İçinizdəki heyvanı tapdınız? - Reportaj

İçinizdəki heyvanı tapdınız? - Reportaj
31 oktyabr 2019
# 12:11

Kulis.az tanınmış rejissor-aktyor Namiq Ağayevin Kukla Teatrında keçdiyi master-klassdan reportajı təqdim edir.

Teatrın qapısından içəri keçən kimi şərqli kişilərin bütün cizgilərini özündə əks etdirən gənc mühafizəçi qarşımı kəsir. Sorğu-sual etmək istəyir. Amma deyəsən məni tanıyır, üzünə xəfif gülümsəmə toxuyub deyir:

- Keçin.

Dilim dinc dayanmır, oğlandan xəbər alıram:

- Neçə vaxtdır burda işləyirsən?

- Altı ay.

- Altı ayda heç olmasa üç dəfə bura gəlmişəm. Bu vaxta qədər məni tanımalıydın.

Mühafizəçinin yaxınlığındakı pəncərədən boylanan, şəngülüm, şüngülüm kimi cüt gəzən qızlar səsimdəki zarafatı hiss edib qımışırlar.

Teatrın gənclərin himayədarı Afroditaya bənzətdiyim mətbuat katibi Həmidə Rüstəmova özünü yetirir:

- Nə çökmüsən oğlanın boğazına?

- Tanışlıq verirdim.

- Mən bilən reportaja gəlmisən. Ümid edirəm, məni yeddi başlı əjdahaya oxşatmayacaqsan.

- Köynəyindəki naxışlar pələng dərisini xatırladır. Bu, kifayətdir.

- Özüm də elə pələng kimi qızam.

Teatrın qapısı ağır-ağır açılır. Rejissor Namiq Ağayev çiynində aşırma çanta, gözündə qara eynək içəri daxil olur.

Atmacam dilimin ucunda ona doğru yan alıram:

- Namiq bəy, maşallah, elə bil, indicə qanqster filmlərindən çıxıb gəlmisiniz.

- Həə, yaman lovğalıq edirəm - deyib gülür. Eynəyini dərhal gözündən çıxarır.

Namiq Ağayev deyir, ustad dərsləri vermək barədə təklif teatrın direktoru Rəşad Əhmədzadədən gəlib:

“Bundan imtina etmək günah olardı! Mən kuklaçı olduğuma görə, Rəşad müəllimin təklifi dərhal qəbul etdim. Burada biz hamımız həmkarıq. Nəzəri danışmağı, söz oynatmağı sevmirəm, hər şeyi praktikada göstərməyə üstünlük verirəm.”

Namiq bəylə Həmidə xanım qərara alırlar ki, dərslər elə foyedə keçirilsin. Həm genişlik, həm də səsin yayılması baxımından əlverişlidir. Bugünkü dərs keçən dəfəkinin davamıdır: aktyorun səslə işləməsi üzərində qurulacaq.

Foyedə yerimi rahatlayıb gözləmə mövqeyinə keçirəm. İlk dəfədir ki, yerli teatr məkanında rejissor master-klassında, ustad dərsində iştirak edəcəm. Doğrusu bu kimi söz birləşmələrini biz daha çox əcnəbi dillərdə duyub eşidirik. Azərbaycan teatr məkanında aktyorları üçün bu şəraiti yaradan Kukla teatrının rəhbəri Rəşad Əhmədzadəyə yaratdığı şəraitə görə böyük təşəkkür düşür. Nəticədə aktyor heyətinin, xüsusən də gənc aktyorların fəaliyyət bazası genişlənir, özlərini ifadə bacarığı möhkəmlənir. Həm də teatra marağı olan bizim kimi qələm əhli də bu cür yaradıcı fəaliyyətlərin canlı şahidi olmaq şansı qazanırıq.

Kukla Teatrının üç nəsildən olan aktyorları yavaş-yavaş toplaşırlar. Bəziləri elə səhnə libasındadır. Namiq bəy günün mövzusunu izah edir. Mən isə onun hələ 1984-cü ildə atası Firudin Ağayevin eyni adlı əsəri əsasında hazırladığı “Səməndər quşu” tamaşasını xatırlayıram. Baxmayanlara həmin tamaşanı internetdən tapıb baxmağı tövsiyə edirəm. İlk dəfə baxanda yadıma Bernardo Bertolluçinin “Komformist” filmi düşmüşdü. İnsan xislətindəki əzazillik, müharibənin yaratdığı faciələr, satqınlıqlar “Səməndər quşu” tamaşasında dəqiqliklə işlənmişdi.

Tamaşa haqda sual verirəm, rejissorun üzünə məsum təbəssüm qonur:

- O tamaşanı hazırladığım vaxtlar Antonen Artonun xəstəsi idim. Aktyorlar da cavan idilər. Bəsti Cəfərova o vaxtı çinar kimi qız idi. Ondan əvvəl iki müstəqil tamaşa hazırlamışdım. Onlardan biri Viktor Hüqonun “Gülən adam” əsəri idi. Mehdi Məmmədov həmin tamaşadan yarımçıq çıxıb getmişdi. O vaxtı rəhmətlik Telman Adıgözəlov ona zəng vurub soruşmuşdu ki, niyə yarımçıq gedirsiniz? Axı tamaşa orijinal hazırlanıb. Mehdi müəllim də demişdi ki, orijinallığa ehtiyac varmı? Hətta Mehdi müəllim məni şərəfləndirərək, tamaşama iclas da həsr etmişdi. Sonra müəllimlər gənc aktyorları mənim tamaşamda oynamağı qadağan etdilər. Guya ki, mən standartları pozurdum. Əslində isə pozitiv idim.

Namiq Ağayev keçmişi xatırlaya-xatırlaya dərsə başlayır.

- Dostlar, biz keçən dəfə əsas nələri həll etdik?

Yerdən kimsə cavab verir:

- Səs və nəfəsin işlənilməsini.

- Evdə işlədinizmi?

Gənc aktrisalardan biri dillənir:

- İşlədim.

O biriləri də ona baxıb ürəklənirlər. Yer, yer dillənirlər:

- Mən işləmişəm.

- Mən də…

- Heyvanların səsini necə işlədiniz?

- İçimizdəki heyvanı tapmalıydıq.

- Tapdınız? Balıq və pişiyi kim göstərə bilər? Onların rəqsinin həllini tapmalıydınız.

Yerdən pişik miyoltusu eşidilir. Səs sahibinə bu səs üzərində işləmək tapşırılır.

Rejissor fikirlərini daha fəlsəfi çalarlarda çatdırmağa cəhd edir.

- Baxın, mən sizə deyim ki, allah sevgisi bəzi məsələlərdə yetərsizdi. Bu sevgiyə özünü təslim edəndə “xalturşik” olursan. Amma allah qorxusundan keçəndə işlər qaydasına düşür, hər şey yağ kimi gedir. Yaradıcılıqda da belədir.

Gənc aktyorlardan biri mərkəzə gəlir. Dovşan səsi üzərində işləməli, səslər çıxarmalı və hərəkətlər göstərməlidir. Amma deyəsən bir azca utanır. Rejissor utancaqlığını dəf etməkdə ona kömək edir.

- Sən dovşansan axı. Utanma. Və unutma ki, kamil dovşan, axmaq pələngi asanlıqla ram edə bilər. Bu fikri düşüncənin bir tərəfində qeyd et. Ətrafınızdakı insanlara fikir versəniz, görərsiniz ki, onlar içlərindəki heyvan kimi hərəkətlər edirlər. Bunları tapa bilsəniz, xoşbəxt olarsınız. Adam var ki, kərtənkələ kimi gedir, ilan kimi sürünür. Bax belə gedir.

O, adlarını çəkdiyi heyvanların imitasiyasını edir. Ayaqlarını geniş açaraq, sinəsini döşəməyə qədər yaxınlaşdırır, kərtənkələ vəziyyəti alır. Arada ilan kimi fısıldayır, əllərini insan sancmaq istəyən ilan başına oxşar hala salır. Sonra yenidən normal vəziyyətinə qayıdır.

- Misal üçün sizcə Bakı küləkləri ortalığa nə gətirə bilər? Birinci olaraq, təbii ki, əzik qəzet parçaları yada düşür. İndi fantaziyanızı bir azca işə salaraq belə bir tamaşa təsəvvür edin. Əzik qəzet parçaları bir-birlərini sevirlər. Bakı küləkləri onları sovurub zibilliyə atır. Bədnam qüvvələr isə qəzetlərə hücum edirlər. Qəzetlər qaçır, gizlənir, yağışın altında islanırlar. Bir-birini sevən qəzet parçalarını yox etmək üçün ortalığa mənfur qüvvələr çıxır. Onlar qəzetləri yığışdırmalı, yandırıb yox etməlidirlər. Amma onlar bizim üçün mənfi qüvvələrdi. Əslində isə xadimə asayiş keşikçisidir. Heç bir təqsiri yoxdur. Yəni ortaya qanunauyğun xeyir və şər qüvvələrinin mübarizəsi çıxır.

Dərs davam etdikcə, aktyorlar bir-bir səhnəyə çıxırlar. Hər tərəfdən müxtəlif çalarlı, fərqli intonasiyalı səslər ucalır.

- Ooooooo! Ooouuuuoo! Oooommmmm!

Rejissor özü də eyni səsləri çıxarır. Səs arası izahlarını da əsirgəmir:

- Ooooommm! Çalışın səslər qarın nahiyəsindən sinəyə doğru yüksəlsin.

- Aoooooooeeeee!

Səslər hamısı birləşib ardıcıllaşır. Sanki lap yaxında kimsə orqan alətində “Ave Mariya” əsərini ifa edir. Səslər yüksəlib foyenin kölgəli tavanında bir-birinə çırpılaraq əks-səda verir. Əsrarəngiz atmosfer yaranır. Özümü yunan əsatirlərinin içərisində hiss edirəm. Teatral məkanın sirri, peşəkarlığın formulu budur deyə düşünürəm. Hisslər və duyğular necə hərəkətə keçirsə, 2019-cu ildən birbaşa bizim eradan əvvələ gedib çıxırsan. Anı yaşayıb, hiss edirsən.

Namiq bəy, masterliyə davam edir:

- Qırğız qırtlağı olan xalqların işi teatrda yaxşı gedir. Yaponların da. Onların danışığındakı səslərə fikir verməyə çalışın. Teatrda çəkilən əziyyətin yarısı fonetikadan ibarətdir. Səslə hər şey həll olunur. Bizim əlifbadakı “ə” hərflərinin çoxluğu “məəə” səsinin geniş yayılmasına səbəb oldu. Amma iyirminci əsrdə “a”, “o” səsləri teatrda çoxluq təşkil edirdi. Bir də sözün necəliyi həmişə vacib olmur. Əsas həmin sözün altındakı mənadadır. Bir dəfə Moskvada intellektualların məclisində iştirak edirdim. Hər kəs çox fəlsəfi fikirlər səsləndirirdi. Mən isə susurdum. Axırda söz mənə veriləndə dedim - bu sağlığı sevginin şərəfinə qaldırıram. Hamı həmin sağlıqdan həyəcanlamışdı. Nazim Hikmətdən min dəfə qəşəng yazanlar olub. Amma Nazim sözləri elə yan-yana qoyub ki, şeiri oxuyan enerjini dərhal hiss edir.

Misal üçün:


Sonra, sen de ölünce
kavanozuma gelirsin.
Ve orada beraber yaşarız
külümün içinde külün
ta ki bir savruk gelin
yahut vefasız bir torun
bizi ordan atana kadar…
Ama biz
o zamana kadar
o kadar
karışacağız
ki birbirimize,
atıldığımız çöplükte bile zerrelerimiz
yan yana düşecek.
Toprağa beraber dalacağız.
Ve bir gün yabani bir çiçek
bu toprak parçasından nemlenip filizlenirse
sapında muhakkak
iki çiçek açacak :
biri sen
biri de ben.

Təsəvvür edirsiniz? Bir insan öləndən sonra kül halında olsa belə sevdiyi insanla birlikdə olmaq, torpağa basdırılmaq, sonra çiçək açmaq istəyir. Yəni bundan o tərəfi yoxdur e. Kül olub torpağa qarışmaq, amma ruhən ayrılmamaq ideyasını bircə şeirlə ifadə edib Nazim.

Bu sözlərdən sonra o, “Nazim əla kişi olub” səzlərini də əlavə edib başını bulayır, gülümsəyir.

- Biz hələ ki, səsin qarın boşluğundan sinəyə qalxması üzərində məşq edəcəyik. Qalan məsələlərə üç, altı aydan sonra keçəcəyik. Bir də öz səsinizi tanımağınız, bilməyiniz çox vacibdir.

Aktrisa Cəmilə Allahverdiyeva dillənir:

- Mənim şər səsim var…

- Həəə, bax, bu, çox maraqlıdır.

- Şər səsimlə bərabər, həm də ən təmiz, ən məsum səsimi işlədə bilirəm.

- Bu da çox yaxşıdır. Aktyor var ki, bütün rolları eyni səslə ifa edir. Belə olmaz. Səsin müxtəlif çalarlarını tapa bilmək və işlətmək lazımdır.

Dərs bitir. Aktyorlar məşqlərə tələsirlər. Kukla Teatrının ən təcrübəli aktrisası Elmira Hüseynovanın qarşısını kəsirəm:

- Elmira xanım, necədir, maraqlıdır?

- Mən hər dəfə iştirak edirəm. Bildiyimiz şeyləri təzədən öyrənirik, yada salırıq. Namiq burda baş rejissor olanda da bizimlə bu məşğələləri keçirdi. Belə dərindən olmasa da, müəyyən şeyləri başa salırdı. O, burda baş rejissor işləyəndə biz onun quruluş verdiyi tamaşa ilə Moskvaya festivala getmişdik. Gözəl tamaşa idi.

Hamı dağılışır. Əlli yeddi yaşlı Namiq Ağayev bayaqkı səslərin əks-sədası toxunan səksən səkkiz yaşlı divarlarla təkbətək qalır. Yəqin əl-ayaq çəkiləndən sonra o da foyeni tərk edəcək. Növbəti dəfə yeni səslərlə, sözlərlə, düşüncələrlə qayıtmaq üçün...

# 5773 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #