#

Oğul “İnfiniti”ni əzdi, ata təzəsini aldı

Oğul “İnfiniti”ni əzdi, ata təzəsini aldı
7 dekabr 2012
# 11:50

Qayğıkeş atanın bəxşişi

Hadisə bir göz qırpımında baş verdi. VAZ-2107 markalı avtomobilin sürücüsü körpünün ətəyində baş yola çıxandan beş saniyə sonra heç bilmədi, onu harasından, kim və necə vurdu, bircə onu gördü ki, maşın əlindən çıxıb və yolun kənarındakı dəmirlərə çırpıla-çırpıla gedir. Yazıq sürücü heç “Allah, kömək ol” da deyə bilmədi və əslində bu vəziyyətdə o xitabın heç bir köməyi olmayacaqdı. Zərbə çox qüvvətliydi. Nəticədə “07”-nin sağ böyrü cırıq-cırıq oldu və sağ yan cırılıb qurtarandan sonra maşının dəmiri yol hasarının dəmirinə ilişdi, bu dəfə maşın yerində çevrilib, sol böyrünü becərdi, axırda da ehmalca solunu yerə qoydu.

Cığıltı-vığıltı səsi bir-birinə qarışdı. Ona arxadan çırpılan avtomobil son model “İnfiniti” idi və o da toqquşmadan salamat qurtarmadı. “Jiquli”yə dəyməzdən öncə birtərəfli yolda təxminən 30 metr asfaltı cıra-cıra, qıcırtılı əyləc səsi yaya-yaya, özündən yüz metr öndə gedən, bir o qədər də geridən gələn avtomobillərin sürücülərini möhkəm qorxudan maşın önündəki tünd göy rəngli maneəni vurub xurd-xəşil edəndən sonra özü də başının açarını itirdi və yüngül badalaq vurulmuş simulyant futbolçular kimi bir-iki dəfə aşaraq yumbalandı və lap axırda təkərlərinin üstündə durdu.

Klassik yol qəzası situasiyası yarandı. Öndə gedən avtomobillərin sürücüləri güzgüdən arxaya baxaraq nə baş verdiyini gördülər, bir-ikisi sürüb geri-geri hadisə yerinə qayıtdılar, arxadan gələnlər isə bir-birinin dalınca düzüldülər və adamlar maşınlardan yerə töküldülər. Birincisi, onsuz da keçməyə yer yox idi, ikincisi, adamın özü düşmədiyi qəzalar tamaşa üçün çox maraqlı olur, üçüncüsü, şübhəsiz ki, tamaşaçıların içində yardımsevər insanlar da vardı. Məhz onlardan üç-dördü təkərlərinin ikisi göydə qalmış “07”-nin yanına, dörd-beşi də “İnfiniti”nin yanına qaçdılar. “07”-nin harayına qaçanların “Sağdır!” nidasının ardınca “İnfiniti”nin harayçıları da dilləndilər: “Bunlara da heş nə olmayıb!”

Qolu zorlu oğlanlar “07”-ni hərəkətin çıxış vəziyyətinə qaytardılar və əzilmiş qapını qanırıb, sürücünü – 50-55 yaşlı arıq kişini maşından çıxardılar. Ona heç nə olmamışdı, amma şokda idi, rəngi qaçmışdı, nə baş verdiyini kəsdirə bilmirdi, eləcə deyirdi, “dəən, məni daldan vurdular”.

“İnfiniti”dəkilər – 20-22 yaşlı oğlan və təxminən o yaşdakı qız da şokdaydı. Onlara da heç nə olmamışdı, hava yastığı hər ikisinin həyatını xilas etmişdi. Harayçılar onları yastıqdan aralayıb maşından çıxaranda qız həyəcandan ağlayırdı. Oğlan isə ölü rəngindəydi. O da nə baş verdiyini kəsdirə bilmirdi, eləcə deyirdi: “Qəfildən qabağıma çıxdı”.

Tərəflərin özlərinə gəlib bir-birinin üstünə cummasından təxminən dörd dəqiqə əvvəl arxadan gələnlərdən biri “İnfiniti”nin sürücüsünə dedi ki, qardaş, sən mənim yanımdan azı 160-la keçdin, o sürətə baxanda hələ çox yaxşı qurtarmısız.

O biri harayçılar və tamaşaçılar da təsdiqlədilər ki, möcüzə qurtuluşdur. Əzik-əzik olub yumağa dönmüş maşınlara baxanda bu sözdə həqiqət böyük idi. Hətta bir Anadolu türkü maşınların durumunu öz yanındakına məhz belə anlatdı: “Abi, bir bak, arabalar hurdaya dönmüş”.

“İnfiniti”nin sürücüsü darmacalda qanacaqlı tərpəndi, ağlayan qızı cəld yolun o tayına keçirib taksiyə otuzdurdu, yola saldı və tez hadisə yerinə qayıtdı.

Tamaşanın ən maraqlı yeri – qəzaya uğrayanların qarşılıqlı söyüşmələri, bir-birini günahlandırmaları və bir-birini vurmaq üçün çəkinib-dartınmaları səhnəsi başlandı. Bəzi tamaşaçılar bu maraqlı olayı mobil telefonları ilə lentə almaq üçün cihazlarını hazır hala gətirdilər. 07-nin sürücüsü arıq və yaşlı olsa da, çevik biri çıxdı: zərərçəkən olaraq o, daha çox atılıb-düşürdü. Əgər harayçılardan araya girən olmasaydı, onun atdığı kəllə “İnfiniti”nin gənc və totuq sürücüsünün ağız-burnunu “07”-nin dalının gününə qoyacaqdı. Ancaq ona imkan vermədilər. Ona görə də o öz maşınına tərəf qaçdı, güman ki, yaman günün yarağı kimi saxladığı və sürücülərin hamısının “montirovka” adlandırdığı, bu durumda dəlici-dağıdıcı alət kimi tövsif oluna biləcək lingi götürmək istəyirdi. Hər halda, onun maşına qaçışının tərzi onu göstərirdi. Qəzaya düşüb dalaşan sürücülərin hamısı ling və ya vintaçan götürmək üçün məhz elə qaçırlar. İkinci qaçış variantı yoxdur. Amma yuxarıda ərz olunduğu kimi, “07”-də arxa deyilən hissə yox idi, o üzdən lingin ələ keçirilməsi də mümkün olmadı. Bunu totuq sürücünün şanslılığına yazmaq olar. Çünki əlində ling və ya bıçaq olan adamın qarşısında harayçılıq edənlərin sayı kəskin şəkildə azalır. Bu səbəbdən, bəlkə də daha çox maşınının arxasının yoğrulmuş, türkün sözü, hurdaya dönmüş vəziyyətindən daha da aqressivləşən arıq sürücü yenidən “İnfiniti”nin sahibinə cumdu.

Sülhməramlı tamaşaçılar “ağsaqqal” deyə-deyə yenə onların arasına girdilər və şərq əlbəyaxa döyüş növlərinin qaydasız və qarışıq növlərinin istifadəsinə imkan vermədilər. Totuq oğlan da qabağından yeyənlərdən deyildi, deyirdi, alə, buraxın, gəlsin, görüm neyniyecey. Amma onun sözünə qulaq asan olmadı. Harayçıların hamısı bir ağızdan deyirdi ki, Allahınıza şükür edin ki, salamatçılıqdır. Təbii ki, maşını xurd-xəşil olmuş arıq sürücünün şükür etməli durumu yox idi. Ayağını yerdən üzən yeganə hərəkət vasitəsi minilməz haldaydı. Elə “İnfiniti” də minilməz görkəmdəydi, amma bu, gənc sürücünün vecinə deyildi.

Daha sonra müasir yol qəzasının mühüm səhnələrindən biri yarandı: tərəflər mobil telefonlarına əl atdılar. Onlar bir-birindən təxminən on metr aralıda, əsəbi şəkildə var-gəl edə-edə danışır, əslində qışqırırdılar. Yaşlı kişi güman ki, oğluna deyirdi:

- Adə, oğraşın biri daldan necə qoydusa, maşın ələgəlməz oldu ey... Özümə heç nə... Davay, gözdüyürəm.

