İyunun 9-da Conni Deppin ad günüdür. “Esquire” dərgisinə istinadən Kulis.az məşhur aktyorun həyatdan öyrəndiklərini təqdim edir.
MƏN QƏRİBƏ UŞAQ OLMUŞAM. Əvvəlcə Brüs Li, sonra isə Daniel Bu olmaq istəyirdim.
GƏNCLİK ÇAĞLARIMDA mən bir müddət satıcı işləmişəm. Deyəsən, mənim belə demək xoşuma gəldiyi üçün: “Qulaq asın, bu pencək sizə heç yaraşmır”.
MƏNİM HƏYATIM NECƏ GÖRÜNÜRSƏ, ELƏDİR. Timin sayəsində.
TİM BARTON – DÜNYADA RASTLAŞDIĞIM ƏN QAPALI insandır. Biz “Çarli və şokolad fabriki” filmini çəkəndə birdən mənə dedilər ki, Helen (Timin sevglisi) səni telefona çağırır. Mən soruşdum: “Hər şey yaxşıdır? Bill yaxşıdır?”. Onların oğlu Bill hələ o vaxt çox balaca idi. “Hə, hər şey yaxşıdır. Tim istəyir ki, sən bizim oğlumuzun Xaç atası olasan”. Dedim axı mən bir dəqiqə əvvəl Timlə birlikdəydim. Bəli, bu Timdir. Axı “mən istəyirəm ki, oğlumun xaç atası olasan” deməkdən asan nə var? Nəysə. Qayıtdım çəkiliş meydançasına və Timə dedim ki, bu mənim üçün böyük şərəfdir.
TİM MƏNDƏN NƏ İSTƏSƏ EDƏ BİLƏRƏM. Əgər o desə ki, mən növbəti filmdə Afrika borudişlisi ilə sekslə məşğul olum, mən bunu böyük məmnuniyyətlə edərəm.
MƏNCƏ ətrafdakıların hamısı psixdir.
HƏR BİR FİLMDƏ BİR AN OLUR Kİ, sən həmin vaxt başa düşürsən: budur, həmin andır!
PUL SƏNƏ XOŞBƏXTLİK ALA BİLMƏZ, amma o sənə yaxta ala bilər ki, onunla gəzintiyə çıxasan.
TƏYYARƏYƏ MİNƏN HƏR KƏS, dindar olur.
MƏNİM ÜÇÜN AZADLIĞIN TƏYİNİ: sadəlik və anonimlikdir. Mən nə zamansa bunları yenidən qaytaracam. Qocalanda və hamının məndən bezəcəyi vaxtda...
BALACA UŞAQLAR KEFLİ ADAMLARA OXŞAYIRLAR. Gəzəndə yıxılırlar, yellənirlər, ağlayır və gülürlər, qusurlar.
UŞAQLAR ƏSAS ANLAYIŞLARI qavramağa başlayanda çox məzəli olurlar. Bir dəfə qızım qarşıma oturub: “Ata, sənə bəzi suallarım var”,- dedi. “Birinci sualım, Tanrı itdən qorxur?”, bir az düşünüb: “Yəqin ki yox”, dedim. “Yaxşı, səncə, o dinozavrları görüb?” sualına “Məncə, görüb”, - deyə cavab verdim. Sonra o, üçüncü sualını verdi: “Bəs onun qulluqçuları var?”. Bİlmədim nə cavab verim.
NƏ VAXTSA “Mən ciddi aktyoram” dediyimi eşitsəz, yalvarıram məni o ki var sillələyəsiz.
CONNİ DEPP OLMAQDAN BEZMƏMİŞƏMMİ? Gəlin elə bununla da yekunlaşdıraq.