Hər gün eyni saytları açmaqdan, oxumaqdan yorulmamısınız? Xəbərlər, online alış-veriş, əyləncə saytları, sosial şəbəkələr...
Araşdırmalara görə, internet istifadəçiləri gün ərzində orta hesabla 5-7 sayta baxırlar. Üstəlik nəzərə alsaq ki, bu saytlara hər gün daxil oluruq, onda bezməmək mümkünsüzdür. Bəs nə etməli? Maraqlı saytları necə tapmalı?
Kulis.az sizin sayt siyahınıza daxil ola biləcək 10 maraqlı və yeni saytı təqdim edir:
Ginness Rekordu qırın!
“Ginnessin Rekordları” saytına daxil olaraq, siz rekordçular siyahısına adınızı yazdıra bilərsiniz. Ana səhifənin yuxarı tərəfində yazılmış “Set a record” (rekordunu yerləşdir) düyməsinə basaraq, bacarığınıza uyğun kateqoriyanı seçin. Rekordu qırmısınızsa, bunu sübut edən video çəkib sayta yerləşdirin. Yeni qırılan rekordlar arasında “ən sürətlə daşınan motosiklet”, “ən qısa vaxtda qutuya girmək” kimi qəribə rekordlar var.
Yerlilərdən ingiliscə öyrənin
“Verbling” sayəsində ingilislərlə video söhbətlər edərək ingiliscənizi inkişaf etdirə bilərsiniz. Bu saytda qeydiyyatdan keçəndən sonra görüşü gözləyin və təsadüfi partnyorunuzla beş dəqiqə video-söhbət edin. Görsəniz hər şey yaxşıdır, söhbətə davam edin, yaxud başqa günə saxlayın. Saytda hələ ki ingilis dilinə dəstək verilir, amma yaxın vaxtlarda digər dillər də əlavə ediləcək.
Karikatura çəkməyi öyrənin
Rəsm çəkmə qabiliyyətinizin olduğunu düşünürsünüzsə, Android və iOS sistemlərində “ArtelPlus” firmasının hazırladığı “How to Draw”(Necə rəsm çəkməli) adlı proqramı endirin. Bu proqramla 70-ə yaxın heyvanın, super qəhrəmanların, insanların karikaturasını çəkə biləcəksiniz. Rəsm üçün kağızdan, yaxud sensor ekrandan istifadə edə bilərsiniz.
Qütb ayısının böyüməyinə baxın
www.explore.org/#!/live-cams/player/siku-cam-1
Heyvanların böyüməyinə, Sakit okeanda balıqların üzməyinə kim baxmaq istəməz? “Explore.org” saytı sizə bax bu şansı verir. Məsələn, siz bura daxil olaraq Danimarkadakı Skandinaviya Parkında böyüyən Siku adlı qütb ayısının üzməyi öyrənməyinə, sürüşməyinə baxa bilərsiniz. Bundan başqa saytdan qorillaların necə yaşadığını, balinalar, delfinlərin üzməyini izləmək mümkündür.
Məşhurların yaşadığı evləri görün
www.zoopla.co.uk/purpleplaques/all
“Blue Plaques” siyahısı barədə yəqin ki eşitmisiniz. Burada tarixdə iz qoymuş məşhurların yaşadıqları evlərin ünvanları toplanıb. İndi ona oxşar - “Purple Plaques” adlı bir siyahı da tutulub. Yeni siyahıya bugünkü məşhurların İngiltərədəki evlərinin ünvanları salınıb. Məsələn, müğənni Adelin, yaxud yazıçı J.K.Roulinqin məşhur olmamışdan əvvəl yaşadığı evin yerini məhz buradan öyrənə bilərsiniz.
Günəş sistemini müşahidə edin
“NASA”nın saytında olan müşahidə sistemi sayəsində Günəş sistemində yer alan planetlər, peyklər, ulduzlar və Günəşlə bağlı məlumatlar almaq olar. Özünüzü bir anlıq “Voyager 2” kosmik gəmisində uçan kosmonavt kimi hiss edəcəksiniz. Baxacağınız fotolar, videolar, görüntülər NASA-nın 1950-ci ildən bəri yığdığı məlumatlar bazasındandır. Ona görə də, kosmik gəzintiniz pis alınmayacaq.
Nüvə bombasından sağ çıxardınızmı?
Yaxınlığınızdakı şəhərin mərkəzinə 15 meqaton gücündə nüvə bombası atılsaydı, sağ qalardınızmı? Böyük ehtimalla, bu sualın cavabı “yox” olsa da, “wouldisurviveanuke” vasitəsi ilə sağ qalma faizinizi öyrənə bilərsiniz. Dayandığınız yerin ünvanını yazın, yaxud sistemin sizin yerinizi dəqiqləşdirməyini gözləyin. Bomba növünü seçəndən sonra nə qədər təhlükəsiz yerdə yaşadığınızı öyrənin.
Online musiqili siqnal yaradın
Gün ərzində görəcəyiniz vacib bir iş varsa, xatırlatma siqnalı üçün sevimli mahnınızdan istifadə edin. “Online Music Alarm” saytı ilə sevdiyiniz Youtube videosunu istənilən vaxtda veb skanerinizdə eşidin və görəcəyiniz işi xatırlayın. Saytın xidmətindən daha rahat istifadə etmək üçün “Google Chrome” əlavəsini yükləyin.
Səssiz film hazırlayın
Dəfələrlə mükafatlarla layiq görülən “The Artist” filminin uğurunu təkrarlamaq istəyirsinizsə, “Artistifier” saytına girib YouTube videolarına aid linki qoyaraq işə başlaya bilərsiniz. Səssiz film hazırlanarkən YouTube videosu analiz ediləcək və problem olmasa, növbəti mərhələyə keçəcək. İlk mərhələdə videonuz ağ-qara olacaq. Arxa plana qoyulan musiqidən başqa fərqli effektlər, bulanıq çərçivələr əlavə ediləcək.
Geyimləri vebkamera ilə yoxlayın
www.loverococo.com/products-4.php
Online moda saytı “Love Rococo” almaq istədiyiniz paltarı geyinmək üçün virtual bir otaq hazırlayıb. Sayt vebkameranızı güzgüyə çevirir, siz də ayaq üstə durub paltarı üzərinizə tuta, rənglərini dəyişə, şəklini çəkə bilərsiniz. Hələlik saytın virtual paltardəyişmə otağından ancaq qadınlar istifadə edə bilir.