Dədəmin goru haqqı, balamın ölmüşüyçün

Salam Sarvan

Salam Sarvan

30 dekabr 2022
# 15:00

Kulis.az Salam Sarvanın yeni yazısını təqdim edir.

Deyəsən, and qədim yunanlardan gəlir. Gələcəkdə konkret bir əməli eləmək üçün söz verəndə təntənəli şəkildə allahlara and içərdilər. Allah da nə çox: cənub-şərq küləyi allahı Evrdən tutmuş erotik şeir ilahəsi Eratoyacan.

Andı təntənəli mahiyyətindən məişət səviyyəsinə, gündəlik ünsiyyət təsərrüfatına ilk dəfə “qədim azərbaycanlılar” gətirmiş. Danışdıqları yalana başqalarını inandırmaq üçün.

“Qədim azərbaycanlılar”da andiçmə öz şiddətinə, inandırma gücünə görə bir-neçə mərhələdən ibarət.
Lap əvvəllər, adamların bir-birinə hörmətlə yanaşdığı, bir-birinin şəxsiyyətinə dəyər verdiyi vaxtlarda Əlifağa dostu Təvəkkülü öz yalanına inandırmaq üçün məhz Təvəkkülü and yeri kimi götürərdi: “Sənin çanınçün, bu işdən xəbərim yoxdu”, “Sən öl, yatmışdım, zəngini eşitməmişəm”, “Başın haqqı, başım bərk qarışıq idi”...

Bu mərhələnin zibili çox tez çıxdı. Yəni, “qədim azərbaycanlıların” əksəri bir-biriylə təmasın ilk ayında bir-birinə hörməti yoxa çıxardılar. Təvəkkül ayılanda ki, onun canının Əlifağa üçün heç bir dəyəri yoxdur, daha “sən öl”lərə inanmadı.

Və andiçmənin ikinci mərhələsi başladı. Bu mərhələdə Əlifağa öz yalanlarına Təvəkkülü inandırmaq üçün and yeri kimi məhz özündən yapışmağa məcbur oldu: “Özüm ölüm, aldığım qiymətə sənə verirəm”, “Öz canımçün, təmiz arı balıdı, özü də bal arısının balıdı...”

Bir müddət beləcə getdi. “Qədim azərbaycanlıların” bəziləri qəfildən anladılar ki, onlar artıq özlərinə də hörmət qoymurlar və beləliklə andın bu dərəcəsi də öz gücünü itirmiş oldu. Buna görə də andiçmənin daha həssas mərhələsinə keçdilər. Yəni, keçdilər qohum-əqrabaya: “Dədəmin goru haqqı Ordubad limonudu, sadəcə, aparıb Lənkəranda əkiblər”...

Bu mərhələnin ömrü bir az uzun oldu. Çün “qədim azərbaycanlılar” bu mərhələdə çevik eksperimentlər aparır, andiçmə janrına yeni çalarlar qatırdılar. Məsələn, doqquz uşaq atası deyirdi: “O bircə balamı qəbirə qoyasan, yalan deyirəmsə”. Hətta obrazlı ifadəyə də əl atırdılar: “İki balamın biri ölsün, biri də ona başdaşı olsun, bu işdən xəbərim varsa”.

Amma bu mərhələnin də zibili çıxdı. Artıq bıçaq sümüyə dirənmişdi, ənənəvi andlar daha yerimirdi. Və... Andın şiddətini artırmaq üçün “qədim azərbaycanlıların” bir qismi söyüşlü and mərhələsinə qədəm qoydu: “Oğraşdı yalan deyən, naturalnı dəridi”, “Sən al bu qoyunu, otuz kilo ət verməsə, mən heç atamın oğlu deyiləm”.

İt hürdü kavran keçdi, beləcə dövran keçdi... Artıq andın heç bir dərəcəsi kara gəlmirdi. Artıq elə bir hal yaranmışdı ki, “Qədim azərbaycanlılar” bir-birinə yalandan and içəndə qurbanlarının şübhəli baxışları qarşısında naqolay vəziyyətə düşür, istər-istəməz gözlərindən, üz cizgilərindən özlərini ələ verirdilər. Düşünməyə başladılar: necə etməli ki, aldadarkən andı arxayınlıqla içəsən, rahat olasan ki, dilindən çıxan, əslində, yalan deyil. Yəni, necə edəsən ki, düz danışaraq aldadasan?

Budur, “qədim azərbaycanlılar” andiçmənin dördüncü mərhələsindədi. Məsələnin məğzi belədi: Əlifağa maşınını satmaq üçün bazara aparmaq istəyir. Səhər-səhər evdən çıxanda qonşusuna deyir ki, sən bu maşını məndən on min dollara istə, mənsə “otkaz” eləyim. Qonşu onun dediyi kimi də edir. Əlifağa maşını çıxarır bazara. Müştərilər yaxınlaşır və qiymət danışmaq məqamında Əlifağa başlayır: “Sən öl, özüm ölüm, dədəmin goru haqqı, balamın ölmüşüyçün, oğraşdı yalan deyən, elə səhər-səhər on minə istədilər vermədim”.

PS. Bu yazı ümumi gerçəkliyi ifadə eləmir, istisnalar həmişə var.

# 4567 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #