Dəryada duran qocaman dağ

Dəryada duran qocaman dağ
16 sentyabr 2015
# 09:11

Kulis Anarın M.Ə.Sabir haqqında yazdığı “Dəryada duran qocaman dağ” məqaləsini təqdim edir.

Zaman-zaman müxtəlif simptomlarla təzahür edən "klassiklərə hücum" meyli bugünlərdə yenidən özünü göstərdi. Bu dalğada, dahi şairimiz Mirzə Ələkbər Sabirin də ünvanına bəzi ifadələr yer aldı. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın bununla bağlı redaksiyamıza ünvanladığı yazını oxuculara təqdim edirik. /525.az/

Şirvanlı Mirzə Ələkbər Sabir Azərbaycan torpağının və Azərbaycan tarixinin ən böyük möcüzələrindən biri, damarlarında azərbaycanlı qanı axan hər bir vətəndaşımız üçün əbədi qürur mənbəyidir. Sabirə talantlı şair demək azdır, Sabir dahilər dahisidir. Doğrudur, zəmanəmizdə "dahi" sözü də urvatdan düşüb, indi hər yetənə "dahi" demək su içmək kimi asan olub. Kim kimin cibinə pul basırsa, səhərisi gün cibinə pul basılan cibinə pul basanı dahi elan edir. Kamal Abdulla yaxşı deyir ki, indi "ağlına gələni yox, ağzına gələni yazanlar meydan sulayır".

Sabir haqqında müxtəlif vaxtlarda (1995-ci ilin mayısında "İlin Sabir günləri", 2012-ci ilin mayısında "Dindirir əsr bizi" adlı) iki esse yazmışdım. Bu gün bu iki mətndəki bəzi fikirləri birləşdirərək və onlara yeni əlavələr edərək bu qudsal mənəvi məbədimiz haqqında köhnə-yeni yazı yazmağa"əşəddü ehtiyac" duydum...

"Hophopnamə"nin bütün şeirləri mənə əzizdir, məhrəmdir, doğmadır, ürəyimin içindən xəbər verir. Amma bunların arasında elə misralar var ki, ən çətin anlarımda dadıma çatır, mənə təsəlli verir, ağrı-acılarımı ovudur. Sanki bu sözlərlə Sabir tək öz dövrünün yox, bütün gələcək zamanların da cahillərini, paxıllarını, heyvərələrini birdəfəlik damğalayıb:

Bir bölük boşboğazıq, heyvərəlik adətimiz,
Doludur lənət ilə, qeybət ilə söhbətimiz.
Oxumaqdan payımız yox, yazıdan qismətimiz,
Bu avamlıqla belə hər sözü təfsir edərik,
Mümkün olduqca müsəlmanları təkfir edərik.

Hər sözə çuğlaşarıq, hər bir işi qurdalarıq,
Harda bir nur görərsək, ona qarşı olarıq,
Bəzinə diş qıcıdıb, bəzinə quyruq bularıq,
Bizə hər kəs çörək atsa onu təqdir edərik!

Danışıb söyləşərik hər necə ünvan olsun,
İftira, ləğv, əbəs, hərzəvü hədyan olsun.
Qoy bizim din evimiz olsa da viran olsun,
Güc verib zikrə, cinan qəsrini təmir edərik.

XX əsrin məşhur romanlarından biri "Yüz ilin tənhalığı" adlanır. Millətimizin fikir babaları, qeyrət qalaları Mirzə Fətəli Axundzadəyə, Həsən bəy Zərdabiyə, Mirzə Cəlil Məmmədquluzadəyə, Mirzə Ələkbər Sabirə onların öz çağlarından başlayıb bu günə qədər davam edən atmacaları, hərzə sözləri oxuduqca adam "yüz ilin nadanlığı" demək istəyir.

Gəl, gəl, a yaz günləri,
İlin əziz günləri...

Artıq neçə ildir ki, yaz günləri - mayısın son günləri işıqlı şeir bayramı - Sabir poeziya günləri keçirilir. Şairin vətəni Şamaxıda, Bakıda, başqa şəhərlərimizdə yazıçılar, alimlər, ədəbiyyat həvəskarları toplaşır, böyük sənətkarın əziz xatirəsini rəhmətlə yad edirlər. Amma məgər ilin bütün qalan günləri - yay, payız, qış günləri də Sabir günləri deyilmi?Məgər dəyişən dövrlər, quruluşlar, mühitlər, dəyərlər içində hər gün, hər saat Sabiri xatırlamırıqmı? Ömrümüzün hər anında Ulu Tanrıya Sabir sorğusuyla xitab etmirikmi?

