Prezidentliyə namizəd evdən çıxarkən əynində…

Prezidentliyə namizəd evdən çıxarkən əynində…
11 sentyabr 2013
# 07:30

Elə tip adamlar var ki, psixi naxoşluqları olduğunu dərhal bilirsən. Elələri də var, uzun müddət bilmirsən, sözü hərləyib-fırlayırsan və axırda başa düşürsən ki, bu səni dolamır və dediklərinin hamısı səmimidir.

Qonağım ikinci tipdən idi. Oturmuşdu iş masamın qabağındakı kresloda, danışırdı. O, söhbətinə özünü “Universitetin müəllimi Əhmədov” kimi təqdim edərək başladı, amma universitetləri bol olan məmləkətin hansı universitetində dərs dediyini qeyd etmədi. Əslində, aydın idi, əsas universitetdə dərs deyənlər hələ də o biri universitetləri 15-20 il qabaq olduğu kimi “institut” sayırlar. Üstəlik, Əhmədovun xarici görünüşü onun gerçəkdən də müəllim olmasından xəbər verirdi. Adam professora oxşayırdı. Ağ və geriyə daranmış saçlar, eynək, savadlı danışıq. Əhmədovun yaddaşı çox güclüydü, 12 il əvvəl yazdığım bir yazının üç-dörd abzasını dalbadal söylədi. Açığı, gerçəkdən də belə bir yazı yazdığıma şübhə edirdim. Mənim durumum təxminən idman şərhçisi tərəfindən beş-altı il öncə vurduğu qolu xatırlaması tələb edilən Messinin durumuna oxşayırdı. O yazıq necə xatırlasın, son 7-8 ildə yüzlərlə qol vurub. Mən də eləcə, necə xatırlayım – son 15 ildə yüzlərlə o cür yazı yazmışam. Duruxub qalmışdım. Axırda Əhmədov bir cümləmi xatırladı. O cümləni mənə çox xatırlatmışdılar və ifadənin müəlliflik hüququ yüzdəyüz özümə məxsus idi.

-Yazmışdın ki, filankəs heç vaxt yaralı barmağa ilk tibbi yardım göstərməyib, - Əhmədov bunu dedi və güldü, bununla da situasiyanı xilas etdi.

Dərhal sözü həmin filankəsin üstünə yönəltdim, məramım o idi ki, dar dalandan prospektə çıxaq. Dedim, o heç, o vaxt yeri gəlmişdi, elə bir şey yazmışdım.

Bu yerdə Əhmədovun üzü ciddiləşdi, mənə diqqətlə, lazer şüası kimi dəlici, deşici baxışlarla baxa-baxa dedi:

- Əslində insanların hamısı dəlidir.

Əlbəttə, mən son illərdə həmsöhbətlərimlə mümkün qədər dil tapmağa çalışan, mübahisələrdən qaçmağa çalışan bir qələm adamı kimi Əhmədovla höcətləşməmək, eyni zamanda bütün bəşəriyyətə ünvanlanan bu ağır ittihamla razılaşmamaq üçün azca düşündüm. Elə düşünə-düşünə də:

- Hamısı? – deyə soruşdum.

Görünür, Əhmədov da iki saniyə əvvəlki sözünün üstündə durub “hamısı” deməkdən çəkindi, nəzərə aldı ki, ən azı iki ağıllı adam (özü və mən) üzbəüz sohbət edir. Əhmədov dedi:

- Çoxu.

Bu, başqa məsələ. “Çoxu”yla razılaşmaq olardı. Razılaşdım, ancaq niyəsini də soruşdum. Əhmədov dedi:

- Ona görə ki, xeyirlərini başa düşmürlər. Onları kimin idarə edib firavanlığa qovuşduracağını anlamırlar.

Bu, artıq yeni istiqamət idi. Ortada nəsə yekə bir siyasi ambisiya vardı. Görək mabədi necə gələcəkdi.

Bəzən adamları danışdırmaq üçün sual verməyə ehtiyac olmur, eləcə sualedici nəzərlərlə üzlərinə baxırsan, özləri danışır. Müəllimə o cür baxdım ki, o, ölkəni idarə edəcəyi təqdirdə xalqı xoşbəxt edəcək adamın adını çəksin. Hərçənd dalağım sancdı ki, bu adam onun özü olacaq. Əhmədov məni çox intizarda qoymadan davam etdi:

- Mənim əla, hərtərəfli konsepsiyalarım var. Təhsili necə qaldırmaq olar, səhiyyəni necə dirçəltmək olar, iqtisadiyyatı necə inkişaf etdirmək olar – hamısını elmi surətdə əsaslandıraraq sənədlər hazırlamışam. Bu, işin nəzəri tərəfidir. Amma bunları praktiki cəhətdən yalnız özüm həyata keçirə bilərəm. Əgər prezident, ən azı baş nazir olsam, bunların hamısını reallaşdıraram.

Maraqlıydı. Əslində mənim “ən azı baş nazir olmaq” istəyən şəxsə o cür sual verməyim düz çıxmazdı, amma yenə də özümü saxlaya bilmədim, dedim:

- Müəllim, bu konsepsiyalarınızı həyata keçirmək üçün müxalifət partiyalarının liderləri ilə görüşmüsünüzmü? Onlar...

Əhmədov sözümü kəsdi:

- Yox, bir dəfə yas yerində rastlaşdıq, söhbət elədik, bu konsepsiyalarım barədə onlara dedim, biri vardı, dedi ki, ağsaqqal, bu konsepsiyalardan bizdə bir çamadan var. Amma səni əmin edirəm ki, onlardakı konsepsiyalar məndəkinin tayı ola bilməz. O müxalifət liderləri dövlət idarəetməsinə dair Şərq və Qərb fəlsəfəsini bilmirlər.

Bu yerdə o, Allah tərəfi, Hegeldən, Heraklitdən, Perikldən, Adam Smitdən başlayaraq Semuel Hantinqtona, Frensis Fukuyamaya qədər xeyli mütəfəkkirin adını çəkdi, dövlətin və cəmiyyətin necə idarə edilməsinə dair dərin nəzəri biliklərə malik olduğunu göstərdi.

- Onda iqtidara müraciət edəydiniz.

Əhmədov hirslə əlini yellədi, dedi, onların qapısından içəri girmək mümkün deyil.

Onun söhbətindən belə anlaşıldı ki, o, bu niyyətlə bir dəfə hakim partiyanın qərargahında olub, qəbula düşmək istəyib, məqsədini qapıda duran polislərə, bir də hansısa şöbənin referentinə danışıb, amma onlar axırda onu dəlixanaya göndərməklə hədələyərək qərargahdan qovublar. Elə başqa qəzetlərdə də onu dinləmirlər, ağlının yerində olmadığından şübhələnilər, yeganə mən sağ olum ki, ona qulaq asıram.

Bu tərif məni bir az neytrallaşdırdı, yoxsa az qala ona özünü həkimə göstərməsini tövsiyə edəcəkdim. Amma ürəyimdə fikirləşirdim ki, müəllim, indi necə edim, səni ən azı baş nazir təyin etmək səlahiyyətim yoxdur axı.

Belə düşünə-düşünə başqa söz dedim:

- Ona görə bu gündəyik də. Heç vaxt ağıllı adamlardan, intellektuallardan istifadə etmirik. Amerikada olsaydınız, indi, kim bilir, haralardaydınız.

Əhmədovun gözlərindən elə bir ifadə keçdi ki, yaşlı adamlar onu adətən “Ay, Allah atana rəhmət eləsin” deyə ifadə edirlər.

- Düzdür! Çox düz deyirsən. Bu məsələdə Amerikanın bəxti gətirmədi.

Amerikanın? Yenə heç bir sual vermədən, eləcə sualedici nəzərlərlə baxmaq fəndi karıma gəldi. Əhmədov davam etdi:

- Araşdırmışam, mən Amerikada doğulmadığım üçün onların prezidenti ola bilmərəm. Hətta gəmidə doğulanlar prezident ola bilməzlər, gərək torpaqda doğulsunlar. Yoxsa məndən qabaq Şvartsnegger prezident olacaqdı. Əgər mən 15-20 il əvvəl Amerikaya köçsəydim, yəqin ki, ən azı hansısa ştatın qubernatoru olacaqdım. Amma prezident olmağa qoymayacaqdılar.

Söz bu məqama çatanda çalışdım ki, elə söz deyim, ağsaqqal adam onu doladığım barədə yanlış gümana düşməsin. Gerçəkdən də maraqlıydı, bir azərbaycanlı müəllim Amerika boyda dövləti necə idarə edərdi. Soruşdum:

- Müəllim, işdir, əgər ABŞ prezidenti olsaydınız, bu ölkənin xarici siyasətini necə aparardınız? Bu saat dünyada hamı bundan danışır...

Əhmədov mənə çəpəki baxdı, sanki dəqiqləşdirmək istəyirdi ki, onun o boyda dövlətin xarici siyasətini düzgün yeridəcəyinə şübhəm var, yoxsa bunu sözgəlişi soruşuram. Ancaq o, əlavə sual vermədi, sırf amerikalı diplomatlar kimi sözə soyuqqanlı başladı:

- Sizin yanaşmanız hipotetik səciyyə daşıyır. Mən əslində bu suala cavab verməli deyiləm. Çünki o vəzifəni faktiki olaraq mən tutmuram və məsuliyyət mənim üzərimdə deyil. - Ancaq birdən o, elə bil, həmin məsuliyyətin altına girdi: - Bununla belə, mən indiki prezident kimi zəif olmazdım. Diktatorların hamısına vaxt verərdim, doğru-düzgün seçki keçirmələrini tələb edərdim. Əgər kimsə öz ölkəsində qanuni seçki keçirməzdisə, iki dənə “tomoqavk”ı salardım təpəsinə, deyərdim, dur burda.

Heç gözləmədiyim halda Əhmədov düzgün seçki keçirməyən diktatorlara və onların qabağınca gedən ABŞ prezidentinə çox hirsləndi, dedi ki, məhz onların üzündən ölkələrdə dəyişiklik baş vermir və onun kimi adamlar hakimiyyətə gələrək öz xalqlarını xoşbəxt edə bilmirlər.

Həmsöhbətimi sakitləşdirmək bir az çətin oldu. O, arada digər qüdrətli dövlətlərin rəhbərlərinin ünvanına da ağır sözlər işlətdi. Düzü, mən bütün bu söyüşləri “ABŞ-ın hansısa ştatının qubernatoru ola biləsi” adama, özünü şəffaf seçkilər keçiriləcəyi təqdirdə ölkə prezidenti, ən azı baş naziri vəzifəsini tutmağa layiq bilən şəxsə yaraşdırmadım. O da səhvini başa düşdü, dedi ki, bəşəriyyətin taleyindən söhbət gedəndə arada özündən çıxmağı olur.

Artıq məsələ xeyli dərəcədə aydın idi. Qarşımdakı adam “Amerikanın hansısa ştatının qubernatoru” yox, adicə, oxumaqdan, düşünməkdən, xalqın dərdini çəkməkdən qafasını xülyalara qapdırmış bir ziyalıydı.

Sifətimə “sizə necə köməyim dəyə bilər” ifadəsi verdim. Əhmədov ifadəni oxudu:

- İstəyirəm mənim konsepsiya və niyyətim barədə geniş, “ardı var” qrifi ilə qəzetdə yazasınız. Qoy, xalq oxusun, görsün ki, mən onu idarə etsəm, xoşbəxt olar, ağ günə çıxar. Xalq israr etsə, təkid göstərsə, mən bu vəzifəni boynuma götürə bilərəm. Hər kəsin işi-gücü, evi-eşiyi, hətta cipi olar. Çox yox, altı ilə mən bütün problemləri həll edərəm.

- Altı il? – soruşdum. Sanki onun beş il prezident olması məndən asılıydı, amma vəzifədə 1 il artıq qalması problem yaradır. - Belə başa düşdüm ki, sizə də ən azı iki müddət prezidentlik lazımdır, - deyə ciddi-ciddi əlavə etdim.

- Əlbəttə ki, - Əhmədov razılaşdı, - iki müddətdən az olmaz. Proqramlarım yarımçıq qala bilər. Öz yerimə kimi qoyum ki, konsepsiyalarımı həyata keçirsin, nəinki o biri siyasətçilərə, heç öz komandama da etibarım yoxdur.

Öz komandası da varmış, amma etibar etmirmiş. Neynəsin? İndi kimə etibar var?

“Bunu necə yola salmalı” ifadəsinin sifətimdə əks olunmamasına çalışa-çalışa, düşündüm, düşündüm, axırda dedim ki, müəllim, hazırda baş redaktorumuz şəhərdə yoxdur, gələn həftə olacaq, bu cür məsələləri də yalnız o, həll edir, ancaq yaxşı olar ki, siz prezident seçkiləri ilində müraciət edəsiniz, o zaman sizin təbliğatınızı qura, sizi xalqa xilaskar kimi təqdim edə bilərik. “Qədirbilən xalqımız xilaskarları qiymətləndirir”, - deyə söhbətə nöqtə qoymağa çalışdım.

“Potensial prezident” bir az da ideal dövlət idarəçiliyi barədə danışdı, Cənubi Koreyanın uğurlarını təkrarlamağın əslində çox asan olduğunu vurğuladı – bütün reseptlər onun konsepsiyasında varmış. Ancaq arada nəyə görəsə Fidel Kastronu da təriflədi. Axırda onu getməyə razı sala bildim. Əhmədov qapıdan çıxanda növbəti dəfə gələrkən konsepsiyalarını özüylə gətirəcəyini vəd etdi: “Mütləq, gətirərəm, verərəm çap edərsiniz”.

Düz iki ay hər həftənin birinci günləri gözləyirdim ki, “prezident”im gələcək və öz konsepsiyalarını gətirəcək. Amma o, gəlib çıxmırdı. Bir gün onu yerli televiziyanın xəbərlər bülleteninin sonunda göstərdilər. Üç telefon nömrəsi verilmişdi. Qeyd olunurdu ki, 65 yaşlı Mirseyfəl Əhmədov iki gün öncə evdən çıxıb geri qayıtmayıb. Psixi problemləri var. Evdən çıxarkən əynində qara kostyum, ağ köynək, ayağında qəhvəyi ayaqqabı, qoltuğunda göy qovluq olub. İtkinin yerini xəbər verənlərə pul mükafatı vəd olunurdu.

Bu, o idi, konsepsiyalarını göy qovluqda götürüb harasa getmişdi. Bəlkə də Maştağaya aparmışdılar, bəlkə də özü inkişaf etmək istəyən ölkələrin hansınasa yollanmışdı - ən azı baş nazir olmaq ümidiylə.

# 4498 dəfə oxunub

Müəllifin son yazıları

# # #