“Bir milyon qaçqının taleyi heç kimi narahat etmir?” – Çingiz Abdullayevin “Rossiya 1”-ə müsahibəsi

“Bir milyon qaçqının taleyi heç kimi narahat etmir?” – Çingiz Abdullayevin “Rossiya 1”-ə müsahibəsi
8 oktyabr 2020
# 14:45

Kulis.az Xalq yazıçısı Çingiz Abdullayevin Rusiyanın “Rossiya-1” kanalındakı “Vladimir Solovyevlə bir axşam” verlişinə verdiyi müsahibəni ixtisarla təqdim edir.

- Çingiz Akif oğlu, hal-hazırkı vəziyyət Bakıdan sizə necə görünür?

- Birinci ondan başlayaq ki, “Qarabağ Ermənistanındır, nöqtə” sözlərini deyən Paşinyan oldu. O, əlbəttə, düz demirdi. Ona görə ki, Qarabağın Ermənistana aid olmadığını bütün dünya bilir. Və bu gün səhər də Vladimir Putinin dediyi sözlərlə Rusiya dövləti tərəfindən bu mövzuya nöqtə qoyuldu.

Bu gün Azərbaycan konkret olaraq nə istəyir? Azərbaycan ilk olaraq özünün işğalda olan yeddi rayonunu işğaldan azad etməyə çalışır. Hansı ki, bu rayonlarda bir milyona yaxın insan yaşayıb. Bu insanların öz torpaqlarına qayıtması təbiidir. Sizin verilişinizdə Qarabağ işğalı mövzusunda müzakirələr gedir. Bu, sözsüz ki, çox vacibdir. Lakin, nədənsə, heç kim ordan, doğma ev-eşiyindən didərgin düşən bir milyon insanın taleyi haqqında danışmır. Sanki bu, heç kimi narahat etmir. Bu, bizə çox pis təsir edir. Mənə elə gəlir ki, bizim prezidentimiz hər şeyi çox açıq və aydın formada dedi. O, bildirdi ki, işğalçı erməni qüvvəsi bizim yeddi rayonumuzu bundan sonra isə işğal altında olan digər ərazilərimizi boşaldacaq.

Prezident, əlbəttə, erməni tərəfi də başa düşür, başa düşməyə çalışır. Ona görə də mərhələli şəkildə bu işin təşkilini təklif edib. Heç kim Qarabağdan kimisə qovmağa çalışmır. Prezident də öz çıxışında qeyd etdi ki, Azərbaycan və Ermənistan əhalisi bir yerdə dostluq şəraitində yaşamalıdırlar. Necə ki, bu, yüz illərlə belə olub. Niyə bu gün heç kim Bakıda yaşayan 30 min erməni haqqında heç nə demir? Halbuki, Ermənistanda bir nəfər də olsun azərbaycanlı yoxdur. Biz çoxmillətli respublikayıq. Azərbaycanda 150 min rus və gürcü əhalisi də yaşayır. Ermənistan mono-respublikadır. Biz buna görə onları günahlandırmırıq. Bu, onların seçimidir. Ancaq bəs niyə bizi heç kim başa düşmək istəmir? Niyə heç kim başa düşmək istəmir ki, bu dəqiqə həmin torpaqlarda heç kim yaşamır. Yeddi işğal olunmuş rayonumuzda heç bir zaman ermənilər yaşamayıb. İki, üç ailə ola bilər. Ancaq bu da istisna haldır. Bizim bu dəqiqə demək istədiyimiz odur ki, onlar bizim torpaqlarımızı boşaltsınlar.

Gallery

- Prezident İlham Əliyev türk əsgərlərinin və Suriyadan olan döyüşçülərin Qarabağda döyüşməsi barədə deyilən fikirlərin yalan olduğunu qətiyyətlə bildirdi. Ancaq bizim kəşfiyyat xidməti orqanlarımız deyirlər ki, bu, belə deyil. Orada türk əsgərləri və Suriya döyüşçüləri var.

- Əvvəlcə mən sizə Madrid bəyannaməsi haqqında deyim, sonra sualınıza keçərəm. Məsələ burasındadır ki, Azərbaycan hər zaman mərhələli şəkildə işğal olunmuş ərazilərimizin boşaldılmasının tərəfdarı olub. Amma niyə görəsə sizin bir ekspertiniz elementar bir məsələni yadına salmaq istəmir. Bu danışıqlara Levon Ter-Petrosyan gedirdi. Qarabağ mafiyası onu devirib özləri hakimiyyətə gəldilər. Bir ildən sonra isə Ermənistanda parlament seçkiləri keçirildi. Seçkilərdə Karen Dəmirçiyanın partiyası qalib gəldi. Onlar da danışıqlara getməyə hazır idilər. Erməni terroristlər parlamentə girərək Dəmirçiyanı və Ermənistanın baş naziri Armen Sarkisyanı güllələdirlər. Niyə sizin verilişinizdə bu barədə heç nə yada salınmır? O hadisədən sonra danışıqlar yenə təxirə düşdü. İndi isə Paşinyan o qədər də ağıllı olmayan hərəkətlərlə - üzr istəyirəm ifadəmə görə - hər şey edir, “Qarabağ Ermənistanındır və nöqtə” deyir ki, bu danışıqları məhv etsin.

Bu məsələnin birinci tərəfi. İndi isə sizin Suriya döyüşçüləri və türk əsgərləri barədə sualınıza cavab vermək istəyirəm. Bu barədə deyilənlər həqiqəti əks etdirmir. Heç olmasa, bir dəfə də bizim dediklərimizə fikir verin, Azərbaycanı dinləyin. Suriyada döyüşən döyüşçülər radikal islam-sünni təşkilatının üzvləridir. Onlar nəinki şiə təriqətinin adamlarına, Bəşər Əsədə qarşı vuruşurlar. Onlar məscidləri partladır, şiələri öldürürlər. Ona görə də bu insanlar bura buraxıla bilməzlər. Bizim Prezidentimiz də öz çıxışlarında başqa həcmli xarici yardıma ehtiyacımızın olmadığını dəfələrlə vurğulayıb.

- Ancaq Türkiyənin köməyinə ehtiyacınız var...

- Bilirsiniz, mənə elə gəlir ki, orada hər şey güclü şəkildə Ərdoğanın üzərinə atılır, bu müharibənin onun planı olduğu deyilir. Ancaq məni bağışlayın, Qarabağ hadisələri başlananda Ərdoğan həbsdə idi. Putin bu məsələlərdə bizdən daha yaxşı məlumatlıdır.

Bu gün Türkiyədə minlərlə azərbaycanlı yaşayır. Onlar bura gəlirlər və buradakı vəziyyəti görüb sarsılırlar. Niyə heç kim bu insanların ağrılarını anlamaq istəmir? Türkiyə bizə mənəvi dəstək olur.

Ərdoğan bizim insanların çəkdiyi əzabları görür və hiss edir. Mən sizin diqqətinizə yenə də bir məsələni çatdırmaq istəyirəm ki, hal-hazırda gedən müharibə bizim ölkənin ərazisində, mənim vətənimdə gedir. Bizim torpağımızın infrastrukturu məhv edilib, bizim torpaqlarımızda döyüşlər gedir. Siz nəhayət bunu başa düşün, anlayın ki, bu hamıdan çox bizim üçün ağrılıdır. Vaxtilə çeçenlərlə olan müharibənizdə biz sizin ağrınızı başa düşürdük. Ancaq bugünkü gündə siz bizi anlamaq istəmirsiniz.

- Elə isə niyə siz Stepanakerti (Xankəndi – red.), mülki vətəndaşların yaşayış yerini atəşə tutursunuz?

- Artıq otuz ildir ki, bütün danışıqlar heç bir nəticə vermədi. İnsanlar müharibəyə getməyə məcbur oldular. Azərbaycan indi bir şey istəyir ki, onun işğal olunmuş əraziləri ermənilər tərəfindən boşaldılsın. Siz özünüz bayaq dediniz ki, Paşinyanın oğlu müharibədə döyüşmək üçün Qarabağa gedib. Siz özünüz deyin, Azərbaycanlılar bunu necə başa düşməlidir? Gəlin bir anlıq təsəvvür edək ki, Rusiya başqa bir ölkə ilə müharibə aparır. Onun ərazisi işğal olunur. Və bu ərazidə müharibə etmək üçün qarşı tərəfin baş naziri öz oğlunu göndərir. Siz özünüz buna necə münasibət bəsləyirsiniz? Heç olmasa bir az obyektiv olun.

Tərcümə etdi: Samirə Ə.

# 5178 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #