İslamın ilk terroristlərinin Ömər Xəyyamla dostluğu – Rəvan Cavid yazır...

İslamın ilk terroristlərinin Ömər Xəyyamla dostluğu – Rəvan Cavid yazır...
31 mart 2023
# 15:00

Kulis.az Rəvan Cavidin “Üç müsəlman” adlı yazısını təqdim edir.

Bircə sual məni götürüb haralara gətirdi. “Sufilik nədir?” sualına cavab axtarmaq üçün oxuduqlarım, araşdırdıqlarım məni Amerikadakı mason lojalarından 12-13-cü əsrin Səlcuqlu imperatorluğuna qədər böyük bir tarixi gəzdirdi.

Bu dəfə mənim yol yoldaşlarım həm də Amin Maalofun “Səmərqənd” və Vladimir Bartolun “Əlamut qalası” romanları oldu. Bəli, o məşhur, əfsanəvi üç müsəlmandan danışacam sizə: Ömər Xəyyam, Nizamülmülk və Hasan Sabbah.

Kiminə görə əyyaş bir şair, tarix üçün isə sufi şair, astronom, riyaziyyatçı, texniki və humanitar fənnlərin əla bilicisi, təsəvvüf yolunun ən məşhur yolçusu olan Ömər Xəyyamla İslamın ilk terroristləri sayılan, dünyada ən təhlükəli qruplaşma olan, ilk kamikadzeləri yetişdirən, dövrünün bütün imperatorluqlarına meydan oxuyan, Yer üzərində Əlamut qalasında cənnəti quran Haşhaşilər təriqətinin lideri Hasan Sabbahın eyni mədrəsədə təhsil aldığını, eyni yola çıxdıqlarını öyrəndim.

Onların bu qəribə taleyinə yoldaşlıq edən üçüncü nəfər isə Səlcuqlu imperatorluğunun “düşünən beyni”, iqtidarın əsl sahibi Nizamülmülk olub. Bir sufi, bir şiə və bir sünni eyni mədrəsədə, eyni yolda.

Mədrəsə illərindən sonra tarix bu üç müsəlmanı Nizamülmülkün ən qüdrətli vaxtlarında təkrar görüşdürür. Nizamülmülk Bağdadda Nizamiyyə mədrəsini qurduqdan sonra İmam Qazalini mədrəsəyə rəhbərlik etmək üçün dəvət edir. Elə həmin illərdə özünə də çox təsir etmiş, sufilər içində ən çox güvəndiyi Ömər Xəyyamı İsfahana çağırır. Mənbələr Nizamülmülkün sufi şairə qulluqçuları, böyük bağı olan bir ev verdiyini də yazırlar. Sonralar Ömər Xəyyam bu “zəncir”dən qurtulmaq üçün bağçalı sarayı tərk edəcəkdi.

Hasan Sabbah Ömər Xəyyamla Nizamülmülkün bu yaxınlığından yararlanır. Şairin təkidi və tövsiyəsi ilə Sabbah da Səlcuqlu sarayına dəvət edilir. Və beləliklə haşhaşilərin lideri sarayın içinə girməyi bacarır.

Sabbah bununla kifayətlənmir. Qurduğu təriqəti öncə şiəlik “maskası” ilə, daha sonra isə elə haşhaşilik kimi yaymağa can atır. Hətta təbliğatı o qədər dərin və təsirli olur ki, sünni və şiə alimləri arasında xalqdan gizli keçirilən qurultaydan sonra Səlcuqlu sultanı Məlikşah və Nizamülmülk şiəliyi qəbul etdiklərini saray əhlinə bildirirlər. Bu, haşhaşilərin Səlcuqlu üzərində ilk qələbəsi idi.

İllər keçdikcə İsmaililər təriqətinin (məşhur Qədirilər təriqətinin ən məşhur qolu) üzvü olmuş və Haşhaşilər təriqətini yaratmış Hasan Sabbahın müridlərinin sayı az qala bir ordu sayı qədər oldurdu. İranda, Suriyada, Səlcuqluda nə qədər özünü axtaran gənc var idisə, hamısı Sabbaha qoşulmuşdu. Sabbah özünə qala olaraq Əlamutu seçmişdi. Əlamutu zəbt etmək mümkünsüz kimi görünürdü. Dağın başında, buludların üstündə bir yerdə, cənnəti xatırladan məkan idi. Sabbah bütün dövlət idarələrinə öz adamlarını “soxduqdan” sonra digər müridlərini də alıb çəkilir Əlamuta. Və Haşhaşilərin tarixdə iz buraxan sui-qəsdlər dövrü başlayır.

Sabbahın ilk həmləsi Nizamülmülkü xalqın və sarayın gözündə bir casus olaraq tanıtmaq olur. Bunu bacarır. Tezliklə dövrünün və bəlkə də tarixin ən savadlı, ən ağıllı baş vəziri olan Nizamülmülk siyasətdən çəkilir. Gələcək nəsillər üçün kitab yazmağa başlayır: “Siyasətnamə”. Bu kitab onun ölümündən sonra da Mərkəzi Asiyada hökmdarların ən çox faydalandığı kitab oldu.

Səlcuqluların tənəzzülü dövründə – 1092-ci ildə Sabbahın əsgərlərindən biri Nizamülmülkü öldürür. Bu sui-qəsddən otuz beş gün sonra isə Məlikşah zəhərlənərək gözlərini əbədi yumur. Sultanı zəhərləyən haşhaşi idi. Hər iki qatil özünü cinayət yerindəcə öldürmüşdü. Beləliklə Şərqin və Qərbin məliki titulunu alan, İslamın və müsəlmanların dayaq nöqtəsi torpaqların yarısından çoxunun sahibi olan Məlikşah cənazə namazı belə qılınmadan gizlincə dəfn edildi.

Nizamülmülkün ölümündən sonra Ömər Xəyyam İsfahandan gedir. Və qalan ömrünü yenidən sufiliyə, şairliyə və elmə həsr edir. Onu da qeyd edim ki, günümüzdə Ömər Xəyyamın imzası ilə tanıdığımız bir çox rübainin müəllifi o deyil. Eyni tarixdə yaşamış başqa bir rübai ustası Ömərin yazdıqları bu gün Xəyyamınkılarla eyniləşdirilir. Ömər Xəyyamın bilinən rübailərinin sayı cəmi 158-dir.

Səlcuqluların tənəzzülündən sonra Ömər Xəyyamı haşhaşilrdən qoruyan bircə güc var idi: Sabbahla keçmiş dostluğu. Hasan Sabbah Ömər Xəyyamı və onun dostlarını uşaqlıq dostluğuna xatir öldürtməmişdi. Həm də inanırdı ki, bir gün quracağı imperatorluqda Xəyyamı baş vəzir edəcək. Yalançı bir ümid sufi dərvişi beləcə xilas edə bilmişdi.

Əlamutu isə Çingiz xan yandırdı. Və haşhaşilərin cənnəti yağmalandı.

Üzərindən doqquz əsr keçməsinə baxmayaraq haşhaşilərin sirləri tam çözülməyib. Özlərini ilan zəhəri ilə zəhərləyib intihar edən haşhaşilər bütün qurbanlarının üzərində bir simvol saxlayırdı: tək xəncər. Bunun səbəbi də Səlcuqlu nişanı olan cüt xəncərə müxaliflik idi.

Əslində, üç müsəlman da – Ömər Xəyyam da, Sabbah da, Nizamülmülk də tarix üçün ziddiyətli, sirli qalıblar. Hər üçü haqqında yüzlərlə kitab yazılıb. Hər üçü yüzlərlə böyük insana təsir edib. Hər üçünün zəkası imperatorluqları yıxmağa bəs idi. Və hər üçü bir yoldan gəlib bir yol axtarırdılar. Gəldikləri yol bəlli idi. Varmaq istədikləri yolu isə bilmirəm.

# 3030 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #