Tez öləcəyini bilən məşhur sovet rejissoru baxıcı Vanqa ilə niyə görüşmüşdü?

Tez öləcəyini bilən məşhur sovet rejissoru baxıcı Vanqa ilə niyə görüşmüşdü?
20 noyabr 2022
# 17:00

Uğurlar və qadağalar...

Larisa Şepitko 1938-ci il yanvarın 6-da Ukraynanın Artemov şəhərində dünyaya gəlmişdi. Onun atası əslən fars olub, uzun müddət hərb sahəsində fəaliyyət göstərib. Anası isə orta məktəb müəlliməsi idi. Bir müddət sonra Larisanın atası ilə anası ayrılırlar. İki qız və bir oğlunu təkbaşına böyütməyə məhkum olan ananın çətinliklərini görən Larisa onları tərk etdiyi üçün atasını bağışlamır və onunla ömrünün sonuna qədər heç vaxt görüşmür.

Orta məktəbi Lvov şəhərində bitirən Larisa tezliklə Moskvaya gəlib sənədlərini Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinə verir. 1955-ci ildə o, artıq həmin universitetin tələbəsi adını qazanır. Sonra o, yaşamaq üçün yerli yataqxanalardan birində məskunlaşır. Nədənsə sonralar onun haqqında yüksək təbəqədən olan insanlarla qohumluq əlaqələrinin olması barədə şayiələr gəzsə də, həmin insanların kim olması heç vaxt məlum olmur.

Haqqında gəzən söz-söhbətlərə baxmayaraq onu yaxından tanıyanların dediyinə görə Larisa özünü çox ciddi, sadə və əsl əyalət adamı kimi aparır. Universitetdə Larisa ən cazibədar tələbələrdən biri hesab olunur. Müəllim və tələbələr onun qulluğunda durmaqdan ötrü canfəşanlıq etsələr də, o, onların heç birinə cavab vermir.

Larisanın rejissor kimi ilk işi Çingiz Aytmatovun “Dəvə gözü” povesti əsasında çəkilmiş “Bürkü” filmi olur. Həmin filmi o, 1962-ci ildə Qırğızıstan çöllərində lentə alır.


Elem Klimovla kəsişən yollar...


Deyilənlərə görə filmin çəkilişləri zamanı onun səhhətində ciddi narahatlıqlar yaranır. Onsuz da arıq və solğun görünən rejissor çəkiliş zamanı daha da əldən düşür. İsti, susuzluq və tozlu hava şəraiti onu xəstələndirir. Film bitən kimi Larisa birbaşa xəstəxanaya gedir. Elə xəstəxanada yatdığı müddətdə o, gələcək həyat yoldaşı olacaq rejissorluq fakültəsinin tələbəsi, Elem Klimovla tanış olur. Klimovun sözlərinə görə o, hələ Larisanı universitetdə ilk gördüyü vaxtlardan ona aşiq olsa da, Larisa onun sevgi mesajlarını kobud şəkildə rədd edir. Sonralar isə onlar bir-birlərini görmürlər. Lakin, filmin çəkilişlərinin sonunda yaranan çətinlikləri aradan qaldırmaq üçün Larisanın dadına məhz Klimov çatır. Elə həmin ərəfədə də onların sevgisi başlanır.

Larisa bir müddət məşhur rejissor Andrey Tarkovskinin yanında rejissor assisenti kimi fəaliyyət göstərir.

“Bürkü” filmi rejissorun ilk işi kimi çox böyük uğur qazanır. Şepitko 1964-cü ildə Santk-Peterburq və Karlovı Varı şəhərlərində keçirilən ən yüksək beynəlxalq mükafatlarla təltif olunur. Daha sonra o, “Qırğız kinosunun ustası” adına da layiq görülür.

1963-cü ilin qış ayında isə Klimov Larisaya evlənmək təklifi edir. Təklifinə nə cavab verəcəyini gözləyərkən Larisa ondan soruşur. “Sən məni sıxışdırmayacaqsan? Axı biz ikimiz də rejissoruq.” Klimov isə ona sənəti ilə bağlı heç bir qadağa, məhdudiyyət qoymayacağına söz verir.

Onun növbəti filmi 1965-ci ildə çəkdiyi “Qanadlar” filmi olur. Film qırx yaşlı, müharibədə iştirak etmiş təyyarəçi Nadejda Petruxinadan bəhs edir. Həqiqət tərəfdarı olan həmin qadını öz qızı və dostları dalana sıxışdırırlar.

“Qanadlar” filminin ekranlara çıxması üçün müəyyən senzuralar qoyulsa da, sonradan film rus kinomatoqrafiyasının yaxşı filmləri siyahısında yer tutur. Baş rolun ifaçısı aktrisa Maya Bulkakovanın filmoqrafiyasında isə önəmli filmlərdən biri olur.

1970-ci ildə Larisa Şepitko Qennadi Şpalikovun ssenarisi əsasında “Sən və mən” filminin çəkilişlərinə başlayır. Çəkilişləri bitən kimi filmin müəyyən hissəsi bir çox yüksək rütbəli məmurların narazılığına səbəb olduğundan qayçılanır. Lakin tənqidçilərin dediklərinə görə “Güzgü” filmi Tarkovskinin yaradıcılığında önəmli yer tutduğu kimi “Sən və mən” filmi də Larisa Şepitkonun yaradıcılığında önəmli film hesab olunur.

Həyat yoldaşı rejissor Elem Klimovla iş birliyinə o, 70-ci illərin əvvəllərindən başlayır. Bir neçə filmdə aktrisa kimi də özünü sınayır.

Larisa Şepitkonun ailə dolanışığı o qədər də ürəkaçan olmayıb. O, həmişə pul sarıdan korluq çəkib. Filmlərinin çəkilişi zamanı isə çəkiliş bitdikdən sonra film heyəti ilə birlikdə veriləcək qonorarı gözləməli olub.

1973-cü ildə Klimov nəhayət ki, Qriqori Rasputinin həyatından bəhs edən filmin çəkilişlərini başlamaq üçün icazə alır. Lakin, film ilk baxışda dayandırılır və ləğv olunur.

Ana olmaq uğrunda mübarizə...


Larisa otuz beş yaşında ana olmaq qərarına gəlir. Hamiləliyinin ilkin zamanında o, evinin dəhlizində sürüşərək yıxılır və başı istilik sisteminin dəmirinə dəyir. Onu beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya aparırlar. Lakin sonradan məlum olur ki, onun onurğasında da güclü zədələnmə olub. Oğlu Antonun doğulduğu günə qədər yataq şəraitində olan rejissor bir müddət yaradıcılıqdan uzaqlaşmalı olur.

1974-cü ildə Larisa Şepitko Əməkdar incəsənət xadimi adı ilə təltif olunur. 1975-ci ildə o, yenidən kino yaradıcılığına geri dönür.


Larisa Şepitko 1976-cı ilə ona ən çox məşhurluq gətirən “Yüksəliş” filminin çəkilişlərini bitirir. Müharibənin ağrı acılarından, insanların mənəvi aləmindən bəhs edən film rejissora həm ölkə daxilində, həm də beynəlxalq kino aləmində çox böyük uğurlar qazandırır. O, “Berlin film festival”ında “Qızıl ayı” mükafatına layiq görülür.

Elem Klimov xatirələrində qeyd edir: “Həmin filmdən sonra Larisa çox məşhurlaşır. O ərəfədə isə mənim “Get və bax” filmimə müəyyən qadağalar tətbiq edilirdi. Larisadan fərqli olaraq mən daima fikirli və psixolji gərginlikdəydim. O, tez-tez başqa ölkələrə səfər edirdi. Gözəl sözlər isə onu yağış kimi qarşılayırdı. Mənim daxilimdə qısqanclıq qorxusu yaranmışdı ki birdən kimsə onu məndən alar. Bilirdim ki, bu mümkün deyil, amma yenə də özümlə bacarmırdım. Elə həmin vaxtlar da bizim münasibətlərimizdə müəyyən gərginliklər yaşandı. Hətta mən bir müddət evdən çıxıb getdim. O, elə bilirdi ki, mənim başqa bir qadınım var və onunla yaşayıram. Əslində isə dostum Viktor Merejkonun evində yaşayırdım. Bu barədə isə Larisa heç nə bilmədi. Nədənsə sonralar mən də heç nə demədim. Mən öz hisslərimi qaydasına salana qədər o səbr və müdrikliklə gözlədi.”


Ölüm çox yaxındadır...


Həmin filmdən sonra Larisada mistik fikirlər baş qaldırır. Bir çox yaxınları onun həmişə fikirli və kədərli olduğunu qeyd edirlər. O, özündə hansısa mistik qüvvənin formalaşdığını hesab edirmiş. Və bu mistikanı filmlə də əlaqələndirmək istəyir. 1979-cu ildə o yeni filminin çəkilişlərinə başlamağa qərar verir. Lakin çəkilişlərdən əvvəl o, baxıcı Vanqanın yanına getmək istəyir. Sonuncu müsahibələrinin birnidə “Ölüm çox yaxındadır” ifadəsini işlədən Larisanı Vanqanın yanına getməyə məcbur edən də həyatının sonuna dair bilmək istədikləri olur. Beləliklə o, ən yaxın rəfiqəsini dilə tutaraq Vanqanın qəbuluna yazılır.

Vanqa da ona ölümün yaxın olduğunu deyir. Dəqiq tarix açıqlamasa da o, 1979-cu ilin yayını onun üçün çox təhlükəli olacağını, açar olaraq isə “yay və avtomobil” sözlərini qeyd edir. Ən maraqlısı isə Larisanın baxıcının sözlərinə zərrə qədər də təəccüblənməməsi olur. Baxıcının yanından çıxan kimi Larisa rəfiqəsi ilə birbaşa kilsəyə gedir və orda rəfiqəsinə and içdirir ki, onun ölümündən sonra yeganə oğlu Antonu heç vaxt yalnız buraxmayıb onun qayğısına qalacaq.

2 İyul 1979-cu ildə sübh tezdəndən Elem Klimov dəhşətli qışıqırıqla yuxudan oyanır. O, yuxusunda Larisanın qara “Volqa” markalı avtomobildə qəzaya düşdüyünü görür.

Əslində isə elə həmin saatlarda Laisa Şepitkonun çəkiliş qrupu ilə əyləşdiyi qara “Volqa” yük maşını ilə toqquşur. Başından zərbə alan Larisa həyatını itirir.

Onun ölümündən sonra Elem Klimov Larsanın yarımçıq qalmış “Matera” filmini tamamlayır. Daha sonra isə Larisaya həsr olunmuş “Əlvida” filmini çəkir.


# 7952 dəfə oxunub

Müəllifin son yazıları

# # #