – İşdən kənar

Tural Abbaslı: “Kəramət Böyükçöl şantajla məşğuldur” – İşdən kənar
13 sentyabr 2021
# 21:00

Kulis.az “İşdən kənar” layihəsindən Ağ partiyasının sədri Tural Abbaslıyla müsahibəni təqdim edir.

- Tural müəllim, xoş gödük. Necəsiz indi?

- Xoş gördük! Şükür, yaxşıyam.

- Qardaşınız Teymur Qarabağın azadlığı uğrunda şəhid oldu. Başınız sağ olsun. Sizə və ailənizə səbr diləyirik.

- Çox sağ olun. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Şəhid ailələrinə səbr versin. Vətən sağ olsun.

- Qardaşınız müharibəyə könüllü yazılıb. Bu haqda bir az danışardız...

- Könüllüdən daha çox dava-dalaşla yazılmışdı. Qardaşımı müharibəyə aparmaq istəmirdilər. Artıq qırx yaşı vardı. Düzdür, hərbi xidmətini 2003-cü ildə zabit kimi bitirmişdi. Könüllü gedib yazıldı. Hətta, sənədləri tapılmadı, başqa hərbi komissarlığa, Nəsimiyə göndərdilər. Nəsimidə də tapılmadı, Yasamala göndərdilər. Orda da tapılmamışdı. Nə isə, xüsusi sənədlərin arasında tapıldı. Teymur o vaxtı xüsusi təyinatlılarda xidmət göstərmişdi. Sənədləri oradan tapıldı. Sonra, təzədən Teymuru yubatmağa çalışdılar. Amma yenə də tələsə-tələsə getdi. Söhbət iki-üç günün içində oldu.

- Qardaşınızın getməyindən ananızın xəbəri vardı?

- Əlbəttə, gizlətmirdi. Gəldi ki, gedirəm.

- Getməməsiylə bağlı nəsə deyə bildiniz?

- Mən nə deyə bilərdim? Onsuz da deməyə sözüm yoxuydu. Getmə demək də olmazdı.

- Könüllü yazılmağını sizə əvvəlcədən demişdi?

- O, Tovuz döyüşlərindən sonra onsuz da yazılmışdı. Müharibə başlayanda iki-üç dəfə Hərbi Çağırış komissiyasına zəng edib ki, mən könüllü də yazılmışam, zabitəm, getməliyəm. Onlarsa baxıb ki, evlidir, iki uşağı var, yaş qırxdır, aparmaq istəməyiblər, sözün yaxşı mənasında yola veriblər ki, biz sizi çağırarıq. Çağırılmasını gözləməyə hövsələsi çatmayıb, özü ərizə yazıb getdi. Lakin evə gəlib anama demişdi ki, mən özüm yazılmamışam, məni çağırıblar. Sən demə, neçə gündür məni axtarırlarmış. İki günə getməsəm, guya məni axtarışa verəcəklərmiş və s. belə cümlələrlə anamı da, bizi də hazırladı. Getdiyi yerdə də mübahisə edib. Qardaşımı arxa cəbhəyə göndərmək istəyiblər. Dalaşıb ki, mən bura yatmağa, dincəlməyə gəlməmişəm, döyüşmək istəyirəm. Nəticədə istədiyinə çatdı.

- Tənqid elədiyiniz məmurlardan kim sizə başsağlığı verdi?

- Məmurları deyə bilmərəm, xeyli sayda millət vəkili zəng elədi. Hansı ki, tənqid eləmişdim. Ədalət Vəliyev həm ölkə rəhbərliyinin, həm də öz adından başsağlığı verdi və qardaşımın, şəhidlərimizin qisasının alınacağını söylədi. Əli çatan zəng elədi, zəng edə bilməyənlər hansısa tədbirdə yaxınlaşıb başsağlığı verdilər. Bu barədə şikayətim yoxdur. Qarabağ sübut elədi ki, "Vətən" adı gələndə hər şey ikinci planda qalır. O baxımdan narazı deyiləm. Təki digər şəhid ailələrimizə, qazilərimizə diqqət sona qədər olsun. Ola bilsin, Teymurun qardaşı partiya sədridir, tanınmış ictimai insandır, diqqət mərkəzində olsun. Amma unutmayaq ki, tanınmayan sadə vətəndaşlarımız var, onların qardaşı, yoldaşı, övladları şəhid olub. Onlara da diqqət lazımdır. Belə deyək, dövlət heç kimin dəstək vermədiyi, heç kimin tanımadığı, səsinin heç yerə çatmadığı ailələrə əli çatanda dövlət olur. Dövlət ən ucqar kənddən tutmuş, şəhərin mərkəzinə qədər olan şəhid ailələrinin, qazilərin harayına çatmalıdır.

- Tural müəllim, sizə niyə populist deyirlər?

- Hə, deyirlər Tural populistdir, pafoslu danışır və s. Siyasətçi populist olmalıdır. Böyük ideyalar onsuz da populizmdir. O baxımdan mən Vətən, Xalq, Millət deyəndə populizm xətrinə demirəm. Millət deyəndə o millətin içində mənim ailəm də var, dayım da var, əmim də var, qohum-əqrəbam, dostlarım da var. Hamıya yaxşı olsun, içində də mən.

- Onda nə üçün məmurlar xalqın içindən çıxıb xalqın dilində danışa bilmirlər, Tural Abbaslı xalqın dilində rahat danışır?

- İnsan komforta tez alışır. Gənclər təşkilatında müxtəlif mövzularla bağlı treninq aparırdılar. Əsasən siyasi mövzularda olurdu. Üç-dörd gün bahalı otellərdə qalırdıq, yüksək xidmət göstərirdilər, görmədiyimiz günləri görürdük. Sonra evimizə qayıdanda, bəyənmirdik. Deyirdik, bu nə şəraitdir, bu nə evdir, bu nə xidmətdir? (Gülür). Yəqin sözü hara gətirdiyimi başa düşdünüz. Vəzifədə olan məmurlarımız da o qədər vəzifəyə, oturduqları stola öyrəşirlər ki, elə bilirlər, bunların dədə-babası əzəldən vəzifə başında olub. Bir nəsil o tərəfə baxanda, qapançı, fəhlə olublar. Heç arabası belə olmayıb. Amma özü bu gün yarım milyon dəyərində maşına minir. Bir az unutqanlıq var.

- Ziyalı kimə deyirsiniz?

- Bizim cəmiyyətdə indi pulu olan hər kəsə ziyalı deyirlər. Ya da diplomu olan hər kəsə. Çoxu guya ziyalı ailəsindən çıxıb. Ziyalı ailəsindəndirlərsə, biz niyə onları tanımırıq? Vətənə, millətə nə xeyirləri dəyib? Elmə nə kimi töhfələr veriblər? Ziya parıldamaqdı. Necə parıldamısan ki, mən səni görməmişəm?

- Unutqanlara təklifiniz nədir?

- Mən təklif edirəm, onların kabinetində özlərinin, atalarının, babalarının keçmişini əks etdirən şəkillər qoyulsun, hardan gəldiklərini unutmasınlar. Misal üçün, Hacı Zeynalabdin Tağıyev ola bilməzlər, amma ondan örnək götürə bilərlər. O vaxt bənna paltarını otağında saxlayırdı ki, varı-dövləti ona keçmişini unutdurmasın. O ki qaldı mənim xalqın dilində danışmağıma, xalqın günündə yaşayıram, xalqın dilində niyə danışmayım?

- Bir az ədəbiyyatdan danışaq. Kitab oxuyursunuz?

- Bu bir az qəliz məsələdir.

- Oxumursunuz?

- Açığı, indi vaxtım məhduddur. Vaxtım olanda, gündəlik xəbərləri, hadisələri izləyirəm. Sən ictimai adamsansa, gərək sosial şəbəkəni, medianı izləyəsən. Hər şeyə münasibətin, rəyin olmalıdır. Bir də görürsən, sosial şəbəkədə elə hadisə yazırlar, rəsmi dairələrin xəbəri olmur, amma sən ona reaksiya verməlisən. Çünki media səndən bunu gözləyir.

- Kitabla Facebookun müqayisəsi ilə bağlı polemik bir statusunuz da vardı...

- Mən demişdim, sosial şəbəkəni izləmək kitab oxumaqdan daha faydalıdır, yazmışdılar ki, Tural Abbaslı deyir, kitabdansa facebook yaxşıdır. Halbuki, elə deməmişdim.

- Bəlkə, sizi kitabdan siyasət uzaq salıb?

- İstəsəm də oxuya bilmirəm. İnanın, Ramazan ayında Qurani-Kərimi də oxumağa vaxt tapa bilmədim. Səhər evdən çıxıram, axşam gecə on ikidə, birdə gəlirəm. Amma iki-üç kitab var ki, onlar stolumun üstündədir. Zaman olanda hərəsindən 10-20 səhifə oxuyuram. Onu deyim ki, kitab oxumaq mütləq lazımdır. İnsanı daxilən zənginləşdirir, yetişdirir. Yetişdirir deyərkən, insan oxuduqca görür onu. Məsələn, mən, həbsdə olanda, günümü kitab oxumaqla keçirirdim. Boş otaq və sən. Oxuyursan, hiss edirsən ki, dəyişiklik olur.

- Yazıçı, şairlərdən kimlə dostluq edirsiniz?

- Bu da bir az qəliz mələdir.

- Kitab oxumağın qəlizliyini başa düşdüm. Bəs dostluq niyə qəliz olsun? Bildiyim qədər əvvəllər Seymur Baycanla, Günel Mövludla geniş söhbətləriniz olub.

- Məşhur bir filmdə deyildiyi kimi "Kirpi”də sizin haqqınızda yazı var. Deyir, bəli, bu aləmin köhnələrindənəm". Seymur Baycan, Əli Əkbər, Günel Mövlud, Aqşin Yenisey 2005-ci ildə "Alma" qəzetinə gələndə, biz zatən ordaydıq. Seymur Baycan Müsavat Gənclər Təşkilatının üzvüydü. Əvvəldən ideoloji baxışlarımız üst-üstə düşməyib.

- Fərq nəydi?

- Mən daha çox mühafizəkar, sağ meylliydim, onlar liberallarıydı. Və mənə elə gəlirdi ki, onların çoxu səmimi deyil. İndi də səmimi olmadıqlarını düşünürəm. Nə yetişdikləri ailə, nə də aldıqları tərbiyə onlarda o liberallığı yarada bilməzdi. Daha çox fərqlənmək üçün addım atırdılar. Yəni, diqqət çəkək, fərqli olaq prinsipi varıydı. Ən çətini hamının olduğu kimi olub fərqlənməkdir. Ən rahatı isə asan yolla fərqlənməkdir. İllərin jurnalistini yeri gələndə heç kim tanımır, amma xanımın biri plakata ədəbsiz bir cümlə yazdı, hamı ondan danışdı, sonra da o, özünə jurnalist dedi. Yəqin, fikrimi tutdunuz. Oxuduğuma görə, Əli Əkbər yola gəlib.

- İndi görüşüb nəyisə müzakirə eləmək istəməzsiniz?

- Xüsusi olaraq, görüşmürük, amma görüşəndə qarşılıqlı hörmətimiz var. O vaxt "Alma" qəzetində başladılar muğamı söyməyə. Ağsaqqala söz atmağı özlərinə “cool” bildilər. Öz kökü üstə qanadlanmaq daha yaxşıdır, nəinki yad ideologiyanı təbliğ eləmək. Bu, o demək deyil ki, mən yeniliyi sevən insan deyiləm. Lakin tərbiyəsiz status yazmaq yenilikçi olmaq demək deyil. Bir zaman Günel Mövlud müsahibə vermişdi ki, mənim dünyaya uşaq gətirmək öhdəliyim yoxdur. Sonra üçüncü uşağının dünyaya gəlməsiylə bağlı status yazdı. Ya olduğun kimi görün, ya da göründüyün kimi ol.

- Kəramət Böyükçölün kitablarını oxumusunuz?

- Kəramətin üç kitabını almışam, oxumamışam. Sağ olsun, kitablarından çox statuslarıyla yadda qalıb. Son zamanlar məni də tənqid edib. Siyasi bacarığı, qabiliyyəti hara qədər çatırsa, ora qədər tənqid edir. Statusları daha çox “like” olunur, nəinki kitabları alınır.

- Amma kitabları çox alınır.

- Kəramət siyasi şantajla məşğuldur. Yazaram, tənqid edərəm. Oxucu da baxır, deyir, qardaş, beş-on kitabını alım, yazma. Özü də yaxşı bilir kitablarını nəyə görə alırlar. Kitabını satır, sonra kitabını alanı tənqid edir.

- 2021-ci il Nizami Gəncəvi ili elan olundu. Nizami Gəncəvinin yaradıcılığından yaddaşınızda nə qalıb?

- "Xosrov və Şirin" poemasını çox sevirəm. Xosrov öldürüləndə su istəyir, ancaq ürəyi gəlmir yanında yatmış Şirini oyada. Əslində, sevgi bax budur. Düzdür, intihar eləmək günahdır, amma Şirin özünü öldürməklə sevgisini sübut elədi.

- Sizin üçün sevgi nədir?

- Sevgi fədakarlıqdır. Poemada Şirin də, Xosrov da fədakar idi.

- Poemada Fərhadın sevgisinə daha çox inanmaq olar, nəinki Xosrovun.

- Xosrov da Şirini sevirdi, fədakarıydı. Bizim insanlarda acizə, kasıba həmişə mərhəmət var. Həmişə elədir, rəğbət daha çox əzilənə olur. Şirin poemada Fərhada ümid verməmişdi. Fərhad öz sevgisindən dağı yarmışdı. Poemada Xosrovla Şirinin sevgisi təmiz sevgiydi. Leyli və Məcnundan fərqli dünyəvi, realist sevgiydi. Yaxud "Sirlər xəzinəsi " poemasında mənim üçün, elə məmurlarımız üçün də ibrətamiz çox hekayələr var.

- Həbsxanada kitab yazmaq istəmdiniz?

- Bir-iki dəfə "fikirlərimi, emosiyalarımı yaza bilsəydim" deyə düşündüm. Orda yeni hisslər, həyəcanlar varıydı. Sonra düşündüm ki, bu, mənim üçün maraqlıdır, başqasının nəyinə lazımdır?

- Ruhdan düşəndə sizə hansı film stimul verir?

- Əvvəla, onu qeyd edim ki, çoxdandır ruhdan düşmürəm. Ruhdan düşmək mərhələsini geridə qoymuşam. Bu, o demək deyil ki, mən həmişə optimistəm. Düşünürəm ki, insan püxtələşdikcə, həyat təcrübəsi artdıqca, həyatın sərt üzünü gördükcə, bir çox hadisələri təbii hal kimi qəbul edir. Axırıncı dəfə nə vaxt ruhdan düşdüyümü xatırlamıram. Filmlərə də stimul almaq üçün baxmıram, dincəlmək üçün baxıram. Amma həyatın müxtəlif dönəmlərində filmlər olub ki, məndə ruh yüksəkliyi yaradıb. "Döyüşçü klubu" adlı film var. Bir çox siyasət adamına tövsiyələrini verə bilər. Orada bir az aqressiya var, amma hər halda zəif, gücsüz insanların bir araya gəlib necə gücə sahib olduğunu göstərir. İstər yerli, istər xarici filmlərin çoxuna tez-tez baxıram. Xariciləri çox sadalamaq istəmirəm. Bizim filmlərdən "Yeddi oğul istərəm", "Gün keçdi" və s. Hamısına dəfələrlə ilk gün baxdığım kimi baxıram. Xarici filmlərdən Mel Gibsonun baş rol oynadığı "Cəsur ürək" filmini çox bəyənirəm. Açığı, teatrda tamaşa izləməyi daha üstün tuturam. Aktyorlar canlı oynayır, hər şey ani olur. Milyonlar üçün yox, məhdud sayda tamaşaçı üçün oynayırlar. Son bir ildir pandemiyayla bağlı teatrlar fəaliyyət göstərmir. Əvvəllər çalışırdım, ildə bir-neçə dəfə də olsa gedim baxım. Pantomim Teatrına gedib baxmağı daha çox xoşlayıram. İnsana düşünmək imkanı verir, hər şeyi sözlərlə ifadə etmir. Hərəkətlərə baxa-baxa istədiyin mənanı özün tapmağa çalışırsan.

- Hansı janrda musiqiləri sevirsiniz?

- Fərqli janrlarda fərqli müğənniləri dinləməyi xoşlayıram. Adətən, sözlərini anladığım musiqiləri daha çox sevirəm. Əvvəl telefonumda fərqli ölkələrin müğənnilərinin ifası olurdu. Bəlkə də tutduğum ideologiyaya uyğun deyil, amma rok janrını çox xoşlayıram. Ola bilsin, rokda daha çox mübarizə var, səmimilik var, ona görə. Rok daha sərbəstdir. Düzdür, dinləyib xəyal qura bilməzsən, dincələ bilməzsən, daha çox stimul ala bilərsən. Bizim ifaçılarımızdan Elmira Rəhimovanın, demək olar, bütün ifalarını xoşlayıram. Akif İslamzadə, Oqtay Ağayevin ifaları möhtəşəmdir. İlhamə Quliyeva, Flora Kərimova başqa aləmdir. Müasirlərdən də uğurlu müğənnilər var, ancaq onların hərəsindən bir-iki mahnı bəyənirəm. Əvvəllər, daha çox musiqi dinləyirdim, son zamanlar dinləməyə zaman ayıra bilmirəm. Amma dinləməlisən. İnsan mənəvi dünyasını boş buraxsa, natamam olar, həyatı dolu-dolu yaşaya bilməz. Bəstəsi gözəl olan istənilən musiqini dinləyə bilərəm. Həm də hansı janrı seçməyin bir az da əhval-ruhiyyəndən asılıdır. Aşıq musiqisini, sənətini, havasını xüsusi olaraq sevirəm. Ondan da ayrıca zövq alıram.

- Şərq insanında niyə orta yoxdur? Ya aşırı qəddar olar, ya da mərhəmətli.

- Haqlısınız, bizdə orta yoxdur. Qəzəbimiz də maksimumdur, sevgimiz də. İngilis soyuqqanlılığı, hər şeyə soyuq başla yanaşmaq bizdə yoxdur. Pisimiz pisdir, yaxşımız yaxşıdır. Düşmənə qarşı aşırı dərəcədə qəzəbli olmalıyıq. Tək müharibə vaxtı yox, adi vaxtda da. Məsələn, mən ermənilərlə eyni dövlətdə yaşamağın əleyhinəyəm. Yenə bizə xəyanət edəcəklər. Amma öz xalqımıza sevgimiz maksimum olmalıdır.

- Debata gedəndə söhbətdən hansı rəqiblərinizlə daha çox ünsiyyətdə olmusunuz?

- Əksinə, çalışıram debata tez getməyim. Elə birbaş gedib oturum. Çalışıram, ünsiyyət qurmayım. Sonra üz-üzdən utanır, çox sözü üzə deyə bilmirsən. Görürsən, səni öz aləmində guya sözlə əzməyə çalışır. Gərək bir az sərt olasan ki, qədrini bilsinlər.

- Dostlarınızın arasında məmur övladı var?

- Bu gün vəzifədə olub, zamanında müxalifətdə olan məmurlarla dostluğum olub. Amma məmur övladıyla mənim yaşam tərzim uyğun olmadığı üçün dostluğumuz alınmaz. Lap bir yerdə otursaq belə, o, qəlyan gətirəcək, mən çəkmirəm, bahalı içki gətirəcək, mən içmirəm, başqa söhbətlər edəcək, o söhbətlər mənə yaddır. Mənim dostluğum məmur balasına darıxdırıcı olar.

- Şeir deməyi bacarırsınız?

- Əvvəldən desəydiniz, hazırlaşıb, bəyəndiyim şeirlərdən birini deyərdim. Burda sizə söz verirəm, şeir deyib, videosunu sizə göndərəcəyəm.

# 9100 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #