O, xalq üçün Kəbə oldu – Rəvan Cavid yazır...

Rəvan Cavid, yazar

Rəvan Cavid, yazar

31 yanvar 2022
# 10:40

Bir nəfər düşünün, milləti xalq edib, əyalətdən dövlət qurub. Öz ömrünü Xalq edə bildiyi Millətinə həsr edib.

Bir nəfər düşünün, qurduğu Dövləti ayaqda saxlamaq üçün usanmadan, tükənmədən, öz xarakterini əzmədən, duruşuna, ideyalarına, xarizmasına sadiq qalaraq, ruhdan düşmədən əlindən gələnin artığını edib.

O, milyonlar üçün elə bir əmanət qoyub getdi ki, o əmanətin mənəvi dəyərini çiyinlərimizdə yox, ölənə qədər ürəyimizdə, ideologiyamızda saxlamalıyıq.

O, bizə xəyalpərəstlərin ən böyük xarakterə sahib olduğunu sübut etdi. Sübut etdi ki, bir gün bütün xəyallar gerçək olur. Amma, o gerçəkliklər bir ömür boyu şərəflə, milli namusla daşınmalıdır, onlara xəyanət etmək olmaz.

Bir nəfər düşünün, məğlubiyyəti qəbul etmir, ancaq reallıqları qəbul edib, onları bacarıqla təhlil edir və yenə, yenə, yenə də xalqı naminə qərarlar qəbul etməyi öz öhdəsinə götürür.

Tək qalsa da, küsmədi xalqından. Tək başına, görünmədən, özünü gözə soxmadan, bircə saniyə belə öz mənafeyini düşünmədən çalışdı.

Təkcə aid olduğu yerdə deyil, bütün Şərqdə Demokratik respublikanın ilk təməlini o atdı. Özü isə bu respublikanın başına keçmədi, öz yoldaşlarına, onun ideologiyasına sadiq qalanlara həvalə etdi. İmzasını qabartmadı. Ən böyük, ən demokratik iqtidarı o qurdu, bu iqtidarın hakimiyyətini istəmədi, onu başqaları ilə bölüşdü.

İndi gəzdiyimiz küçələrin, indi fəxrlə, sinəmizi qabarda-qabarda danışdığımız şəhərin, adına cənnət dediyimiz bu məmləkətin sahibi olan, heç vaxt özünü bu respublikanın sahibi kimi aparmadı.

Bir nəfər düşünün, adı on milyonların ürəyinə əbədi yazıldı.

Onun qəbri bir Xalq üçün Kəbə oldu.

Onun adı, onun imzası bir Millət üçün ən böyük dəyər oldu.

Bir nəfər düşünün, ona sevgisi ilə fəxr edib “Kim daha çox sevir?” yarışına girir.

O elə bir kəsdir ki, ən dünyəvi duyğular onun ideologiyasında idi. Kosmopolit, patriot, kim olursa olsun, onun adı gələndə hamı azərbaycanlı olduğu üçün fəxr edir.

Onun adı sevgidir!

Milli sevginin təməlini, milli düşüncənin özülünü o qoydu.

Elə bir addır ki onun adı, yazmaq, danışmaq, nə isə həsr etmək çətindir.

Kitablar yazıldı, mahnılar bəstələndi, öz kitabları nəşr edildi, söylədiyi nitqlər tirajlandı, araşdırıldı, araşdırıldı, yenə onun böyüklüyünə çata bilmədilər.

Onu anlamaq üçün O olmaqdan başqa yol yoxdur. Onun kimi olmaq isə o qədər ali mərtəbədir ki, çətin kimsə o mərtəbəni, o zirvəni fəht edə bilsin.

Və bunu o zirvəni maddi dəyərlərini düşünərək yox, başqalarının mənəvi ehtiyaclarını öz ehtiyacın kimi hiss edərək fəht etmək.

Bir nəfər düşünün, bir adam yox, bir ailə yox, bir şəhər yox, bir ölkə yox, bir ideologiyanın yolçusu olan milyonlar sevir onu.

Onu sevmək, ona layiq olmaq, onunla fəxr etmək o qədər kövrək, o qədər qürurvericidir ki, anım günü də, doğum günü də, yaratdığı Respublikanın yaranış günü də, süqut günü də ölkə, dövlət olaraq hamı onun adını çəkir, onun rəsmini paylaşıb, ona olan ehtiramını sübut etmək istəyir.

Cəmiyyətin düşüncəsini dəyişdi, əlinə qəzet, jurnal almayan kütləyə qəzet oxutdu, jurnal sevdirdi.

O qədər böyük idi ki, Sovet dövründə onun yoxluğunda belə ondan qorxurdular.

Represiya illəri ondan, onun xarakterindən yenə heç nə ala bilmədi.

O, Rəsulzadədir.

138 yaşın mübarək, böyük Rəsulzadə!

# 1820 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #