Kulis.az Samirə Əşrəfin Milli qəhrəman Səfiyar Behbudov haqqında çəkilən “Qəhrəmanlıq zirvəsi” filminini nümayişindən hazırladığı reportajı təqdim edir.
Fotoqrafla birgə əyləşdiyimiz avtomobil Mərdəkan yoluna çıxan kimi tutqunlaşan havanın fonunda soyuq yağış damlaları maşının şüşəsinə çırpılaraq diyirlənib ətrafa səpələnirdi. Yağışla gələn soyuqda boğazıma doladığım şərfin istisinə sığınmaqdan başqa çarəm qalmırdı.
Fotoqraf telefonunu maşının nəm şüşəsinə yaxınlaşdırıb yaxın fonda bir neçə foto çəkir. Sonra onları böyüdüb iri yağış damlalarına diqqətlə tamaşa etməyə başlayır.
Gedəcəyimiz tədbirin qəhrəmanı Milli qəhrəman Səfiyar Behbudov da iyirimi səkkiz il bundan əvvəl belə soyuq qış günlərində kürəyini soyuq səngərlərə söykəyərək doğulduğu torpağın keşiyində dayanmışdı.
Səfiyar elə bu soyuq havalarda evlərinə sonuncu dəfə gələndə əlindəki qumbaraları ağacdan alma, armud toplayıb anasının ətəyinə boşaldan uşaqlar kimi anasının əllərinə tutuzdurmuş “qızlarını lap uzaqlara yolla, amma özün evimizin keşiyini çək, düşmən gəlsə, bu qumbaraları onların üstünə at” demişdi. Ana ağlamış, “ay Səfiyar elə bil vəsiyyət edirsən, ölümə gedirsən” demişdi. O, isə ölümə gedirəm, indən belə sənin üç yox, iki oğlun var, elə bil ki, mən heç doğulmamışam, olmamışam” demişdi. Qapıdan çıxanda qulaqlarında anasının son sözləri səslənmişdi. “Səni necə unudum, Səfiyar, axı sən mənim balamsan, sən varsan...”
Ananın bu harayına Səfiyar öz amansız ölümü ilə cavab vermişdi. İndi həmin ölümü seçən oğulun, anasına - məni unudun deyib bir aydan sonra şəhid olan qəhrəman haqqında çəkilən filmin nümayişinə gedirdik.
Sürücü mənə tərəf boylanıb dedi:
- Mədəniyyət evinin tanıyırsınız?
- Yox, ilk dəfədir gedirəm.
Fotoqrafımız dərhal dilləndi:
- Siz narahat olmayın, mən oranı əlimin içi kimi tanıyıram.
Bakılı çıxan fotoqrafın bələdçiliyi ilə sürücünü də, məni də arxayınlaşdırdı.
Mədəniyyət evinə çatanda Milli Qəhrəman Səfiyar Behbudova həsr olunmuş “Qəhrəmanlıq zirvəsi” filminin təqdimatı artıq başlamışdı. Film Mədəniyyət və turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılıb. Filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadə, operatoru Rüfət Süleymanovdur.
Şəhidin bacısı Naibə Behbudovanın səksəkəli səsi elə pilləkənlərdəcə məni yaxaladı:
- Üzrlü hesab edin, son vaxtlar özümü saxlaya bilmirəm, danışan kimi gözlərim yaşarır...
Salona daxil olanda filmin rejissoru Kəmalə Musazadə bizi qarşılayır, doğmalıqla məni qucaqlayıb düz yuxarı başa qədər çəkib aparır. Bu qısa yolda Kəmalənin kürəyinə sallanan uzun saçları bayraq kimi dalğalanır.
Onun Ramiz Qəmbərov, Cavanşir Rəhimov və başqa qəhrəmanlarımız haqqında çəkdiyi filmlərdən müxtəlif kadrlar gözlərim önündə canlanır. Bu qadının bütün həyatını həsr etdiyi filmlərin demək olar ki, hamısı şəhidlərimizdən bəhs edir. Hər filmin çəkilişi bitəndən sonra Kəmalənin üzündə qəribə bir parlaqlıq əmələ gəlir. Kəmalə gedə bilmədiyi Qarabağ müharibəsində edə bilmədiyi mübarizliyi filmlərində edir. O, düşmənlə filmləri ilə döyüşür. Səfiyar haqqında filmi də bunun ləyaqətli sübutu idi.
Naibə xanımın səsi yenidən eşidilir.
- Səfiyar istedadlı oğlan idi, qədim Bərdənin tarixi ilə maraqlanırdı, rəsmlər çəkirdi, Bərdənin maketini də yaratmışdı. Qardaşım haqqında beş film çəkilib. İyirmi dörd yaşlı gəncin həyatı və döyüş yolu haqqında çəkilən filmlərə məlumatları sığışdırmaq hələ tam mümkün olmayıb. Amma bütün bunlar yenə də Səfiyarın həyatını tam əhatə etmir.
Film başlanır. Tamaşaçını riqqətə gətirən marş səslənir. Ekranda əllərindəki bayraqlarla Suqovuşana tərəf irəlləyən ortayaşlı insanlar və məktəblilər görürnür. Səfiyarın gənclik dostları, Qabil Abbasoğlu, Yadigar Məmmədli, Əli Həziquliyev, Elçin Əlizadə çatılan tonqalın ətrafında təmkinlə, qürurla danışırlar. Onlar Səfiyarı yadlarında necə saxlayıblarsa, o cür də təsvir edirlər.
- Demokratik gənclər təşkilatı yaratdı.
- Qəribə bir ruhu vardı Səfiyarın. Ruhunda memarlığa, rəssamlığa yer vardı. Bu sahələrin heç birində nəticə əldə edə bilmədi, amma ən böyük nəticəsini vətən və torpaq uğrunda göstərdi.
- Səfiyar heç vaxt pafosla danışmırdı, onun vətən haqqında danışdıqları içindən gəlirdi, səmimi idi. Ona görə də nə danışırdısa, hamı ona qulaq asırdı.
Növbəti kadrda isə şəkildən bəlkə də o biri dünyadan baxan alagözlü, inadkar, cəsarətli Səfiyarın baxışları onları izləyir.
Naibə xanım yenidən keçən günləri xatırlayır:
- İyirmi Yanvar faciəsi ekranda göstəriləndə bizim hamımızı televizor olan otağa çağırıb dedi ki, baxın, onlar bizim müstəqilliyimizə görə qırılıblar.
Səfiyarın müharibəyə getdiyi dövrdən bəhs edir. Döyüş dostları, onunla səngərdə çiyin-çiyinə dayananlar danışırlar:
- Səfiyarı ermənilər əsir götürəndə biz onun ardınca gedə bilmədik. Hər tərəfimiz su idi, şaxta qılınc kimi kəsirdi, sanki insandan qisas alırdı.
Sol tərəfimdə oturan ortayaşlı kişi tez-tez gözlərini silir, gözündən axacaq yaşın qarşısını elə anındaca almağa çalışırdı. Onun yanında oturan digər döyüşçü dostları isə kədərlə keçən günlərə qayıdırlar. Baxışlar qarşıdakı pəncərədən lap uzaqlara zillənir...
Monitor isə dayanmır, tükürpədici sözləri ətrafa səpələyir
- Biz çox çalışdıq, danışıqlar apardıq ki, onu sağ əldə edək, ancaq bu mümkün olmadı... Şəxsən öz gözlərimlə görmüşdüm ki, onun əllərini, qollarını məftillə bağlamışdırlar. Ona on gün işgəncə, zülm vermişdilər. Onun səsini ratsiyayla yazıb bizə eşitdirdilər. Deyirdilər ki, baxın, görün. Sizin o biri əsgərlərinizi də bu günə qoyacağıq.
- Qarabağ ermənilərindir” sözünü ona dedirdə bilmədiyinə görə Səfiyarı diri-diri yandırdılar. Qardaş kimi onun ölümündən sonra bu günə qədər yaşamaq olduqca çətindir. Bu yaşamaq deyil...
Baharın ən gözəl vaxtında, torpağın sinəsini yarıb çəmənlərə yayılmaq istəyən çiçəklərin ətirlənən dövründə Səfiyar şəhid olur. Onun qədər nə qədər gəncin qanı nərgizin, bənövşənin ləçəkləri üzərinə çilənir.
Çiçəklər torpaq qarışıq kürəklərin ucuna sancılır. Kökü torpaqdan aralanıb can verən bu çiçəklərin yerinə isə Səfiyar kimi neçə-neçə cavan ömrü döşənir. Vətən isə bu oğulları heç zaman unutmur. Bəşəriyyət durduqca onları öz sinəsində yaşadır.