Kulis.az tibb üzrə fəlsəfə doktoru Vasif İsmayılla pandemiya mövzusunda müsahibəni təqdim edir.
- Vasif həkim, hal-hazırda ölkə olaraq koronavirus pandemiyasının hansı mərhələsindəyik?
- Azərbaycan haqqında danışanda epidemiya sözündən istifadə etməliyik. Hal-hazırda Azərbaycanda epidemiyanın zirvəsindəyik. Bu da o deməkdir ki, gündəlik yoluxma sayı gedərək artdı. İndi isə artmır. Orta vəziyyətdədir. Eyni zamanda isə yoluxma sayı hələ aşağı da düşmür. Bundan sonra iki hal mümkündür. Ya yoluxma sayı gedərək artacaq. Bu da o deməkdir ki, Azərbaycanda epidemiyaya müdaxilə yaxşı vəziyyətdə deyil. Ya da ki, getdikcə azalacaq. Bu da bizdə epidemoloji tədbirlərin faydalı olmağa başlamasından xəbər verir.
- Son günlər ölkə daxilində koronavirusa yoluxnların sayı üç, dörd min civarında olub. Ölüm halları qırx rəqəminin üzərindədir. Bu rəqəmlər Azərbaycan üçün nə dərəcədə faciəvidir?
- Hal-hazırda iki rəqəm daha vacibdir. Bir gündəlik yoluxma sayı, bir də aktiv xəstə sayı. Gündəlik yoluxma sayının artıq artmaması yaxşıdır. Ancaq yenə də aktiv xəstə sayı artdığı üçün vəziyyət kifayət qədər çətindir. Çünki Azərbaycanda xəstəxanalar ancaq müəyyən sayda insana xidmət göstərə bilər. Gündəlik aktiv yoluxma sayı bu qədər çoxdursa, deməli vəziyyət həqiqətən də pisdir. Məsələ o zaman düzələcək ki, gündəlik yoluxma sayı, sağalanların sayından az olsun.
- Bizdə hal-hazırda ən ciddi problemlərdən biri odur ki, xəstəxanalarda yer yoxdu, adamlar evdə müalicəyə üstünlük verirlər. Ən sadə dərmanlar belə apteklərdə tapılmır. Bu haqda nə deyə bilərsiniz?
- Tamamilə haqlısınız. Aktiv xəstə sayı çox olduğu üçün səhiyyə sistemi artıq insanlara qulluq, dərman təminatı məsələlərində çatdırmır. Bizim elə qorxduğumuz belə şeylər idi, onlar da başımıza gəlir. Sual yarana bilər ki, daha da qorxulu şeylər baş verə bilərmi? Bəli ola bilər. Ona görə də bunların qarşısını almaq üçün müəyyən tədbirlər görülür.
- Sizcə, tətbiq olunan sərt karantin rejimi yoluxma sayına nə dərəcədə təsir göstərəcək?
- Nəzərinizə çatdırım ki, bizdə bundan əvvəl də sərt karantin rejimi olmuşdu. Bu da yoluxmuş insan sayını xeyli aşağı saldı. Yəni effektiv oldu. İndi də düşünürəm ki, biz sms-lə küçəyə çıxma qaydalarına heç olmasa əvvəlki şəkildə əməl etsək, yoluxan insanların sayı əvvəkli kimi azalacaq.
- Vaksinlər barədə nə deyə bilərsiniz? Mutasyon xarakterli virusa vaksinlər vasitəsi ilə təsir etmə, zərərsizləşdirmə sizə nə qədər real görünür?
- Bu retrovirus ailəsinə qarşı indiyə qədər təbabətdə çox da təsirli bir peyvənd hazırlanmayıb. Zökəm və qrip əleyhinə peyvənd var, tətbiq olunur, kifayət qədər də effektli olduğu söylənilir. MDB ölkə rəhbərlərinin onlayn toplantısında Azərbaycan prezidentinin dediyi kimi, Azərbaycanda peyvənd tətbiqi 2021-ci ilin ilk ayından başlanacaq. Bu da o deməkdir ki, Azərbaycan bu peyvəndləri artıq hardansa sifariş edib. Tez-tez mutasiyaya uğrayan virusun yeni formasına qarşı da yeni peyvənd tətbiq olunacaq. Bu da o deməkdir ki, virus mutasiya olduqca, peyvəndlər də dəyişəcək, yenilənəcək və müntəzəm olaraq iki ayda, altı ayda bir tətbiq olunacaq. Koronavirus peyvəndi il ərzində bir neçə dəfə vurulacaq. Bu, digər peyvəndlərə oxşamır. Və gözlənilən odur ki, uzun müddət belə olacaq.
- Ölüm hallarında risk faktoru hansı xəstəliyi olan xəstələrdir. Koronavirusun pisləşməsi və ölüm faktına gətirib çıxarması özünü necə büruzə verir?
- Koronovirusdan ölüm çox pis və əziyyətli olur. Sadəcə olaraq, vətəndaşlar bu cür ölüm hallarını gözləri ilə görmədikləri üçün bunu digər ölümlərə oxşadırlar. Amma elə deyil. Bu, çox əzablı ölümdür. Sözsüz ki, xroniki xəstəliyi, şəkər xəstəsi, yüksək qan təzyiqi, artıq çəkisi olan insanlarda ölüm riski yuxarıdır. Amma ölümü müəyyənləşdirən birinci faktor virus yüküdür. Əgər insana çox virus yüklənərsə, çox sağlam insan da ölə bilər. Əksinə, riski çox olan insana az virus düşərsə, insan bu xəstəlikdən sağalar.
Azərbaycan pandemiya müddətində dünyanın mədəni ölkələrin göstərdiyi nəticələri göstərdi. Sadəcə olaraq səhiyyə sistemi xeyli yükləndi, bir qrup insana xidmət göstərə bilmədi. Buna görə insanlar əziyyət çəkir, həyatlarını itirirlər. Bu baxımdan vəziyyətimiz bir az pisdir.
- Belə bir fikir var ki, dünya bu virusla yavaş-yavaş üzülüşür, biz isə hələ də ilişib qalmışıq.
- Belə bir söhbət yoxdur. Dünya bu virusda nə qədər ilişib qalıbsa, biz də o qədər qalmışıq.