Ər çörəyinə möhtac feministlərimiz

8 Marş

8 Marş

8 fevral 2022
# 15:00

Bu yazıda feminizmə aid nə varsa dırnaq içindədi.

Bizdə hər şey yarımçıqdı. Biz Allaha da yarımçıq inanırıq, vətəni də yalandan sevirik, ailəmizi də axıra kimi qoruya bilmirik.

Bizim təhsilimiz, səhiyyəmiz, mədəniyyətimiz də yarımçıqdı. Bu millətin doğduğu, yaratdığı hər şey yarıcandı. Biz nə etmək istədiyimizi hələ bilmirik.

Dindarlarımızın bəzilərinin yanında hansı müqəddəsi söyürsən söy, Məhəmməd Peyğəmbərə dəymə, toxunma. Ya da kiminlə işin olsa da, Həzrəti Əli ilə işin olmasın.

Vətənpərvərlərimizin yanında məmləkəti yıx, sürü, oralı-buralı Azərbaycanın yanlışını, naqolay tarixini tənqid, yeri gələndə təhqir et, amma o vətənpərvərin doğulduğu Danabaş kəndinə dəymə, yan keç.

Kiməsə de ki, xanım çaxır içsə nolar ki, nə var ki burda, səninlə iki əlli razılaşsın. Sonra çön de ki, sənin bacın da içə bilər də. Gör sənin meyidini tində itlərə iylədirlər, ya yox?

Mağar toyunda anasının əlindən tutub bayağı, mundar bir mahnıya oynadanlar evdə yoldaşını əli yorulana kimi döyür. Yəni, bizdə ailə institutu da yarımçıqdı. Tarix boyu belə olmuşuq.

Xətai imperatorluq qurub, "n" qədər səhvi var. Cümhuriyyət qurmuşuq, bilməmişik, xalq olaq, millət olaq, yoxsa ümmət kimi qalaq. Mətbuat yaratmışıq, aydınlandırmaq əvəzinə, bir az da qaranlığa salmışıq qara camaatı.

Ədəbiyyatımız fars dili ilə qərb üslubu arasında həmişə var-gəl edib. Say-say bitməz.

Eyni zamanda da feminizm. Təzə-təzə orda-burda görüb tanıdığımız bu ali “izm”in də zibilini çıxartdıq. Əvvəllər o qədər ümidli idim ki. Çünki mənim bildiyim feminizm uzağı beş ilə nələrəsə nail ola bilərdi.

Nə bilim, ictimai fəallıq artardı, qadın zorakılığı azalardı, ya da qız-oğlan ayrıseçkiliyi bitərdi. Seksist nə varsa, üstündən qalın bir xətt çəkmək olardı. Olmadı.

Məmləkətimin feministləri baxdı aya, axdı çaya, gördülər, gücləri çatmayacaq. Evdə kartof soyub televiziyadakı küsülülər üçün göz yaşı tökən, Xoşqədəmə, Zaura baxıb damarlarını kəsən, qonşunun qızını ərə verib, qaynı qızını boşatdıran Azərbaycan xanımı feminizm yox, elə həmişə ər şapalağı istəyəcək. Bizim feministlər təbii ki mən yazdıqlarıma görə bəlalı “izm”in daşını atmadılar, sadəcə bu coğrafiyada (ölkə demirəm, region demirəm, Qafqaz demirəm, Ulu Türk xaqanlığı demirəm, Orta Şərq deyirəm) alınan deyildi. Musanın, İsanın, Məhəmmədin ayaq açdığı torpaqlarda heç alınmayacaqdı. Nəysə.

Bizim feministlər xanımlarımızı yağ iyi gələn mətbəxdən çıxarıb tüstü iyi gələn pablara saldılar. Əllərindən süpürgəni alıb, üzərinə anadangəlmə hər şeylərini saydıqları plakatları verdilər. Dedilər, şərq pisdi, bizi qul edir, gedək qərbə, orda qul yoxdu, “sosial işçi” var. Orda fahişə yoxdu, seks işçisi var. Bir mitinq, iki mitinq, üç mitinq, sonra bir post, iki status, üç koment, bitdi.

Feminizm bütün etirazlarımız kimi sosial şəbəkənin mavi fonunda qaldı. Nəysə. Nə demək istədiyimi bilmək üçün yutubda Bakıdakı iki-üç feminist mitinqinə baxmağınız kifayətdi. Mənim dostlarım da, tanışlarım da var o cərgələrdə. Görmək istədiyimiz feminizmi göstərə bilmədilər əzizlərim. Sosial olmaqla küçə şüvənçisi olmağı səhv saldılar. Bizim də ki, səhv düşəndə yerimiz, bilirsiniz də...

Məsələnin ən ürəkqırıcı yanı bilirsiniz nədir? Bilmirsiniz! Feministlərimizin əksəriyyəti ali təhsil almış, kifayət qədər ictimai fəal xanımlardı. Yaxşı, bu xanımlarımızın və onların içində it-bat olan feminist bəylərimizin kitab oxumağa vaxtı yoxdu, sənədli filmə baxmağa hövsələsi yoxdu, ciddi müzakirə aparmağa savadı yoxdu, başa düşmək olar. Heç olmasa vikipediyadan feminizmin nə olduğuna, necə təşkilatlandığına, nə cür yayıldığına baxın da.

