Anna Akopyana bir-iki məsləhət

Anna Akopyana bir-iki məsləhət
27 oktyabr 2020
# 13:03

Yaradılış etibari ilə çılğın, məkrli, hiyləgər olmaqla bərabər qadın həm də sevgini simvolizə edib. Sənətin müxtəlif tərəflərində qadın obrazı həmişə ilham mənbəyi olub. Bu da əsassız deyil.

Qadın həm də ana, bacı, sevgili yardır, dostdur!

Bəlkə, bu səbəbdən müharibə sözü ilə qadın sözü heç zaman bir-birinə uyuşmayıb. Müharibə - kişi ilə birləşəndə daha mənalı olur.

Müharibə qadınla ona görə yola getmir ki, qadın müharibədə yol gözləyir. Sevgilisinin, qardaşının, ərinin, oğlunun yolunu...

Qadın heç zaman müharibəni səmimi qəlbdən sevməyib.

Təxminən bir il əvvəl Ermənistanın baş nazirinin xanımı “Anna Akopyana qadın-qadına bir neçə sual” adlı yazı yazmışdım. Yazını yazmağıma səbəb Anna xanımın əlində bir dəstə güllə Azərbaycan qadınlarını sülhə səsləməsi idi. Həmin səslənişdən sonra xeyli əsəbiləşib yazdığım yazıya bu gün, indiki məqamda nəzər saldım, torpağı işğal altında olan bir qadının ilk abzasdan başlayan miskin, ağrılı, əlacsız cümlələri məni rəncidə etdi. Həmin yazını yazan zaman mənim və mənim kimi minlərlə insanın torpağı 27 il idi ki, işğal altında idi. Qarşıda isə bizi ümidsiz, işıqsız və ən pisi inamsız bir gələcək gözləyirdi.

Anna xanımsa əlindəki güllərlə guya bizə sülhü təlqin edirdi. Əslində, həmin sülh çağırışının altındakı subliminal mesajı hiss etməmək, duymamaq mümkün deyildi. Bu, qonşu ölkənin torpaqlarını uzun illər işğal altında saxlayan bir dövlətin baş nazirinin xanımının vulqar, ərköyün, adama yapışmayan ədaları idi.

Həmin ədaların alt qatındakı nifrəti, ədalətsizliyi, həqiqətlə üz-üzə gəlmək qorxusunu indi daha rahatlıqla duymaq, hiss etmək olur.

Uzun illər evlərimizin xarabalıqları üzərində yuva quran erməni xalqının qadın siması bizə qələbə ədası ilə sülh arzu edirdi, çiçək dəstəsi bağışlamaq istəyirdi.

Bu gün isə işğaldan azad edilən torpaqlarımızda yaşadığımız qələbənin sevincinə dözə bilməyən Anna xanım əlindəki çiçəyi silaha çevirib.

Dünən bizə çiçək uzadan qadın bu gün silaha sarılıb.

Heç olmasa silahının süngüsünə çiçəkdən, yarpaqdan da sancmayıb.

Axı o, qadındır.

Axı o, ana kimi sülh arzulayırdı.

Axı o, bizim hamımızı əmin-amanlığa səsləyirdi. Bəs nə oldu?

Bir ilin içində gül necə silaha çevrildi?

Halbuki, biz 27 il sülh deyib zarımışdıq...

Anna Akopyanın artistizmi onun əyninə hərbi paltar geyinib, belinə silah qurşayıb özgə torpaqlarında sürünməsinə qədər çatdı, bəs etdi. Qafqazlılara xas naz-qəmzəsi də onun dadına çatmadı.

Ümumilikdə son günlər erməni qadınlarının hərbi paltarda müxtəlif pozlar verməsi hədsiz dərəcədə süni və bayağı görünür. Onlara məsləhət edərdim ki, müharibə haqqında yazılan əsərlərə göz gəzdirsinlər, filmlərə baxsınlar.

Hərbi paltar geyinib foto-sessiyalar etməkdən vaxt tapmasalar, onda yaxın keçmişdəki Qarabağ müharibəsində döyüşən Azərbaycan qadınlarının bioqrafiyası ilə tanış olsunlar. Xanımzərin, Aliyənin, Kəmalənin, Gülarənin kimliyini öyrənsinlər.

Onların hərbdə çəkilmiş boyasız, rəngsiz fotolarına baxsınlar.

Bəlkə bundan sonra baş foto-model Anna Akopyan da daxil bütün erməni qadınları müharibənin nə olduğunu, qadın üçün nələri ifadə etdiyini anladılar.

# 3306 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #