Kişilərin geyindiyi dikdaban ayaqqabılar

Kişilərin geyindiyi dikdaban ayaqqabılar
31 yanvar 2013
# 08:30

Dikdaban ayaqqabılar həmişə qadınların sevimli əşyaları olmayıb. Əksinə, onlar tarixən məhz kişilər üçün hazırlanıb.

Gündəlik geyim üçün yararsız sayılan dikdaban ayaqqabıların tarixinə gəlin, tarixçilərlə nəzər salaq.

Torontoda yerləşən ayaqqabı muzeyinin əməkdaşı Elizabet Semmelhakın sözlərinə görə, dikdaban ayaqqabılar uzun müddət Yaxın Şərqdə atçılıqda istifadə edilib.

Vətəni İran imiş

Fars şahzadələri dikdaban ayaqqabıları at sürəndə geyinərmişlər. Ayaqqabının hündür dabanları üzəngidə yaxşı oturar və süvarinin ayağını sürüşməyə qoymazmış.

XVI əsrin sonlarında ən güclü süvari ordu məhz I Şah Abbasda idi. Həmin vaxtlar Şah Abbas Qərblə əlaqə quraraq Osmanlı dövlətinə qarşı birgə vuruşacaq müttəfiq axtarırdı. 1599-cu ildə Şah Abbasın elçiləri Rusiya, Norveç, Almaniya və İspaniyanın qapısını döydülər. Elə həmin illərdə Avropada Şərq mədəniyyəti populyarlıq qazandı; geyimlərdə və ayaqqabılarda şərq naxışları istifadə edilməyə başladı. Dikdaban ayaqqabılar isə aristokratlar arasında dəb halını aldı və "kişilik simvolu"na çevrildi.

Avropanın dar və nahamar küçələrində bu ayaqqabılarla gəzmək sıravi vətəndaşlar üçün o qədər də cəlbedici və praktik deyildi. Dikdabanların, bax, elə bu xüsusiyyəti onu yuxarı təbəqənin "mal"ı elədi. Bu cür ayaqqabı geyinmək artıq "küçədə gəzməməkdən və daima at belində olmaqdan" xəbər verirdi.

Fransa kralı XIV Lüdovik dikdaban ayaqqabıların ilk kolleksiyaçılarından olub. 163 sm boyu olan kral bu ayaqqabılar sayəsində boyunu nə az, nə çox düz 10 sm artıra bilirdi.

Kral çəkmələrinin dabanları həmişə qırmızı rəngdə olardı - bu, kişilik və döyüşkənliyi, həmçinin var-dövləti - qırmızı boya baha idi - simvolizə edirdi.

Dikdaban dəbi tezliklə La-Manş boğazını da keçdi. 1661-ci ildə çəkilmiş və II Karlın tacqoyma mərasimi göstərən şəkildə kralın qırmızı dikdaban ayaqqabıları nəzərdən qaçmır.

Maarifçilik yolu

Çox keçmədi ki, avropalı qadınlarda kişi geyimlərinə maraq artdı. Muzeyin əməkdaşı Semmelhakın sözlərinə görə, XVII əsrin 30-cu illərində qadınlar saçlarını kişilər kimi qısa kəsdirməyə, epolet (hərbi geyimlərə aid çiyinlər) geyinməyə, qəlyan çəkməyə və kişi papaqları taxmağa başlayıblar. Həmin illərdə qadınlar "kişilik simvolu" sayılan dikdaban ayaqqabılara da biganə qalmayıblar.

Bu dəb Maarifçilik hərəkatının başlanğıcına - İngiltərədə rasionalizmə əsaslanan yeni ideyalar yaranana qədər davam etdi. Təbəqə fərqini göstərən əşyalardan istifadə artıq ədəbsizlik hesab olunmağa başladı.

İngilis aristokratlar XVIII əsrdə bahalı daş-qaşlar, rəngli parçalardan tikilən paltarlar və dikdaban ayaqqabılardan imtina etdilər.

Kişi geyimlərində təbəqələşmə fərqi hiss edilməsə də, kişi və qadın geyimlərində güclü fərqlər sezilirdi. Çünki kişilər o dövrdə ali məxluq kimi təhsil və tərbiyə almaq hüququna malik idilər. Qadınlar isə əksinə, emosional, sentimental və tərbiyə edilməyən varlıqlar hesab olunurdular.

Dikdaban ayaqqabılar 1740-cı ildə tamamilə kişi geyimlərindən çıxdı. Böyük Fransa inqilabından 50 il sonra qadınlar da dikdabandan imtina etdilər.

Pornoqrafiya faktoru

Onlar dəbə bir də XIX əsrin ortalarında daxil oldular və fotoqrafiyada istifadə edildilər. Çox keçmədi ki, klassik pozalarda dikdaban ayaqqabı geyinmiş qadınların erotik şəkilləri populyar oldu.

Elizabet Semmelhakın fikrincə, məhz bu erotiklik, dikdaban çəkmələri qadınlar arasında yenidən dəbə saldı.

Günümüzdə dikdaban ayaqqabı geyinən kişi görmək çətin məsələdir. Muzey əməkdaşı dəbin yenidən qayıdacağına ümid edir: "Cinslər arası bərabərlik yaransa, kişilər bu cür ayaqqabılara yenidən müraciət edə bilərlər".

Uyğunlaşdırdı: Rəna Nevzat

Mənbə: BBC Rusiya

# 6345 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #