Tənqiddə özünü görən adamlar

Rəvan Cavid

Rəvan Cavid

18 fevral 2023
# 16:00

Kulis.az Rəvan Cavidin “Güzgü” adlı yazısını təqdim edir.

“Hamınız məni inkar edəndə sizə geri qayıdacağam”

Nitsşe

Məşhur alman filosofu Hegel dünya poeziyasının nəhəngi Höteyə yazırdı ki, bu qədər bədbinliyin içində xalqı tərbiyə etmək mümkün deyil. Hegel Hötenin ən sadiq oxucularından idi və əlbəttə, almanların içində onu ən yaxşı anlayan da o idi. Amma Avropa Hötenin dövründən Hegelin dövrünə keçid edəndə çox şey dəyişmişdi. Nitsşe isə kilsə melanxoliyasını, əzaba itaəti, dinin hər şeydən arınmış vicdan əzabını tənqid edirdi. O, alman xalqının ən gözəl düşməni idi. Çünki almanların nə yediyindən tutmuş nəyə qulaq asacaqlarına qədər müəyyən etmək istəyirdi. “Ecce Homo” kitabında Nitsşe məhz belə yazırdı:

“Mən özümlə mübarizə aparmırdım, kilsə isə bunu sevmirdi”.

Mübarizə adlandırdığı şeylər isə dinin, bizim təbirimizcə, irfanın nəfs, vicdan, ideal insan və sair anlayışları idi. Nitsşe ideal insanın və ideal xalqın öz mahiyyətinə qayıtması ilə yaranacağı ilə düşünürdü. Eyni kitabda o, almanların düşüncə sisteminə təsir edən başqa ünsürlərdən də yazır. Qidalanma, iqlim, şeir, fəlsəfə, hərb, musiqi. Bütün bunların fonunda Hötenin də, Hegelin də, Nitsşenin də yaratmaq istədiyi tərbiyəli və əxlaqlı alman düşüncəsi idi. Və tənqiddən başqa çıxış yolu yox idi.

Eyni yolu müxtəlif vacib dövrlərdə azərbaycanlı ziyalılar da getdilər, gedirlər. Bu gün nə qədər effektiv olmasa da, tənqid müəyyən mənada insanları “iynələyə” bilirdilər.

Azərbaycanlıların tənqidə qarşı hələ də immuniteti formalaşmayıb. Onlar hələ də tənqid edənə yol göstərməyə çalışırlar. Bu, absurd komediya kimidir. Tənqid olunan tənqid olana “onu yox, bunu yaz” deyir.

Bu baxımdan Azərbaycanın tənqid olunan gəncliyi iki yerə bölünür: həqiqətən, düşünə, araşdıra bilən, aydın gənclik və manqurtluğun möhtəşəm cazibəsi altında xoşbəxt olanlar (onlara gənclik deyib sizi də, özümü də təəssüf hissinə boğmaq istəmirəm).

İkinci qrup gənclərin tənqidçilərə nifrət etməyinin bir çox səbəbi var. Ki onlardan biri də tənqidçilərin ictimai fikrə xidmət etdiyi halda onların sözlərinin kiçik qruplardan kənara çıxmaması. Yəni şüuraltı düşüncələrinin, fikirlərinin və deyəcək sözlərinin digərinkilərdən az olması. Bu adamlar fikir paxıllığı çəkirlər. Sadə dildə desək, “niyə onların fikrini müzakirə edirlər, bizimkiləri yox” paxıllığı.

Başqa bir səbəb tənqidin güzgü effekti yaratmasıdır. Psixologiyada bu cür insanlar ictimai xamelyon hesab olunur. Yəni onları necə təqlid etsələr, o cür də cavab verirlər. Xislətlərinin yaxşı tərəflərini yazanda müsbət, mənfi tərəflərini yazanda mənfi reaksiya ilə cavab qaytarırlar. Tənqid onlara özlərini göstərir. Və insanın özü ilə qarşılaşması qədər xaos yaradan ikinci bir an yoxdur.

Özünü milli kimliyin təmsilçisi adlandıran kəslərin antimilli ünsürlərlə (yumşaq desək) qidalanması tənqidin nə dərəcədə effektiv olmasını təyin edən bir başqa səbəbdir. Bu ünsürlər bizim coğrafiyada din, müəyyən kult ideologiyalar, mentalitet və subkulturadır. Gəncliyi tənqid edənlərin də həmin ünsürlərdən qidalanmamağı sualdır. Amma çayın mənbəyinin hara olmasının mənsəbinə aidiyyəti çoxdur.

Düşünən, fikirləşən gəncliyi tənqid etmək bir qədər sadədir. Çünki ən azından onlar sənin nə danışdığını bilirlər. Sənin ağzından (və ya yazından) çıxan adlarla, şeylərlə qiyabi tanışlıqları var. Onlarla danışmaq da, müzakirə aparmaq da, mübahisə etmək də asandır. Fikri aydın olan işıqlı gəncliyimizin tənqidə münasibəti buna görə digərinkilərdən fərqlənir.

Milli tənqidin banilərindən biri, tənqidin novator yazıçısı Cəlil Məmmədquluzadənin hekayələrinin bugünkü aktuallığı, onun obrazlarının ondan daha çox yaşaması, yüz ildən artıqdır eyni düşüncə bəlalarında yaxa qurtara bilməməyimiz, gah maarifçi, gah yumoristik tənqidin milləti dəyişə bilməməyi gələcəyin necə fəsadlı olacağından xəbər verir.

Əlbəttə, inkar mübarəkdir. İnkarçılıq, tənqid, milli institutların çatışmazlıqlarını göstərmək vacibdir. İstər yaşlı, istər orta yaşlı, istərsə də, gənc nəslə onlara hər gün təbliğ olunan əyləncəli, bəzən şişirdilmiş kədərli həyatın zərərli olduğunu xatırlatmaq lazımdır. Sosial şəbəkələrin trendlərində olan zir-zibillər, televiziya kanallarındakı proqramlar, çayxanalardakı qeybət və aqressiv düşüncəsizlik bizi uçurumun puf nöqtəsinə aparmaqdadır.

Tənqid və tənqidçilik inkişafa aparan ən doğru yol olmasa da, ən effektiv yollardan biridir. Tənqid edənin savadının, biliyinin, dünyagörüşünün yarısına sahib olmayan adamlar nəyi necə yazmağı və ya danışmağı öyrətməyə çalışırlar. Şükür ki, həmin adamların mənsub olduğu qruplardan aydın, nələrisə başa düşən və ya başa düşməyə çalışanlar da çıxır. Və sən ən azından onlarla söhbət edib nələrisə yola qoymağı bacarırsan.

Biz elə cəmiyyətdə yaşayırıq ki, kimisə tənqid edəndən sonra məcbursan görüşüb üz-üzə ona tənqidi izah edəsən. Türk milləti həmişə vurub-yıxan, qolu zorlu olduğu üçün onlarla nitq vasitəsi ilə ünsiyyət saxlamaq çətindir.

Bütün bunlara baxmayaraq, sən yanmasan, mən yanmasan, necə çıxar aydınlığa qaranlıqlar, hə?

# 2733 dəfə oxunub

Müəllifin son yazıları

# # #