Hansı kitab Məryəmi fahişə kimi göstərib?

Hansı kitab Məryəmi fahişə kimi göstərib?
3 may 2013
# 07:30

Ədəbiyyat tarixində bir çox əsərlər dəyişikliklə üzləşiblər. Bəziləri zamanın “aşsüzəni”ndə ilişib qalıb, bəziləri redaktorların “qayçıları”na tuş gəlib, bəziləri də yazıçının öz istəyi ilə dəyişdirilib. Bəs onlar dəyişdirilməsəydi, necə olardı? Bəlkə elə dünyamız da indikindən fərqlənərdi?

Malkolm X-ın avtobioqrafiyası

Malkolm X-ın avtobioqrafiyası XX əsrin ən vacib əsərləri siyahısındadır. Amerikalı siyasi xadim və qaradərililərin hüquqlarının müdafiəçisi Malkolm X bunu ömrünün son günlərində yazıb. Qəribədir ki, ən təsirli üç bölüm kitabdan çıxarılıb. Səbəb isə Malkolmun vətəndaş hərəkatı ilə bağlı mübarizəsindəki xəyal qırıqlığı və depressiv əhvalının həmin bölümlərdə əks olunması idi. Kitabın daha müsbət notlarla bitməsini istəyən redaktorlar depressiv olan 3 bölümü kitabdan çıxarmağa qərar veriblər.

Alisa möcüzələr ölkəsində

Uşaqların sevimli kitabı “Alisa möcüzələr ölkəsində” əsərinin müəllifi Levis Kerroll əsərin ilk nəşr zamanı rəssamdan “parik taxan arı” şəkli çəkməyini istəyib. Rəssam nə qədər çalışsa da, çəkə bilməyib və Kerroll o bölümü kitabdan çıxarıb.

Harri Potter və Ölüm hədiyyələri

Coan Roulinq “Harri Potter” seriyasının sonuncusu-“Ölüm hədiyyələri” kitabı üçün iki fərqli sonluq düşünüb. Axırda hamımızın bildiyi sonluğu seçib: Voldemort ölür və Harri hamını xilas edir. Alternativ final belə idi: əsərin axırında Harri böyüyür, “Hogvarts”ın yeni müdiri olur və hamının yaddaşından Voldemortu silir. Dolayı yolla Harrinin nəvəsinin növbəti Qaranlıqlar Lordu olacağı barədə ipucları verilir. Roulinq bu sonluğu heç vaxt ictimaiyyətlə paylaşmamağa qərar versə də, ən yaxın rəfiqəsi son bölümü internetdə yayımlayıb.

Böyük Ümidlər

Çarlz Dikkensin ən sevilən romanlarından biri olan “Böyük Ümidlər”in sonunda Pip keçmiş sevgilisini tapır. Dəyişdirilərək bu günümüzə gəlib çatan versiyanın əskinə olaraq, Pip köhnə sevgilisinə daha sevgili ola bilməyəcəklərini deyib ayrılmalı imiş. Amma Dikkensin dostları bu finalı çox kədərli və depressiv hesab etdikləri üçün ondan həmin bölümdə dəyişiklik etməyini istəyiblər.

Dorian Qreyin portreti

1890-cı ildə Oskar Uayld kitabını redaktora göstərəndə Viktorya dövrünə və kitabdakı homoerotik hissələrə görə böyük narahatlıq yaşanıb. Redaktoru yeddi yeni bölüm əlavə edərək kitabın “feminen” tərəfini yumşaltmağı tövsiyə edib. Üstəlik, erotik hissələrin bəzilərinin çıxarılmasını istəyib. Kitab çox satılsa da, Uayld cinsi seçiminə görə həbsxanaya düşüb. “Dorian Qreyin portreti” redaktorun məsləhəti olmadan yayımlansaydı, tamamilə homoseksuallıqdan bəhs edən kitab olacaqdı. Bu qədər oxunub sevildiyini nəzərə alaraq deyə bilərik ki, kitab ilk variantı ilə yayımlansaydı, bəlkə də indi homoseksuallara qarşı daha tolerant bir dünyada yaşayırdıq.

Drakula

Brem Stokerin simvolik romanı bu günə qədər yazılmış ən təsirli qorxulu romanlarındandır. Amma Stokerin kitabın son bölümünü çıxartdığını yəqin çox az adam bilir. Çıxarılan bölümdə Drakulanın ölümündən sonra evi yandırılır. Müəllif bəlkə də əsərin davamını yazmaq istədiyindən, ya da Edqar Allan Ponun “Qorxulu ev” əsərini xatırladacağını düşünərək son hissəni çıxarıb. Bu seçimi ilə Stoker “Ponu təqlid edən yazıçı” əvəzinə “ən yaxşı qorxu romanları yazarı” kimi ədəbiyyat tarixinə düşüb.

İncil

Dini kitablar illər boyu dəyişikliyə məruz qalıb, gah hansısa hissələr çıxarılıb, gah da əlavələr olunub. “İncil” də onlardan biridir. Amma bu kitablarda yeganə dəyişməyən şey hadisələrdir – yəni hamısı demək olar ki, eyni hadisəni nəql edirlər. Keçmişdə bəzi “İncil” kitabları fərqli yanaşmalarına görə hətta qadağan da edilib. Məsələn, “İncil” kitablarının bəzilərində Məryəm anaya fahişə deyilib, bəzilərində İsa Məsihin həvarisi Müqəddəs Pyotr söyülüb və s. Buna görə də, eramızın 325-ci ilində I Nikeya Kilsə Məclisində “İncil”in sayı dördə endirilib. Əgər endirilməsəydi, yəqin bizi çox fərqli bir dünya gözləyərdi.

# 6256 dəfə oxunub

Müəllifin son yazıları

# # #