Totuq sürücü də güman ki, böyük qardaşına qışqırırdı:

- Ala, oğraşın biri rezki çıxdı qabağıma, g...ünə necə qoydumsa cırıq-cırıq oldu maşın. ... Özümə ni sarapina... Ona da heç nə. Atdanıb-düşür burda. Davay, tez gəl.

Artıq davanın yenidən qızışması üçün daha bir ciddi səbəb vardı: səslənmiş söyüşlər. Arıq kişi telefonu söndürən kimi, “adə, şenok, sən kimə oğraş deyirsən” deyə totuq sürücünün üstünə cumdu. Harayçılar yenə araya girdilər. Gənc də ona “kazyol” dedi və təşəbbüsü ələ alaraq rəqibini şillələmək təşəbbüsü göstərdi. Harayçılar onun da qarşısını aldılar.

Kimsə təklif etdi ki, yol polisi gəlməmiş aradan çıxmaq lazımdır. Ancaq maşınlar aradan çıxası halda deyildilər. Arıq sürücü də qətiyyən razılaşmadı, dedi, yol polisi gəlməlidir, yoxsa bunlar adama pul ödəyən kopolu deyillər.

Əlbəttə ki, hadisənin onuncu dəqiqəsi tamam olmamış yol polisləri də gəlib çıxdılar. Kimsə şübhəsiz ki, onlara xəbər vermişdi. Yollarda tez-tez belə şüurlu və qanunpərəst vətəndaşlara rast gəlinir (hərçənd bəzən onlara “işverən” də deyirlər). Yol polislərinin qəza yerinə gəlməsi və narazı sifətlə tərəfləri dinləməsi müasir yol qəzasının mühüm görüntülərindən biridir. Onlar hadisə yerinin ilkin müayinəsini apardılar, daha sonra maşınlardan birini – “07”-ni yolun kənar hissəsinə sürüşdürdülər ki, nəqliyyatın intensivliyi bərpa olunsun.

Yol polisləri gələndən sonra harayçılara o qədər də ehtiyac olmadı. Tamaşaçılar seyrəldi. Çəkiliş aparanlar da telefonlarını qapadılar, öz maşınlarına oturub getdilər.

Tərəflərin köməyə çağırdığı əlavə qüvvələr gəlib çıxdı, bir az qarşılıqlı şəkildə xoxgəlmə epizodlarından sonra hamı sakitləşdi. Yol polisləri evakuator çağırdılar. Onlar da tez bir zamanda gəlib çıxdılar – yaxınlıqdaymışlar. Qəza iştirakçıları yol polisləri tərəfindən idarəyə dəvət edildilər.

İdarədə mübahisə yenə davam etdi. Heç kim özündə günah görmürdü. “İnfiniti”nin gənc sürücüsü məmur atasının adını çəkdi. “07”-nin sürücüsü televiziyada işləyən qardaşı oğlunu qabağa verdi. Yol polisləri odla su arasında qaldılar, nəhayət, qərara aldılar ki, “İnfiniti”nin yiyəsi “07”-nin sürücüsünə iki-üç min manat versin, o da gedib maşınını düzəltdirsin. Arıq sürücü əvvəlcə razılaşmadı, dedi, adə, onun düzəldiləsi bir şeyi qalıb bəyəm, o cür bir maşın alınmalıdır bazardan, yek kəlmə. Ancaq polis kapitanı ona üzünü bozartdı, dedi, kişi, Allahına şükür elə, sənin maşınının ən baha qiyməti min beş yüz manatdır, üç min verirlər, dinc-dinməz götür, uşağın yüz minlik maşını zay olub orda.

Arıq kişi mübahisəni davam etdirmək, “neynim, zay olub, mən onu vurmamışam ki... o məni vurub” demək istədi, amma qardaşoğlu əmisinə him elədi ki, hövsələ elə, yoxsa bunu da ala bilmərik.

Bir müddət də çək-çevir edəndən sonra tərəflər razılaşdılar və totuq gəncin böyük qardaşı üstündə gətirdiyi üç min manatı elə polislərin yanındaca sayıb arıq kişiyə verdi. Sonra onlar hərəsi bir masanın arxasında oturub hadisənin necə baş verməsi barədə ifadə yazdılar. Belə işlərdə təcrübəli yol polisinin diktəsi ilə qəza elə sənədləşdirildi ki, guya hadisə yoldan ehtiyatsız keçən piyadanın günahı üzündən baş verib, maşınlar onu vurmamaq üçün bir-birilə yüngülcə toqquşmalı olublar. Qovğa-mərəkə salam-səfa ilə bitdi.

Tərəflər polis idarəsindən çıxaraq öz ünvanlarına gedərkən, qardaşının “BMW X6” markalı maşınında oturmuş totuq oğlan məmur atasına zəng vurdu və sözə belə başladı:

- Papa, bir pis iş oldu, maşını vurub əzdim.

Görünür, bu, məmur ata üçün yeni xəbər deyildi. Ona görə də o, tövrünü pozmadı:

- Canın sağ olsun, aparıb düzəltdirərsən.

Sonra birdən ağlına nə gəldisə soruşdu:

- Bura bax, hansı maşını vurmusan? “Tuareq”i, yoxsa “Prado”nu?

Qısa pauzadan sonra gənc utana-utana dilləndi:

-Yo, pa, nə onu, nə bunu. O birini, təzəni.

-“İnfiniti”ni?

- Hə.

Söhbətdə qısa pauza yarandı. Hiss olundu ki, məmur ata yeni və bahalı maşının əzilməsinə görə dilxor olub, ancaq o, oğlunun xətrinə dəymək istəmədi, eləcə soruşdu:

- Sən vurdun, yoxsa səni vurdular?

- Yox e, papa, məni kim vura bilər? Mən vurdum, özü də elə vurdum ki, cırıq-cırıq oldu, heç bilmədik ki, nol-altıdır, yoxsa nol-yeddidir. Yetimin də biriydi, bir az pul verdik, getdi. Dirənmişdi ki, təzə maşın alıb verməlisən.

Məmur qeyzləndi:

- Qələt eləyir, başını da daşa döyür. Gərək heç nə verməyəydiz. Əvvəlcədən deyərdin, uşaqları göndərib eşşək kimi çırpdırardım, ağlı başına gələrdi.

“07”-nin qudurğan yiyəsinin qarasınca bir az da bu cür əsəbi danışandan sonra qayğıkeş ata kiçik oğlundan telefonu böyük qardaşına verməsini istədi:

- Sən maşını sür apar avtoservisə, düzəltdir.

Böyük oğul həqiqəti söyləyəsi oldu:

- Məsələ belədir ki, papa, maşını sürüb getmək mümkün deyildi, dombalaq aşmışdı, evakuatorla apardılar.

- Yəni o dərəcədə əzilib?

- Əzgilə dönüb.

Məmur ata telefon xəttinin o başında bir qədər susdu. Sonra kiçik və sevimli oğlunun qəzadan salamat qurtardığına görə şükür elədi, “canı sağ olsun” dedi və oğlunun pərt olduğunu, evə başqa avtomobillə qayıtmaq istəmədiyini sezincə bildirdi:

- Sən belə elə, get qaqanın maşınından nömrəni aç, sür “Dərya” avtosalonuna, keçən ay aldığımız “İnfiniti”dən eyni rənglisinin üstünə bağlat, uşaq sürüb gəlsin evə. Dost-düşmən var. Mən pulunu indi göndərəcəm salona.

Hadisənin üstündən iki saat keçəndən sonra totuq oğlan yeni “İnfiniti”sini qəza hadisəsi baş verən zaman yanında olan qızın yaşadığı binanın həyətində saxlayıb, ona zəng etdi və eyvana çıxmasını istədi. Qız çıxdı və iki saat əvvəl xurd-xəşil olmuş maşını sappasağ görəndə xeyli şaşırdı. Paltarını geyinib aşağı, sevgilisinin yanına qaçdı.

# 5619 dəfə oxunub

Müəllifin son yazıları

# # #