Semih Gümüşdən tənqid haqda esse – Qismətin tərcüməsində...

Semih Gümüşdən tənqid haqda esse – Qismətin tərcüməsində...
10 mart 2021
# 12:21

Kulis.az Qismətin tərcüməsində Semih Gümüşün “Ədəbi Tənqidi və Ədəbiyyatı harda axtarmalı” essesini təqdim edir.

Təkcə yazmaqla kifayətlənməyib yazının arxasındakı bədii həqiqəti araşdıran; öz içinə qapanmaq əvəzinə irəli aparacaq yollar axtaran; haradan gəldiyini təkcə öz mövcudluğunu başa düşmək üçün yox, ədəbiyyatın sirlərini saf-çürük etmək üçün də düşünən; deməli, gələcəklə bağlı planlar quraraq proqnozlar verən mütəxəssis kimi ədəbiyyatımızın necə inkişaf edəcəyəni müəyyənləşdirməyə çalışan; içində qərar tutduğu ədəbi reallıqda başqalarının da olmasından narahatlıq keçirməyən düşüncə tipi ədəbiyyatımızın əsas problemlərindən olmayıb.

Bununla yanaşı, bədii mətnin dərin struktur formalarını araşdıran; fasiləsiz şəkildə yenidən dəyərləndirmə prosesinə təkan verən; mətni bütün toxumalarıyla təhlil edən; üzdə görünənlə maraqlanmayan; sistematik; özünü bədii dilin bir hissəsi kimi dərk edən ədəbi tənqid bizim ədəbiyyatımızın heç bir dövründə bir neçə müəllifin maraq dairəsindən kənara çıxa bilməyib.

Yazdıqlarının poetikasını yaratmaqla maraqlanmayan yazıçıların ədəbiyyatı Şərq konformizminin göstəricisi kimidir. Deməli, ədəbiyyatımızın oxumaqla bağlı problemi var. Ədəbiyyatımız Nurullah Ataçdan 2000-ci illərə qədər ədəbi tənqidin birbaşa bədii mətnlə bağlı olduğunu zənn edib və bu qavrama səviyyəsiylə özünü hansı sərhədləri çəkdiyini başa düşməyib. Çünki Qərb ədəbiyyatıyla qurduğu əlaqə əsasən roman və şeirlə məhdudlaşan, düşüncə yaratmağı ictimai-siyasi cərəyanların kölgəsində həyata keçirmək istəyən, ədəbiyyat nəzəriyyəsinin və ədəbi tənqidin klassiklərini sonradan Fişer, Lukaç, Qoldman kimi müəlliflərin totalitar, yəni, öz məhdudiyyətlərini özü müəyyənləşdirən əsərlərindən öyrənən tənqidçilərimiz başa düşə bilmədilər ki, əsas problem yazıçıda, yaxud əsərdə yox, təhlil metodundadır.

Son illərdə oxuduğum bəzi kitablar ədəbiyyatımızın həm düşüncə dərinliyi, həm də polemika mədəniyyəti baxımından yerində saymasının qeyri-mümkünlüyünü göstərir. Pol de Man ədəbi tənqidin şedevrlərindən hesab edilən, seçmə esselərindən ibarət “Korluq və Bəsirət” (1970) adlı kitabında təhlil metodlarına fokuslanır. O, tənqidi dünyagörüşünü digər tənqidçilərin yazdıqları üstündə, deməli, tənqidin tənqidi üstündə qurub. Onun üçün Lukaç, Blanşo, Pulet, ya da Derridanın tənqid anlayışlarından yola çıxaraq formalaşdırdığı tənqidi istiqamətin özünü daha yuxarıda tutması zəruridir. İlk təkanı tənqidçinin bu nöqtədən çıxış etməsi yaradır.

Bir yazıçının öz dəmir otağından çıxanda birinci işi oxumaqdırsa, stabilliyi əmələ gətirən isə bu mütaliənin individuallığıdır.

Beləcə, bir tərəfdən özündən başqasının yazdıqlarını oxuyarkən, bir tərəfdən də tamamilə özünəməxsus bucaq içində formalaşan şərh sahələri yaratmış olur. Başqalarının yazdıqlarını paylaşarkən, başqalarının paylaşdığı müəllifə çevrilir. Bu, bir xeyli tənqidçinin Todorovun orbitində fırlanaraq bütün detalları ilə açıqlamağa çalışdığı “diqqətli oxu”dur. İndividuallığı olmayan sıravi təhlilin yaradıcı müəllifin düşüncə yollarını necə qapayacağını asanlıqla müəyyənləşdirmək olar.

Bir romançı, hekayəçi ya da şairin orijinal dili, üslubu, təhkiyə forması varsa, başqa müəllifləri oxumaq üçün formalaşdırdığı diskursu da var. Yazılanlar başlanğıcda həmişə başqa kitablardan çıxır. Digər romanlarla, hekayələrlə, şeirlərlə bağlı təhlillər, həmin bədii mətnlərin şərh olunması və bu zaman yaradıcılığın orijinal cəhətlərinin ayırd edilməsi, bilinənlərlə yanaşı, gözlənilməzliklər də gətirir. Bu cür mütaliə müəllifə çox geniş sahələr açır və həmin sahələrin fasiləsiz şəkildə şərh edilməsi həm yazılanın, həm də yazanın intellektual cəhətdən inkişaf edib dəyişməsinə təkan verir.

No description available.

Rene Jirar ədəbiyyatımızda bənzərini oxumağa vərdiş etmədiyimiz “Romantik Yalan və Romanesk Həqiqət” kitabında “Böyük şedevrləri çağdaş nəzəriyyələrin işığında şərh etmək əvəzinə, çağdaş nəzəriyyələri bu əsərlərin işığında sınamalıyıq. Bizim onlardan öyrənəcəklərimiz, onların bizdən öyrənəcəyindən çoxdur.” – deyir. Mənim üçün möhtəşəm təklifdir.

Bu iki cümlədən böyük bir tənqidi yazı çıxarmaq olar. Ədəbi tənqidi çağdaş nəzəriyyələrin düzxətli konkretliyi üstündə qurmaq əvəzinə, ədəbi şedevrlərin kosmik işığı altında yaratmaq: tənqidi dünyagörüşümü Jirarın bu iki cümləsinə yerləşdirə biləcəyimi görmək, əslində, ədəbi tənqid şedevrlərinin də böyük gücündən xəbər verir. Ədəbi tənqidi keyfiyyətli ədəbi əsərlərdən özünə qayıdan bir yaradıcılıq kimi başa düşürsünüzsə…

Son illər oxuduqlarım arasında Mixail Baxtinin “Karnavaldan Romana”, Rene Jirarın “Romantik Yalan və Romanesk Həqiqət”, Edvard Səidin “Qış ruhu”, Pol de Manın “Korluq və Bəsirət” kitablarını axır vaxtlar ayrı yerə qoyuram. İnanmıram ki, kimsə tənqidçiləri başa düşür; üstəlik, digər janrların cazibədarlığı varkən ədəbi tənqidlə məşğul olmağın darıxdırıcılığı bir yana, “ədəbi tənqid mətnlərini oxumaqdan uzaq durmaq lazımdır” - deyənlər də az deyil. Oxuya biləcəkləri kitabları (roman da daxil olmaqla) əvvəla digər janrlardan seçən oxucuları başa düşürəm, amma yazıçıların həmin yerdə qərar tutmasını anlamıram.

Halbuki Mixail Baxtinin “Karnavaldan romana” kitabını heç olmasa çap olunduğu gündən bu yana keçən müddət ərzində yazıçılar da oxumalıdır. Özünəməxsus bir mütaliə, təhlil diskursu yaratmaq əndişəsindən uzaq duran yazıçı başqalarının nə yazdığına yox, nə etdiyinə baxaraq başını girləyir. Yazıçı insanın ancaq başqasının anlayaraq özünü də başa düşəcəyini düşünmədən yaza və yaşaya bilərmi? Baxtinin təkcə Dostoyevskiylə bağlı araşdırmasını oxumaq belə bir ilin üç ayını doldura bilər, o üç ayın içində üç gündə bir dəfə Baxtinin yazdıqlarıyla bağlı düşünmək üçün insanın otuz fürsəti olur; Dostoyevskinin macəra dünyası, Sokratik dialoqdan Dostoyevski personajlarının dünyasına keçidin necə baş verməsi, Dostoyevskinin qaynaqları kimi mövzulara öz mənalarımızı da qataraq dalmaq, ədəbiyyatımızın məhdud düşüncə dünyasına böyük bir genişlik qazandıra bilər.

