Unudulmaz Umberto Eko ilə ilk və son görüş - Üçüncü hissə

Unudulmaz Umberto Eko ilə ilk və son görüş - Üçüncü hissə
12 yanvar 2024
# 16:30

"Yarımçıq əlyazma" İtaliyada çap olunub yayımlanandan sonra kitabın naşiri Sandro Teti onu Umberto Ekoya çatdıra bildi. Kitaba önsözü məşhur italyan şərqşünas, professor Franko Kardini yazmışdı. O isə Ekonun dostu idi. Kitabla tanış olduqdan sonra Eko Kamal Abdullanı ve Sandro Tetini Milana evinə dəvət edir. Bu görüşü Kamal Abdulla belə təsvir edir.

Kulis.az Xalq yazıçısı Kamal Abdullanın "Unudulmaz Umberto Eko ilə ilk və son görüş" adlı yazısının üçüncü hissəsini təqdim edir.

Əvvəli burada

...Umberto Eko əlindəki şərab dolu bokalı mizin üstünə qoydu və oturduğu kreslodan qəflətən ayağa durdu. Başının işarəsi ilə bizi də qalxmağa dəvət elədi. Biz, Sandro ilə mən bir az da təəccüblə bir-birimizin üzünə baxdıq və eynən onun kimi etdik. Eko özünəməxsus təmkin dolu bir coşqunluqla bizə səsləndi:

– Mənimlə gəlin. Sizə qədim əlyazmalarımı göstərmək istəyirəm.

O irəlidə, biz də onun arxasınca bu işıqlı salondan çıxıb uzun, bir o qədər də geniş olmayan dəhlizlə qədim əlyazmalar saxlanan otağa tərəf gedirik. Dəhlizin sağı və solu uca tavana dirənən kitab dolu rəflərdir. Bir-iki yerdə xüsusi qalxıb-enmə qurğuları (oturacaqlar) var, onlara oturub düyməni basırsan və avtomat qurğu vasitəsilə ucaya, yuxarıdakı rəfdə sənə lazım olan kitabın yanına qalxa bilirsən. Rəflərin içindəki kitabların hər biri sanki adama deyir: “Mənə toxunmamış, məni varaqlamamış yanımdan ötüb keçə bilməzsən”.
Sağ tərəfdə yerləşən Əlyazmalar otağının iki addımlığında Eko qəflətən ayaq saxlayır və sağdakı əlçatan rəfdən əlini az qala gözüyümülü ataraq qara rəngli bir qalın kitabı çıxarır, nəvazişlə sığallayıb mənə uzadır:

– Bu, Coysdur. O sizdən də qəliz yazır...

Bayaq salonda mənə dediyi “Sizin romanı plyajda oxumaq olmaz” – sözlərini və bunu deyərkən üzünə yayılmış ilıq təbəssümünü xatırlayıram.
– Mən bilirəm, Siz Coysu çox sevirsiniz... – Kitabı əlimə alıb vərəqləyirəm.
– Mən onun haqqında kitab yazmışam. – Eko əllərini sinəsində çarpazlayıb təvazökarlıqla başını aşağı dikir və gizli bir fəxrlə deyir.

Əlbəttə ki, xatırlayıram. İndi isə mənə agah olur ki, bu, əsl sevgidir. Və mənə elə gəlir ki, Eko bu dəhliz boyu nə qədər o başa, bu başa gedib-gəlibsə, sağdakı, soldakı saysız-hesabsız kitabların yanından bəzən onlara fikir vermədən ötüb keçə bilib, amma Coysun yanından heç zaman elə-belə ötüb keçməyib, həmişə Coysun yanında ayaq saxlayıb. Ən azından bu kitaba əlilə sığal vurub keçib.
Sağa burulub onun qürurla “mənim əlyazmalarımın məskəni” adlandırdığı böyük bir otağa daxil oluruq.

– Bunlar da mənim qədim əlyazmalarım... – Eko qollarını gen açaraq şövqlə elan edir və dörd ətrafına elə baxır ki, elə bil, bu saat burda qalaq-qalaq, rəf-rəf yığılmış qədim və müasir əlyazmaların hamısını birdən qucaqlayıb bağrına basacaq.

Mən və Sandro heyranlıq içində ətrafa boylanırıq. Yenə də dörd bir tərəfi kitabla dolu rəflər görürük. Amma bu otaqdakı kitabların dəhlizdəkilərdən fərqli və xüsusi olduqları elan edilməsəydi də biz, əlbəttə ki, bunu hiss edəcəkdik. Belə deyim, dörd tərəfdən sənə baxan qalın, nəhəng, qədim cildlərin əzəmətli, hətta qaraqabaq bir möhtəşəmliyi vardı. Sanki onlar hamısı sənə yuxarıdan aşağıya həm də bir az kübarcasına baxırdılar. Öz əlçatmazlıqlarını əməlli-başlı, özü də gizli bir ləzzətlə nümayiş etdirirdilər. Adama belə bir hiss təlqin edirdilər ki, sən hardasa 16-cı, ya da lap elə 12-ci əsrə düşübsən, bura da hansısa monarxın kitabxanasıdır. Son dərəcə diqqətli olmalı, özünü təmkin və ləyaqətlə aparmalısan.

Bir məsələdə bu qədim foliantlar səhv etmirdilər. Otaqda monarx olmağına monarx var idi. Ancaq o, ədəbiyyat monarxı idi. Mənə indi o anları xatırlarkən maraqlı gələn odur ki, bu monarxın özü də, yəni Eko, elə bil, bizim kimi bu otağa birinci dəfə idi gəlib düşmüşdü və indi dörd tərəfə doymadan, hətta acgözlüklə baxırdı.

Bir xeyli beləcənə heyran-heyran dörd tərəfdə özünə yer eləmiş əlyazmalardan gözümüzü çəkə bilmirik. Professor yenə özünəməxsus cəld bir hərəkətlə onlardan birinə yaxınlaşır və rəfdən onu az qala ikiəlli çıxarıb sinəsinə basır. Bu, qalın, böyük, qaradərili, kifayət qədər ağır bir kitabdır. Otağın ortasında stol var, Eko qucağındakı kitabı ehmalca bu stolun üstünə qoyur və ehtiyatla səhifələrini vərəqləməyə başlayır:

– Bu, 500 il əvvəlin əlyazmasıdır. Vergilidir. – Eko deyir və bütün vücudunu bir az geriyə verir, əlyazmaya kənardan, bir nazənin qadına baxan kimi xüsusi məftunluqla baxır. Sonra yenə mənə müraciət edir:
– Əlinizi vərəqlərə toxundurun, hə, cəsarətli olun, görün nə hiss edəcəksiniz?!

O duyur ki, mən son dərəcə ehtiyatlı olmağa çalışıram. 500 il əvvələ toxunmaq elə də asan iş deyil. Onu bilmədən zədələmək olar. Eko məni təşviq edir. Az qala özü mənim əlimdən tutub kitaba yaxınlaşdırır.

Və mən ehtiyatla əlimi vərəqlərə toxundururam. Onları sığallayıram. Yekə, qalın vərəqlərdəki latın hərflərinə və bu hərflərlə yazılmış latın dilindəki mətnə baxdıqca baxıram. Şriftlər oynayır, sanki atılıb-düşür, misraların bir çoxunun ilk hərfləri rəngbərəngdir. Rəngli illüstrasiyalar adamı heyran edir. Nə hiss edirəm?! Latın hərflərinin şıltaq oyanışını, canlanmasını hiss edirəm. Bu hərflər indi bir başqa lətafətdədilər. Çünki bu əlyazma onların vətənidir. Dil vətənidir. Hərf də öz doğma vətənində – doğma dil məkanında dəyişə bilərmiş, necə də gözəlləşərmiş... Romalı legionerlər kimi, elə bil, onlar həm də bu latın mətninin içindəki mənaların keşiyində durublar.

Yenə dəhlizə çıxırıq. Dəhliz artıq əsl labirintə bənzəyr. Kitablarla dolu bu labirintdə Eko yenə də böyük bir şövqlə bizi öz arxasınca aparır. Növbəti dayanacaq onun özünün müəllifi olduğu kitablardan, bu kitabların müxtəlif ölkələrdəki nəşrlərindən ibarət “Esseistika” otağıdır. Professor elə-belə də deyir:
– İndi də mənim cızmaqaralarımın otağına gedirik. “Esseistika” otağına.

Umberto Ekoya hərdən gizli-gizli baxdıqca yadıma Mikelancelo, Leonardo da Vinçi, Rafael kimi nəhənglər düşür. O da bu möhtəşəm pleyadaya məxsusdur. Onlar daşın içində gizlədilmiş heykəli tapıb ona azadlıq verirdilərsə, Umberto Eko sonsuz lüğətin içində gizlənmiş mətni azadlığa qovuşdurmaqla məşğul idi. Bəlkə də o özü bir mətn idi, biz isə onu sonsuz lüğətin içindən çıxarmaqla məşğuluq?!

# 3928 dəfə oxunub

Oxşar xəbərlər

Məgər hicablı qadın öpüşmür, xəyanət etmir?

Məgər hicablı qadın öpüşmür, xəyanət etmir?

12:16 3 dekabr 2024
Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

17:00 26 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
"Müşfiqin həyasızlığı o dərəcəyə çatmışdır ki..."- O iclasda nə üçün ağlamışdı?

"Müşfiqin həyasızlığı o dərəcəyə çatmışdır ki..."- O iclasda nə üçün ağlamışdı?

09:00 7 avqust 2024
"Sənə ölüm, sənə ölüm! Budur bizim son qərar..." - Tar oxusun, yoxsa oxumasın?

"Sənə ölüm, sənə ölüm! Budur bizim son qərar..." - Tar oxusun, yoxsa oxumasın?

09:00 31 iyul 2024
Hüseyn Cavidin "ifşa" olunduğu hekayə - Ölülər rəqs edərkən

Hüseyn Cavidin "ifşa" olunduğu hekayə - Ölülər rəqs edərkən

09:00 10 iyul 2024
# # #