Ramiz Rövşənin uğursuz şeiri

Ramiz Rövşən, Xalq şairi

Ramiz Rövşən, Xalq şairi

5 aprel 2022
# 13:47

Kulis.az Rəvan Cavidin yazısını təqdim edir.

Baş verən sosial-ictimai hadisələr yazıçını, şairi həyatın içinə itələyir. Onu öz metafizik dünyasından bəsit həqiqətlərə çırpır. Ədəbiyyatı dövr-dövr vərəqlədikcə müxtəlif cəbhələrə yol alan qələm adamlarının, bəlkə də, birinci səbəbi yaşadıqları coğrafiyanın burulğanlı siyasətinin onları öz ağuşuna alıb ora-bura fırlatmağı olub. Əlbəttə, bu cür hadisələrdə nələrisə itirmək gücünə özünü içindəki dünyanın mərkəzində sütun kimi bərk dayananlar da olub.

Heç bir kateqoriyanı tənqid etmirəm.

Sadəcə bu “yerdəyişmələr” bədii mətnə təsir edirsə, sənət adına faciədir.

Məsələn, şair öz nəhəngliyini, qazandığı bədii etirazlarını bir gün əlinin arxasıyla yazı masasından itələyəndə yerdə söz karnavalından başqa heç nə qalmır. O şairin intonasiyası da oxucunu yorur, şeirləri də makulaturadan başqa bir şey olmur.

Ötən əsrin ikinci yarısında sənətdə at çapan şairlərimizin çoxu yüyəni əlindən buraxan kimi cildlərlə şeir kitabları çap etdirdi. Oxu-oxu bitməz. Zaman-yaman-yalan qafiyəli, bitdi-getdi-itdi feilli şeirlər.

O qoca şairlər yaşlansa da, şeirləri on birinci sinif şagirdinin sentimental xatirə dəftərlərini xatırladırdı. Ad çəkmək lazım deyil, Milli kitabxananın tozlu rəflərinə baxmağınız kifayətdir. Hansı zamanda, hansı məkanda olurlarsa olsunlar, buqələmun kimi rənglərini də dəyişirlər, içlərindəki o müqəddəs dünyanı da satıb çörək pulu edirlər.

Ramiz Rövşəni bu şairlərin sırasına qoya da bilmirəm, o sıradan kənarda tuta da bilmirəm. Yüz əlli ildir eyni şeirlərin künc-bucağında var-gəl edən böyük şairimiz tükəndiyini hiss edəndə “mətn orucu” tutsa idi, ədəbiyyatımız adına daha böyük savab qazanmış olardı. İyirmi yaşında sevgili üçün darıxan adam yetmiş yaşında da darıxırsa, deməli, ya çox ciddi mövzu problemləri var, ya da çox ciddi psixoloji natamamlıq içindədir.

Ramiz Rövşən mənim kimi gənclərin oxuyub öyrənəcəyi, ustad dərsləri alacağımız şairdir. O isə öz bədii eqosuna illərdir ki, qalib gələ bilmir.

Dünən ustad şairin yeni şeirini oxudum. Eyni intonasiya, eyni üslub, eyni təranələr. Hətta eyni sözlər.

Bənd-bənd o şeiri təhlil etməyə ehtiyac yoxdur, məncə. Ramiz Rövşənin bədii atmosferdən bu qədər uzaq ikinci şeirini oxumamışam. Ramiz Rövşəndən bu qədər dayaz müstəvidə qafiyələr bazarı da yadıma gəlmir. Əgər şairin poeziya savadının milyonda biri qədər mən də bilirəmsə, dünən saytlara bəzək olan o şeir şeir deyildi, məktəblilərin parta arxasında çırtma vurub oxuduğu meyxana idi. Təzə-təzə şeir yazmağa başlamış gənc şairin poeziya təcrübələri idi. Axı Ramiz Rövşən onlarla ürəyə toxunan şeirlər yazıb. Kifayət etmədimi?

İmtina yaradıcılıq mərtəbəsində ən böyük dəyərdi. Yaza bilmirsənsə, susursan, başlayırsan gənc nəsillərlə təcrübələrini bölüşməyə. Bu qədər sadə düsturu Azərbaycan ədəbiyyatında dərk edən bircə nəfər şair tanımıram. Hamı istəyir ki, son nəfəsinə qədər güldən-çiçəkdən şeir yazsın. Bəşəri yox, bəsit mövzuları saqqız kimi çeynəyib cild-cild kitablara tüpürsün.

Ramiz Rövşənin son illərdə bir neçə kitabı çıxıb. O kitabları şairin dillər əzbəri olan beş şeirə qurban vermək olar. Yox, əgər bu kitablar kommersiya xarakterlidirsə, ona bir sözüm yoxdur. Ustad şairimiz üç-beş ucuz qafiyəli şeirlərlə yaxşı qazana bilirsə, bunun özü də bir istedaddır.

Uzun sözün qısası, sevərək oxuduğumuz, özümüzə yol bildiyimiz şairlərin bu cür bəsitləşməsi ədəbi mühiti də, oxucu kütləsini də, sənəti də ağrıdır. Böyük bir ümidsizliyin içinə atır adamı. Daha sadə dillə desək, böyük şairlərin belə şeirləri adamı motivasiyadan salır, gücünü alır.

Hörmətlər!

# 3817 dəfə oxunub

Müəllifin son yazıları

# # #