Bir anlıq kimin nə etməsiylə maraqlanmağı buraxıb düşünməyə davam edək: Rene Jirarın “Romantik Yalan və Romanesk Həqiqət” kitabındakı Dostoyevskiylə bağlı hissələri açaq. Zənnimcə, hamı “Prust və Dostoyevskidə texniki problemlər” tipində tənqidi mətnlər oxumaq istəyir, amma “bizdə niyə belə mətnlər yazılmır?” deyərək gileylənmək əvəzinə, əvvəlcə Jirarı oxumaq olar, sonra isə özümüzə “Niyə bu cür düşünmürük?” sualını verə bilərik – bu cür yazıları təkcə tənqidçilərdən gözləmədən.

Yaradıcı yazıçıların da ədəbi tənqidi mətnlər yazmalı olduğunu, düşüncə istehsalını ədəbiyyatın içində boynuna götürməli olduğunu həmişə təkrarlayıram, amma alınmırsa, çatışmazlıqlarımızı başqalarının yazdıqlarını oxuyaraq tamamlaya bilərik. Bəlkə də beləcə gündəlik, sıravi vərdişlərdən xilas olaraq, ədəbiyyatı içində itib-batdığımız bir dünya kimi qavramağa başlayarıq. Az şey deyil Servantes, Stendal, Flober, Prust və Dostoyevski kimi, bizi təəccübləndirən romançılarla bağlı Jirarın yazılarındakı dərinlikdən sərxoş olmaq. Bu, bizi axmaq narahatlıqlardan qoruyar.

Edvar Səid deyir ki, ədəbi tənqid sənətin və yazının mənalı olmasına təkan verən mərhələləri və obyektiv şəraiti özündə cəmləşdirir. Ədəbi tənqidin mənasını göstərir. Bəs onda tənqidçilərin həm də çağdaşlarına tuşladıqları tənqidlər barəsində düşündüyümüz günlər hara yazılır? Ola bilsin, kimin harada, nə etməsiylə bağlı keçirilən itirilmiş anları azaltmağa yarayır. Digər tərəfdən, aydındır ki, ədəbi tənqid adına yazdıqlarımızı da saf-çürük etməyə məcburuq. Bu məcburiyyət olmasa şübhəsiz ki, yazdıqlarımızla özümüzü tez-tez aldadacağıq.

Yeri gəlmişkən, şübhəsiz ki, ədəbiyyatımızın sərhədləri içində göylərə qaldırılan xeyli yazıçının ədəbi çəkisini həqiqətən dünya ədəbiyyatında bu gün yazılanların təyin etdiyi “planka”nın yüksəkliyinə baxaraq ölçəcək yetkinlikdə deyilik. Pol de Man oxumağı bilmədiyini deyəndə hansımızı kənarda qoyur ki? Oxumağı bilənlər rahat ola bilər; amma bilmədiyimizi fərz etmək, “Korluq və Bəsirət”dəki yazıları başa düşmək üçün lazımlıdır. Deməli, mütaliəni sistematik bir fəaliyyət və plan kimi başa düşənlər də oxumağı öyrənməyənlərin yanında tənqidi keyfiyyətini artıracaq. “Özünü tənqid etməyən, başqalarını tənqid edə bilməz” tezisi nə qədər doğrudursa, başqalarını sağlam düşüncə, fəhm və proqnoz qabiliyyətiylə tənqid edənlərin də özlərini başqa bucaqdan görməyə başlayacağı eyni qədər doğrudur. Bu aralar ədəbiyyatımız ancaq doğrularla maraqlanır. Həmin doğruların bükülməli olduğu yerdə nə bunu edəcək elastiklik var, nə də həmin bükülmənin axırında ortaya çıxacaq yeni yolda addımlamaq əminliyi...

Axır vaxtlar oxuduğumuz kitablarla bağlı düşünməklə kifayətlənməyib, həmin səviyyəni tutdura biləcək tənqidi mətnlər yazmağa çalışa bilərik. Bir yerdən sonra qatara çatacağıq. Vaqonu kim tuta bilsə, yola onunla davam etməli.

Tərcümə: Qismət

# 4525 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #