Sosial şəbəkələrdə kişiləri soyunduran proqram – Ehtiyatlı olun

Sosial şəbəkələrdə kişiləri soyunduran proqram – Ehtiyatlı olun
10 sentyabr 2021
# 11:32

Son günlər bir neçə məmur və ictimaiyyət nümayəndələrinin intim videolarının yayıldığının şahidi oluruq. Bu videolar necə hazırlanır?

Zərərçəkənlər deyir ki, Feysbukda tanımadıqları şəxslər tərəfindən mesaj və videozənglər alırlar. Zəngi açan kimi ekranda lüt bir qadın görürlər. Qadın seksual hərəkətlər edir, kişilərin diqqətini çəkir. Ardınca zəngi söndürüb onlardan da eyni şeyi etməyi istəyirlər.

Adətən ikinci zəngdən sonra kişilər tora düşür. Onlar da, lüt qadının bədəninin nümayiş etdirməsinə adekvat cavab verir, soyunur, seksual hərəkətlər edir.

Tora düşən kişilər elə sanır ki, bu həqiqətən iki şəxs arasında olan videozəngdir və bu görüntüləri onlardan başqa heç kəs görmür. Lakin videozəngi edən şəxs ekranda görünən adam deyil, həmin lüt qadın real adam deyil, o əvvəlcədən hazırlanmış bir pornoqrafik görüntüdür. Həmin qadın videosunu görüb real şəxs bilən, soyunan kişilər isə, bundan xəbərsizdir ki, videozəng qeydə alınır. Zəng bitdikdən bir neçə müddət sonra isə hər iki şəxsin lüt görüntüləri zərərçəkənə göndərilərək şantaj olunur. Onlardan müəyyən məbləğdə pul tələb olunur, əks təqdirdə görüntülərin ictimailəşdiriləcəyi bildirilir.

Təəssüf ki, şantaj edən tərəf bir dəfə pul almaqla məsələdən vaz keçmir. Pul aldıqdan bir müddət sonra yenidən həmin şəxsi şantaj etməyə başlayır, zərərçəkənin imkanından asılı olaraq daha böyük məbləğdə pul istəyir. Bu şantaj zəncirinin sonu yoxdur. Ona görə də belə hallarda şantaj edənə pul vermək düzgün deyil. Ödəniş etmək əksinə, məsələnin böyüməsinə səbəb olur.

Pul verən şəxslərin videosu öncə paylaşılmasa da, növbəti dəfə pul tələbi edildikdə zərərçəkən bundan imtina etdiyi halda, şantaj davam edir və sonda həmin görüntülər də ictimailəşdirilir. Nəticədə it də gedir, ip də.

Bu tələyə düşən əksər şəxslər yaşlı nəslin nümayəndələridir. Bunun da bir neçə səbəbi var. Əsas səbəb odur ki, əksər yaşlılar texnoloji yeniliklərdən xəbərsizdir. Gənclər ilk baxışdan bu videozəngin saxta olduqlarını bilir, tora düşmür. Tora yaşlıların düşməsinin digər səbəbi isə onların həyatda gənc qadınlarla münasibət qurması, yatağa girməsinin çox da əlçatan olmamasıdır, videozəng isə onlar üçün göydəndüşmə olur.

Yaşlıların belə oyunlara gətirilməsinin son səbəbi isə onların maddi imkanları ilə bağlıdır. Bu yaşda olan əksər şəxslərin maddi imkanları normal olur və onlar nəvələrindən, yaşıdlarından, yaşlarından utanaraq tələb olunan məbləği verirlər.

Təəssüf ki, hazırda videosu yayılan şəxslər problemin görünən tərəfidir. Aysberqin görünməyən hissəsi isə hələ qabaqdadır. Yəqin ki, yayılan videolardan sonra görüntüləri çəkilsə də, hələ paylaşılmayan xeyli sayda adam var. Onların bəziləri videolarının yayılmasının qarşısını hələ də pulla dayandırmağa çalışırlar.

Kibercinayətkarlıqla məşğul olan bu şəxslər tezliklə ifşa edilməsə, hələ çox adamların intim videosu yayılacaq.

Həmin işi görən əsas şəxslərdən biri işi aşağıdakı saxta profil üzərindən aparır. Bu profili şikayət etməyimiz işə müsbət təsir edə bilər. Lakin bu çıxış yolu deyil. Həmin profil bağlansa belə, bu işlə məşğul olan şəxslərin yeni profil açması çox da çətin deyil. Odur ki, əsas mübarizəni belə tələlərə düşməməklə apara bilərik. Bunun üçün də tanımadığınız profillərlə şəxsi söhbət, zəng, videozənglərə qəti şəkildə imkan verməməliyik.

# 5856 dəfə oxunub

Müəllifin son yazıları

# # #