Bu dəfə “Əzrayıl na provode”...

Bu dəfə “Əzrayıl na provode”...
27 iyun 2013
# 11:19

Səbuhi Məmmədli

“Yaxşı dostlarım var idi. Hamısı getdi o dünyaya. İndi onlar orada məni gözləyirlər”. Bir qədər əvvəl demişdi bu sözləri, xəstə halında...

Amma gözləri diriydi, azarlı deyildi...

***

Hicran nə qədər uzun olsa, vüsal o qədər şirin olar, eləmi? Gözləri aydın, “Hicran”dakıların, sən də vüsalına çatdın, şirin olsun. Onsuz da orada gözləyirdilər neçə vaxtdı. Görüşdünmü?

Yəqin o dünyada da elə belə deyəcəksən: “Sizi bura yığmaqda məqsədim odur ki, sizdən adam olmayıb, olmayacaq”...

***

İki gün əvvəl “Şərəf” ordenini almışdın. Yəqin heç üzünü də görmədin. Haqqın idi, halalın idi. Amma nəyə görə milis olmaq istəyirmişsən, bunu bilmədim. Deyirsən ki, “uşaq vaxtı arzum milis olub, julikləri tutmaq idi. Lakin aktyor olmağa qərar verdim”. Amma kim sənin kimi milis oynaya bildi ki?

“Yuxu” filmi yadınızdadırmı? Oradakı milis rəisi necə? Bu dəfə İraqdan zəng gəlmədi? Elə o kəkilli fərə də yəqin bu dəfə belə dedi: “Əzrayıl na provode…”

“Səyavuş Aslana xalqı qiymət verib. Xalqının gözündə o, aslandır, əjdahadır, pələngdir”. Nə Aslan, nə əjdaha. Sən sonuncu mogikan idin. Azərbaycan səhnəsini yetim qoyub getdin, yetim... İndi haradan alaq, Səyavuşu, Yaşarı, Nəsibəni, Telmanı? Nə vaxt yetişəcək? Harada yetişəcək? Kim yetişdirəcək?

***

45 filmə çəkilmişdi. Sonuncu filmi elə “Yuxu” idi. İlk çəkildiyi isə Əhməd haradadır?”dakı Saqqal Ramiz. Kinoda, teatrda yüzlərlə rol oynadı, amma heç bir rolunda “xaltura” eləmədi. Ciddi yanaşdı, hər rola. Elə buna görə də sevildi, elə buna görə də unudulmayacaq. Elə buna görə də, nahaq yerə əvəzolunmaz aktyor demirlər Səyavuş kimi sənətkarlara.

***

Hə, əvəzolunmaz. Əvəzolunmaz insan yoxdur, deyənlərdən soruşuram: Kim əvəz eləyəcək Səyavuşu? Kim oynayacaq tutaq ki, həmin Dadaşbalanı? Ya Mindillini? Nə bilim daha hansı dillər əzbəri olan obrazları?

Hə, Səyavuş Aslan əvəzolunmaz sənətkar idi. İndi çox ucuzlaşıb sənət, çox. O qədər ucuzlaşıb ki, teatr binalarına da bu səbəbdən yaxın gələn yoxdur. Çünki həmin binada sənətkar qıtlığı var. Çox az qalmışdı, biri də belə getdi…

***

Onlar məktəb olub? Hə, həm də məktəb yaradıblar. Onlar anadangəlmə aktyor olublar, hansısa ali məktəbin diplomu isə, sadəcə quru bir sənəd olub onlar üçün.

Dahi gəlib, dahi də gedirlər bu cür insanlar. Ona görə də , həmişə yaşayacaqlar, həmişə onları axtaracaqlar…

“Bir-iki nəfər var... Amma hərdən elə oyunlar çıxarırlar ki... Gərək onlar özlərini hər cür oyunlara qurban verməsinlər. Yəni görürsən ki, bir gün biri arvad rolunda olur, ertəsi gün o biri... Mən belə şeylərin əleyhinəyəm. Balam, oynanılan səhnəcik üçün qadın lazımdırsa, qadın aktyorlar cəlb edin, o oynasın bu rolu... Daha bu cür oyunlar nəyə lazımdır?”

Rəhmətlik bunu müsahibələrinin birində demişdi. “Aktyor cəlb edin”.

Hmmm. Cəlb edin, hə, cəlb edin görək.

“Hellas” oxumaqla deyil...Çünki, Paşa maşını çoxdan vurub xarab edib...

# 3303 dəfə oxunub

Müəllifin son yazıları

# # #