“Ölümündən əvvəl demişdi ki, Şuşadakı o daşı taparsınız” – İsi Məlikzadənin evindən reportaj

Xatirə Məlikzadə

Xatirə Məlikzadə

11 aprel 2022
# 09:00

Kulis.az “Orda bir ev var, uzaqda” layihəsindən yazıçı İsi Məlikzadənin evindən reportajı təqdim edir.

Xatırladaq ki, bu layihədə mərhum yazıçılarımızın yaşayıb-yaratdığı evlərdən reportajlar təqdim ediləcək.

Uzun zaman idi ki, Xatirə xanımla görüşməyi arzulayırdım. Çox sevdiyim yazıçı İsi Məlikzadənin özündən sonra qalan əşyalarını görmək, onların xatirəsini övladının dilindən dinləmək mənim üçün olduqca maraqlı idi. Ancaq müəyyən səbəblərdən görüşümüz heç cür alınmır, hər dəfə ortaya bir iş çıxırdı. Nəhayət, günlərin birində Xatirə xanım bizi qardaşının evinə dəvət etdi. Atasına aid bütün əşyalar orda olduğundan fotoqrafla birgə deyilən ünvana yollandıq.

Doğrusu dünyasını dəyişmiş yazıçıların, aktyorların və digər sənət sahiblərinin övladları ilə görüşəndə, qəribə hislər keçirirəm. Vaxtilə yaratmaq eşqi ilə çırpınan bu insanlar dünyalarını dəyişəndən sonra onların sönən qəlblərinin enerjisinin varislərinə, övladlarına keçdiyini düşünürəm. Ona görə də sənətkarların övladları ilə görüş elə onların özü qədər mənim üçün böyük əhəmiyyət kəsb edir.

Mənzilə çatanda qapını bizə Xatirə xanımın özü açaraq bizi işıqlı bir otağa aparır. Gözümə pəncərə qarşısına qoyulmuş masanın üzərində İsi müəllimin əlyazmaları, sovet dövründə çap olunmuş “Yaşıl gecə”, “Dədə palıd”, “Qırmızı yağış”, “Quyu”, “Gümüşgöl əfsanəsi” kitabları, yazı makinası, əlyazma və şəkilləri sataşır.

Adamda elə təəssürat yaranır ki, yazıçı sanki indicə masanın üzərindən qalxıb istirahətə çəkilib, harada olsa, yenidən ora qayıdıb yazmağa davam edəcək. Makinaya diqqətlə baxıram. Uşaqlıq xatirələrim oyanır. 90-cı illərin əvvəllərində Qarabağ müharibəsinin güclənməsi ilə Bakıya köçümüz başlanmışdı. Bəzən günlərlə, bəzən isə həftələrlə dərsə gedə bilmirdik. Valideynlərimiz bizi gətirib Bakıya dayımgilə qoyardılar. Dayım elm adamı olduğundan bütün gün otağına çəkilib makinada yazırdı. Bəzi gecələr makina səsinə yuxudan ayılır, güllə, qrad səslərindən uzaqda olduğumu anlayıb yenidən şirin yuxuya gedirdim. O ağır günlərdə müharibənin içərisindən çıxan on üç yaşlı uşaq üçün makina səsi layla kimi gəlirdi. Doğma əşyanın şirəsi getmiş dillərinə toxunub Xatirə xanımdan makina barədə soruşuram.

- İsi müəllim neçənci ildən bu makinada işləməyə başlayıb?

- Mən 62-ci ildə anadan olmuşam. Elə gözümü açandan da bu makinanı evimizdə görmüşəm. 62-ci ildə atamın ilk kitabları çap olunmağa başlayıb. Yəqin ki, elə makinanı da o ərəfələrdə alıb.

- İsi müəllimin iş prosesi necə idi? Günün hansı saatlarında işləyirdi?

- Bir çox yazıçılar gecələr işləməyi xoşlayıb. Amma mənim atam elə deyildi. O, günorta vaxtı da otağına keçib nəsə yaza bilərdi. Mən onun gecə səhərə qədər yazı yazdığını görməmişəm. Bloknotları vardı. Ora xırda qeydlər edirdi. Sonra əsərləri çıxanda, baxırdım ki, həmin qeydlər kitabda çap olunub.

- Yəqin ki, evdə səssizlik vacib şərt idi...

- Mütləq. Biz artıq öyrəşmişdik evdə asta gəzməyə. Hətta o, evdə olmayanda da, sakit gəzirdik. Mən o qədər sakitliyə öyrəşmişdim ki, hərdən atam mənə deyirdi ki, Xatirə, arada öskür, bilim ki, evdəsən. Yəni, o, bizə heç vaxt deməyib, sakit olun, işləyirəm. Tərbiyə prosesində bu bizim qanımıza hopub.

- Yazı vaxtı ən çox nəyə ehtiyacı olurdu?

- Tez-tez çay istəyərdi. Həm də armudu stəkanda içərdi. Başqa stəkanda yox. Dalbadal beş, altı stəkan içərdi. Deyirdik böyük stəkanda gətirək iç. Deyirdi, sizə əziyyətdi, tez-tez gedib gəlmək?

- Siqaret çəkirdi?

- Hə. Əvvəllər işləyəndə çox çəkirdi. Bir dəfə infarkt keçirmişdi, ondan sonra çəkmədi.

Masanın üzərinə düzülmüş ağ-qara şəkillər diqqətimi cəlb edir. Ordan tanış şair də yazıçıların simasını görürəm. Ona görə də Xatirə xanıma evlərinə gəlib gedən adamlardan, İsi müəllimin dostlarından sual verirəm.

- Evimizə gələnlər çox olurdu. Yazıçılardan Fərman Kərimzadə bizdə tez-tez olardı. Fikrət Sadıq, Fikrət Qoca gəlirdi.

- Anar olmayıb?

- Yox. Amma Anar müəllim atamı çox istəyib.

- Nədən bilirdiniz?

- Hər kəlməsindən, sözündən bilmək olurdu. Bir dəfə də Axundov kitabxanasında görüşümüz oldu. Anar müəllim məni görəndə, kövrəldi. Atamın o vaxt ev almasının təşəbbüskarı Anar müəllim olmuşdu. Düzdür, atama ev düşürdü, amma o, təklif kimi irəli sürmüşdü. Demişdi, niyə pulla alırsan? Sənə ev düşür.

- Başqa kimlər gəlirdi?

- Bəstəkarladan Süleyman Ələsgərov, Emin Sabitoğlu, Ramiz Mirişli gəlib. Aktyorlardan Həsənağa Turabov, Həsən Məmmədov, Həsən Əbluc olardı. Həsən Əbluc lap tez-tez bizə gəlirdi. Mən balaca olanda, Həsən Məmmədova peraşki yeyən əmi deyirdim (gülür). Çünki evimizdə peraşki bişən kimi Həsən müəllim bizə qonaq gələrdi. Gəlməyəndə, təəccüblənirdim. Adlarını saydığım adamlarla atam həm dost olub, həm də iş prosesinə görə münasibətləri yaxşı olub. Belə deyim də, evimiz həmişə qonaqlı-qaralı olub. Bir də yazıçı Sara Nəzirova (Sara Oğuz. red) ilə atamın dostluğu vardı. O da bizə tez-tez gələrdi.

- Atanız Sara xanımın hekayələrini bəyənirdi?

- Onu deyə bilmərəm, amma insan kimi atam o qadını çox istəyirdi. Biz də. Yəni, atam evdə olmasa belə, o, bizə gələrdi, oturub söhbət edərdik. O dövrlərdə iş olmadığından, Sara xanım başqa bir xanımla universitetdə dərs deyirdi. Amma maaş almırdı. Onda Sara xanım həmin xanımla qadınların qul bazarına gedib, iş axtarmışdılar. Onları hansısa kəndə aparıb həyət işində çoxlu işlətmişdilər. İş vaxtı onlara çörək də verməmişdilər. İşin sonunda cüzi əməkhaqqı vermişdilər. Bütün bunları Sara xanım atama danışmışdı. Atam da ağlaya-ağlaya bizə danışmışdı. Bu atama çox pis təsir eləmişdi ki, iki ziyalı qadını çörək puluna görə həyət işində, ağır işlətmişdilər.

- Atanızın yaradıcılığı ilə bağlı yadınızda daha dəqiqliklə hansı məqamlar qalıb?

- Onun iş masasına bizim heç birimizin toxunmağa ixtiyarı yox idi. Kimsə onun əşyalarına toxunanda, o dəqiqə bilirdi ki, onun hansı əşyasısa yerindən tərpənib. Bəzən onun yazdıqları mənə çox maraqlı gəlirdi. O, gedəndən sonra masaya yaxınlaşıb yeni yazdıqlarını oxuyub sonra çox diqqətlə yerinə qoyurdum. Amma yenə də hiss edirdi. Evə gələndə deyirdi, kimsə mənim otağıma keçib. Deyirdi, bitirim, mən özüm yazdığımı sizə özüm oxuyacam.

- Yazdıqlarını birinci kimə oxuyurdu?

- Bizə. Biz də dinlədikdən sonra öz fikirlərimizi onunla bölüşürdük. Deyirdik qəhrəmanı öldürmə, sağ qalsın. O da deyirdi ki, yox, öldürmək lazımdı. Deyirdi, yaxşı, sizin xətrinizə sağ saxlayıram. Amma əsər çap olunanda, görürdük ki, öz istədiyi kimi yazıb, qəhrəmanı öldürüb.

Süfrənin üzərinə düzülmüş köhnə kitablara, açıqcalara, təsbehlərə diqqətlə baxdığımı görən Xatirə xanım əllərini sığalla kitabla toxundurur. Ondan atasının iş masası üzərində daim istifadə etdiyi əşyaları saxladığını soruşuram.

- Ancaq armudu stəkan və nəlbəkisi olardı. Bir qəndqabı da qənd. Mürəbbə, konfet xoşlayan adam deyildi. Təsbehləri də ona hədiyyə edirdilər. Təsbeh, bəzək əşyalarını sevmirdi. Bir dəfə yadıma gəlir, institutda oxuyanda boynuma nazik boyunbağı taxmışdım. Mənə dedi ki, özün yaxşı qızsan, savadlısan, amma bunu boynunda gördüm ürpəndim.

- Xoşlamırdı?

- Yox, deyirdi insanın daxili gözəl olmalıdır. Təbii insan idi. Muğama, milli mahnılara qulaq asırdı. Yaqub Məmmədovla çox yaxın idi. Yaqub müəllim ona öz tarını bağışlamışdı.

- Saxlamısınız?

- Yox. Köçhaköçdə, orda-burda itdi.

- Makinanın, xüsusən, gecələr rahatlıq verməyən amansız səsi olur. Öyrəşmişdiniz bu səsə?

- Atam bütün əsərlərini birinci əlyazmada yazırdı, sonra üzünü makinada köçürürdü. Makinanın səsi bizə ləzzət edirdi. Mənim anam bərk adam olub. Bakılıydı. İncəsənətdən uzaq adam olduğu üçün də, atamın kitabı çıxanda, deyirdi, İsi, neçə manatlıq yazdın? (gülür). Anam da atamın əsərlərini oxuyurdu, öz sözünü deyirdi. Amma bilmirəm, aralarındakı zarafatdan irəli gəlirdi, ya nədirsə, həmişə atamın yazısı çıxanda, manatla xəbər alırdı.

- Atanız əsəbiləşmirdi?

- Yox. Pulu qazanan atam, evi dolandıran anam idi. Evin bütün bazarlığını anam edirdi. Atam evə bir çörək də alıb gətirə bilmirdi. Bir yerə mismar vura bilmirdi. Bir dəfə divara mismar vuranda, barmağını əzdi. Atam rayon yerində yeddi bacının bir qardaşı olub. Qışın günündə onu büküb bürmələyiblər, bacılar qarda, çovğunda çöldə qar kürüyüb, inəyə, qoyuna baxıblar. Əziz-xələf olub. Hətta işdən gələndə, anama deyirdi ki, evin yanında üzüm satırdılar, baxdım, tamahım düşdü. Anam deyirdi, növbə çox idi, ala bilmədin? Deyirdi, yox, heç kim yox idi. Yəni, heç nə ala bilmirdi. Mətbəxdə çaydan qaynayıb daşırdı, altını söndürmürdü. Bizə deyirdi ki, onun altını söndürün. Tənbəl deyildi. Deyən-gülən, zarafatcıl insan idi. Bununla belə, biz yerimizi bilirdik. Onun üzünə baxanda, biz bilirdik ki, necə davranmaq lazımdır.

- Evdəki İsi Məlikzadə onun əsərlərində var?

- Var. “İki günün qonağı” əsərindəki qəhrəman onun özüdür. Yaxınlardan, qohumlardan da prototip kimi istifadə edirdi. Onun əsərlərini oxuyanda, ətrafındakı adamları orada görüb, tanıyıram. Mən internatda eşitmə qüsuru olan uşaqlarla işləmişəm. Onlar haqqında gəlib evdə danışmışdım. Sonra "Dolaşaların Novruz bayramı" povestində baş verənlər mənim danışdığım təəssüratlardan yaranmışdı. Düzdür, onun özü də Şuşadakı uşaq evinə getmişdi, onlarla görüşmüşdü, amma əsərdəki obrazlar mən danışdığım uşaqların obrazlarıydı.

Xatirə xanım danışdıqca yadıma yazıçının ən çox sevdiyim “Qırmızı yağış” əsəri düşür. Uzun müddət məndə kdərli təəssürat buraxmış bu əsərdə qardaşı Əhəd tərəfindən Şuşadakı ruhi xəstəxanaya göndərilən Əbil təəssüf k, Şuşaya çata bilmir, qəzaya düşüb dünyasını tapşırır. Əbil kimi bəxti gətirməyən insanlar çox olub. Bu gün də var. Ona görə də bu obrazın necə yaranması barədə fürsət düşmüşkən öyrənməyə çalışıram.

- Xatirə xanım, “Qırmızı yağış” povestindəki Əbil obrazının prototipi vardı?

- Əbil obrazı bizim qonşumuzun prototipi idi. Atam onunla saatlarla söhbət edirdi. O gəlib bizdə oturardı. Biz məəttəl qalırdıq ki, atam onunla nə danışır. Amma əsərdəki kimi imkanlı adamın qardaşı deyildi, Əbilin taleyi də onun taleyi deyildi. Atam onu sırf obraz kimi götürüb, yazıçı təxəyyülü ilə zənginləşdirmişdi. Amma Əbilin işlətdiyi bəzi sözlər, cümlələr o adama aid idi.

Mənə elə gəlirdi ki, atam yazdıqlarından o qədər də razı deyildi. Çünki hər dəfə yeni əsərləri çap olunanda, deyirdi, gərək burda başqa cür yazardım.

- Masaüstü kitabları hansılar idi?

- Daha çox Azərbaycan və rus dilində olan lüğətlər idi. Çoxlu lüğətləri olurdu.

- Bəs kitabxanasında daha çox hansı müəlliflərin kitabları olurdu?

- Atamın elə böyük kitabxanası yox idi. Kitabı oxuyurdu, amma onları yığmağa həvəsi olmurdu. Bu da görünür imkansızlıqdan irəli gəlib həm də. Çünki üç otağımız vardı, darısqallıq idi.

Xatirə xanım deyir ki, atası o qədər də kaprizli insan olmayıb. Hətta onun əlyazmalarını belə Xatirə xanım atasından gizlin, zorla saxlamağa nail olduğunu deyir:

- Əlyazmalarını yığırdı, yayda rayona gedəndə aparırdı anasına verirdi. O da ocaq yandırmaq üçün onlardan istifadə edirdi. Mən etiraz edəndə, atam deyirdi, kitab artıq çap olundu, qurtardı. Neynirəm onları saxlayıb?

- Onda çox yandırıb?

- Çox. Bu gördüklərinizi də mən gizlin, güclə saxlamışam. Qəzetlərdə çap olunan hekayələrini də kəsib saxlayırdım.

- İsi Məlikzadə yazı masasından nə zaman uzaq düşdü?

- Sonuncu gününə qədər yazdı. Son dəfə Ağcabədiyə çəkilişə gedirdi. Yazısını makinada çap edəndən sonra radioya getdi. Bir az keçəndən sonra evə qayıtdı, dedi, özümü pis hiss edirəm. Elə həmin gün də rəhmətə getdi. İkinci dəfə infarkt keçirmişdi.

- Əsəbiləşmişdi?

- Yox. Sadəcə dövr elə idi ki, çətinliklər çox idi. Qarabağ işğal olunmuşdu, hər şey bir-birinə qarışmışdı. O vaxt baş verən hadisələr hamısı ona çox pis təsir edirdi. Atam uşaq vaxtı ailəsi ilə Şuşaya çox gedib-gəlib. Sonralar da bizi aparırdı. Orada uşaq vaxtı bir daşın üstünə atam adını yazmışdı. Biz Şuşaya hər dəfə gedəndə, həmin daşı axtarıb tapırdıq. Ölümündən iki gün əvvəl o, mənim oğlanlarımla oturub oynayırdı. Birdən onlara dedi ki, mən yəqin ki, görməyəcəm, amma siz gedərsiniz, Şuşada bir daş var, onun üstünə öz adımı yazmışam. O daşı axtarıb taparsınız (ağlayır). Mən onda acıqlı-acıqlı ona baxdım, dedim, niyə ölümdən danışırsan? Elə iki gün sonra da vəfat etdi.

Xatirə xanım atasının son dəfə işlətdiyi əşyaları bizə göstərir. Sovet dövründən qalmış, dünyanın müxtəlif yerlərindən gələn məktubların bir neçəsini açıb baxıram. Çoxu rus dilindədir. Oxuculardan, o dövrün yazıçılarından gələn məktubların bir çoxu “Doroqoy İsi” sözləri ilə başlayır. Xatirə xanım deyir ki, bir dəfə bir oxucusu əsgərlikdə olanda, atasına uzun-uzadı bir məktub yazıb göndərir. İsi müəllim məktub gec oxusa da, oxucuya əhatəli cavab yazır. Sonralar həmin oxucu İsi müəllimlə görüşəndə, deyir, mən heç vaxt inanmazdım ki, siz mənə cavab verərsiniz.

- Atanıza sevgi məktubları gəlmirdi?

- Yox. Biz görməmişik. Bəlkə də, gəlib, gizlədirmiş...

- Məktub gəlsə, ananız qısqanardı?

- İnanmıram. Anamın qədimi torbası vardı. Orda atamın ona gənclikdə yazdığı məktublarını, şeirlərini saxlayırdı. Onlar bir-birlərini sevmişdilər.

İsi Məlikzadənin son dəfə qeydlər etdiyi əlyazması və qələminə baxıram. Əlimi toxundurmağa, nədənsə, ürək etmirəm. Xatirə xanım saralmış vərəqlərdən birini əlinə götürüb, üzərindəki yazılara diqqətlə baxır:

- Bu yazını atam rəhmətə gedəndən sonra oxudum. Bu hissəni əsərinə salacaqdı. Burada öz ürək sözlərini yazıb. Qışda ölməkdən qorxduğunu qeyd edib. Yasına gələn adamların üşüyəcəyindən, inciyəcəyindən ehtiyat edib. Siz təsəvvür edin ki, bu yazını yazandan səkkiz saat sonra, dekabrın 5-də atam rəhmətə getdi. Ölümü o qədər qəfil oldu ki, biz nə baş verdiyini anlaya bilmədik. Atam rayona gedəndə sevinirdik. Çünki el-obası idi, ora gedəndə, çox yaxşı olurdu, dincəlirdi. Hamı da onun görüşünə gəlirdi. Həmin gün də radioya maaşını almağa getmişdi. Evə gələndə dedi, özümü nəsə pis hiss edirəm. Dərman verdik, həkim çağırdıq. Həkim onu yoxlayanda, gördüm atamın rəngi ağarıb. Qorxdum. Həkim mənə dedi ki, qorxma. Atam onun sözünü eşidib, mənə baxdı. Dedi, Xatirə nədən qorxursan? Qorxma. Onunla son danışığımız bu oldu. Xəstəxanaya apardılar. Elə orda da keçindi.

Mən ailə qurandan sonra on il atamgillə yaşadıq. Ölən gününə qədər atamın yanında oldum. Arada bir həftəliyinə rayona gedirdim. Atam darıxıb ardımızca gəlirdi, məni görən kimi deyirdi, niyə arıqlamısan? Anam, yenə deyirəm, bir az möhkəm adam idi, amma atam kövrək insan idi. Mən həmişə xəstələnəndə, başımın üstündə atamı görürdüm. Mən qayğını da, sevgini də atamdan alırdım (kövrəlir).

- Ölümündən sonra atanızın enerjisini, ruhunu nə zamansa hiss etmisiniz?

Hə. Olub. Bayramlarda, xoş günlərimizdə, elə ağır günlərimizdə də hiss etmişəm ki, o bizimlədir. Ailəmiz bir yerə yığışanda hiss edirəm ki, bizimlədir. Mən həmişə onu yanımda hiss edirəm.

Foto: İlkin Nəbiyev

# 3432 dəfə oxunub

Müəllifin son yazıları

# # #