Müqəddəs heç nə yoxdur - Orxan Həsəninin romanı haqqında

Müqəddəs heç nə yoxdur - Orxan Həsəninin romanı haqqında
17 avqust 2023
# 13:18

Kulis.az Rəvan Cavidin Orxan Həsəninin “Və dalğalandı yaddaş tarlası” romanı haqqında yazdığı “Keçmiş, üstəgəl gələcək: Bərabərdir...?” adlı yeni yazısını təqdim edir.

“Yaddaş: pəncərənin iki üzü, yolun iki tərəfi”.
Xatırlamaq və unutmaq arasında estetik körpü funksiyasını daşıyan ədəbiyyat təməlini keçmişin və gələcəyin qumsallığında basdırır. Yaddaş, onun izaholunmaz tədirginliyi, keçmişin xiffəti və gələcəyin məchulluğu arasında qalan bütün ecazkar sözlər, üslublar, əlbəttə, ədəbiyyatdır.

Təxminən, üç il əvvəl Joze Eduardu Aqualuzanın “Unutmağın teoremi” romanını oxuyandan sonra “Tarix – unutmaq haqqında məşhur əhvalat” essesini yazmış və özüm üçün yaddaşın, həyatımızdakı xatirə selinin ədəbiyyatdakı yerini müəyyənləşdirməyə çalışmışdım.

“Yazmaq xatırlaya bildiyimiz yaddaşdır. Hər şeyi unutduğu anda insanın azadlığı başlayır və bu azadlıq sənət üçün ziyanlıdır. Təxəyyülün üfiqləri yaddaşın bitdiyi yerdən görünür. Nəyi xatırlamırıqsa, o bizim deyil artıq. Eyni zamanda da, tarix bütün xatırlananların yarızarafat-yarıciddi icmalıdır. Elə bir icmal ki, bəşəriyyətin ümumi qənaətincə, bütün insanlıq bu icmalı bilməli, ondan xəbərdar olmalıdır”

(“Tarix-unutmaq haqqında məşhur əhvalat”/ 07.03.2020/ 525-ci qəzet)

Yaddaş və onun sərsəmlikləri haqqında bəs qədər yazılıb. Ta əzəldən keçmişə dair aciz axtarış, gələcəyə həyəcanlı istək olub, olacaq.
Orxan Həsəninin “Və dalğalandı yaddaş tarlası” romanı yaddaş, xatirat, keçmiş haqqında yazılmış estetik, oyunbaz, bir az da gənclik ehtirasına uduzmuş mətndir.

“Doğruluq-Cəsarət” oyunu
Roman “Doğruluq-Cəsarət” oyununda verilmiş bir sualın həngaməli cavab axtarışları ilə başlayır.
Müəllif romanın əsas qəhrəmanlarından olan Aniyənin “Doğruluğ”u, yoxsa “Cəsarət”i seçdiyini yazmır. Bu seçimlərdən hansı “İlk xatirən hansıdır?” sualını doğurub, bilmirik. İlk xatirəmizi danışmaq bizim cəsarətimiz, yoxsa dürüstlüyümüzdür? Romanın sonrakı axarı oxucunu dürüstlüklə cəsarət arasında gəlib-gedən müvəqqəti hisslərin yaddaş tarlasına aparır. Bu tarladakı obrazları romanın sonuna qədər tanımırıq. Müəllif hadisələrə həddindən artıq fokuslandığı üçün, demək olar ki, heç bir obrazın nə fiziki görünüşü, nə də batini haqqında oxucuda konkret təəssürat yaranmır.

Hekayət bütöv olsa da, obrazlar yarımçıqdır. Məsələn, Çəmən və Rufanə obrazı haqqında, onların keçmişi və yaddaşında olanlar barəsində müəllif sonacan susur. Halbuki, əsas səkkiz obrazdan ikisi onlardır. Bu da müəllifin öz obrazlarına tam hakim olmaması düşüncəsini yaradır.

Orxanın romana açar kimi təqdim etdiyi “Doğruluq-Cəsarət” oyunu mətnin kulminasiya nöqtəsində bir daha özünü göstərir. Yaddaşın insan xislətindəki yerini axtaran müəllif və obrazlar sonadək keçmişin ilğımı altından çıxa bilmir.
Mətnin dalğalı təhkiyəsi, cümlələrin səliqəli səhmansızlığı romanın müsbət tərəflərindən biri sayıla bilər. Üslub oyunları və xətaları haqqında isə bir azdan.

Yerinə oturmayan daşlardan biri isə jurnalistin müəmmalı ölümü və bu məchul hadisənin birdən-birə romana sıçramasıdır. Xatırlayıram, roman redaktə prosesində olarkən mən və digər dostlarımız, həm də mətnin redaktoru Şərif Ağayar Orxana bu hissələrin mətndən çıxarılmasını təklif etmişdik. Orxan, görünür, ya üslubu baxımından, ya da öz yaddaş tarlasına sədaqət baxımından həmin hadisəni saxladı. Romana detektiv ab-hava qatan jurnalistin ölümü hadisəsi mətn içində həll olunmayıb. Bu hadisəni - əgər mütləq dəyərləndirmək lazımdırsa, - yaddaşımızda ilişən gərəksiz informasiyalar kimi dəyərləndirə bilərik.

İkinci hissədə o jurnalistin müəllifin özü olması, onun vaxtilə həmin obrazlar haqqında eyni romanı yazmağı məlum olsa da, yenə mətn bu gərəksiz əlavədən xilas olmur.

Körpükəndin sirri
Roman səkkiz nəfər gəncin Körpükəndə bir neçə günlük istirahətə getməsindən, orda baş verənlərdən və iki il keçməsinə baxmayaraq, həyatlarına təsirindən danışır. Lakin romandakı vacib səkkiz obrazdan heç biri sonadək kəndi kəşf edə bilmir. Müəllif hər dəfə onlar üçün yeni bir situasiya uydurur və beləcə Körpükənd onların yaddaşında hoteldən başqa bütöv xatirə izi buraxmır.
Məşhur jurnalist nəhəng çinar budağının altında qalıb ölür, gənclər Xan sarayı ilə tanış ola bilmirlər.

Şair Cəfərinin (?) ev muzeyinin qapısı bağlı olur.

Qonşu kənddəki Alban kilsəsini ziyarət etmək istəsələr də, gedib çıxa bilmirlər.

Ətraf kəndləri gəzmək istəyirlər, bu dəfə də polis şöbəsinə aparılırlar.

Beləcə, Körpükənd həm oxucu, həm də obrazlar üçün heç vaxt kəşf olunmur. Müəllif isə bu kəndin yalnız memarlıq tərəflərini və ümumi təəssürat doğuran insan xarakterlərini təqdim edir.

Kəndi tanıyan bircə obraz var: Nika.

Musiqilər
Romanda “HOST”, “Duman” qruplarının və Ahmet Kayanın musiqilərinin adı keçir. Konkret olaraq 2015-2019-cu illərdə tələbəlik yaşamış biri kimi deyə bilərəm ki, çox da uzaq olmayan dövrü Orxan Həsəni həssaslıqla, dəqiqliklə işləyə bilib. Roman məhz bizim gəncliyimiz haqqında bütöv bir təəssürat yarada bilib. Bəli, melanxolikliyimizi “HOST”la, vecsizliyimizi “Duman”la, kədərli gecələrimizi Ahmet Kaya ilə bölüşmüş bir gəncliyik. Romanda olduğu kimi, Çexova aşiq, dəliliyi marjinallıqla qarışdıran, idarə edə bilmədiyimiz şəhvətin qurbanı olan münasibətlərin qucağında böyümüşük. Əlbəttə, Orxan Həsəni bütün gəncliyi deyil, ədəbiyyata, sənətə, dəliliyə qurşanmış gənclikdən söz açır. Məhrəm olmasa idi, mən hətta bircə-bircə obrazların real həyatda hansı dostlarımıza, tanışlarımıza uyğun yazıldığını deyə bilərdim. Bu baxımdan “Və dalğalandı yaddaş tarlası” həm də bioqrafik romandır.
Orxan hər fəsilə uyğun yuxarıdakı musiqi qruplarının adını çəkir. Və hadisənin, daha doğrusu, yaddaşın ən dərin yerində Nigar (obraz) Ahmet Kaya dinləyir.

Nika kimdir?
Romanın müəyyən fəsillərində sadəcə Cavidin sevdiyi qız kimi təqdim olunan Nikanın hekayəsi ortaya çıxır: “Nika haqqında”. Məlum olur ki, Körpükəndi ən yaxşı tanıyan, Gümüşçaya ən yaxşı bələd olan elə Nikadır. Kifayət qədər depressiv, kifayət qədər vecsiz bir obraz kimi təqdim olunan Nika romanda yeganə ətraflı şəkildə təhlil olunan obrazdır. Aniyənin avtobusda yuxuda gördükləri də (I fəsil, III hissədə) Nikanın başına gələnlərdir, əslində. Müəllif bununla mətndə təsadüfi heç bir element işlətmədiyini oxucuya sübut edir. Nikanın Seymurla münasibəti, Bakıya gəlişi, Cavidlə tanışlığı, ikisinin də ortaq dostu Gül obrazı – hamısı cəmi bir neçə səhifədə çox aydın təsvir edilib. Əgər “Doğruluq-Cəsarət” oyunu romanın birinci açarıdırsa, Nika obrazı mətnin ikinci və sonuncu açarıdır. Nikada həm Aniyə obrazı, həm də Nigar obrazı var (digər obrazlar – Rufanə və Çəmənlə tanış deyilik). Əgər romanın özünü bütöv bir yaddaş kimi təsəvvür etsək, müəllifin xatirələr məşəlini alovlandıran birinci qığılcım elə Nikadır.

Üslub oyunları
Orxan Həsəninin fərqli üslub niyyəti XIII hissədə, sərxoş olan Rüfətin monoloqunda üzə çıxır. Mətn heç bir qramatik və leksik qanunauyğunluğa tabe deyil. Nöqtə, vergül, nida, böyük hərf, kiçik hərf, abzas, bitmiş fikir, dil – təsadüfi yazılıb. Mətni oxuyan oxucu özü də biixtiyar sərxoş adam kimi danışmağa başlayır.

“Nika haqqında” adlı hissədə əlaqəsiz cümlələr, üçnöqtəli fikirlər ortaya çıxır. Obrazın özü kimi mətnə təsadüfən qonan bu bəzəkli kəpənəklər həm də obrazın xarakter və xislətinin aydın təsvirinə xidmət edir.

II fəsil, XVIII hissədə Nigar və Xəyalın son görüşü, onlar arasında roman boyu çözülməyən cəsarətsizlik, gözləmək hissi ağrılı lüğət kimi təsvir olunur. Müəllif hər abzasdan müəyyən sözləri seçib və onları lüğətlərdəki kimi izah etməyə çalışıb (hansı nitq hissəsidir, nəyi ifadə edir, hansı sözdən yaranıb və s.). Bu da iki gənc arasındakı münasibətin izaholunmazlığına işarədir. Yaxud müəllifcə, o iki gənc arasındakı münasibət izah olunarsa, ortaya bu cür absurd mətn çıxacaq. Xəyalın Nigara, Nigarın da Xəyala qarşı hissləri olsa da, eqo, cəsarətsizlik, vecsizlik, qürur bu münasibətə mane olur. Nəhayət, iki ürəkdən birində yuva tapa bilməyən eşq başqa yuvaya uçur. Nigar həmişəlik həm Xəyalın həyatından, həm də romandan gedir.

Romanda təsvir olunan çarpaz münasibətlər üslub kimi özünü göstərsə, daha fərqli bir mətn oxuya bilərdik. Yəqin ki müəllifin buna ya gücü, ya da səbri çatmayıb. Bütün hallarda roman yeni üslub cəhdləri ilə doludur və növbəti mətnlər üçün ümidverici yaşıl işıq yandırır.

Xəyanət
Romanın kulminasiya nöqtəsi Aniyə və Elvinin Rüfətə xəyanətidir. Bu xəyanət iki il sirr pərdəsini açmır. Sonra hər şey özünü ifşa edir. Müəllif xəyanət mövzusu ilə yeni nəsillərin fəstfud münasibətlərinə işarə edir.

Sosial nihilizmdə müqəddəs hisslər aliliyini beləcə itirir.

Müqəddəs heç nə yoxdur, gülüşdən və vidalardan başqa.

“...Və dalğalandı yaddaş tarlası” müəllifin ilk romanıdır. Orxan bundan sonra daha orijinal, daha ağır mətnlər yazacaq, əlbəttə. Çağdaş ədəbiyyatımızda roman bumuna ehtiyac var. İnkişaf etmiş dünya ədəbiyyatının mərkəzi roman və üslubçuluqdur. Təəssüf ki, hələlik yerli ədəbiyyatda nə romançılıq, nə də üslubçuluq sanballı şəkildə istifadə edilməyib...

# 2691 dəfə oxunub

Müəllifin son yazıları

# # #