Gənc şairin qızına yazdığı gözəl bir şeir

Gənc şairin qızına yazdığı gözəl bir şeir
2 iyun 2019
# 12:07

Kulis.az "Bazar oxusu" layihəsindən gənc şair Qismətin qızına yazdığı “Qızım Dəfnə üçün” şeirini təqdim edir.

Ultrasondakı görüntülərə baxanda

çaşıb qalmışdıq ananla,

izaholunmaz bir sevinc bürümüşdü bizi.

Bu səndin, qızım,

zülmətin içində işaran

çeçelə barmaq boyda bir işıq gilizi…

Günü-gündən böyüyən,

ürəyi döyünən bir işıq!

Sən doğulan gün

bumeranq kimi öz üstümə qayıtdım,

duaların ətəyindən yapışdım,

və üzündəki ilahi cizgilərə baxıb

növbədənkənar göz yaşları axıtdım.

Qızım, indi elə əl-qol atırsan ki,

üzməyi öyrənirsən sanki.

Havanı təpikləyirsən,

elə bil, dünyada özünə yer eləyirsən…

Amma sən doğulan gün mən də böyüdüm,

o qədər böyüdüm ki,

indi sənin təsbeh dənəsi gözlərindəki

əksim boydayam.

# 6552 dəfə oxunub

Müəllifin son yazıları

# # #