Markesin adı çəkiləndə ehtirasa gəlmək

Markesin adı çəkiləndə ehtirasa gəlmək
14 yanvar 2014
# 11:45

Ötən günün söhbətləri

1-ci söhbət

Bilməyənlərə deyim ki, bizim mühitdə qələm əhli bir yerə yığışanda söhbətlər həmişə “ədəbi”, “intellektual” olmur. Hətta deyərdim, çox az-az maraqlı söhbətə rast düşürsən. Məsələn, kefli-ayıq, fərq etməz, çox vaxt yazarlar bir əsər haqqında danışanda, erotik səslər çıxardırlar. Tutalım, söhbət əsnasında kiminsə ağzından bir kitab adı çıxır, deyək ki, “Cinayət və Cəza”. Qəfil məclisdə belə səslər çoxalmağa başlayır: “Offff, dəhşətdi!”, “Axxx, bombadı!”, “Uffff, superdi!” Adamın əli-ayağı boşalır, öz-özünə deyirsən ki, bu nə işiydi mən düşdüm?!

O gün yenə “af-uf”lu bir məclisdən çıxıb evə gedirdim ki, qapının ağzında siqaret çəkən ofisiant məni saxladı. O qədər bu kafeyə gəlib-getmişik ki, artıq hamımızı təkcə üzdən yox, adla da tanıyır. Əlqərəz, ofisiant ded ki, müəllim, bağışla, səni də yolundan eləyirəm, bir şey soruşmaq istəyirəm.

Dedim – “de, gəlsin, Samir.” Görürsünüz, mən də onun adını bilirəm.

Dedi – “Müəllim, sən də məni bağışla... O Markes kimdi elə, quşdur, neçəyə çıxır ? Adı gələn kimi hamı birdən “af-uf” eləyir, marağım artıb, sən canı incimə, nömrəsi varsa, ver, arada bir mən də yolumu salım onun yanına...”

2-ci söhbət

Gəzə-gəzə “İçərişəhər” metrosuna tərəf qalxırdım ki, orta yaşlı yazıçılardan biri yaxamdan yapışdı. Bəli, bəli, rastlaşmadıq, məhz yaxamdan yapışdı. Nə bilim, sən göydə axtarırdım, yerdə tapdım və s. Vaxt tapıb o saat araya bir-iki dənə də xoruz banı eşitməmiş atalar sözü soxuşdurdu. Məsələn, bir beləydi: “Baxtın mayası özündən olsa, kirpiklə dağ çapmaq olar.” Dedim ki, bunu eşitməmişdim. Xoşhallandı, “eşidə bilməzsən, özüm yazmışam” – dedi. Xoş-beşdən sonra sağollaşmaq istəyirdim ki, qoymadı, dedi ki, mən ölüm, bir çay içək, etiraz eləmək istədim, gözlərini bərəltdi: “Mən ölüm dedim ha!”

“Araz” kafesində çaylamağ başladıq. Mən dalbadal siqaret çəkir, arada təsdiq mənasında başımı yelləyir, “hə, yox” deyib kişini yola verirdim. Bir azdan sonra gördüm ki, söhbət çox uzana bilər, bir dostuma mesaj yazdım: “10 dəqiqəyə mənə zəng vur, təcili harasa çağır)))”

Mesajdan sonra bir az daha rahatladım, onsuz da on dəqiqədən sonra aradan çıxacağımın sevinci ilə qəfil kişiyə dedim ki, Çexovu bəyənirsiniz?

Kişinin elə bil çiçəyi çırtladı, başladı, nə başladı. Biri-bir qəpiklik, geydirmə ədəbi qənaətləri qabırğama döşəməyə başladı: “Səmimidir”, “Ağrının şəklini çəkir”, “Fikrinin qoxusunu yayır” və s. Amma əsas gülü axırda vurdu, dedi – “Bilirsən Çexovu əsas niyə sevirəm? Çünki insanı yazır.” Elə bil başqaları qaşqaldağı yazır da.

Telefonuma zəng gəldi, götürdüm və tez yalandan ayağa sıçradım. Bir-iki dənə “nə danışırsan filan” da dedim. Sonra üzrxahlıq edib tez getməli olduğumu dedim və gözləmədən ayağa qalxdım. Kişi çaşqın halda “Nolub, xeyir xəbərdi?”, “Yox”- dedim, “papuqayım rəhmətə gedib...”

3-cü söhbət

Yarım saat vaxtım vardı, bir tədbirə getməliydim. Evdə vaxtı öldürürdüm, televizoru açdım ki, “Mədəniyyət”dən Elza İbrahimovanın xatirəsinə həsr olunmuş veriliş gedir. Bir az baxdım, həmkarlarının böyük bəstəkar haqqında xatirələri beləydi:

Birinci bəstəkar: Mən onu heç vaxt GÜLən görmədim...

İkinci bəstəkar: Böyük bəstəkar idi, heç vaxt GÜLməzdi...

Üçüncü bəstəkar: Bir adam tapılmaz ki, onu GÜLən görsün...

Xatirələr belə də davam edirdi, elə bil danışdıqları yaxşı məziyyətdi. Bu necə yadasalmadır, bu necə xatirə danışmaqdı, bu nə qaramatdı, anlamadım.

İstəməzdim, amma bilirəm ki, ardı olacaq...

# 5234 dəfə oxunub

Müəllifin son yazıları

# # #