Sadəcə, Şahin

Sadəcə, Şahin
11 iyul 2020
# 11:18

“O, Vətəni sevməyin parlaq bir mücəssəməsidir”;

“O, özü USM-də insanın daxili orqanlarını görüb diaqnozunu qoyur, mahnıları, qələmi isə ruhun diaqnozunu”;

”Ondan mənə söz verdiyi kəşfiyyatçılar haqqında yeni mahnı gözləyirəm”;

"O, həm şeirləri ilə, həm də musiqiləri ilə bunu haqq etmişdi”.

Bunu onu tanıyanlar deyir. Tanıyanlar demişkən, bəzən mənə elə gəlir ki, onu bizim eradan əvvəl tanımışam. Hə, bizim eradan əvvəl Misir piramidaları ətrafında var gəl edən görmüşəm, Kolizeydə bir yerdə qladiator döyüşlərinə baxmışıq, nə bilim vikinqlərin gəmilərində, drakkarlarda Xəzərdən Şimal dənizinə qədər üzmüşük...

Sonradan…

Sonradan, heç, dərin bir yuxuya getmişik. Və bir gün, hə, 1963-cü ilin bu ayının bu günündə Masallının Qızılağac kəndində o yuxudan ayılıb, üstündən 7 il keçmiş Bakının Biləcəri qəsəbəsində mən.

Və üstündən illər keçəcək, bir şair dostumuz bizi tanış edəcək, “xatırladınmı”, “yadındamı”, “o vaxt bilirdinmi” deyə, min illərin arxasına qayıdacağıq. Və məlum olacaq ki, o, indi həkimdir. Mən də elə bu həkimin yanına, min illərin dostuna məlhəm istəməyə gəlmişəm.

***

Bir dəfə jurnalistlərin birinin “Sizi necə təqdim edəcəyimi bilmirəm – şair, bəstəkar, yoxsa həkim?” sualına belə cavab vermişdi: “Heç özüm də bilmirəm”.

Hə, belə cavab vermişdi Şahin Musaoğlu. Hamının həkim-şair-bəstəkar kimi tanıdığı adam. Elə jurnalist Ramilə Qurbanlı da belə deyir. Amma dərhal da əlavə edir:

- Onlarla beynəlxalq və yerli təşkilatların üzvü, neçə-neçə mükafatlara layiq görülən adam. “İgid əsgər, möhkəm dayan”, “Cənab, leytenant” kimi çox sevdiyim, çox sevilən mahnıları yaradan. Sənətinin peşəkarı. USM-də insanın daxili orqanlarını görüb diaqnozunu qoyan, mahnıları, qələmi ilə ruhun diaqnozunu bilən. Bütün ruhuyla azərbaycanlı.


Şair Ehtiram İlham deyir ki, o, mənim üçün hər şeydən əvvəl bir könül adamıdır. O, gördüyü hər işi ürəklə görür. Ürəyindən gələn hər işə də canını qoyur. Yəqin yazıb-yaratdıqları da elə buna görə, ürəyəyatımlı, könül oxşayandı.

- O, həm də məndən ötəri bu ölkədə Vətəni sevməyin parlaq bir mücəssəməsi, gəzərgi bir heykəlidir.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Şahini uzun illərdi tanıyıram deyir”:

- Onun fəaliyyətinə bələdəm. Həkim kimi onun peşəkarlığını görmüşəm, şahidi olmuşam. Həssas bir insandır. Onun şair və bəstəkar kimi fəaliyyəti bütün ölkədə poeziya sevərlərə yaxşı tanışdır. Şahinin məşhur şeirləri “İgid əsgər möhkəm dayan”, ”Cənab leytenant” 90-cı illərdə, müharibənin gur vaxtında, insanların, gənclərin vətənpərvərlik ruhunda böyüməsində böyük rol oynayıb.

“Müharibə olmasaydı, bəlkə də mən yaradıcılığa gəlməzdim. Biz müharibə uşaqları olduq”. Şahinin nə vaxtsa verdiyi müsahibələrindəndi bu sözlər. Bunu isə başqa bir müharibə adamı, Rey danışır onun haqqında:

- Şahin Musaoğlu xalqımızın dəyərli oğludur! Şair və bəstəkar kimi hərbi vətənpərvərlik sahəsində əvəzsiz işlər görüb! Qarabağ müharibəsinin birinci mərhələsində əsgər və zabitlərimizin dəyərli sənətçimiz Şəmistan Əlizamanlının ifasında sevə-sevə dinlədiyi "İgid əsgər", "Cənab leytenant", "Vətən əmanəti" və digər gözəl mahnılarının həm musiqisinin, həm də sözlərinin müəllifidir. Bu mahnılar ordumuzun şəxsi heyətini hər an döyüşə səsləyir! Gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsinin yüksəlməsində misilsiz rol oynayıb, bu gün də oynayır. Ş.Musaoğlu yaradıcılığı bütövlükdə vətənə, dövlətə sevgiyə həsr olunub! Heç kəsə sirr deyil ki, Ş.Musaoğlu yaradıcılığı Ş.Əlizamanlı ilə və ya əksinə Ş.Əlizamanlı yaradıcılığı Ş.Musaoğlu ilə çox bağlıdır. Onların birgə fəaliyyəti bu uğurun formuludur! Arzu edirik ki, bu iki dəyərli vətən oğlunun birgə yeni, gözəl və möhtəşəm layihələrinin şahidi olaq!

Bu gözəl gündə öz adımdan, Qarabağ Qaziləri Birliyinin kollektivi adından dəyərli qardaşımıza uzun ömür, can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Ondan mənə söz verdiyi kəşfiyyatçılar haqqında yeni mahnı gözləyirəm!

Şahin Musaoğlunun qələmindən çıxan istisnasız olaraq nə varsa, bir Vətən nəğməsidir. Və o bəstələr, o şeirlər, artıq neçə-neçə nəslə məmləkəti, torpağı, bayrağı sevməyi təlqin edib. Dostumuz Ehtiram haqlıdır: 1992-ci ildən tanıdığımız Şahin Musaoğlunu, həm bəstəçi, həm şair, həm də həkim kimi hamıya sevdirən də elə onun millətinə olan tükənməz sevgisidir. Onun kimi könül dostu, əqidədaşı olan adam çox bəxtiyardır. Hə, elə bizim kimi.

- Mənə elə gəlir ki, ölkənin hansısa küncündə bir insanın ayağına dəyən daş onun qəlbinə dəyir. Belə insanlara insanlığın, Azərbaycanın çox ehtiyacı var. Ziyalıdır, aydındır, nurludur-eynimənalı olsa da bu sözlər elə bilirəm hər biri ayrılıqda da xarakterik cizgi verir. Şahin bəy qarşıma çıxarsa, o gün işlərim düz gətirər. Sınamamışam bunu, amma əminəm ki, xalqın bu deyimi məhz belə adamların simasından yaranıb. Ona görə də ruhumuzun insanıdır, var olsun” – deyir, Ramilə.

Rəşad Məcid danışır ki, bir neçə il öncə o Yazıçılar Birliyinin hərbi vətənpərvərlik seksiyasının rəhbəri təyin olunub. Ondan əvvəl isə həmin vəzifəyə mərhum Zəlimxan Yaqub rəhbərlik edirmiş.

- Zəlimxan Yaqubun da məhz hərbi vətənpərvərlik mövzusunda fəaliyyətinin davamı olaraq Şahin Musaoğlunun seçilməsi təsadüfi olmadı. O, həm şeirləri ilə, həm də musiqiləri ilə bunu haqq etmişdi.

Baş redaktor deyir ki, iki il əvvəl Şahinin 55 yaşı qeyd olunanda onun çox müxtəlif sahələrdən olan insanlarla dostluq etdiyini gördüm. Həmin yubileydə Şahin haqqında danışanlar müxtəlif sahənin adamları, çox böyük hörmətə sahib insanlar idilər.

- Buna görə də Şahin mənim üçün sanballı Azərbaycan ziyalısı, müdrik, həssas bir insandır. Peşəkar həkimdir. Onun 55 illik yubileyinin təəssuratları hələ də mənim yadımdadır. Dostuma arzu edirəm ki, öz şeirlərində arzuladığı, torpaqlarımızın işğaldan azad olması həyata keçsin. Və biz o mahnıları Şuşada, Cıdır düzündə dinləyək.

***

Belə deyib müdriklər: Həkimliyi öyrənmək, əslində, insanlığı öyrənməkdir. Əsl həkim üçün təbabət yalnız sənət deyil, bütünlüklə onun həyatıdır.

Şahin belə həyat yaşayıb, yaşayır və yaşayacaq.


***

Həkimlik qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır.

Belə adamdı Şahin.


***

Həkim mütləq ictimai xadim və fəal mübariz olmalı, öz humanist fikirlərini, xeyirxah əməllərini sözlə ifadə etməyib, əhalinin sağlamlığı üçün yollar axtarmalı, fəaliyyət göstərməlidir.

Bunu Çexov deyib. Təkcə yazıçı yox, həm də təbib Çexov necə deyərlər Şahinin həmkarı. Və düz ünvanlayıb.


***

Həkim təkcə təbabəti bilirsə, deməli, o, təbabəti bilmir. Məhz Şahin kimi. Adamla saatlarla oturub söhbət edəsən, yorulmarsan.

Ədəbiyyatdan, musiqidən, siyasətdən. Sanki qarşında sıradan bir həkim yox, universal bir zəka sahibi oturub.

***

Deyir, həkim xəstə üçün ata, sağalmaqda olan insan üçün mühafizəçi, sağlam şəxs üçün dost olmalıdır. O, xəstənin sağalmağa olan ümidini hər an dəstəkləməlidir. Şahinin yanına gedib-gəlmiş pasientləri məncə bu fikri təsdiqləyərlər. Belə bir həkimdi, Şahin.


...Motsart deyir ki, duyğularımı şerlərlə anlada bilmərəm, çünki şair deyiləm; özümü kölgə və işıqlarla ifadə edə bilmərəm, çünki rəssam deyiləm; düşüncələrimi hərəkətlərlə də ifadə edə bilmərəm, çünki rəqqas deyiləm. Lakin bunların hamısını musiqi ilə edə bilərəm. Tanrı Şahinə də belə bir vergi göndərib göylərdən. Musiqi vasitəsilə Tanrıya yaxınlaşmaq və oradan insanlığa səslənmək.

Rəssam öz əsərini kətan üzərində çəkir, amma bəstəkarlar öz şəkillərini sükut üzərində. Musiqi dünyanı dəyişə bilər, çünki o, insanları dəyişə bilir.

Müsahibələrinin birində deyir ki, bəzən olur ki, mən öz mahnılarıma qulaq asmıram. Amma mən musiqini çox sevirəm. Evdə də, işdə də, yolda da demək olar ki, musiqi ilə nəfəs alıram, öz mahnılarımla. “Mənim üçün bəlkə də, ilk olduğuna görə daha çox “İgid əsgər, möhkəm dayan” mahnısına qulaq asıram.

Musiqi insanı dəyişə bilir deyəndə də məhz bu mahnını nəzərdə tuturdum. Minlərlə Azərbaycan gəncini cəbhəyə yollayan mahnını. Gəncliyi Qarabağ müharibəsi illərinə təsadüf etmiş insanların hamısı bu mahnıdan heç olmasa bircə bəndi xatırlayıb zümzümə edir. Çünki bu, o illərin mahnısıdır - vətən oğlunun səngərdə sinəsini sipər edib, tarix yaratdığı illərin unudulmayan nəğməsidir.

Hərbi himndir. Müstəqillik tariximizdə barıt qoxan, qələbəyə səsləyən mahnıların bünövrə daşıdır. Mənəvi qidadır, bir çağırışdır, səfərbərlikdir.

Sadəcə belədir. O, isə sadəcə Şahindir!

# 4765 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #