Nəhənglərin döyüşü-Sartr və Nabokov

Nəhənglərin döyüşü-Sartr və Nabokov
14 aprel 2014
# 07:45

Yazıçılar ürəyi yumşaq, sakit insan təsiri bağışlasalar da, zaman-zaman bir-birlərinə acı sözlər deməkdən, sərt tənqidlərdən çəkinməyiblər. Məsələn, elə Vladimir Nabokov və Jan Pol Sartr kimi.


Yazıçıların düşmənçiliyi 1939-cu ildə Sartrın Nabokovun “Ümidsizlik” romanı haqqında yazdığı qısa məqalə ilə başlayıb. Sartr yazmışdı:

“Cənab Nabokov həqiqətən istedadlıdır, amma çox köhnəlmiş üslubu var. O, bu qəribə, mənasız romanını ustadı Dostoyevskinin “Yeniyetmə”, “Əbədi ər”, “Yeraltından qeydlər” əsərlərinə oxşatmağa çalışıb. Fərq ondadır ki, Dostoyevski yaratdığı obrazlara inanırdı. Cənab Nabokov isə obrazlarına inanmadığı kimi romanın içindəki sənətə də inamını tamamilə itirmiş kimi görünür”.

Nabokov bu yazını oxuyandan sonra Sartrı “axmaq bir məqalə yazan kommunist tənqidçi” adlandırıb.

Ancaq Nabokovun intiqamı bir cümlə ilə bitməyib; Düz 10 il sonra Sartrın “Ürəkbulanma” romanının ingiliscəyə tərcümə olunmasından sonra Nabokov “Nyu-York Tayms”a kitab haqqında yazı yazıb.

İndi də onun yazdıqlarını oxuyaq və fikirləşək: onlar bir-birlərinə qarşı niyə belə aqressiv olub?

“Zarafat anlayışınız yoxdursa, diş həkiminin hər dəfə səhv diş çəkməyi sizə gülməli gəlməz. Nədənsə nəşriyyatlar və tərcüməçilər həmişə belə edirlər. Cənab Aleksandrın (kitabın ilk tərcüməçisi Lloyd Aleksandr – red.) səhvlərindən uzun-uzadı yazmayacağam. Ancaq bəzilərini qeyd etmək istərdim:

1. “Yığdığı var-dövləti ilə gənc əri satın alan qadın” cümləsini tərcüməçi “Özünü və var-dövlətini gənc ərinə bəxş edən qadın” kimi dəyişdirib.

2. “Pəjmürdə və bəd niyyətli görünürdü” cümləsindəki sifətlər cənab Aleksandrın başını elə qarışdırıb ki, cümlənin sonluğunu gətirə bilməyib və kiminsə bu boşluğu dolduracağını güman edib. Ancaq boşluğu heç kim doldurmayıb və ingiliscə tərcümədə cümlənin sonu “görünüşü” sözü ilə bitib.

3. Fransız yazıçı Guehennodan verilən bir istinadı tərcüməçi “Gehennalı qoca kişi” kimi çevirib.

Daşıdığı ədəbi dəyərə baxanda “Ürəkbulanma”nın çevrilməli əsər olub-olmadığı isə ayrıca müzakirə mövzusudur. Xeyli ağır görünən, əslində isə başıboş mətn Barbus (yazıçı Anri Barbus – red.), Selin (yazıçı Lui-Ferdinant Selin- red.) və bu kimi digər ikinci dərəcəli yazıçıların məşhurlaşdırdığı yazı üslubudur. Əsər Dostoyevskinin ən pis əsərinin qaralamasından da, melodramatik rusların çox şeydə borclu olduqları Ejen Syudan da arxada bir yer tutur. Kitab əslində, bir sıra inandırıcı olmayan səyahətlərdən sonra Normandiyaya gedərək tarixi araşdırmalarını yekunlaşdırmaq istəyən Antuan Rokentinin gündəlikləri kimidir (“Cümə”, “saat 11” kimi sönük qeydlər).

Rokentin kafe və kitabxana arasında veyllənəndə çoxdanışan bir homoseksuala rast gəlir, onunla razılaşıb gündəlik yazır və axırda arvadı ilə uzun, sıxıcı söhbət edir. Kafedəki qramofondan gələn amerikan mahnısına da böyük diqqət ayrılıb. Mahnının müəllifini göydələnin iyirminci qatında mahnı bəstələyən, xəfif təraşlı, barmaqlarına çoxlu üzük taxmış bir bruklinli kimi təsəvvür edir. Hava dəhşət istidir. Bu vaxt bəstəkarın bir dostu gəlir, cibindəki içki şüşəsini çıxarır və likorları böyük qurtumlarla içir və işlərinə davam edirlər. Reallıq isə başqadır; əziyyət çəkib araşdırdım və məlum oldu ki, bu, Sofi Takerin oxuduğu və kanadalı Şelton Bruksun yazdığı adi mahnıdır.

Kitabın kulminasiya nöqtəsi Rokentinin ürəkbulanmasıdır ki, bu da onun gülünc, bir tərəfdən də real dünyanın təsirindən qaynaqlandığını başa düşdüyü andır. Heyf ki roman baxımından hər şey ancaq müəyyən zehni səviyyəyə qədər gəlir. Əgər yazıçı yaratdığı köməyə möhtac obrazlar vasitəsilə öz düşüncələri və fəlsəfi xəyallarını qəbul elətdirməyə çalışırsa, bu istedad istəyən işdir. Həmin dünyanı yaradanda yazıçının Rokentin ilə heç bir münaqişəsi olmayıb. Onsuz bir dünya yaratmağı sənətin bir hissəsinə çevirmək isə Sartrın gücü daxilində deyildi”.

# 2692 dəfə oxunub

Müəllifin son yazıları

# # #