Kulis.az Rəvan Cavdin yazısını təqdim edir.
"Uğursuz şairlər yaxşı yazıçı olur" və ya əksinə, "Uğursuz yazıçılar özlərini şeirlə daha yaxşı ifadə edir" fikirləri ədəbiyyatın keçmişi və gələcəyi haqqında deyilmiş bütün şablonlar kimi günümüzün reallığında sadəcə bir deyimdir. İndi şeirin də, hekayənin də, romanın da öz yeni konturları var. Şeir özünü musiqi kimi, roman özünü ssenari kimi, hekayə də özünü qısa bloq videoları kimi əmtəəyə çevirir. Və ədəbiyyat kapitalist dünyanın son qurbanlarından birinə çevrilir beləcə.
Oxucu müəllifin dilin gələcəyi üçün etmək istədiklərinə deyil, keçirəcəyi beş-on dəqiqənin, ya da bir-iki günün daha ritmik, daha əyləncəli keçməsinə fokuslanır. Mətnlərin ideyaları yox, dinamikliyi və finalları maraqlandırır. Dünya yükü qədər ağır mənalar daşıyan bir hekayə güldürə, ya da ağlada (qeyd şərtsiz) bilmirsə, o mətnin öz dövründə yaşayacağına əmin olmaq sadəlövhlükdür.
İndi oxucu Tik-Tok mətni istəyir, instaqram vloqu gözləyir. Həmin oxucuya Homeri Şekspir kimi izah edə bilməzsən, yorular, səni maraqsız və lazımsız hesab edər.
Azərbaycan ədəbiyyatının sonuncu ədəbi nəslinin (bu bizim ədəbi nəsildir, 2015-ci ildən sonra mətbuatın və cameənin tanıdığı şairlər və nasirlər, hələ ki yeni ədəbi nəsil yaranmayıb) ən marjinal şairlərindən biri Ulucay Akifin iki hekayəsi ("Pul axtaranlar" və "Gözlənilməyən bir qətlin tarixçəsi") sənətin gerçək missiyası ilə dövrü missiyası arasında çırpınan vəziyyətini ifadə edir.
"Pul axtaranlar" bir fərdin, "Gözlənilməyən bir qətlin tarixçəsi" isə bir cəmiyyətin faciəsidir. İkisi də milli faciədir. Çağdaş ədəbiyyatımızda çatışmayan rəng milli rənglərdir. Öz içimizdəki dərdi, gülüşü yazmaqda çətinlik çəkirik. Bunun həm müəllif müşahidəsi ilə, həm ümumi boz bir toplumun obraz ola bilməmək inadı ilə əlaqəsi var. Kompleksli cəmiyyətlərdə yaranan ədəbiyyatlar məhəlli xarakter daşıyır çox vaxt. Və onun bəşəri çəkisi bir-iki dalanda, bir-iki şit zarafatdaca əriyib itir. Azərbaycan cəmiyyəti nə qədər kompleksli olsa da, bu kompleksləri yaradan səbəblər nə qədər çılpaq özünü ifadə etsə də, cəmiyyətin tarixi və fərdlərin taleyi ədəbiyyatımızı bəşəri ideyalarla doldura bilir. Ulucay "Pul axtaranlar"da məhəlli hadisənin içindəki fərdi problemi aktuallaşdıra bilir. Kapitalizm və insan cəmiyyətinin sosial rifah adı qoyduğumuz qazanda birdən necə əriyib yoxa çıxdığının şahidi oluruq.
"Gözlənilməyən bir qətlin tarixçəsi" isə günümüzün ən böyük dərdini - ictimai qınağı və populasiyanın insan psixologiyasına təsirini və bu təsirin qurbanlarını mövzu edir. Bu hekayə ilə müəllif öz üslubunu da tapır artıq. Əlbəttə, bu hekayənin çatışmayan, alınmayan bir çox tərəfləri var. Məsələn, Paşinyan və Süleyman paralelliyini aparmaq, xarakterlər arasındakı oxşar və fərqli cəhətləri tapmaq, talelərin hansı nöqtədə kəsişdiyini açmaq lazım idi. Ulucay bu problemlərin üstündən keçib və kameranı daha çox obrazın keçmişi ilə bu günü arasında gəlib-gedən fləşbəklərə çevirib.
Bu hekayə mənə Sovetlər dağıldıqdan sonra yazılan əsərləri xatırlatdı. Postsovet dönəmində düşmən üzərindən qara yumorun ən yaxşı həlli xüsusən şərqi avropalı yazıçılarda alınırdı. Ulucayın qara yumoru və həddindən artıq hadisələri dramatikləşdirib finalda oxucunu adidən adi bir hadisə ilə qarşılaşdırması hekayənin növünü təyin etməyimə kömək edir. Bu hekayə öz qədərini bir az da tarixə bağlayır. Yəni Paşinyan obrazının Azərbaycan cəmiyyətindəki ağrını unutdurub həqiqi qara yumora çevrilməsi üçün məlum hadisələrdən on-on beş il keçməlidir. Ya da erməni obrazı artıq normal qəbul edilməlidir. Bir sözlə, cəmiyyət erməni obrazını bağışlamalıdır. Bu isə bir qədər vaxt alır. Məhz hekayənin həqiqi dəyəri o vaxt gələndə bilinəcək.
Ulucay müharibənin təkcə səngərdə yox, cəmiyyətin içində olduğunu da qabardır. Müəllifin özü bəlkə də bunu boynuna almaz, amma bu mətn kosmopolit düşüncə tərzinin necə yarandığını, müharibənin psixoloji olaraq ağırlığını izah edən hekayələrdəndir. Eynisini Orxan Həsəninin "Qırmızı ayaqqabılar" hekayəsində də görürük.
Ulucay Akif şeirlərində olduğu kimi, hekayələrində də bədii təsvirləri ikinci plana atır. Bütün rakursu hadisəyə, onun nəticəsinə hesablayır. Bu baxımdan Ulucay özünü hər iki hekayədə "Z" nəslinin nümayəndələri kimi göstərir. Tez, yeyin və təəccübləndirən hadisə danışmaq. Düzdü, "Gözlənilməyən bir qətlin tarixçəsi"ndə bir qədər kənd-şəhər estetikasının ağır fərqlərini görürük, ancaq o da finalı ilə şəhər uşağının səbirsizliyini nümayiş etdirir. Finalların bu cür lal-dinməz, tezbazar, qəfil baş verməsi Ulucayın həm şeirləri, həm də hekayələri üçün spesisfikə çevrilib.
"Gözlənilməyən bir qətlin tarixçəsi"ndə də, "Pul axtaranlar"da da Ulucay şair kimliyini gizlətməyib.
Məsələn,
"Ağaclar isə daha gec yoxa çıxırdılar. Süleymana elə gəlirdi ki, ağaclar da harasa gedir. O kəndə qayıdırdı, ağaclar isə kənddən baş götürüb qaçırdılar" ("Gözlənilməyən bir qətlin tarixçəsi")
Redaktəyə ehtiyacı olan bir şeir.
Və ya "Sağollaşıb öz yoluna gedəndə, Ceyhunun arxasıyca xeyli baxdım... Hərdən bir qarşısına çıxan daşları təpikləyir, gözünü yerdən heç qaldırmırdı" ("Pul axtaranlar").
Alınmayan bir şeir.
Hekayələrin dil məsələsinə gəldikdə, "Pul axtaranlar" bəlli bir məkanda baş verir və obrazların nitqi həmin məkanın (Bayıl) ləhcəsinə uyğunlaşdırılıb. Uzun-uzadı izahatdan, şişirtmədən qaçır Ulucay. "Gözlənilməyən bir qətlin tarixçəsi" isə final üçün yol alan müəllifin arabir başqa instansiyalara baş çəkməsidir. Süleymanın, həyat yoldaşının həyatı, keçmişi, hamısı təfərrüatdır. Bu təfərrüatlar da müəllifi məcbur edib ki, dilin bir qədər "yağlı" tərəflərindən istifadə etsin. Bu, onda alınmayıb. Dil hadisələrin və ideyaların kölgəsində qalıb.
Bütün hallarda Ulucay Akif müasir təhkiyənin konturlarını tapıb. Müasir mövzuların və onların tapdığı təhkiyədə həllini isə yəqin ki bir neçə hekayədən sonra görəcəyik. Vacib olan öz üslubunu yaratmaqdırsa, Ulucay bunu bacarır.