Pişiyə görə bölməyə düşən kitabçı, mağazanın dəlisi, fırıldaqçı kuryer - Reportaj

Pişiyə görə bölməyə düşən kitabçı, mağazanın dəlisi, fırıldaqçı kuryer - Reportaj
23 fevral 2022
# 09:00

Kulis.az Rəvan Cavidin “Kitabal”dan “İsa peyğəmbərin kitabxanası” reportajını təqdim edir.

Yarımçıq tələbəliyimin, gəncliyimin körpə yaşlarının sərgərdan keçdiyi məşhur “Elmlər”. Bakının ən gənc, ən qaynar, tələbələrlə, müəllimlərlə, alimlərlə, sənət adamları ilə dolub-daşan küçələri, universitetləri, elmi instansiyaları, kitab düşərgələri bu səmtdədir.

Fotoqrafımız İlkinlə bir günorta çağı taksidən düşüb şəhərə, bir kitabçının yanına yollandıq. Mən tanıyalı ünvanını dəyişməyən kitabxana mərkəzi prospektə qədimlik havası qatan köhnə beşmərtəbələrin arxasında kiçik bir otaqda yenə öz qoxusu, istiliyi və doğmalığı ilə ordaca durmuşdu.

İçəri keçəndə sosial şəbəkələrdə hamının İsa peyğəmbər kimi tanıdığı kitabçını iş başında gördük. Çəkisinə uyğun ağır-ağır qalxıb mənimlə qucaqlaşdı. Bir əli fotoqraf adaşına salam verməklə məşğul ikən, o biri əli ilə sifariş etdiyim kitabı göstərdi. Yarızarafat, yarıciddi deyindim:

- Çatan kimi bazar açma görək...

- İki həftədi demisən, amma gəlib aparmırsan, 100 kilo karqo gəlib, onun da pulunu verməliyəm, hələ təzə kitablar da deyiblər, o gün də bir nəfər kitabı aparıb, yadımdan çıxıb pulunu almamışam, hələ...

- Gözlə görək...

- Yaxşı, o stulu götür, – deyib İsanın Allaha uzanan barmağı ilə nişan verdi.

Tavanda renessans dövründən bu yana çəkilmiş məşhur rəsmlər, yazıçıların şəkilləri, kitab və film posterləri, şkafların üstündə sənət nümunələrinin modelləri, oyuncaqlar, kitab rəflərinin özü, akvarium, pişiklər, dibçək gülləri. Birinci pişiklərlə tanış olmaq istədim:

- İlkin, bu dəlilərin adı nədi?

- Dəli özünsən! Mən pişiyi incitdiyinə görə adamı döyüb bölməyə düşmüş adamam. Ehtiyatlı ol. – gülür - O zolaqlının adı Marselledir, ağ-qara olanın adı Sienadır, o biri də Malidir. Marselle ilə Siena ana-baladır. Beş pişiyim var. Hamısını küçədən götürüb sahiblənmişəm.

- Düz deyirlər də, İsa peyğəmbər kimi adamsan. Amma bir gün bir xain çıxıb öldürəcək səni...

- Düz deyirsən, sənin kimi İudalar çoxdu.

Sonra akvariumu göstərib tək qalmış qızılı balığı bizlə tanış edir:

- Bu balığın da adı Qəzənfərdi. Əvvəl tək deyildi, sonra o biri balıqları yeyib tək qaldı...

- Bəs o biri pişiklər hardadı?

- Onları evdə saxlayıram.

İlkin (fotoqraf) pişiklərin nazı ilə oynayır ki, obyektivə baxsınlar, di gəl, pişiklər öz fotogenik azadlıqlarını ələ vermirlər. Otaqda bir az var-gəl edib, burnumu hər şeyə soxandan sonra İlkinlə (kitabçı) söhbətə başlayıram. Amma o əlində telefonla müştərilərə qiymət və ünvan yazmaqla məşğuldur. Bir az da kinayə ilə səsimi çıxarıram:

- Sonra da deyirsən, kitabçıların vəziyyəti pisdi...

- Hamısı tələbədir, borca alırlar, ayın axırı bunların bəzilərindən pul almaq Sirat körpüsündən keçməkdən çətin olur...

- O vaxtlar sən də yazırdın. Sonra davam etmədin. Ədəbi birliyiniz də var idi...

- “Yumruq”.

- Hə, necə oldu yarandı o birlik, kimlər var idi?

- Mən onda Zahir Əzəmətin yanında işləyirdim. Heç kimi tanımırdım ədəbi mühitdən. Sonra Seymur Su, Nicat Həşimzadə, İsmayıl Rizvanoğlu, Ümid Abbas Nihani, Murad Ramazanov, rəhmətlik Məlik Cahan və başqaları idi. Həmin vaxtlar bizim çap olunmaq problemimiz var idi. Biz də öz birliyimizi yaratdıq. O birliyin üzvlərinin əsərlərindən də “30+1” kitabını çıxardıq. Üz qabığı bax budur...

Kitabın üz qabığına baxıb fikrə gedirəm. Adını çəkdiyi müəlliflərin çoxu təəssüf ki, davam etmədilər. Bir də Məlik Cahan adında ilişib qalmışdım.

- Sonra uşaqların sözü bir-birinin boğazından keçmədi. Birlik də dağıldı.

- Məlik Cahan qrup yoldaşın olub...

- Hə, Məliklə əvvəldən tanışıq. Bir qızı sevirdi. Ona şeirlər yazırdı. Sonra ayrıldılar. Mən də dedim, qızın “başını burax”, qəşəng yazırsan, davam elə. Məlik də birliyə qoşuldu. Ancaq düzünü desəm, “Yumruq” dağılandan sonra yazmağa həvəsim azaldı. Məlik rəhmətə gedəndən sonra isə, ümumiyyətlə, yazmaq istəmədim. Ancaq nəşriyyat kimi davam edirəm. Xeyli kitablar çap elədim. İndi də “Albaniya tarixi”ni təqdim edəcəyik.

- “Kitabal”ın ideyası hardan yarandı?

- Əvvəl “Alokitab”da işləyirdim. Sonra devolvasiya oldu, “online” kitab satışı səhifələrinin çoxu da fəaliyyəti dayandırdı. İş dayandı. Mən də öz saytımı qurdum. 7 ildi işləyirəm... 9446 kitab var saytda. Özün də bax kateqoriyalara...

Kitabxananın qapısı döyülür. Bir xanım sifariş etdiyi kitab üçün gəlib. Ancaq pişiklərə görə içəri keçmir. Elə çöldəcə “bazarlığını” edib gedir.

- Belə müştərilərin çox olub?

- Hə, pişiklərə görə bəzən içəri keçmirlər. Ancaq mən də bu pişikləri müştərilərə görə bayıra ata bilmərəm.

- Pul atan müştərilərin olub?

- İlk dəfə kitabları kreditlə verməyə mən başlamışam. Normalda 20 faiz endirimlə satıram. O vaxtlar kitabın qiymətinin dördə birini alırdım, geri qalanını isə üç ay ərzində ödəyirdilər. Hamıya da belə kreditlər vermirdim. Yaxınlara, tanıdığım, çox kitab götürənlərə verirdim. Amma adamın başına da elə yaxınları oyun açır. Məndən borca kitab götürürdülər, gedib yarmarkada nağd alırdılar. Min manata yaxın borcu olanlar var idi. Aldım borclarımı, amma münasibətlər də korlandı. İndi ancaq nağd satıram.

- Çətin deyil tək işləmək?

- Yox, sevdiyim işdi, həyatım bundan ibarətdi. İxtisasım coğrafiya müəllimliyidir, ancaq mən məktəbdəki psixologiyanı praktikada gördüm. O adamlarla işləyə bilmərəm. Ona görə, ancaq kitab işi ilə qurmuşam həyatımı.

- Kitab alan, oxuyan çoxdu?

- Var, ancaq Azərbaycandakı nəşriyyatlarla planlı işləyə bilmirəm. Eyni kitabı üç nəşriyyat çap edir. Niyə? Dünyada tərcümə olunacaq kitab yoxdur? Film, rəsm, fotoqrafiya sahəsinə aid kitablar yoxdur, yaradıcılıq haqqında kitablar yoxdur, oxucu ona görə də Türkiyədən sifariş etdirir. Çeşid yoxdu. Bu gün naşirlər günahı oxucuda görürlər, ancaq özləri oxucunun istədiyi kitabları verə bilmirlər.

Daha bir müştəri söhbətimizi yarımçıq qoyur. İlkin (fotoqraf) mənim şəkillərimi çəkir, mən də ya bilməyərək, ya da qəsdən ona pozalar verirəm. Rəflərdəki kitablara baxıb dünyanın ən yaxşı yerində olduğumu fikirləşirəm. Hər mövzuda kitab tapmaq olar burda. Bircə eşələnmək lazımdır. Tanınmış bir çox nəşriyyatların katoloqunda olmayan müəlliflər də var burda. Vacib məsələ isə odur ki, yerli müəlliflərimizin it-bat olmuş romanlarını İlkin öz nəşriyyatında yenidən çap edib satır. Bir az keçəndən sonra “Kitabal”ın sosial şəbəkələrdə məşhur olan oxucusu Tural Ruharar haqqında soruşuram:

- Niyə məzələnirsən uşaqla?

- Yox, elə deyil, o, özünə qarşı şiddət görsə, heç vaxt bura gəlməz. Sadəcə onun beyni məni həmişə təəccübləndirir. Adamda hər şey var. Məsələn deyir ki, Avropa fəlsəfəsi fahişədir. Fəlsəfə, a kişi! Filosof yox ha, fəlsəfə fahişədir. Nə bilim, deyir ki, Stalin ümmətçi olub. Fizika kitabının təqdimatında sual verir ki, türkçülüyümüz əbədidir. Hər yerin bir dəlisi var, “Kitabal”ın da dəlisi odur. Amma mən kuryerlərimdən çəkdiyimi Turaldan çəkməmişəm...

- Nə olub ki kuryerlərinə?

- Bir kuryerim var idi, məhlə uşağı idi, Orxan. Sumqayıta kitab çatdırmalı idi. Kitabın qiyməti 10 manat, çatdırılma da 2 manat. O vaxt Sumqayıta 20 qəpiyə gedib-gəlirdilər. Orxan mənə 2 manat gətirdi. Dedim, bəs bu nə puldu, 12 manata kitab satmısan sən. Sən demə, bu taksiylə gedib, taksiylə qayıdıb. Dedim, Orxan, biz bu satışdan indi nə qazandıq? Deyir, müştərinin etibarını (gülüşürük). Sonra bir Murad var idi, Milli Məclisi tanımırdı. Orada işləyənlərdən biri kitab sifariş etmişdi. Murad gedib Milli Məclisi tapa bilmirdi. İçərişəhərdə Prezident aparatının binasının qabağında durub müştəri gözləyirdi. Heç vaxt da konturu olmurdu. Müştəri mənə zəng edirdi, mən də Murada. Hələ bir jurnalist var idi. İkinci iş kimi burda işləyirdi. Tez-tez məqalələr yazırdı deyə sifarişi gecikdirirdi. Bir dəfə, iki dəfə, axırda dedim, qardaş, bizdə alınmaz. Müştəri kitab gözləyirdi, bu da postmodernizmdən məqalə yazırdı.

İlkinin əhvalatlarına bir xeyli gülüb bir az susduq. Növbə kitabları vərəqləməkdə idi. Kitabların içində olan bir adamdan ədəbi mühiti soruşuram:

- Necə görürsən ədəbi mühitin vəziyyətini?

- Bizim yazıçılar oxucuya maklaturadan başqa, təəssüf ki, heç nə vermir. Gənc yazıçıların çoxu özünü yazmağa məcbur edənlərdi. Oxuyub görürsən ki, adam əməlli-başlı əziyyət çəkib bir cümləni yazanda. Şairləri isə başa düşmürəm. İndiki dövrdə şeirləri yığıb kitab çıxarmaq mənasızlıqdır. Oxucu bu şeirləri saytlardan oxuya bilər, Yutubda qulaq asa bilər.

- Bəs nəşriyyat sisteminin problemləri nədir?

- Hər nəşriyyatın özünün mağazası var, hamı öz çevrəsində kitab çıxarıb satır. Dediyim kimi, nəşriyyatlar eyni kitabları tərcümə edirlər. Qonorar verib gənc yazarlarla işləmək istəmirlər. Qorxurlar. Biznesin öləcəyindən ehtiyat edirlər. Halbuki nəşriyyatlar banklarla işləyə bilər, qonorar üçün, çap üçün vəsait götürə bilər, yazarın piarını aparıb onu brendə çevirə bilər, həm də bankı reklam edər. Ancaq istəmirlər. Yazıçı küçədə kitab satmamalıdır. Ümumiyyətlə, kitab satmaq yazıçının işi deyil. Bu, mədəni dilənçilikdir.

Elmi-kütləvi, şəxsi inkişaf, psixologiya kitablarının yoxluğundan danışır, ixtisas kitablarının azlığından şikayətlənir:

- Teslanın kitabını ilk mən tərcümə etdirmişəm, Albaniya tarixini ilk dəfə mən çap elətdirirəm. Nəşriyyatlar isə ard-arda Ceyn Ostini çap edirlər. Kimə nə qədər maraqlıdır o yazıçı? Ya da iki nəşriyyat eyni vaxtda “Qraf Monte-Kristo”nu çap edəcək. Niyə? Tərcümə olunmayan o qədər kitab var ki... – fikrə gedir - Bizdə hamı xarici müəllifləri oxumaq istəyir. Ancaq yerli ədəbiyyatda çox yaxşı nümunələr var. Məsələn, hamı Hüqonun “Səfillər”ini oxuyur, Mirzə Cəlil isə bizim millətə, bu xalqa daha çox şey verə bilər. Ya da hamı Əziz Nesini oxuyur, yerli ədəbiyyatdan Mirzə Cəlil desən, tanımayacaqlar. Nəşriyyatlar da heç düz-əməlli xarici müəllifləri seçmirlər. Sənə bir şey deyim, Rəvan?

- De!

- Bir gün əlimdə yaxşı imkan olsa, Hans Falladanın “Daha nə, kiçik adam?!” romanını, bir də “İdeal müəllim”i (Qriqori Petrov) 10 milyon tirajla çıxarıb pulsuz paylayacam.

İlkinlə, İsa peyğəmbərə bənzəyən bu kitabçı ilə sağollaşıb “Kitabal”dan çıxıram. Otağın müsbət enerjisi mənə yaxşı nələrinsə olacağını hiss etdirir. Amma bilirəm ki, böyük şeylərin baş verməsi üçün uzun müddət gözləmək lazımdır.

Metroya tərəf fotoqrafımızla yan-yana gedirik. İlkin bir az kənardakı “Poz-qazan”ı görüb həvəsə düşür. Bir manata alıb pozduğu kartdan beş manat udur. Sevinir.

- Bu gün əla gündür!

Mənim düşündüyüm böyük şeylər “Poz Qazan”dan çox uzaq olsa da, İlkinin sevincinə şərik çıxa bilirəm.

Fotolar: İlkin Nəbiyev

# 2432 dəfə oxunub

Müəllifin son yazıları

# # #