Elə feminizmə verilən o asi tərifin belə işartısını görmək olmur mənim, sənin, bizim feministlərin arzu-istəklərində.

Uzun-uzun bu hərəkat haqqında mühazirələr yazmağa səbrim çatmaz, onsuz da, əziz feministlər, siz bunu məndən yaxşı bacarırsınız. Sadəcə sizin yadınıza salım ki, Ukrayna, Belarus və digər ölkələrdə hakim olan feminizm Azərbaycan üçün lazımsızdır.

1990-2013-cü illərdə üçüncü dalğa feminizm ona görə var idi ki, postmodernist və transseksual fikirlərin axınında bütün xalqlar anarxist gərginlik yaşayırdı. Təbii ki, bizim xalq onların içində deyil. Biz onda qızımızı, arvadımızı yanımıza alıb meşədə güllədən qaçırdıq. Və bu cür nəzəriyyə bizim üçün mənasız, lazımsız idi. İpin ucunu gec tutduq. Biz tutanda isə ölkələr feminizmin dördüncü dalğasını cəmiyyətə yayırdılar. Yəni, əzizlərim, siz nəinki feminizmi anlamamısınız, hətta ona gecikmisiniz də.

Daha acınacaqlı məqam isə bu ölkədə feminizm tipli hərəkatların uğursuzluğudur. Siz yox, sizdən ağıllı qadınlar belə zərif və güclü feminizmi bu millətə sırıya bilməyəcəkdilər. Çünki sizin axrasında dayanmaq istədiyiniz, amma bacarmadığınız Azərbaycan qadını mövcud vəziyyətdə “ər çörəyindən” başqa heç nə düşünə bilmir.

Məsələn, yaxın dostlarımdan biri həyat yoldaşından illərdir ayrılmaq istəsə də, “ər çörəyinə” ehtiyac (“möhtac” yazıb kobudluq etməyəcəm) duyduğundan ona dözdüyünü özü etiraf etmişdi. Təəssüf!

Elə bir güclü qadın da yoxdu ki, hər şeydən imtina edib öz ayaqları üzərində dursun. Bizim cəmiyyətdə qadın həmişə bu və ya başqa yolla kişidən asılıdır. Ər olmasın, ata olsun, qardaş olsun, dayı olsun. Mütləq hardasa gəlib özünü bir kişinin qollarına atacaq.

Qadın zorakılığı, qadın istismarı bəs qədərdi. Və bizim feministlər heç nə edə bilmir. Heç nə. Çünki özləri o travmadan çıxa bilmirlər. Acizdirlər. Bax bunu kobudluq da olsa yazacağam. Feminstlərimizi məşhur Nizami küçəsinin kofeşoplarında, pablarında, qlamur restoranlarında görəndə onlara yazığım gəlir. Əminəm ki, o taxta masalarda çəhrayi pambıq dadında söhbətlər gedir.

Bu gün 15 yaşlı bir ananın (!) ölümü gündəm oldu. Və heç bir feministin ciddi bir xəbərdarlığını status şəklində belə olsa, görmədim. Hər gün kriminal xəbərlərin beşindən üçü bir qadının ölümünü bağırır. Yenə bizim “feministka”lardan səs-soraq çıxmır. Yaxşı, niyə varsınız? Ya da bu qədər hadisənin içində niyə yoxsunuz?

Sosial şəbəkələrdə yayılmış bir fikir var: Feministin feminizmi ərə gedənə qədərdi. Çox bayağıdır, çox yüngüldür, amma hər hərfinə qədər haqlıdır. Bizim feministlərin bahalı maşınlara, villalara, otellərə, qlamur qadın məclislərinə, “üstü duzlu paçka dollarlara” ehtiyac duymadıqlarına, ağızlarının sulanmadıqlarına zərrə qədər də inanmıram.

Və bu qədər estetiksizliyin içində boğulan feministlərin şüarları isə sadəcə qurşaqdan aşağı söz yığınıdır. Çünki, ən yaxşı halda onlar qurşaqdan yuxarı, boğazdan aşağı nələrisə qabarda bilərlər. Fikri, düşüncəni qabartmağa gücləri və əqilləri çatmır.

Bu yazının dayanacağa yaxın işıqforunda sizə acı bir şey də deyəcəm. Siz, bizim feminist xanımlarımız, heç vaxt Janna dArk ola bilməyəcəksiniz. Heç vaxt Fransa da gördüyünüz o işçi qadınlardan da ola bilməyəcəksiniz. Amma adamın üstündə allah var, yaxşı pivə içib söyüş söyə biləcəksiniz. Bunda da heç bir eyib görmürəm. İçin, böyrəklərinizə xeyri var.

Əziz feministlər, sizin üçün ən yaxşı olan variant odur ki, aldığınız diplomu da götürün, gedin iş axtarın, bəzənib-düzənib evlənin, bir uşaq böyüdün. Əgər o uşaq qız olsa, heç vaxt öz keçmişinizdən danışmayın. Qızınıza yazığınız gəlsin.

Kimisə təhqir edib, kiməsə söyüş söyməklə, cinsi orqanlarınızı reklam edib gecələri bir-iki bakala uduzmaqla feminizm olmayacaq. Bu dediklərimin hamısını edin, sizə qarışmayacaqlar, amma özünüzə feminist deyib, fransız nənələrimizin xətrinə dəyməyin.

# 4325 dəfə oxunub

Müəllifin son yazıları

# # #