Səməd Vurğunu bütə çevirən ağzısöyüşlülər

Səməd Vurğunu bütə çevirən ağzısöyüşlülər
4 mart 2020
# 12:14

Yadıma gəlir bir dəfə çox məşhur, yaşı xeyli irəliləmiş rejissorlardan biri ilə görüşüb söhbət edirdik. Söhbət hərlənib-fırlanıb Azərbaycan poeziyası üzərinə gələndə məlum oldu ki, qarşımda müxtəlif titulları, yüksək adları olan, yaşı altmışı çoxdan adlamış bu sənət adamının Azərbaycan poeziyası adına oxuduğu ən son şair Bəxtiyar Vahabzadədir.

Nəzərə alsaq ki, Bəxtiyar Vahabzadə 11 il əvvəl dünyasını dəyişib və ondan əvvəl də, ondan sonra da Azərbaycan ədəbiyyatında şeiriyyət adına nə qədər yeni imzalar gəlib, gəlməkdə də davam edir, onda mənzərə təxminən aydın olacaq. Sənət adamlarımızın biliyi bu qədərdirsə, sıradan, sadə insanların müasir şeir barədə düşüncəsindən danışmağa dəyməz.

Sıradan insanlar daha çox televiziya və radiodan məşhur yazıçı və şairlərimizin adını eşidib, bir, iki şeirinə qulaq asıb, adlarını əzbərləyiblər.

İllərdir ayaq döydüyüm böyük bir kitabxana var. Kitabxanaya hər yaşdan oxucu gəlir. İnanın səmimiyyətimə, on beş ildən çox getdiyim bu kitabxanada hələ bir nəfəri sovet şairlərinin kitabını istəyən görməmişəm. Çox nadir hallarda orta məktəb şagirdləri dərs vəsaiti kimi bu kitabları götürüb lazım olan şeiri əzbərləyib yenidən geri qaytarıblar.

Ötən həftə gənc şair Şəhriyar del Geraninin AzTV-dəki “Görüş yeri” verilişində işlətdiyi fikirlərdən sonra onu təhqir edən adamlar sovet şairlərindən, o cümlədən Səməd Vurğundan xəbəri olmayan adamlardılar.

Şəhriyarın təhqir olunmasına səbəb isə onun Səməd Vurğunun bütləşdirilməsinin əleyhinə çıxmasıdır. Şair öz çıxışında ərz edir ki, Mikayıl Müşfiq haqqında hazırlanan nitqin əvvəlində əli Müşfiqin qanına bulanmış, onun ölümünə səbəb olmuş sovet ideologiyasına xidmət edən, bu ideologiyanı mədh edən Səməd Vurğunun adı çəkilməməlidir.

Şəhriyar bu məsələdə haqlıdırmı? Əlbəttə, haqlıdır!

Əvvəla onu deyim ki, prinsipial baxımdan Müşfiqin yanlında çəkiləcək ad Səməd Vurğun deyil. Hüseyn Cavid, Əhməd Cavad, Yusif Vəzir Çəmənzəmənli, Almas İldırım, Cəfər Cabbarlıdır... Onlar da aşağı-yuxarı Müşfiq taleyi yaşayıb, Müşfiq kimi ötən əsrin bəlalarına tuş gəliblər.

Səməd Vurğunun adı Rəsul Rza ilə çəkilə bilər.

Səməd Vurğun şəksiz ki, gözəl şair və böyük istedad sahibi olub. Amma o, Müşfiqi qətl edən, Hüseyn Cavidin qanına susayan sovet ideologiyasının yanında olub, dövrün rəhbərlərini mədh edib.

Müstəqillik illərində bu məsələlər haqlı olaraq nə qədər aktuallaşsa da, nə qədər yazılsa da adamlar həqiəti görmək və qəbul etmək istəmirlər. Bu adamlar bir tərəfdən Müşfiq haqqında çəkilən filmlərə baxıb ağlayır, digər tərəfdən Şəhriyarın təhqirsiz, söyüşsüz, mədəni şəkildə dediyi fikrə qəzəblənir, onu söyürlər.

Ümumiyyətlə, biz şairimizi, yazıçımızı, aktyorumuzu, müğənnimizi bütləşdirmək sevdasından əl çəkə bilmirik. Eynən sovet dövründəki kimi…

Uzağa getmirəm, elə kulis.az saytında biz müəlliflər dəfələrlə belə məsələlərdə haqsız qınaqlara tuş gəlirik. Misal üçün, tanınmış bir adam haqda istənilən acı həqiqəti (içki içirdi, ailəsindən ayrılmışdı, həmkarları ilə intriqalar aparırdı və s.) yazırıqsa, dərhal əvvəlcə onun övladları, daha sonra isə əxlaq dəllalları hücuma keçirlər. Bu adamlar kor-koranə sübut etməyə çalışırlar ki, haqqında bəhs olunan sənətkar, ümumiyyətlə bütün həyatı boyu sufi həyatı keçirib, ideal adam olub, bir zənən xeylağına gözünün ucuyla baxmayıb.

Guya biz həmin sənətkarı bizə dərs keçən, bizi təhqir edən adamlardan az tanıyır, onlardan daha az sevirik.

Belə təhqiramiz hücumların, təhqirlərin bir adı var - cəhalət!

Cahil insanlar bütləşdirməyə meylli olurlar.

Bütün isə heç kəsə xeyri dəymir.

Bütə çevrilən şəxsin özünə belə…

# 13195 dəfə oxunub

Müəllifin son yazıları

# # #