Sərçə - Samirə Əşrəfin hekayəsi

Sərçə - Samirə Əşrəfin hekayəsi
5 oktyabr 2024
# 12:00

Bu gün yazıçı Samirə Əşrəfin doğum günüdür.

Kulis.az bu münasibətlə onu təbrik edir və müəllifin "Sərçə" hekayəsini oxuculara təqdim edir.

Avqust ayının bitməsinə az qalırdı. Günəş qızmar şüalarını səpə-səpə göyün lap ortasına qalxmışdı. Məhlədəki qapılar yavaş-yavaş açılır, hərə bir işin arxasınca yollanırdı. Qadınlar yuxudan oyanan kimi əllərində çaydan, vedrə, səhər yeməyindən yığılan qab-qacaqla kəhrizə gedirdilər. Sərçə əlindəki yağ dürməyinin sonuncu tikəsini də içəri ötürdükdən sonra yolun qırağı ilə axıb gedən arxın yanına gəldi. Qonşu qızlarla dünən palçıqdan hazırladıqları adam fiqurlarının yarısı qurumuş, yarısı isə uçub dağılmışdı. Sərçə çöməltmə oturub kənara atılmış oyuncaq “Kamaz”ın lafeti ilə arxdan su götürüb əzilmiş fiqurların üstünə töküb qarışdırdı. Fiqurların başı, əl-ayağı əriyib palçıq olanda, Sərçə qəribə bir məmnunluqla gülümsədi.

Onun öz adı Gülnar idi. Amma evdə, qonum-qonşuda hamı onu Sərçə deyə çağırırdı. Bu ləqəbin Sərçə üçün kədərli xatirəsi vardı.

Ötən yay dayısıgilə qonaq getmişdi. Qonaq getmişdi deyəndə ki, dayısının evi onların məktəb yolunun üstündə olduğundan həftədə iki-üç dəfə Sərçə yolunu dayısıgildən salardı. Bəzən gecəni də onlarda qalıb səhər dayısının onunla yaşıd olan uşaqları ilə birgə dərsə gedirdi. Kənd məktəblərinin birində müəllim işləyən dayısı arıq, uzun adam idi. Hərdən içib, sonra da arvadını döyən dayısının iki qızı, bir oğlu vardı. Sərçə nədənsə dayısını adını tarix dərsindən eşitdiyi Uzun Həsənə oxşadırdı. Məktəb bağlananda Gülnarın onlara gediş-gəlişi azalsa da tamamilə kəsilmirdi.

Ötən yay tətilində Sərçə dayısıgilə qonaq getmişdi. Bir gün dayısının arvadı üzərində tox bənövşəyi gülləri olan qara yaylığını çiyninə atıb qonşudakı yas yerinə getdi. Rəhmətə gedən dayısıgilin çəpər qonşusu Otellonun bacısı Şura xala idi. Arvadların ağlaşması, həyətdən gələn səs-küy Sərçəni yas düşən qapıya tərəf çəkirdi. Bibisini çağırmaq bəhanəsi ilə Sərçə bir də baxıb görmüşdü ki, arvadlar ağlaşan otaqdadır.

Ortalığa qoyulan meyitin üzərini qara ipəklə bürüyüb, bircə üzünə ağ cuna sərmişdilər. Sərçə elə bilmişdi ki, üzünü görmədiyi, tanımadığı Şura xala həmin cunanın arxasından ona baxıb gülümsəyir, ağlayır, hərdən bir də ağız-burnunu əyib, sifətini əcaib hallara salır. O, dayısıgilə qayıdandan sonra dayısının it oynadan qızı onu Şura xalagilin çəpərinin yanına çəkib yekə bozumtul daşı göstərib demişdi:

- Bu gün rəhmətə gedən Şura xalanı bu daşın altında basdırdılar.

Sonra da sınayıcı nəzərlərlə ona baxıb qorxduğuna əmin olandan sonra ürəyində Sərçəyə o ki, var gülmüşdü.

Elə həmin gündən Sərçə ölüm haqqında düşünməyə başladı. Tez-tez anasını, atasını ölümlə bağlı olan sualları ilə bezdirirdi. Axı necə ola bilərdi ki, canlı bir insan gözünü yumub hərəkətsizcə uzanaydı. Nəfəs almayaydı, yeməyəydi, içməyəydi. Sonra da həmin adamı aparıb torpağın altına qoyaydılar. Sərçə əvvəllər elə bilirdi ki, aparıb torpaq altına qoyduqları adam evində yatdığı kimi orada da rahatca yatır. Amma tezliklə bu fikri puça çıxdı. Uşaqlardan, böyüklərdən eşitdi ki, yox, torpaq altına gömülən adam bir ildən, iki ildən sonra çürüyüb yoxa çıxır, torpağa qarışır.

Elə əlinə düşən ölü sərçəni də bu məqsədlə dəfn etdi. Sözün düzü “dəfn” bir az dəbdəbəli alınmışdı. Sərçə onu əvvəlcə çimizdirib, sonra ağ parçaya büküb həyətin axırındakı fındıq ağacının altında basdırdı. Təpə kimi yastıladığı “məzar”ın üstünə də sərçənin özü boyda lalə və şüyüddən hazırlanmış gül dəstəsi qoydu. Çiçək dəstəsini də neçə illərdi atasını öskürdən filtirli siqaretlərdən birinin klyokuna bükmüşdü. Televizorda göstərilən tamaşalarda, musiqili verilişlərdə qırmızı qərənfillərin arasına qoyulan şüyüdə bənzər bitkidən tapmadığı üçün qərənfili lalə ilə adını bilmədiyi bitkini isə şüyüdlə əvəz etmişdi.

Sərçə düşünürdü ki, bir neçə ildən sonra sərçənin məzarını qazıyıb onun cəsədinin hansı vəziyyətə düşməsini görə biləcək. Bununla da ölüb gedən insanların torpağın altındakı son aqibətlərinə az-çox bələd olacaqdı.

Amma elə oldu ki, dilini dinc qoymayıb həyata keçirdiyi planlı dəfn haqqında bir neçə rəfiqəsinə çatızdırdı. Elə o gündən də onun adı “Sərçə” qaldı. Hamı onu “Sərçə” çağırmağa başladı. Hətta öz valideynləri, qardaş-bacısı da...

Anası onu buyuranda deyirdi:
- Sərçə qaç, kəhrizdən bir çaydan su gətir.
- Sərçə apar, bu alçaları duzla hamamın üstünə sər.
- Sərçə, get, Şölə xalanı çağır, gəlib nənənin iynəsini vursun.

Hərdən qonşuluqda olan özündən bir, iki yaş böyük qızlar onu görəndə gülə-gülə xəbər alırdılar:
- Sərçə, sərçənin ili çıxdı, yoxsa hələ çox var?

Belə atmacalı suallar onu əsəbiləşdirirdi. Axı o, həqiqətən də sərçənin ölümünə ürəkdən göz yaşı axıdıb onu dəfn etmişdi. Üstəlik ona lağ edənlər bilmədən onun ürəyindən gəzdirdiyi gizli sirrə toxunurdular. Axı bir neçə ildən sonra heç kimin təsəvvür edə bilməyəcəyi torpağın altındakı çürüməni sərçə görəcəkdi. Nə olsun ki, balaca bir quşdur? Hər nədir canlıdır də. O da ətdən, sümükdəndir. Ola bilər ki, üstündəki tüklər onun çürüməsinə mane olsun. Amma necəsə sərçə çürüyəcəkdi və o, bunu öz gözləri ilə görmək şansına nail olacaqdı. Amma indi onun ağzı boşluğundan ötəri kədəri və gizli sirri məsxərəyə, lağa çevrilmişdi.

Zamanla dəfn mərasimi, onun qəribə hərəkəti unudulub getdi. Amma adı həmişəlik Sərçə olaraq qaldı.

Sərçə fiqurların hamısını əzib xudmani palçıq nohuru düzəltmişdi. Sarı gildən düzəltdiyi fiqurları bir kənara qoyurdu ki, qurusun. Hər iki əli dirsəyə qədər palçığa batmışdı. Arxla axan su çox vaxtı sabunlu su gətirirdi. Bu su dəllək Vəlinin həyətindən axırdı. Vəli kişi yaşı yetmişi adlamış dəli-dolu kişi idi. Nə arvadı, nə də qızları ona baxmırdı. Arvadı Fatma xala pula həris acgöz qarı idi. Qışda qara getsən onu da pulla satardı. Vəli kişi isə bu onun tam əksi idi. Ona görə də evlərindən dava-dalaş əskik olmazdı. Həmişə də Vəli kişinin yumruq zərbələri Fatma xalanın başında kişi hegemonluğunun növbəti zəfərini qeyd edərdi. Amma qulluq təmizlik işində Fatma xala tərsə düşüb and içmişdi ki, ərinin bir çirkli corabına da əlini vurmayacaq. Qızları da elə bil anaları ilə sözləşmişdirlər. Vəli kişi özü yemək bişirir, çay dəmləyir, paltarlarını da həyətdəki su boçkasının içərisində yuyub, durulayırdı. Vəli kişi həm də söyüşcül adam idi

Bir də görürdün günün istənilən vaxtı səsini başına atıb qışqırır:
- Sənin əbəd-əcdadına nəhlət itin küçüyü.
- Qancığın qarnından çıxan!

Sərçə fiqurları qurumağa qoyub əlini yumağa hazırlaşanda küçə boyu bir neçə adamın üzü yuxarı qaçdığını gördü. Əvvəlcə heç nə anlamadı. Ayağa qalxıb palçıqlı əllərini bir-birinə sürtüb döyükdü. Amma adamlar və səslər getdikcə çoxalırdı. Qonşuları Əntiqə xala, Sabir kişi, Səməni nənə əllərini dizlərinə çırpa-çırpa qaçaraq Sərçəgilin çəpər qonşusu olan Kamran kişiginin həyətinə doluşdular. Sərçə uşaq marağı ilə hər şeyi unudub onların ardınca götürüldü. Kamran kişigilin həyətinə xeyli adam yığılmışdı. Yeni gələnlər zalın çölə açılan qoşa qapısından tələm-tələsik içəri girirdi. Sərçə böyümüş gözləri, palçıqlı əlləri ilə arvadlara qoşulub adamlar çox olan otağa qədər getdi.

Qarşısında qəribə bir mənzərə açılmışdı. Ortalığa qoyulmuş dəmir çarpayının üstündə uzanmış Kamran kişinin çənəsinin altından ağ parça bağlayıb başının ortasında düyün vurmuşdular. Kamran kişinin gözləri yumulu idi. Sanki yatmışdı. Amma yaylığı möhkəm sıxdıqlarından idi, ya nə idi alt dodağı şişib sallanmışdı. Kamran kişinin çarpayısının yanında oturan arvadlar həm qışqırır, həm də saçlarını yolur, üzlərini cırırdılar. Sərçə üzündən, alnından qan daman arvadlara maraqla baxsa da, ətrafda nə baş verdiyini tam olaraq anlamırdı.

Arvadların içərisində ən səssiz olanı Ziyarət xala idi. O, yaşı altmışı keçmiş qarabuğdayı hündürboylu qadın idi. İki il əvvəl Kamran kişi ilə evlənmişdi. Kamran kişinin arvadı on, on beş il olardı rəhmətə getmişdi, ikinci dəfə evlənməyə vaxtı olmamışdı. Taksi sürücüsü olduğundan ev üzü görməzdi. Uşaqlarına da bacıları, qardaşı arvadları analıq etmişdi.

Amma bir gün necə oldusa, ömrünün ahıl yaşında dul qalmış Ziyarət xala ilə evləndi. Ziyarət xalanın oğlu, qızı çoxdan ailə qurmuşdular. O, çaylağın yanındakı üç otaqlı həyət evində tək yaşayırdı. Kamran kişigilə qonaq kimi gəlib gedərdi. Amma kişinin bir ayağı elə bu dul qadının qapısında olardı. Kamran kişi yarım ildən çox idi ki, yatağa düşmüşdü. O gündən demək olar ki, Ziyarət xala hər gün əlində bir bağlama onun yanına gələr bir də qaş qaralana yaxın çıxıb öz evinə gedərdi.

İndi onun belə səssiz-səssiz göz yaşı axıtdığını görən Sərçə sanki birdən başa düşdü ki, Kamran kişi onun sərçəsi kimi ölüb. Onu da Şura xala kimi aparıb boz bir daşın altına qoyacaqdılar. O, da uşaqların təsvir etdiyi kimi çürüyəcək, böyüklərin dediyi kimi torpağa qarışacaqdı.

Qadınlar bir ağızdan çığırırdılar:
- Yaralı canına özüm qurban, Ay Kamran!
- Bizi hara qoyub getdin, ay qardaş?!
- Balalarını kimə tapşırdın ay vəfasız?
- Niyə belə elədin, ay Kamran, axı söz vermişdin?

Sonuncu həyalı, zəif səs iniltiylə Ziyarət xalanın sinəsindən qopdu.

Yanında oturub üz-gözünü qana bələyən qoca bir qarı yavaşcadan Ziyarət xalaya dümsük vurub dedi: -Azz, bəsdir, adam ərini ağlamaz! Ayıbdı!
Ondan sonra Ziyarət xalanın bir də səsi çıxmadı. Eləcə səssiz-səssiz göz yaşı axıtdı.

Sərçəni görənlər də sanki onu görmürdü. Hamının başı ağlaşmaya, vay-şivənə qarışmışdı. Birdən ona elə gəldi ki, bəlkə nağıllardakı kimi gözəgörünməz olub. Heç kimin gözünə görsənmir. Sonra uzaqdan ona him-cim edən qonşu Həqiqət xalanı görəndə anladı ki, yox, sən demə gözə görsənirmiş. Ürəyində fikirləşirdi ki, kaş gözəgörünməz olaydı, irəli keçib Ziyarət xalanı ağlamağa qoymayan qarının ucları nəzilmiş hörüklərini bir-birinə düyünləyərdi.
Ancaq qəfildən onun öz hörüyünün ucundan kimsə möhkəmcə dartdı, başının ortasına da bir qapaz vurdu. Sərçə geri çevrilib atasını görəndə qorxudan dili-ağzı qurudu. Atası onun palçıqlı əlinə baxıb dedi:
- Burda nə qələt edirsən? Bayaqdan anan səni axtarır.
- Hamı qışıqıra-qışqıra bura qaçırdı, mən də...

O, sözünün ardını gətirə bilmədi. Atasın onun qolundan tutub dəhlizə gətirib – “Sürük burdan cəhənnəminə!”- deyib otağa qayıtdı.
Sərçə dəhlizə çıxanda Kamran kişinin oğlanlarını burada ağlaşan gördü. Böyük oğlu Yaşar Yun idarəsində gözətçi işləyirdi. Kasıb yaşayırdı. O qədər qara idi ki, sərçə onu zəncilərə oxşadırdı.

Yaşar köynəyinin düymələrini axıra qədər açıb yerdə oturmuşdu. O, ayaqlarını aralı qoyub ağlayırdı. Hərdən əlində tutduğu yaş dəsmalı sinəsinə çırpıb “ay qağa, hara getdin” deyirdi

Kamran dayının ortancıl oğlu İlqar müəllim idi. O, üzünü divara çevirib sakitcə inləyirdi. İlqar da qarayanız oğlan idi. Yaşı otuzu keçsə də hələ evlənməmişdi. Məhləmizin arvadları bunu onun hədsiz abırlı oğlan olması ilə əlaqələndirirdilər. İlqar həqiqətən də yaxşı oğlan idi. Bir eybi vardı ki, danışanda ağzının kənarlarına ağ tüpürcək yığılırdı. İndi də o qədər ağlayıb, dil demişdi ki, tüpürcək köpük dodaqlarının kənarlarında qaysaq bağlamışdı.
Elmar Kamran kişinin ən kiçik və nadinc oğluydu. Bərbər işləyirdi. Yaşı otuzu keçsə də evlənmirdi. Deyirdilər rayonun aşağısında yaşayan Nargilə adlı tibb bacısını sevir. Nargilə bir dəfə ərdə olub boşanmışdı. Uşağı da yoxuydu. Elmar onunla ailə qurmaq istəsə də Kamran kişi razılıq verməmişdi.
Elmar Kamran kişi olan otaqdan çıxıb hönkürtü ilə ağlamağa başladı. Sonra yerə çöküb əllərini qoşalaşdırıb bir neçə dəfə başına çırpdı.

Dəhlizin hər divarının dibində bir oğul inləyirdi. Elə bil hərəsi bir divarı özlərinə dayaq etmişdilər.

