İslam coğrafiyası Qərbə necə möhtac qaldı? - Bizim qədim səhvlərimiz

İslam coğrafiyası Qərbə necə möhtac qaldı? - Bizim qədim səhvlərimiz
4 aprel 2024
# 09:00

Kulis.az Rəvan Cavidin "Bizim qədim səhvlərimiz: İslam coğrafiyası Qərbə necə möhtac qaldı?" adlı yeni yazısını təqdim edir.

Bəşəriyyətin, mədəniyyətin və sənətin beşiyi olan Orta Şərq zaman keçdikcə yarımçıq qalan arzuların, xəyalların, fəthlərin xarabalığına, böyük bir ənənənin isə məzarlığına çevirildi.

Çoxunun fikrinə görə, bu arzuolunmaz faciə 11 sentyabr 2001-ci ildən başladı. Qərb həmişəlik Şərqə düşmən kəsildi. Köhnə Dünya İslamı və orientalizmi məhz bu tarixdən sonra özü üçün ən böyük təhlükə hesab etdi. Əlbəttə, yanlış düşüncədir. Çünki bu tarixə qədər Avropa üç dəfə İslam dünyasının təhdidi altında qalmışdı. Şərq doqquzuncu əsrdə ərəblər İspaniyanı işğal edib bütün Avropaya İslamı yaymağa cəhd edəndə (Ki, bunu müəyyən qədər bacarmışdılar), on beşinci əsrdə Osmanlılar İstanbulu fəht edəndə (bu işğal Bizansın və ətrafındakı xristian krallıqların tənəzzülünə yol açmışdı) və Macarıstan yüz əlli il Osmanlı əsarətində qalanda (Vyana qapılarına dirənən türklər on səkkizinci əsrə qədər Avropanın beşiyini – Avstriya krallığını işğal etmək xəyallarından əl çəkmədilər) xristianları, dah dəqiq ifadə etsək, Qərbi qorxutmuşdu.

Lakin bu qorxu və təhdidin ömrü 1699-cu il 26 yanvara qədər sürdü. Məşhur Karlovça sülhü bütün İslam dünyasını təmsil edən Osmanlı İmperiyasını Avropada yeni işğal siyasəti xəyallarından çəkindirdi. Bu sülh müqaviləsindən qısa bir zaman sonra isə türklər ruslarla anlaşmağa məcbur qaldılar. Beləcə, İntibah dövründə “gavurlara” çox da fikir verməyən şərqlilər keçən səkkiz yüz ildə əzəli rəqiblərinin inkişafını dərk etmək məcburiyyətində qaldılar.

Bir vaxtlar bütün Avropanı diz üstə çökürdən İslam dünyası harda səhv etmişdi?

Birdən-birə öz gücünü və əzəmətini Köhnə Dünyanın üstündən necə çəkdi?

Əslində, cavablar çoxdu. Cavabların özləri də həm orientalist (şərq təfəkkürlü), həm də oksidentalistdir (qərb təfəkkürlü).

On altıncı əsrdən başlayan reformist siyasət və inkişaf Avropanın qanını təzələmişdi. Elmi, mədəni inkişaf, texnoloji tərəqqi, silah sənayesinin modernləşməsi, nəştiyyat sistemi və tərcüməçiliyin inkişafı Qərbi daha ağıllı və yüksəlişə meyilli bir coğrafiyaya çevirəndə, təəssüf ki, Şərq bütün olanlara xor baxırdı. Kafirdən öyrənməyin və kafiri təqlid etməyin günahlarından və əzablarından danışırdılar.

Maraqlısı budur ki, həmin “kafirlər” bəşəri mətnləri, fəlsəfəni, icadları İslam dünyasından öyrənirdi. Antik yunan və roma dillərində olan əsərləri ərəbcədən öyrənirdilər. Çünki bu əsərlər səkkizinci əsrdən etibarən ərəb və fars dilinə tərcümə edilmişdi. Bu mühüm hadisədən sonra ərəblər Avropaya ərəb və fars dilini “məcbur öyrətmişdilər”. Bir sözlə, orta əsrlərin Avropası keçmişin dezavantajını avantaja çevirmişdi. Başqa mövzularda da İslam Avropaya istəmədən kömək edirdi. Belə ki, qərblilər onluq say sistemini Hindistandan yox, ərəb dünyasından öyrəndi. Kağız istehsalını da Çində deyil, Orta Şərqdə gördülər. Avropalılar onluq say sistemindəki rəqəmlərə təsadüfən ərəb rəqəmləri demir. Cəbr və həndəsəni, eyni zamanda digər mühüm elm sahələrini məhz bu torpaqlardan öyrənmiş və daha da inkişaf etdirmişdilər. Qərbin bu qədər inkişafını görməzdən gələn İslam dünyası isə öz içində məzhəb davalarının əlində qovrulurdu.

Məşhur tarixçi Bernard Levis yazır ki, Səfəvilərin Orta Şərqdə qüdrətli imperiya qurması Avropaya sərf elədi. Acgöz qurd kimi Avropaya şığıyan müsəlman türklər birdən-birə evə qayıtmaq məcburiyyətində qaldılar.

İslam dünyasının birinci ən böyük səhvi sünni-şiə məsələsi oldu. Öz sülaləsinin qüdrətini göstərmək və Orta və Mərkəzi Şərqin xəritəsini leyhinə dəyişmək istəyən Səfəvi Şah İsmayıl Xətai ilə getdikcə böyüyən, Avropanı qorxu altında saxlayan Osmanlı Yavuz Səlim arasındakı döyüş və intiriqa bir müddət Qərbə özünə gəlməkdə kömək etdi. Qeyd edim ki, Osmanlıya qarşı Səfəvilərlə ittifaq Avropada bir neçə dəfə gündəmə gəlsə də, mövcud siyasi görüşlərə bir o qədər ciddi təsir etməmişdi. 1523-cü ildə Şah İsmayıl V Çarlza məktubunda Osmanlılara qarşı Avropanın birləşmək yerinə hələ də öz aralarında intiriqa yaşamasına təəssüfləndiyini yazırdı. Buna “gözündəki tiri görməyib başqa gözdə qıl axtarmaq” deyirlər, hə? Əslində, həmin məktub Qərbə “gəlin mənimlə müttəfiq olun” çağırışı idi. Ancaq imperator bu məktuba 1529-cu ildə, yəni şahın ölümündən beş il sonra cavab yazmışdı. Yazdığı cavabda da bu ittifaq məsələsi haqqında ciddi heç nə ifadə etməmişdi. Avropalılar məzhəbindən fərqli olmayaraq hələ də müsəlmanlara güvənə bilmirdi. İspaniya və Portuqalyanın uzaq tarixdəki işğalı onlara dərs olmuşdu.

Səlimin xələfi Qanuni Süleyman Böyük Mohaç döyüşündən qalib ayrılmışdı. Macarıstanın işğalı Vyanaya uzanan yolları açmışdı. Osmanlı Avropada böyük işğala başlamaq istəsə də, Vyana qapılarından içəri girə bilmirdilər. Bu uğursuz hücumlar Qərbə dəniz donanmasını gücləndirməyə və yeni silahların icadına vaxt tanıyırdı.

Əgər bir coğrafiyada yolunda getməyən nəsə varsa, iki sual çıxır ortaya: “Biz harda səhv etdik?”, “Bu səhvi bizə bağışlayacaqlarmı?”. Osmanlı və onun timsalında bütün İslam dünyası yalnız on doqquzuncu əsrdən etibarən bu suallara cavab axtarmağa başladı. Gec idi. İndi Qərbdən öyrəniləcək çox şey var idi. Bunun üçün isə onlarla anlaşmaq lazım gələcəkdi. Həmin anlaşmalar, müqavilələr isə müsəlman imperiyaların torpaq itirməsinə səbəb olacaqdı.

Bir məsələ də var ki, Uzaq Şərq (Hindistan xaric) nəyə görə İslamı yox, Xristianlığı daha rahat qəbul etmişdi? Avropada İslam dini ona görə özünə yer edə bildi ki, müsəlmanların fikirləri ilə müəyyən mənada İsaya tapınanların fikirləri eyni idi. Fərqli görünən heç nə yox idi. Müsəlmanlar da qərbliləri bu müstəvidə anlaya bilmişdilər. Lakin Uzaq Şərq xalqlarının inancı heç bir halda müsəlmanlarla kəsişmirdi və İslam xilafəti avropalılardan fərqli olaraq bunu görməzdən gələ bilməzdi. On yeddinci əsrdən etibarən Çin və qonşu dövlətləri alqı-satqıda ticarət yollarını ispan səyyahların cızdığı trayektoriya ilə etməyə başladılar. Bir müddət sonra dəniz yolu ilə ticarət o qədər fərqli şəkil aldı ki, bir vaxtlar öz istehsalı kimi türk qəhvəsi içən Osmanlı qəhvəni Etiopiyadan, şəkəri Fransadan almağa başlamışdı. İntibah dövrünün müsbət tərəfləri artıq özünü göstərirdi. Osmanlı dini qanunlara fikir verməyərək öz gənclərini “gavur” ellərinə oxumağa və kəşfiyyata göndərməyə başladı. Eyni zamanda Avropadan gələn qonaqlara da asan şərtlər tanımağa başladı. “Kafirlərə” müsəlmanlar kimi davranmaq Osmanlıya xeyir gətirdi. Məsələn, macar bir ilahiyyatçı olan, Osmanlı tarixində adı İbrahim Mütefferika kimi keçən sonradan müsəlman olan şəxs 1729-cu ildə ilk mətbəəni qurdu. Bunu kimi daha bir neçə misal çəkə bilərik. Getdikcə Osmanlı xəlifəlik anlayışını Avropanın “senior” anlayışına dəyişdi. Müsəlmanlar mətbəə, teleqraf, jurnalistika ilə tanış oldular. Xüsusən teleqrafın Orta Şərqə ayaq açması həm hərb, həm də mətbuat sahəsində ciddi inkişafa səbəb oldu.

Avropadakı Səfəvi və Osmanlı tacirləri və elçiləri gördüklərini heyrətlə yazırdı. Qərbdə hər kəsin yazıb-oxuya bildiyini, ticarəti daha rahat yollarla hesabladıqlarını təəccüblə ifadə edirdilər. Bundan başqa, on səkkizinci əsr qeydlərində avropalıların müsəlman alimlərin əsərlərini yaxşı bildikləri, İslam fəlsəfəsi haqqında geniş biliklərinin olması da yazılırdı. Bəs Şərq nə edirdi? Müsəlmanlar ağa-qul münasibətindən 1830-cu ildə çıxa bilmişdilər. O da sadəcə böyük dövlətlərdə. Xırda ölkələrdə isə iyirminci əsrin əvvələrinə qədər qul bazarları fəaliyyət göstərdi. İlk meydan saatı da yalnız Şah Abbasın vaxtında Şərqə gəlib çatmışdı. İsfahanda ucaldılan saat qülləsi qısa müddətdən sonra aşmışdı. Divar və cib saatları isə on doqquzuncu əsrdə bu torpaqlara ayaq açdı. Saat demişkən, təqvim məsələsində İslam ölkələri hələ də ortaq məxrəcə gələ bilmirlər. 1729-1742-ci illərdə fəaliyyət göstərmiş ilk mətbəə isə on üç ildə sadəcə 17 kitab çap etmişdi. İranda isə ilk mətbəəni Karmelit keşişləri və İsfahanda ermənilər açmışdı. İranda əlimizə gəlib çatmış ən qədim çap olunmuş kitabın yayın tarixi 1817-didir.

Bütün bu modern icadları Şərq Qərbdən öyrəndi. Halbuki Qərbə də bu fikirləri İslam alimləri vermişdi. Şərqin başı döyüşlərə, sonsuz iqtidar sevdasına qarışanda Qərb inkişaf etdi və bir müddət sonra bütün İslam coğrafiyasını ələ keçirdi.

Orta Şərqdə tərcümə edilən ilk əsərlərə baxanda görürük ki, yalnız hərbi və elmi əsərlər çap olunub. Fəlsəfi və bədii ədəbiyyat nümunələri yoxdur. Çünki müsəlmanlar kafirlərin düşüncələrini oxumaq istəmirdilər. Avropa da isə demək olar ki, bütün nəhəng müsəlman filosofların, mütəsəvvüflərin kitabları çap olunurdu. Fərqimiz, həm də elə səhvimiz də burda idi. Atatürk 1925-ci ildəki Ankara çıxışında qeyd edirdi ki, türklər 1453-də İstanbulu fəht etdilər, kaş onıarın elmə və düşüncəyə sevgisini də bu torpaqlara tez gətirəydilər. Müsəlmanlar ilk dəfə 1835-ci ildə avropalı bir yazarın əsəri ilə tanış oldular. Tərcüməsinə 1812-ci ildə başlanan və 1835-ci ildə Maltada çap olunan “Robinzon Kruzo” İslam coğrafiyasının oxuduğu ilk gavur əsəridir. Halbuki bu əsər İbn Tufeylin “Hay bin Yakzan” əsərindən təsirlənərək yazılıb. “Hay bin Yakzan” 1708-ci ildə ingilis dilinə tərcümə edilmişdi.

1979 inqilabına qədər Orta Şərqin ən modern, ən sekulyar ölkəsi olan İran İslam respublikasının bu qədər geridə qalmasında türkləri və ərəbləri günahlandırır (Lakin məşhur ərəb tarixçisi, İslam tarixinin atası hesab olunan İbn Haldun türklərin İslamı qəbul etmələrini müsəlmanlar üçün böyük bir lütüf adlandırırdı).

Türklər isə bu geriliyin səbəbini Səfəvilərin məzhəb dəyişikliyində görür. Şərqdəki bu davaların başqa bir qolu da Avropadan bizə keçmiş anti-Semitizm düşüncəsi oldu. Qərb yəhudiləri bir göz qırpımında İslamın ən böyük düşməni elan etməyi bacardı. Hazırkı vəziyyət də məhz bunun nəticələridir.

# 2208 dəfə oxunub

Müəllifin son yazıları

# # #