Daş qəlbli insanları neylərdin ilahi?

İstedaddan yanıq, şöhrət umsuğu üç cüt bir tək dılğır bütün əxlaq dəyərlərimizi alt-üst edəndə, əsrlər boyu mənəvi tapınağımız, ruhumuzu, mənliyimizi, varlığımızı, dilimizi yaşadan böyük klassiklərimizə çamur atanda çörəyi bu klassiklərdən çıxan, onlar haqqında qalın-qalın kitablar yazıb alim olanlar "dəymə mənə, dəymərəm sənə", "azacıq aşım, ağrımaz başım", "mənə nə düşüb?" "fəlsəfəsiylə" baş girləyəndə özümüzə sabirsayağı sual vermirikmi:



Bizdə bu soyuq qanları neylərdin ilahi?



Bir əsrdən artıqdır ki, Sabir cəsarəti, Mirzə Cəlil hünəri həyatımızın, məişətimizın, davranışımızın, milli psixologiyamızın, xarakterimizin "ayinəsidir" və "bu ayinədə" özünü əyri görənlər "gözlərini bərəldir".


Və yenə də keçən əsrin ibtidasında olduğu kimi "artdıqca həyasızlıq olur el mütəhəmmil" və yenə də "qeyrətli danosbazlarımız iş bacarırkən tənbəl dəli şeytanlara" ehtiyac qalmır. Acı-acı bir daha dərk edirik ki, "adamı adam eyləyən paradır, parasız adamın üzü qaradır". Elə günü bu gün də "çırmanırıq keçməyə çay gəlməmiş, başlayırıq qızmağa yay gəlməmiş, söz veririk indi, bir ay gəlməmiş, asta qaçıb dürtülürük xəlvətə". Və elə ona görə də "kim nə deyər bizdə olan qeyrətə, qeyrətmiz bəllidir hər millətə".
Sabir yazırdı:

Dindirir əsr bizi - dinməyiriz,
Açılan toplara diksinməyiriz.
Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz...

Bu misraların doğulduğu gündən yüz ildən artıq vaxt keçib. Bakımız dünyada ən çox əcnəbi avtomobillər olan şəhərlərdəndir. Hava balonları çoxdan sıradan çıxıb, uçaqlara gəlincə AZAL-ın təyyarələri yer üzünün hər tərəfinə uçur. Amma tarixin öz qanunları var, texniki tərəqqi çox vaxt mənəvi inkişafla üst-üstə düşmür.

Bu şəhrdə çoxdur, görürəm elm oxuyanlar,
Onlar nə tapıblar?
Divanədi öz malını bu yolda qoyanlar,
Guya ki yatıblar.
Çoban çoluq oğlu bəy ilə bahəm olubdur
Hamunu bəyənməz.
Gahi şaha bir tənə vurar, gahi vəzirə
Bax, bax, səni tarı!

Bəlkə də Sabir heç təsəvvür belə etməzdi ki, onun keçən əsrdə istehzayla, kinayəylə, rişxəndlə yazdığı bu sözlər bizim zəmanənin də gerçəkliyini ifadə edəcək.

Vəkil: Həqsizə həqli deyib, bir çox günaha batmışam,
Şair: Bülbülə, eşqə, gülə dair yalan fırlatmışam.
Qəzetçi: Mən cəridəm dolmaq üçün mətləbi uzatmışam

- sözlərini haçan deyiblər, o vaxtmı, bu günmü?

Bəs bu aşağıdakı sözlər kimə aiddir - Sabirin müasirlərinəmi, bizim çağdaşlarımızamı?

İntiligentik, bu ki böhtan deyil,
Türki danışmaq bizə şayan deyil,
Türk dili qabili-irfan deyil,
Biz buna qail olan insanlarıq.
Ay bərəkəllah, nə gözəl canlarıq.
Türk qəzeti versə də əqlə ziya,
Mən onu almam əlimə mütləqa.
Çünki müsəlmanca qonuşmaq bana
Eybdir. Öz eybimizi anlarıq,
Ay bərəkəllah, nə gözəl canlarıq!

Sabirin cəhaləti, nadanlığı, avamlığı görən gözü yoxdu, amma yalançı ziyalılığın, yarımçıqlığın, kəmsavadlığın da barışmaz düşməni idi, qınından çıxıb qınını bəyənməyən "intiligentlərin" qənimi idi. Yerində deyirdi ki:

Mənəm, mənəm deyənlərin inanma çox da qövlünə
Gərəkli gündə onların qıçındakı fərarı gör!

Bu intiliktlərin sözün gətirmə heç aralığa
Oları görmək istəsən, şərabı gör, qumarı gör!
Palitkaqadır hər işləri, alışları, verişləri,
Olarda bir əməl fəqət quru boş iftixarı gör!

Televiziya ekranlarından, mətbuat səhifələrindən heç kəsi inandırmayan şit təbliğat axın-axın axdıqca yenə Sabirə rəhmət oxuyuruq:

Vəz etdiyin inandı,sən amma inanmadın!
Rüşvət haramdır- dedin, aldın, utanmadın!

Azərbaycanın nə qədər qədim olsa da o zaman kiçik əyalət şəhərində sabun bişirərək külfətini dolandıran Sabir İranın, Osmanlının, Rusiyanın, ümumən bütün dünyanın problemlərindən peşəkar siyasətçi kimi, dərin mütəfəkkir kimi baş açır, ölkəsini şəxsi ciftliyi kimi görən, "mən şahi-qəvişövkətəm, İran özümündür, İran özümün, Rey, Təbəristan özümündür" -deyən Məmdəlini lağa qoyur, "Osmanlılar, aldanmayın Allahı sevərsiz, iranlı kimi yanmayın, Allahı sevərsiz"- deyə Anadolu türklərinə xəbərdarlıq edirdi.



Sabir türk dünyasını bütövlükdə görə bilən, vəhdətdə dərk edən, onun daxilindəki çəkişmələri tarixi ardıcıllıqla qələmə alan ilk şairlərdəndir:

Turanlılarız, adiyi-şüğlü-şərəfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz.
Əhsən bizə! Həm tirzəniz, həm hədəfiz biz.
Öz qövmümüzün başına əngəlkələfiz biz.

Qanlı qardaş qırğınlarından şairin çıxardığı nəticə əbədi düstur kimi dəqiq və dürüstdür:

Ol qədr qırıb bir-birimizdən ki, yorulduq,
Qırdıqca yorulduq və yorulduqca qırıldıq.

Sabirin böyük dostu Abbas Səhhət "Vətəni sevməyən insan olmaz, olsa, ol şəxsdə vicdan olmaz" -deyirdi. Gerçəkdən də vətəni sevməyən insanı, illah da vətəninə biganə şairi təsəvvür etmək çətindir. Amma sevginin də çeşidləri var. Şair var ki, ölkəsinin dağlarını, bağlarını, şərəfli keçmişini, işıqlı gələcəyini vəsf edir. Şair də var ki,

Ey dərbədər gəzib ürəyi qan olan çocuq,
Ey ehtişamı-milləti talan olan çoçuq! - deyə ağlayır.

Vicdanın nə qədər dərin qəflət yuxusunda olmalıdır ki, Sabirin bu ürək dağlayan fəryadını bayağı meyxanalara tay tutasan.


Səttarxanı tərənnüm edən Sabir, yenə də Səhhətin təbirincə, "İran məşrutəsinə bir ordudan ziyadə xidmət göstərmişdir". Türkiyənin böyük mizah yazarı Əziz Nəsin nəşr etdiyi dərginin hər sayına Sabirin bir şeirini qoyur və "sağ olsun Sabir, bu gün də bizimlə omuz-omuza mücadilə edir" - deyirdi. Sabir böyük Nazım Hikmətin də ən çox sevdiyi şairlərdən idi.

Sabirin yorulmaz tədqiqatçısı və təbliğatçısı unudulmaz alimimiz Abbas Zamanov Sabiri ÖZ dövrünün nakişiləri arasında "Kişi şair" adlandırırdı. "Hophopnamə"ni səhifə-səhifə toplayıb gələcək nəsillərə çatdıran Abbas Səhhət böyük dostunun ədəbiyyatımız qarşısında misilsiz xidmətini çox dəqiq səciyyələndirib:

"Sabir... köhnə şeirlə yeni şeirlər arasında bir əsrlik qədər uçurum yaratdı ki, bir daha geri dönüb də bu uçurumu atlanmağa kimsədə cürət və cəsarət qalmadı".

Ey alnın ay, üzün günəş, ey qaşların kəman,
Ceyran gözün, qarışqa xətin, kakilin ilan



- tipli ənənəvi şərq poetik təşbehlərini təkrar edib şeirini



Qah, qah! Qəribə gülməlisən xaniman xərab!



- misrasıyla bitirən Sabir epiqonçu nəzm gələnəyinə öldürücü zərbə endirdi.



Sabir böyük Füzulini sevməyə bilməzdi, özünün də füzuliyanə lirik qəzəlləri az deyil. Amma Füzulinin ən incə qəzəllərini satirik məqsədlərlə istifadə edərkən şair, çox sonralar dəbə düşmüş postmodernist inkarçılığından fərqli olaraq, buna aşağılamaq kimi yox, konkret bədii vasitə kimi baxırdı.


"Öz vətəni özünə zindan kəsilən" şair

Əşhədü billah Əliyyül əzim,
Sahibi imanəm, a şirvanlılar.
Yox yeni bir dinə yəqinim mənim,


Köhnə müsəlmanam, a şirvanlılar - desə də möminlərin gözündə "dini-imanı azıbdı, babadı" damğasıyla yaşadı və ona görə də qəlbinin ən dərin guşələrindən gələn fəryadla:

Harda müsəlman görürəm, qorxuram - yazdı.

O dövrdə, o mühitdə, o şəraitdə belə sözləri dilə gətirmək nə qədər böyük cəsarət tələb edirdi! Amma axı Sabir həyatdakı qismətini də bilirdi, vəzifəsini, missiyasını da dəqiq dərk edirdi.

Şairəm, çünki vəzifəm budur əşar yazım

- deyərək onu da qeyd edirdi ki,

Necə mən dörddə birin yazmağa eymən deyiləm,
Qorxur on dörddə birin yazmağa həm əhli-qələm.

"Minlərlə məlamət ləpəsi ilə döyülən", "dəryada durub qocaman bir dağa bənzəyən" şair gördüklərinin heç dörddə birini də yaza bilməyib. O biri əhli qələmlər isə gördüklərinin on dörddə birini də yazmağa qorxurlar. Sübh gəldiyini zənn edib ötən səhər quşunun daş-kəsəklə qanadını qırırlar.

Eylə bilirdim ki, dəxi sübh olub,
Mürği-səhər tək bir ağız banladım.
Səng şikəst eylədi balü pərim,
Banlamağın hasilini anladım.

"Banlamaram, banlamaram bir daha" deyə "tövbə" edən şair əlavə edir:

Banlamamaqdır sizə əhdim mənim,
Söyləmirəm:anlamaram bir daha

Düşünən, öz dəyişməz əqidəsinə sadiq qalan, külək hansı səmtə əssə o səmtə dönməyən bütün böyük insanlar kimi Sabirin də qəlbinin ən sağalmaz yarası - anlamaq dərdi idi.

"Görmə"- deyəndə görməyən, "dinmə" deyəndə dinməyən, "eşitmə" deyəndə eşitməyən, "gülmə" deyəndə gülməyən insan, əgər o doğrudan da əsl İnsandırsa, "qanma" deyəndə "bacarmam" cavabını verir.

İnsan yaşayırsa, yaşadıqca anlamaya, qanmaya bilməz. Anlayırsa, qanırsa, yanmaya bilməz.

Mən belə əsrarı qana bilmirəm,
Qanmaz olub da dolana bilmirəm.
Derlər utan, heç kəsə bir söz demə,
Həq sözü derkən utana bilmirəm.
Derlər usan, hərzəvu hədyan demə,
Guc gətirir dərd, usana bilmirəm.

Məsələ bundadır. Dərd güc gətirəndə necə usanasan? Anlamaq - İnsana Tanrı tərəfindən verilən elə bir nemət və elə bir biz əziyyətdir ki, onu heç bir təzyiqlə, heç bir təqiblə, yuxarıdan ya aşığıdan edilən heç bir hücumla yasaqlamaq olmur. Anlamamaq üçün yalnız tək bir çıxış yolu var:

Derlər, a qanmaz, de yıxıl, öl, qurtar,
Hə, balam, doğrusu, ay dadaş, mən dəxi
Məsləhət ondan o yana bilmirəm!

Amma ömrünü məşəqqətlər içində yaşamış Sabir ölümün də nazını çəkməli oldu:

İstərəm ölməyi mən, leyk qaçar məndən əcəl!
Gör nə bədbəxtəm, əcəldən də gərək naz çəkəm.

Ölümqabağı acıdan acı etiraflar:

Arizi qəmlər əlindən ürəyim şişmiş idi,
Zənn edirdim, edəcəkdir ona çarə cigərim.
Bəxti mənhusimə bax, mən bu təmənnada ikən
Başladı şişməyə indi üzü qarə cigərim.

Mənə bəd keçdi şəhri-Şirvanda,
Mərəzim şiddət etdi hər yanda.
Bir tərəfdən təvərrümi-cigərim,
Bir tərəfdən ürəkdəki kədərim.

Sabir ürəyinin kədərini duymaq üçün gərək ən azı ürəyin olsun.



Ürəkdəki kədərinə, qəmlər üzündən şişmiş vərəmli cigərinin ağrısına, ömrü boyu yaşadığı məhrumiyyətlərə, tənələrə, təhqirlərə, hədələrə rəğmən Sabir öz gələcəyinin böyük həqiqətini də bilirdi, əbədi və ədəbi taleyindən arxayın idi, ölümsüzlük həddində yerindən də agah idi.

Döysə də canımı minlərcə məlamət ləpəsi,
Zövrəqi-himmətim əvvəlki təmənnada durar.
Seyli-tən oylə təməvvüclə alıb dövrü bərim,
Bənzərəm bir qocaman dağa ki, dəryada durar.
Nə qəm uğratsa da bir gün məni ifnayə zəman,
Mən gedərsəmsə, məramım yenə dünyada durar.

Bir əsrdən artıqdır ki, dərsə gedən bir uşaq - bir xalq - buz üstünə çıxır, sürüşüb birdən-birə üzü üstə düşsə də buza meydan oxuyur:

Sən nə yamansan, a buz,
Adam yıxansan, a buz,
Az qalıb ömrün sənin,
Yaz gələr artar qəmin.

Hər gələn yaz Sabirin yazıdır, Sabirin yazısıdır. Sabir günlərinin yazı, Sabirin alın yazısı.



Kim nə deyir desin, kim nə yazır yazsın, hər yaz - mayısın son günlərində - heç bir vaxt ölməmiş Mirzə Ələkbər Sabir -Şairlər Şairi - yenidən aramızda görünür. Əbədi Sözüylə, əbədi dərdiylə, əbədi umudlarıyla.


22 may 1995, 24 may 2012, 12 sentyabr 2015

# 4710 dəfə oxunub

Oxşar xəbərlər

Məgər hicablı qadın öpüşmür, xəyanət etmir?

Məgər hicablı qadın öpüşmür, xəyanət etmir?

12:16 3 dekabr 2024
Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

17:00 26 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
"Müşfiqin həyasızlığı o dərəcəyə çatmışdır ki..."- O iclasda nə üçün ağlamışdı?

"Müşfiqin həyasızlığı o dərəcəyə çatmışdır ki..."- O iclasda nə üçün ağlamışdı?

09:00 7 avqust 2024
"Sənə ölüm, sənə ölüm! Budur bizim son qərar..." - Tar oxusun, yoxsa oxumasın?

"Sənə ölüm, sənə ölüm! Budur bizim son qərar..." - Tar oxusun, yoxsa oxumasın?

09:00 31 iyul 2024
Hüseyn Cavidin "ifşa" olunduğu hekayə - Ölülər rəqs edərkən

Hüseyn Cavidin "ifşa" olunduğu hekayə - Ölülər rəqs edərkən

09:00 10 iyul 2024
# # #