Evin havası dəhşətli dərəcədə ağır idi. Bu havanın içərisinə elə bil qəribə bir qoxu qatmışdılar. Sərçə dəhlizin qapısı açılan geniş eyvana çıxdı. Sağ tərəfdəki sobanın yanında qoyulan masanın ətrafına beş, altı qadın yığışmışdı. Onlar pıçıltı ilə danışa-danışa masanın üstündəki çörəyi, pendiri doğrayıb nimçələrə yığırdılar. Bir qadın əlindəki kəfkirlə sobanın üstündəki teştin içərisindəki halvanı qarışdırırdı. Sobanın yanından ətrafa yağda qızardılmış çörək ətri yayılırdı. Əlində kəfkir tutan qadının üzü bir neçə yerdən qanamışdı. Yəqin bayaq içəridə ağlaşan qadınlardan biriydi.

Sərçə həyətə düşdü. Həyətin ortasındakı boş yerdə çadır qururdular. Bayakı qoxudan burda da vardı. Elə bil həmin qoxudan bütün həyətə səpmişdilər
Sərçə evlərinə qayıtdı. Ona elə gəlirdi ki, həmin qoxunu özü ilə bərabər evlərinə gətirib və bu onu niyəsə kədərləndirdi. O, əllərinin palçığını yuyanda əlindən qalxan qoxudan bayaqkı qoxunu tapdı. Bayaq Kamran kişinin həyətindən torpaq qoxusu gəlirdi. Yaş torpaq qoxusu. O, ilk dəfə sərçəsini basdıranda bu qoxu ilə tanış olmudu.

Sərçə yuxudan ayılanda hava toranlaşırdı. Anası həyətdən yığıb gətirdiyi paltarları çarpayının üstünə töküb dedi:
- Ayıldın? Qalx, yemək ye, acsan. Sonra da paltarları qatla.
- İstəmirəm heç nə yemək
- Dur, dur mətbəxdə halva da var. Karman dayının bacısı göndərib. Dur, ye. Sən halvanı xoşlayırsan axı

Halva sözünu eşidəndə sərçənin bu gün baş verən hər şey yadına düşdü.

O, qəfildən anasına baxıb dedi:
- Kamran dayını apardılar?
Anası gözləri böyümüş halda ona baxdı:
- Hara?
- Basdırmağa.
- Qalx, qalx. Belə işlərə baş qoşma. Dur, get əl üzünü yu.
Sərçə mətbəxə keçib yuxanın arasına çəkilmiş halvadan bir-iki dişləm alıb bayıra çıxıb Kamran kişigilin həyətinə gələndə bayaqkı adamların çoxu çıxıb getmişdi. Həyətdə iki bir, üç bir yaxın qohumlar və qonşu kişilər qalmışdı.
Çadırın içərisində uzununa qoyulmuş masanın ətrafında qadınlar əyləşib ət doğrayırdılar. Bir az aralıda isə lap yaşlı qadınlar çay içirdilər. Hamısının üzündəki qanlı yaralar quruyub rəngini dəyişmişdi. Onlar nə barədəsə astadan danışıb arada gülüşürdülər də.

Elə bil bayaq üzlərini cırıb ağlaşan bunlar deyildi. Sərçə bayaq onları görəndə elə bilmişdi ki, Kamran kişinin ölümündən sonra həmin qadınlar bir də heç vaxt danışıb, gülməzlər. Amma heç bir gün keçməmişdi onlar yemək yeyib, çay içirdilər, hətta gülürdülər də. Ziyarət xala da onların yanında idi. O qarşısına qoyulan çaya və halvaya toxunmadan oturmuşdu. Hərdən bir əlindəki dəsmalla gözündən axan yaşı silirdi. Özünü qadınların danışdıqlarına qulaq sırmış kimi göstərsə də, fikri tamam başqa yerdəydi. Bu həyətdə ölümün qəfil gəlişi, kamran dayını götürüb aparmasının qalıcı əzabı bircə Ziyarət xalanın simasında özünə yer edə bilmişdi.

Sərçə çadırdan çıxdı. Hamının başı işə və söhbətə qarışmışdı. O, evlərinə gəlib fındıq ağacının altında oturdu. Gözlərindən yaş axırdı. Eynən Ziyafət xalanın gözlərindən axan yaş kimi. Sərçə qapının küncünə qoyulmuş xəkəndazı götürüb sərçənin məzarını qazıdı. Sonra ona tanış olan bozumtul bükülünü xəkəndazın ucu ilə götürüb atasının xəzəl yığıb odladığı zibil qabının içərisinə tullayıb krantdan axan su ilə əllərini yuyub evə girdi.

Oktyabr 2017

# 2060 dəfə oxunub

Müəllifin son yazıları

# # #