Kulis.az Samirə Əşrəfin “Sevgiyə görə bağışlayanlar” adlı yazısını təqdim edir.
Son dövrlər hamımız kitab oxumağa vaxt tapa bilməməyimizdən gileylənirik. Yaxın dostlarım, tanışlarım əvvəlki illərə nisbətən indi daha az kitab oxuduqlarını, filmə baxdıqlarını qeyd edirlər. Açığı bu barədə özümün də xeyli narahatlıqlarım var. Bəzən bir kitabı günlərlə, həftələrlə çantamda gəzdirir, ora-bura daşıyır, güclə başa çatdırıram. Hərdən evdə oxumaq üçün seçib ayırdığım kitablara baxanda, kədərlənirəm.
Bunları nə vaxtsa, oxuya biləcəmmi, sualını özümə verirəm. Hərdən də qarşıma məqsəd qoyuram. Bəzən bir gün səhərdən axşama qədər kitab oxuyuram. Gün ərzində əlli, yüz vərəq geridə qoyuramsa, xeyli sevinirəm. Həmin gün özümü rahat və xoşbəxt hiss edirəm. Bu mənada kino və teatr da mənim üçün xoşbəxtliyin özüdür.
Sevdiyim rejissorların filmlərinə baxanda, xeyli gümrahlaşıram. Özümü intellektual çevrənin insanı kimi qəbul edirəm. Teatr isə başqa aləmdir. Teatra getmək, əntiq çıraqları xatırladan çilçıraqlardan axan yarı işıqlı zalda əyləşmək, səhnədəki aktyorların cilddən-cildə düşən simalarını görəmək, onların qəhrəmanlarını canlandırma səylərini izləmək mənə zövq verir. Teatrlarımızı nə qədər tənqid etsək də, onların repertuarlarını bəyənməsək də, rejissor, aktyor işindən narazı qalsaq da, etiraf edək ki, bir ölkədə teatrın var olması, teatr sözünün tələffüz olunması artıq həmin ölkənin mədəni həyatının, incəsənətinin necə olmasından xəbər verir və mədəni prosesin gedişini tənzimlləyir. Bu səbəbdən də hansı teatrdan olur olsun, dəvət təklifi gələndə, çalışıram ki, bu dəvəti dəyərləndirim, dəvət olunduğum tamaşaya gedim. Üstəlik dəvət edənlər aktyorlardırsa, buna ikiqat şad oluram. Səhnədəki rolunun, ifasının təqdim olunmasını, bəyənilməsini görmək hər bir aktyor üçün vacibdir.
Səməd Vurğun adına rus Dram teatrında dörd dəfə olmuşam. İlk dəfə Firdovsi Atakişiyevin dəvəti ilə “Sənətkarın taleyi” tamaşasında, ikinci dəfə Lyudmila Duxovnayanın dəvət ilə “Payız sonatası”, daha sonra Fəxrəddin Manafovun dəvəti ilə “Mərasim” tamaşasında.
Adlarını sadaladığım tamaşaların içərisində ən çox bəyəndiyim “Mərasim” tamaşası olub. Bu haqda geniş bir yazı da yazmışam. Amma sonrakı illərdə doğrusu yolum bu teatrdan düşməyib.
Ancaq bir məsələ var ki, bu teatr məni həmişə özünə cəlb edib. Bunun səbəbi isə burada olanda özümü çox sevdiyim rus ədəbiyyatına daha yaxın hiss edirəm. Çexovu, Stanislavskini, Tolstoyu, Bunini, Turgenevi və nəyahət İsa Məsihi duymağa çalışıram.
Rus Dram Teatrının istedadlı aktyoru Yaroslav Trifonovun iştirak etdiyi tamaşaya dəvəti bu baxımdan mənim üçün göydındüşmə idi. Yaroslavla danışarkən, ona özünüzün ən çox bəyəndiyiniz tamaşaya gəlib baxmaq istəyirəm demişdim. Bu səbəbdən də onun seçiminə güvənirdim.
Yaroslav Trifonovu aktyor kimi Azərbaycanda çəkilən bir sıra filmlərdə görmüşəm, ifası çox maraqlı, kaloritli və ifadəli olub. Filmlərdəki, rus və ya əcnəbi rollarının mahir ifaçısı kimi tanıdığımdan onun kinodan kənar fəaliyyəti ilə maralanmışdım. Teatr aktyoru olduğunu biləndə, xeyli sevinmişdim. Ümumiyyətlə, məmləkətimizdə yerli aktyorlarla yanaşı, əcnəbi aktyorların da işləməsi mənə görə müsbət haldır. Ölkələr arasındakı mədəni əlaqələr üçün yaxşı vasitədir.
Amma burada bir haşiyə çıxmaq istərdim. Trifonovla yaxından tanışlığım İkinci Qarabağ müharibəsi ərəfəsində oldu. Onunla saytımız üçün söhbətləşəndə, Trifonovun səmimi qəlbdən gələn, Azərbaycan, vətən sevgisi çox xoşuma gəlmişdi. Yadıma gəlir, Trifonov o zaman müsahibəsində belə fikir də işlətmişdi. Əgər müharibəyə getmək üçün mənə çağırış gəlsə, canla-başla getməyə hazıram. Çünki bu vətən mənimdir. Rus Dram teatrı isə doğma teatrımdır. Orada mənim atam və anam işləyib, onlar da bu torpağın üzərində yaşayıblar.
Bu fikirlər mənim ona olan hörmətimi daha da artırmışdı. Yaroslavın yaradıcılığını daha yaxından izləməyə çalışmışdım. Bu aktyor bir də yadımda pandemiya dövründə qaldı. Teatrlar qapalı olan zaman o, kiçik, mini səhnə tamaşalrı, monoloqları ilə teatr sevgisini təqdim edir, teatrların açılmasını arzulyardı.
Dəvət olunduğum tamaşa isə Cəfər Cabbarlının “Aydın” pyesi əsasında hazırlanmış “Sevgi üçün bağışla” tamaşası idi. Doğrusu tamaşanın bu qədər xoşuma gələcəyini gözləmirdim. Cabbarlı dramaturgiyası dərindir, kaloritlidir. İstənilən rejissor onun yaradıcılığına müraciət etsə, udur, qazanır, öyrənir. Ancaq rus dilində hazırlanmış milli ruhlu əsərin rusdilli tamaşaçı tərəfindən mənimsənilməsi asan məsəlı deyil.
Tamaşa rejissor İrana Tağızadənin qurluşunda hazırlanmışdı. Aktyor seçimi, qurulan mizanlar, musiqi tərtibatı və ən vacibi ötən əsrin əvvəllərindəki mühiti yaratmaq baxımından çox yaxşı idi. Rejissor özü də qadın olduğu üçün xüsusən qadın hisslərini, əzablarını, ağrısını çox gözəl verə, ifadə edə bilmişdi. Baş rolların ifaçıları Əməkdar artist Həcər Ağayevanın (Gültəkin) və Murad İsmayılovun (Dövlət bəy) ifaları maraqlı idi. Hər iki aktyoru ilk dəfə idi səhnədən izləyirdim. Yadıma gəlir, Murad İsmayılov "Müsyö İbrahim və Quran çiçəyi" tamaşasında Xalq artisti mərhum Fuad Poladovla tərəf müqabili olmuşdu. O zaman Poladov Murad haqqında xeyli xoş sözlər işlətmişdi.
Doğrusu, yeni fəaliyyətə başlayan aktyor haqqında adətən sənətkarlar xəsis olurlar. Fuad Poladovun Murad İsmayılov barədə fikirləri iki yerə yozmuşdum. Ya həqiqətən istedadlıdır, ya da Fuad müəllim onu gənc olduğu üçün tərfiləməyi lazım bilir ki, stimul olsun.
Ancaq “Sevgiyə görə bağışla” tamaşasına baxan zaman Muradın ifası məni həqiqətən valeh etdi. Ağayana duruşu, səs tembri, davranışları onun rola çox hakim olmasından xəbər verirdi. Bizim teatr və kino məkanında bəy, xan rollarını ifa edən aktyorlarımız kifayət qədər çox olub. Həsən Turabov, Həsən Məmmədov, Rasim Balayev və s. Murad tamaşadakı ifası ilə tamaşaçılara həmin sənətkarları xatırladırdı.
Tamaşanın qadın qəhrəmanı Həcər Ağayevanı da yuxarıda qeyd etdiyim kimi ilk dəfədir görürdüm. Onun qadın hisslərini tamlıqla və xüsusi zərifliklə çatdıra bimə məharəti çox güclü idi. Hər aktrisada bu faktor olmur. Həcər Ağayeva Gültəkin obrazının daxilindəki təlatümləri, sevgini və əzabı yaşayaraq ifa edirdi. Xüsusilə tərtib olunmuş səhə geyimlərini kübarlıqla daşımağı bacarırdı. Baş rolun ifaçısı Əməkdar artist Murad Məmmədov faktura etibarı ilə Aydın roluna uyğun gəlirdi. Obrazın daxilindən gələn aristokratik əhval onun öz aktyor fakturası ilə uyğunluq təşkil edirdi.
İkinci hissədə Əməkdar artist Salman Bayramov və Yaroslav Trifonov da səhnədən görsənir. Yaroslav Trifononv pyesdəki Balaxan rolunu ifa edir. Onun səhəyə çıxışı ilə canlanma yaranır. Trifonovun ifasında ən çox bəyənidiyim xüsusiyyət onun tərəf müqabilləri üçün geniş imkanlar yarada bilməsi, onlarla tandeminə yerində ştrixlər qata bilməsi və iştirak etdiyi əsərə pozitiv əhval gətirməsi, canlanma qazandırmasıdır.
Təəssüf ki, ömrünün xeyli hissəsini teatra həsr edən, artıq yaşı qırxı ötən Yaroslav Trifonovun teatrda baş rolları demək olar ki, yoxdur. Səhv etmirəmsə, onun baş qəhrəman ifa etdiyi yeganə tamaşa “Sanset bulavrı” tamaşası olub. Bu tamaşa isə hazırda teatrın repertuarından çıxarılıb.
Ümumiyyətlə gənc aktyorlara qəhrəman rollarının vaxtında verilməməsi xeyli narahat edicidir. Teatrlarımzıda fəaliyyət göstərən gənc aktyorlar niyə vaxtında baş rollarla təmin olunmurlar? Konkret yaradıcılığına və potensialın yaxşı bələd olduğumuz gənc nəsildən olan aktyorlar vardır ki, onlar vaxtında baş rollarla təmin olunmadılar. Hazırda isə həmin aktyorlar yaşlanmağa doğru üz tuturlar. Bəlkə teatr rejissorları artıq ömrünün on beş, iyirmi ilini teatra həsr edən aktyorlara da baş rollar həvalə etmək barədə düşünsünlər. Necə ki, bunu zamanında Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov edib.
Bir məqamı da vurğulayıb, yazımı başa vurmaq istəyirəm. Haqqında bəhs etdiyim tamaşa zamanı zaldakı tamaşaçı sayı məni xeyli məyus etdi. Rus dram teatrının tamaşaçı kontingenti fərqli olsa da, ümumilikdə teatrlarımızın bu problemi qalmaqda davam edir. Teatrlarımız hələ də öz potensial tamaşaçılarını yetişdirə bilməyiblər. “Sevgiyə görə bağışla” tamaşasında tamaşaçı sayı az olsa da, aktyorların canla-başla ifa etmələri mütəəssir edici idi. Təkcə elə bu fakta görə bu tamaşanı izləməyə, ona vaxt ayırmağa dəyər!