Quşları heç kəs öpmür – Salam Sarvandan tərcümələr

Quşları heç kəs öpmür – Salam Sarvandan tərcümələr
18 oktyabr 2019
# 17:46

Kulis.az tanınmış şair Salam Sarvanın tərcüməsində müasir polyak şairi, “Yeni Polşa” jurnalının baş redaktor müavini Piotr Mitznerin şeirlərini təqdim edir.

***

Yapışıram
sərt qayalardan
soyuq divarlardan
tikanlı budaqlardan
kirli əllərdən
təki yıxılmayım

***

Sahibsiz bir günah...
heç kəs özününkü saymır onu
veyllənir şəhərin küçələrində

Hər yoldan ötənə ümidlə baxır
bəlkə kimsə özünə götürdü bu günahı
ya da bəd ayaqda
hamının günahı elan elədi

Kimsədən üzr istəmir
qorxur birdən bağışlasalar
bundan sonra necə yaşar

***

Budu
soyuq aldı canımızı cəhənnəmdən uzaqda
yadındamı orada ikimiz də
nə həvəslə qoruyub-saxlardıq odu.

***

Dolubədənli anamın kölgəsində
bürküdən necə gizlənəcəm nə vaxtsa
özü yanımda yoxsa

***

Sudan çıxanda gördüm
bədənim yoxdu sahildə

Evlər də bizdən köçür
bünövrələrində atıb gedirlər bizi
əşyalarıyla dayanıb gözləyirlər
gecənin perronunda

***

Siqaret kötüyü deyir
siqaret kötüyünə:
ömür boyu həyəcanla gözlədim
istəyirdim sağlığımda toxunasan sən mənə

***

Bilmirəm niyə
gözüm yoxdu heç bu şəkli görməyə
tullayacam onu qarın içinə
yalnız qarı və şəklin düşdüyü yeri görüm deyə

***

Süngər də qabalaşıb
heç nəyi silməyəcək daha
heç nəyi çəkməyəcək canına
Pərgar da çıxıb dairəvi yolundan
yazır yol povestini


***

Dizi üstə çökmüşdü qarşımızda
amma rəhm eləmədik ona
qalxıb gedəndəsə anladıq ki
bütün dünyanı götürüb aparıb
bizi də üstəlik

***

Ona veriləsi heç nəyim olmadı
nə pulum, nə mərhəmətim
İndi o da dibdən boylanıb deyir:
– Sənə veriləsi suyum yox mənim

***

Səhərdən çalışıram
sözlə təsvir eləməyə palıd ağacını
axşamsa masanın altından
talaşa süpürürəm

***

Dən səpdim qabağına
dimdikləməyə başladı arıquşu
bu zaman göylərdən bir qırğı gəlib
yedi bu arıq quşu

Həə... arıquşunu yemləmək istəyirdim
yedizdirdim qırğını

***

Qapını çırpıb çıxdı
heç kim səs eşitmədi amma
nədən ki bu sükutun qapısıydı

***

Analara qayıtmaq, analara:
onların atalarımızın gəlişini gözlədikləri anlara.

***

Yuxusuz evsiz yolsuz hərəkətsiz
ayaqsız başmaqlar
zibil qutusunda qalıblar izsiz

***

Əlimdə düymə qaldı
dörd dəlikli ağ düymə
İndi mən
ilin dörd fəslinə baxa bilərəm
o dəliklərdən

***

Evə girmə
nədən ki uçulub yuxuya tökülüb pilləkən
Ehtiyatlı ol əzizim
qorxulu yuxudu

***

Dirilər ölüləri basdırırlar
sulayırlar göz yaşlarıyla
və nəsə ayrı şey cücərir
bir ayrı yerdə

***

Uçurum üstdə körpü
indi mən həm körpüyəm
həm uçurumam
həm də bu körpüdən keçəcək adam

***

Quşları heç kəs öpmür
məhz buna görə bərkdi nəğmə oxuyan dimdikləri
məhz buna görə tez keçirlər başımız üstündən
hiss olunmadan

***

Evimi satdım:
uşaqlığımla,
qoca alma ağacıyla,
o ağacın altındakı skamyada oturan valideynlərimlə,
atamın kabinetinin qapısıyla bir yerdə...
Həyətində şam ağacı da vardı:
elə yoğundu ki arxasında gizlənmək olardı.

Ayrıldım gəncliyimlə,
bundan belə başqasıyla yaşasın:
mənsə yeni ev pasportu taparam özümə,
hələ ki varam
başqa şəhərdə başqa sahildə yaşaram.

Həm də
uşaqlığın turş almasının şirəsini
fincana sıxmaq mümkünsə
çayı harada içməyin nə fərqi?

***

Biz idik
dağılmaz sərhəd çəkdik aramızda
kövrək karandaşla cızdıq amma
bu yalnız eskiz idi

Image result for Мицнер, Пётр

"Xəzər" jurnalı

# 5486 dəfə oxunub

Müəllifin son yazıları

# # #