Kulis.az I Qarabağ müharibəsi qazisi Xanımzər Həsənova ilə müsahibəni təqdim edir.
– Xanımzar xanım, neçənci ildə getdiniz müharibəyə? Neçə yaşınız var idi? Ailədə neçə uşaq idiniz?
– 1992-ci ildə getdim. 21 yaşım vardı. Bizim ailə çoxuşaqlı olub, 12 uşaq olmuşuq. Mən 9-cu uşağam. 7 bacı, 5 qardaşıq.
– Necə oldu bu qərarı verdiniz ki, “mən müharibəyə getməliyəm?”. Mən də qadınam və eyni zamanda, qarabağlıyam. Fikirləşirdim ki, gedə bilərəm, döyüşə bilərəm. Amma nəsə tutub saxlayır adamı.
Bu barədə çox əsərlər oxumuşdum ki, müharibəyə gedən qadınlar, qayıdandan sonra çoxlu problemlərlə üzləşirlər. 21 az yaş deyil, çox da deyil.
– Mən şüurlu surətdə bunu etmişəm. Bu mənim içimdən gələn bir şey idi. Deyirsiniz ha, mən də istəyirdim, amma nəsə tutub saxlayırdı. Biz azərbaycanlıyıq, bizim dəyərlərimiz var, hansı ki, qadın evdə oturmalıdır, ev xanımı olmalıdır kimi şeylər var. Ona görə mən inanıram ki, bizim xanımlar, hamısı cəsurdur, hamısı mərddir, amma o dəyərlər müəyyən qədər onları tutub saxlayır, imkan vermir.
Vallah, bu sualı verəndə, heç vaxt cavab verə bilmirəm. Bir də ayıldım ki, müharibənin içindəyəm. İstədim və getdim.
– Ailəniz necə reaksiya verdi?
– Təbii ki. Anam qəti şəkildə etiraz etdi, o düşünürdü ki, olmaz, sən qız xeylağısan, camaat nə deyər? Amma mən bu söhbətlərin hamısını düşünmüşdüm, hər şeyi, bütün ehtimalları fikirləşmişdim. Onda anama dedim ki, onsuz da, gedəcəm. Rəhmətlik atam icazə verdi. Dedi ki, istəyirsənsə, get.
– Xüsusi bir təkan olmamışdı da? Misalçün, Xocalı hadisəsi, Allahverdi Bağırovun ölümü və s.
– Yox, orda hər kəs mənim canım idi. Adi sıradan bir əsgərin ölümü belə məni tərpədirdi. Mən fikirləşirdim ki, necəsə edib döyüşməyə getməliyəm, orda olmalıyam. Niyə? Buna cavabım yoxdur.
– Necə getdiz bəs?
– Mən Gəncədə oxuyurdum, Sənaye texnikumunda. O vaxt Kərkicahan qəsəbəsinin camaatını gətirdilər yerləşdirdilər bizim texnikumun yataqxanasına. Həmin ərəfədə Şuşa təzə işğal olunmuşdu. Həmin Kərkicahan, Şuşa taboru Şuşada döyüşürdülər. Onları buraxmışdılar ki, gedin ailələrinizi yerləşdirin, sonra qayıdın. Mən də onlara qoşulub getdim.
Onlar elə bil mənim üçün göydəndüşmə oldu. Bilmirdim necə gedəm. Qorxurdum, bilmirdim ki, hara getməliyəm. Kimə deməliyəm.
– Nə reaksiya verdilər sizi bəs?
– Enimə-uzunuma baxdılar. (gülür) Onda da 21 yaşlı incə-mincə tələbə qız idim. Dedilər ki, yox ora daş-qayadır, sən orda qala bilməzsən-filan. Mən də onlara dedim ki, siz məni ora aparın, qalan heç bir işə qarışmayın. Orda necə olacaq, nə təhər olacaq, onu zaman göstərəcək.
Eşitmişdim hamı danışırdı ki, orda bir qız var, elə kəsir, belə asır, mən də o qızı Rembo kimi təsəvvür edirdim.
Həmin qadın ordakılara özünü təsdiq eləmişdi deyə, artıq qadın döyüşçüyə də qeyri-adi baxmırdılar. Nəsə, məni razılaşıb, məni götürdülər.
Əlibayramlı şəhərinə getdik, orda görüşdük. Bölük orda yığıldı, daha sonra bizi gətirdilər “Salyanski kazarma”ya. Haradasa bir ay, ay yarım Bakıda qaldıq, müəyyən yığılma prosesi oldu. May ayının 26-sı. Artıq Şuşa, Laçın işğal olunmuşdu.
Bizi apardılar Kəlbəcərə. Bir yol vardı ora, Ağdərə yolu bağlıydı. Bir dənə “Qaz-66” maşınımız orda qəzaya düşdü, bir bölük əsgərimiz yaralandı, bir nəfər də şəhid oldu.
Mən birinci dəfə şəhid orda gördüm. Sonra biz oradan qayıtdıq. Yığışdıq getdik Kəlbəcərə. Orda nə söhbət oldu bilmirəm, bizi qaytardılar yenidən geriyə, Bakıya. Haradasa 1 həftədən sonra bizi apardılar Ağdama. Ağdamın Əfətli kəndində bir məktəb vardı, bizi orda yerləşdirdilər. 93-cü ildə həmin məktəbi də partlatdılar. Döyüş yolumuz belə başladı.
– Silah alırdınız da əlinizə?
– Təbii ki, alırdıq. Biz ilk dəfə Ağdərə uğrunda hücuma keçdik. Ağdərənin Mehmani kəndini biz almışıq. Fəxrlə deyə bilərəm ki, Ağdərənin bir kəndini azad olunmasında mən iştirak etmişəm
– Kimin batalyonu idi?
– Bizim batalyonumuzun adı “Şuşa özünümüdafiə batalyonu” idi. Komandirimiz Fəxrəddin Səfərov, bölük komandirimiz isə İslam Quliyev idi.
Beləcə başladıq döyüşməyə. Ağdam uğrunda, Ağdərə uğrunda və s.
Bir dəfə Qarakənd uğrunda hücuma keçmək əmri aldıq. İndi mən düşünürəm ki, bizim o kəndə hücumumuz manevr xarakterli idi. Biz o kəndə, onsuz da, heç cür girə bilməyəcəkdik. O vaxt belə şeyləri düşünmürdük, gənc əsgər idik, alırdıq əlimizə silahı, hara hücum etmək əmri verilirdisə, ora gedirdik. Orda çox ağır döyüşlər getdi, mühasirəyə düşdük. Helikopterlərimiz qalxandan sonra çıxa bildik.
– Neçə nəfər qadın vardı orda?
– Mən gedəndə təkcə Kəmalə Qəhrəmanova idi. Sonradan Cəvahir də gəldi. Cəvahir məndən də əvvəl döyüşə getmiş xanım idi. İlk döyüşçü xanımlardandır, o vaxt Çingiz Mustafayev çağırış edəndə, Kəmalə, Cəvahir, bir də Təranə adlı xanım vardı, onlar getmişdilər. Təranə xanımı şəxsən tanımıram. Cəvahir Şuşa batalyonunda əvvəllər də xidmət eləmişdi, amma sonra ara vermişdi, sonradan o da yenidən qoşuldu bizə. 3 xanım idik.
Amma sonradan döyüş yolumuzda başqa xanımlarla da tanış olurduq. Sonradan Cəvahir bizdən ayrıldıq, Aliyə adlı xanım qoşuldu bizə. Aliyə hazırda da xidmət edir.
– Xanımzər xanım, bir Belarus yazıçısı var, Svetlana Alekseyviçin “Müharibə qadın simalı deyil” romanı var. Yəqin oxumusunuzş. Mən cəhd elədim ki, elə bir material hazırlayım...
– O kitabı mənə xatırlatmayın... (ağlayır) Mən o kitabı vərəq-vərəq oxumuşam. Oxuya bilmirdim.
– Sizə nələrisə xatırladırdı?
– Çox şeyi...(ağlayır) Sanki adlar dəyişikdir. Amma bizi yazıb. Eyni problemlər. Dəyişən heç nə yoxdur. Heç nə.
– Yəni müharibə dövründə sizə qarşı münasibət yaxşıydı, sonra dəyişdi?
– Əslində bizim müharibəmiz, müharibə bitəndən sonra başladı.
– Nə baş verdi?
– Əslində, bizim döyüşçü yoldaşlarımız bizi çox yaxşı qəbul elədilər, aramızda heç bir problem yox idi. Amma mülki həyatda bizi qəbul eləmədilər. Hərə bir cür münasibət bəsləyirdi, hər bir cür yanaşırdı bizə. Yəni ki, onun orda nə işi var, niyə gedib, nəyə gedib, əhalini də qınamırdım, hərə bir
cürdür, hər növdən insan var, bu həmişə belə olub. Döyüşə gedən xanımlar, bəlkə də, hamısı eyni məqsədlə getməyiblər, amma mən düşünürəm ki, o formanı geyinməyə cəsarət edən hər bir xanım kimliyindən asılı olmayaraq qəhrəmandır. Çünki ovaxtkı xaosu mən görmüşəm, mən yaşamışam mən bilirəm.
Müharibə birmənalı şəkildə cəhənnəmdir. Mən bilmirəm o biri dünyanın cəhənnəmi necədir. Amma biz bu dünyada cəhənnəmi görmüşük.
– Necə il xidmət etmisiniz?
– 7 il.
– Heç vaxt yadınızdan çıxmayacaq hadisə nə olub?
– Müharibənin heç bir saniyəsini unutmamışam. Mən hələ də müharibə ilə yaşayıram. Niyə yaşayıram? Çünki insanın ən gözəl çağları onun gənclik çağlarıdır. Hansı ki, o çağda gəzdikləri, gördükləri ona xatirə olaraq qalır. Mənimkilər isə anacaq müharibədən ibarətdir. Çünki 21 yaşda getmişəm 28-29 yaşda ordudan tərxis olunmuşam. Gəncliyim orda keçdi.
Çox şey yaddan çıxmır. Müharibə bilirsiniz niyə çox qorxuludur? Müharibə ona görə qorxulu deyil ki, sən ölürsən, səni öldürürlər. Ona görə qorxuludur ki, qarşında kimsə ölür və sən ona heç nə edə bilmirsən. O sənə yalvarır ki, mən ölmək istəmirəm, qoyma mən ölüm. Amma sən ona heç nə edə bilmirsən. Heç nə.
Bir oğlanın snayperlə başından vurmuşdular, beyni əlimə axırdı. Amma dili danışırdı. Bilirsiniz, onun əvəzinə sən ölmək istəyirsən. Çox olurdu.
– Sevgi bəs?
– Harada qadın varsa, orda sevgi var. Mən öz həyat yoldaşımla orda tanış olmuşam. Düzdü döyüş vaxtı yox, atəşkəsdən sonra bir yerdə xidmət etmiş və tanış olub ailə qurmuşuq. 21 ildir evliyik. İki övladımız var.
– Bəs müharibədə tanış olan cütlüklər vardı? Yaxud evdə sevgilisini qoyub gələn, ona məktublar yazan adamlar? Konkret müharibənin içində yaşanan sevgini nəzərdə tuturam.
– Təbii ki, var idi. Bir oğlan vardı bizdə, adı Sərxan idi. Buna bir dəfə məktub gəlmişdi sevdiyi qızdan. Mənə dedi ki, gəl gedək bu məktubu bir yerdə oxuyaq. Mən ona dedim ki, axı bu sənə özəl bir məktubdur da. Niyə mənim də oxumağımı istəyirsən? Dedi ki, sadəcə olaraq istəyirəm ki, sən oxuyasan, o qızın ruhunu duyum. Mən oxuduqca sətir-sətir dönürdü bir də oxutdururdu mənə. O hissləri mən anlaya bilmirdim. Müharibəyə gedəndə artıq bu hisslərin hamısını büküb kənara qoymuşdum. Birmənalı olaraq başa düşürdüm ki, müharibəyə gedirəm, başqa heç nəyə yer yoxdur.
– Nəyin həsrətini çəkirdiniz orda? Qəşəng geyinməyin, tuflilərin...
– (gülə-gülə) Mən sizə bir şey deyim, bizə maaş verirdilər, biz gedirdik yaxınlıqdakı şəhərlərə. Bir dəfə bazardan özümə qadın ayaqqabısı almışdım. Heç mənim orda onu geyinməyə yerim yox idi. Amma qadın xisləti altşüurda qalmışdı. Normaldır, əslində. Ayaqqabını alıb gətirəndən sonra düşündüm ki, mən bunu harada geyinəcəyəm, necə geyinəcəyəm?
Bizdə bir Rafael vardı, dünyasını dəyişib indi, allah rəhmət eləsin. Oturmuşuq kazarmanın yeməkxanasında, mən də ayaqqabımı geyinib getmişəm yeməkxanaya. (gülür) Hamıya deyirəm ki, mənim ayaqqabıma baxın, ayaqqabıma baxın, gördüm ki, heç kim baxmır. Ayağımı qoydum stulun üstünə ki, Rafael qəşəng ayaqqabıdır? Ağlım kəsmir ki, bu kişidir. Mən buna qadın ayaqqabısını qadın ayağında göstərirəm, bu olmaz axı (gülür). O da dedi ki, hə yaxşıdır, yaxşıdır, sal ayağını aşağı.
Sonra heç necə oldu bilmədim o ayaqqabılar. Gedirdik bizə lazım olmayan şeylər alırdıq. Qoyurduq bir qırağa, heç istifadə etmirdik, amma bilirdi ki, bizim də qadına aid əşyalarımız, nəyimizsə var. Bu əşyalar bizə özümüz qadın kimi hiss etmək imkanı yaradırdı.
– Orda ən çox nəyin həsrətini çəkirdiz?
– Rahat yorğan-döşəkdə yatmağın. Çünki az hallarda kazarma şəraitində olurduq. Elə olurdu aylarla səngərlərdə, atəş altında qalırdıq, heç paltarımızı çıxara bilmirdik. Ayaqqabılı, paltarlı yatıb-dururduq.
– Ölüm qorxusu var idi?
– Təbii ki. Biz normal insanlarıq. Normal insanda qorxu hiss olmalıdır. Qorxu hissi olmasa müdafiə hissi önə keçə bilməz. Əgər sən bir xəbər alanda qorxub başını gizlədirsənsə, deməli müdafiə hissin də yaranıb.
Amma ən qorxduğum şey, ölmək yox, əsir düşmək idi. Yəni o hallarla dəfələrlə üzləşmişik. Mənim 24 yaşımda həyəcandan artıq saçım ağarmışdı. Orda bütün hisslərimiz bir-birinə qarışdırdı deyə, biz ayırd edə bilmirdik ki, hansı hislər keçiririk. Döyüş qabağı çox gərginlik gəlir adama.
Adətən döyüş qabağı uşaqlara otururduq, yığılırdıq bir yerə. Mən onda hamıya belə sakitcə bir-bir baxırdım ki, görəsən, kim burdan qayıtmayacaq? Çox ağır bir mənzərədir. Çörək yediyin, aylarla tanıdığın, bir səngərdə olduğun adam artıq növbəti saatda yer üzündə oolmurdu. Yaşamırd. Bu dəhşətdir.
Amma əsir düşmək qorxusu tamam fərqli bir şeydir. Dəfələrlə olub düşmənlə üz-üzə gəlmişik, mühasirələrdə qalmışıq, çox şükür ki, biz o vəziyyətlərdən çıxa bilmişik.
– Xanımzər xanım, müharibə sizə nə qazandırdı və nəyi sizdən aldı?
– Müharibə mənə çoxlu dostlar qazandırdı. Yəni etibar edəcək, güvənəcək çox dostum var. Böyük həyat təcrübəsi qazandırdı. Əgər bir insan ölümü görürsə, ölümü yaşayırsa və onun içindən sağ çıxıb gəlirsə, bu özü hər adama qismət olan bir şey deyil. Doğrudan, çox böyük həyat təcrübəsidir.
İtirdiyim isə arzularım və həyatım oldu.
– Müharibəyə getdiyiniz üçün peşmansınız?
– Yox, peşman deyiləm. Bəlkə də pafoslu səslənəcək. Əgər ikinci dəfə həyata gəlsəm, yenə o şansım olsa, yenə gedərəm.
– Orda kişilər sizi qoruyurdu?
– Bəli, çalışırdılar ki, bizdən bir addım öndə olsunlar, bizi qorusunlar. Amma bizi qorumaq da asan məsələ deyildi. Qızlarla ancaq istəyirdik ki, irəli qaçaq. O vaxt onlara sübut etmək istəyirdik ki, qadın olmağımıza baxmayaraq biz bunu bacarırıq. Sizdən zəif və sizdən əskik deyilik. Əksinə onların bir addım getdiyi yolu, biz üç addım gedirdik.
– Həmin ərəfədə kimləri itirdiniz?
– Həmin ərəfədə çox adamı itirdim. Rəhmətlik İslam əmi, bölük komandirimiz, rəhmətlik Ramiz, rəhmətlik Əhliman, başqa bir Ramiz də var idi. O həmişə deyirdi ki, biz əkiz bacı-qardaşıq. Deyirdi ki, çox yaxınıq. O şəhid olanda mənə çox pis təsir eləmişdi. Bəhruz, Mehbalı, İlham, İslam. Hamısı şəhid oldular, biz çıxara bilmədik, cənazələri qaldı ermənilər tərəfdə. O yaşda o qədər dost itirdik...
Biz məğlub deyildik. Biz əsgər olaraq uduzmamışdıq. Ola bilər ki, biz ölkə olaraq məğlub idik. Amma Azərbaycan ordusunun əsgəri olaraq, doğrudan da, qalib idik.
Biz döyüşürdük. Əliyalın bir avtomatla çox şeyi etmişdik. Sadəcə olaraq ovaxtkı zaman başqa cür idi, ölkədə xaos hökm sürürdü, vəzifə davaları gedirdi, onun nəticəsi olaraq ölkə olaraq məğlub olduq. Amma biz qalib ordunun qalib əsgərləri olmuşuq. Çünki biz sürünərək dişimizlə, dırnağımızla azad eləmişdik torpaqlarımızı. Ağdərə azad olmuşdu, Murov yüksəkliyini bir avtomatla almışdıq, Kəlbəcərin 14 kəndinə bir gecədə girmişdik. Amma bizim dəstəyimiz olmadı, qaldıq mühasirədə.
– Müharibə bitdi və gəldiniz evə?
– Yox, gəlmədim. Qaldım xidmət elədim. 1994-cü ildə atəşkəs oldu, bizim o vaxtkı komandirimiz Yaşar Aydəmirov bizi, yəni 3 qızı, göndərdi oxumağa. Ali Hərbi Dənizçilik məktəbində zabit hazırlayan kurslar keçdik, daha sonra təlim-tərbiyə üzrə komandir müavinləri olaraq göndərildik. Orda da həyat yoldaşımla tanış oldum, ailə qurdum.
Xidməti bitirəndən sonra ailə qurmuşuq, xidmət etdiyim dövrdə yox. Çünki qorxurdum.
Xidmət dövründə ona görə ailə qurmağa qorxurdum ki, fikirləşirdim, ailə quraram və birdən müharibə başlayar. Artıq mənim ailə bağlarım olar, evdə qalmağa məcbur olaram. Bu qorxuya görə xidmət etdiyim dövrlərdə ailə qurmamışam.
– Müharibə bitəndən sonra məişətdə istifadə etdiyiniz qadın vərdişləriniz sizə yad gəlməyə başladımı? Mətbəxdə işləyən qadınla silah tutan qadın arasında çox fərq olurdu? Və yaxud da maraqlıdır ki, ana olanda hansı hissləri keçirirdiniz?
– Mənə çatmırdı. Övladımı qucağıma almışdım, özümə qəribə gəlirdi ki, mən ana olmuşam və bu da mənim övladımdır. Hələ uşaq olmamışdan qabaq da bu şeylər baş verirdi. Uzun müddət sırğa, üzük taxa bilmirsim, bəzək-düzəkdən istifadə etmirdim. Qaydasını unutmuşdum, hər şeyi yadırğamışdım. Sırğalara baxırdım, deyirdim, mən bunu necə taxım, hara gedim? Yəni qadın vərdişlərini unutmuşdum.
Mənim həyat yoldaşım gizirdir, mən baş leytenantam. O düşüncələr mənim beynimdə fırlanırdı. Özü də eyni hərbi hissədə xidmət etmişdik deyə mən ondan rütbəcə yuxarı idim. Öz-özümə deyirdim ki, mən nəyə görə buna xidmət etməliyəm, buna yemək verməliyəm. Özümlə vuruşurdum içimdə.
Çox çətinliklə ev şəraitinə uyğunlaşdım. Hərdən yoldaşım deyirdi, supdan-zaddan bişir qarnım doysun. Ancaq yumurta və kartof bişirə bilirdim.
- Bəs sonrakı illər necə oldu?
- Ona dedim ki, mənə zaman ver. Şükür, bu gün mükəmməl olmasa da, ailəmi idarə edirəm. Qadın olmaq özü seçilmiş deməkdir. Qadın yaradıldığım üçün xoşbəxtəm.
- İndi niyə işləmirsiniz bəs?
– Mən müharibə ərəfəsində 3 dəfə yaralanmışam. Birincidə Mehmani kəndi yaxınlığındakı döyüşdə başımdan güllə yarası almışam, sonra ikinci dəfə Fərrux yüksəkliyində bir dəfə yaralanmışam, Murovda bir dəfə yaralanmışam. Ordudan tərxis olunmağım da əsasən buna görə idi. Hiss edirdim ki, əvvəlki gücüm, əvvəlki enerjim qalmayıb. Mən qaziyəm, Qarabağ qazisi. Çıxdım təqaüdə.
– Bəs təmizlik, özünəbaxım işlərini necə həll edirdiniz?
– Biz həmin ərəfələrdə kişi bərbərinə gedirdik. Kişi kimi qırxdırırdıq saçımızı. Ona görə ki, kişi siması altında gizlənə bilək. Mülki camaat bizi görəndə bilmirdilər ki, biz qadınıq.
Xidmət etdiyimiz yerdə uşaqlara deyirdik ki, bizim belə olmağımız yaxşıdır, düşmən görəndə ki, burda qız döyüşçü var, basqını daha güclü edə bilərdi.
Kəşfiyyata xidmət eləmişəm, erməni dilinin mütəxəssisiyəm. Düşmənin arxasında gedib günlərlə qalırdıq. Orda bizim bir xanım kimi görünməyimizə ehtiyac yox idi.
İkinci tərəfdən saçımızı ona görə qısa kəsirdik ki, aylarla orda su görmürdük. Zəli gölündə, Murovun bir tərəfində qazmada qalırdıq. Hamam-zad vardı, oğlanlar gedib yuyunurdular, amma biz gedə bilmirdik.
Gecə olanda Kəmaləylə bir yer qazmışdıq, qar qurşaqdan. Plaşı çəkirdik üstünə qarı yığırdıq qaba, qızdırırdıq, o tökürdü mən başımı gözümü yuyurdum, mən tökürdüm, o. Hava da -25-30 dərəcə soyuq. Sonra gəlirdik qazmaya girirdik yatırdıq, benzinlə işləyən peç yanırdı, səhər dururduq ki, bircə dişlərimiz ağ qalıb. Hər yerimiz hisdən qapqara olub.
Çox çətin idi gigiyena qaydalarına əməl etmək. Amma çalışırdıq ki, qadın olaraq kişilərdən seçilək.
İndi düşünürəm ki, o vaxtlar nə qədər əziyyət çəkmişəm. Onda bu şeylər mənə çətin gəlmirdi. Avto-pilotda olursan, girisən o həyatın içinə və başlayırsan yaşamağa. İndi onları etməyə özümdə güc tapa bilmərəm.
– Dövlətdən sizə nə köməkliklər elədilər? Qadın döyüşçüsünüz.
– Mənə ev verdilər. İkinci Qarabağ müharibəsindən sonra. Buna da şükür. Həmin dövrdə gedib 3 gün orda olub, sonra silahını da atıb qaçan kişi hansısa məmura deyəndə ki, mən döyüşmüşəm ona inanırdılar. Amma mənim kimi 7 il xidmət etmiş bir qadın deyəndə ki, mən döyüşmüşəm, inanın ki, mənə inanmırdılar. Vəziyyət belə idi. Çox olurdu “sizin orda nə işiniz var idi?”, “neynirdiz gedirdiniz?” deyən adamlar.
Bir dəfə biri istehza ilə mənə dedi ki, siz neynəmisiniz ki, orda? Dedim ki, orda şəkil çəkdirirdik, heyf ki, siz qabağıma çıxmamısınız ,yoxsa sizinlə də şəkil çəkdirərdim.
İndi Qarabağ əliliyəm, təqaüd alıram. Amma o dövrdə belə şeylər yox idi. Ona görə boş söhbətlərə görə gizlədirdik özümüzü.
– Bəs azad olan torpaqlarımıza getmisiz?
– Gedə bilmirəm. Kəlbəcərə, Ağdama. Ağdərəyə istəyirəm. (ağlayır)
Mən ordan çıxanda Ağdam yerində idi. İndi gedib nə görəcəm orda? Yoxdur, nə Ağdam, nə Kəlbəcər.
Bilirsiniz, insan doğmasını xəstə olanda gedib görməyə qorxur ki, qoy necə görmüşəmsə, elə yaddaşımda qalsın. Mənim üçün o şəhərlərdə elə önəm daşıyır. İstəyirəm ki, necə görmüşəmsə elə də qalsın. Üstəlik, keçmiş. Xatirələrim... Bilmirəm mən ora getsəm hansı hissləri keçirəcəyəm.
Yaxında Kəmalə Şuşaya getmişdi. Onun o səsindəki titrəyiş... Addım-addım telefonda oranı mənə göstərirdi. Titrək səslə deyirdi ki, Şuşa, mən yenə gəldim...
– Getməək üçün təklif də olunmayıb?
– Yox, özüm istəmirəm. Getmək istəsəm o şəraiti yaradarlar. Amma hələ özümü hazır hiss etmirəm.