Azərbaycan paranoyası

Azərbaycan paranoyası
22 dekabr 2012
# 08:10

Birinci hissə

(II yazı)

Bir cihazın kəşf tarixi onun istehsal tarixindən başlayır, yoxsa həmin nəsnənin kəşf olunduğu elan olunan gündən ? Bəlkə tamamilə başqa bir tarix yazmaq olar ? Məsələn, bəlkə televizorun kəşf tarixini XIX əsrdən yox, antik Yunanıstandan götürək. Əsas ideya deyilmi ? Əgər elədirsə, onda televizor ideyasını Platonda tapmaq da mümkündür.

Platon “Dövlət” əsərində yaşadığımız dünyanın gerçək olmadığını, bu dünyanın duyğularımızın yaratdığı bir illüziya olduğunu deyirdi, sonra o , bir mağara təsvir edirdi ki, bu mağarada doğulduqları gündən bəri zəncirlənmiş məhbuslar yaşayır. Məhbuslar qımıldanmadan, üzlərini mağaranın bir divarına , arxalarını isə mağaranın işıq gələn tərəfinə - girişinə çeviriblər. Arxalarında, yüksək bir təpədə böyük bir tonqal yanır. Məhbuslarla atəş arasındakı yoldan, əllərində insana və heyvana bənzər kuklalar tutmuş insanlar keçir. Bu nəsnələrin kölgələri, məhbusların baxdıqları divara düşür. Söhbətlər də həmin divarda əks-səda verir. Beləcə, məhbuslara elə gəlir ki, eşitdikləri səslər kuklaların kölgəsindən gəlir. Məhbuslar geri çevrilib baxa bilmədikləri üçün kölgələri gerçək hesab edir, səslərin də kölgələrdən çıxdığını zənn edirlər.

Platonun yazdıqları bir nöq kinoteatr tamaşaçısının vəziyyətini xatırladır. Kinoteatr tamaşaçısı da, gerçəkliklə Platonun dediyi formada əlaqədə olur. Kinoteatrda pərdədən gələn səs və görüntü, gerçəkliyin özü yox, onun bir növ kölgəsidir. Lakin Platonun yazdığı kimi əgər “həqiqətin” özünə birbaşa çatmaq imkanımız yoxdursa, onda kölgələrə və səslərə təslim olaraq , onunla bağlı bir təəssürat formalaşdıra bilərik. Platonun yazdıqları ilə kinoteatrdakılar arasında belə bir analogiya apara bilərik :

Mağara – kinoteatr

Məhbus – tamaşaçı

Arxadan gələn işıq – projektor

Mağara divarı – kinoteatrın divarı(salon)

Kölgə və əks-səda verən səs : Kinomatoqrafik səs və görüntü.

Platonun mağara metaforasını kino üçün misal göstərdiyim kimi, televiziya üçün də “Kölgə oyunu”, kukla teatrı və ya daha məşhur adıyla “Qaragöz və Hacıvat”ı misal gətirə bilərik. Səhnə arxasından üzü görünməyən sənətçi, səhnənin ortasından asılmış pərdənin arxasından kukla personajları - insanları, heyvanları, əşya və fantastik məxluqları pərdə arxasından "cana" gətirir. Bütün söhbətləri, musiqiləri və effektləri şam işığında özü ifa eləyir. Tamaşaçı pərdənin önündə dayanır və pərdənin arxasındakı sənətçini görmür. Lakin personajları hərəkət etdirənin özgə biri olduğu bilinir, daha doğrusu tamaşaçıya hiss etdirilir. Pərdə - personajların göründüyü və hadisələrin təsvir olunduğu çərçivədir.

Kinoteatrda tamaşaçının arxasında, yüksək bir nöqtədəki projektordan gələn işıq pərdəyə düşür və görüntü tamaşaçıya görünür. Televizorda isə işıq kukla teatrındakı kimi cihazın içindən istehsal olunur və birbaşa tamaşaçıya, seyrçiyə ötürülür. Həm də pərdənin ölçüləri ilə televizorun ölçüləri bir-birinə yaxındır.

Çində kəşf olunduğu düşünülən kölgə oyunu haqqında əfsanədə deyilir ki, imperatorun arvadının ölümü ilə əlaqədar, onun kədərini azaltmaq üçün bu oyunu Şav-Vonq adlı bir çinli icad edib. Şav-Vonq sarayın bir divarına tarım bəyaz pərdə çəkib və pərdənin arxasından keçirdiyi qadının kölgəsini imperatora arvadının xəyalı kimi təqdim eləyib. Sonradan insanların yerini düzəlmə kuklalar, təsvirlər tutub. Türk folklorunda xüsusi yeri olan Qaragöz də rəvayətə görə belə bir hadisədən sonra yaranıb. Sultan Orxan zamanında , Bursada bir məscid inşaatında işləyən Qaragöz və Hacıvat adlı iki divarçı maraqlı söhbətləriylə bütün fəhlələri ətraflarına toplayıb işdən yayındırırmış. Bunu eşidən sultan qeyzlənib onları öldürtdürür. Sonradan öz işindən peşman olan sultanın kədərini azaltmaq üçün Şeyx Küştəri adlı birisi saray divarlarından birinə pərdə çəkir və Qaragöz ilə Hacıvata bənzəyən təsvirləri oynadaraq, onların məzəli söhbətlərini təkrarlayır.

Sözsüz ki, biz bu rəvayətlərin sırasına nağıllardakı “sehrli güzgü” metaforasını da əlavə edə bilərik.

Qəribədir, ideyanın əcdadını axtarmaq üçün nə qədər qədimə üz tuturuq-tutaq, bəzi şeylər dəyişməz qalır : ta qədimdən günümüzəcən mağara divarında, ya da kuklaçının pərdəsində gördüklərini mütləq həqiqət hesab edənlər var. Gerçəkliklə virtuallığı qarışdıran adamların hamısı mənə öz işindən peşman olmuş sultanı xatırladır. Çünki onların hamısı kölgə təsvirlərlə özünü ovundurmağa məhkumdur. Bir fransız deyimi burda yerinə düşür : "dəyişdikcə eyni şey olan".

***

Mən illüzionistləri, gözbağlayıcıları sevirəm. Çünki bu dünyada bəlkə də yeganə onlar bizi aldatsalar da, aldatdıqlarını gizlətmirlər. Bizi illüzionistlərə aldanacağımızı bilə-bilə baxırıq. Bu təxminən ona bənzəyirik ki, Axillesin Paris tərəfindən öldürüləcəyini bilsək də, Troya filminə yenə də baxırıq. Könüllü "aldanışımız" bizdə məyusluq yaratmır, əksinə bəlkə də bizə bilgi qazandırır.

Amerika yazıçı - fantast Robert Şeklinin "Aləmlər dükanı" adlı hekayəsində Balzakın "Şaqren dərisi"ni xatırladan bir əhvalat nəql olunur. Hekayənin qəhrəmanı Ueyn şəhərin tərk edilmiş, adamız, tənha bölgəsində yaşayan, sirli, əsrarəngiz qoca olan Tompkinsin yanına gedir. Ueynin bu qəribə qocanın "ziyarət"inin səbəbi də maraqlıdır : deyilənə görə Tompkinsə sirli bir iksir vasitəsilə insanları paralel bir aləmə sala bilir, bu aləmdə bütün arzular reallaşır. Qayda isə belədir : paralel aləmə düşmək istəyən, arzularının reallaşmasını istəyən hər adam Tompkinsə özünün ən dəyərli əşyalarından birini verməlidir. Ueyn sirli qocayla görüşür və ahıl sehrkar ona deyir ki, mənim bütün müştərilərim xidmətimdən razı qalırlar, heç kim özünü aldadılmış hiss etmir. Ueyn tərəddüd edir, qoca ona tələsməməyi, yaxşı-yaxşı düşünməyi məsləhət görür. O, evinə qayıdarkən yolboyu bu qəribə təcrübəyə razılıq verib-verməməyi düşünür. Lakin qayıdandan sonra ailə qayğılarına başı o qədər qarışır ki, Tompkinsin təklifini unudur, amma arada ağlından qocanı yenidən ziyarət etmək keçir, amma həmişə nəsə bir işi çıxır : gah arvadıyla bir qonaqlığa gedəsi olur, gah oğlunun məktəbdəki problemlərini həll etməli olur. Bütün bu problemlərlə əlləşə-əlləşə həmişə beyninin bir tərəfində düşünür ki, qocanı ziyarət edəcək. Günlər belə keçərkən... birdən Ueyn gözlərini açıb özünü qocanın daxmasında görür. Tompkinsin gülümsəyib deyir : hə, necəydi, bəyəndin ? Ueyn çaşqın halda dillənir : hə, yaxşıydı, deyəsən yaxşıydı... Sonra cibindən ən dəyərli əşyalarını çıxarıb ( paslı bir bıçaq, köhnə konserv qutusu və s) qocaya verir. Tələsik qocanın daxmasından çıxır və hava tam qaralmamış, nüvə radiasiyasından mutasiya olmuş siçovullar şəhərə çıxmamış evinə tərəf qaçmağa başlayır.

Bu hekayə nüvə silahlarından sonra dünyanın düşə biləcəyi vəziyyəti ifadə eləyən mənim oxuduğum ən yaxşı fantastik hekayələrdən biridir. Lakin məni bu hekayədə özünə cəlb edən, yazıçının oxucunu çaşdıran fəndindən, yaxud ideyasının bəşəriliyindən çox, Ueynin reallıq-virtuallıq arasında vurnuxmasıdır. Ueyn qocanın fəndi ilə bir yuxu, bir röya, gerçək olmayan bir həyata qədəm qoyur. Onun gördüyü yalançı gerçəklik, görmək istədiyi həyatdır. Aldanmasının, çaşmasının da səbəbi budur. Çağdaş dünyada biz reklamlarla, sosial şəbəkələrin illüziyası ilə, tv-lərin realiti şouları ilə Şeklinin təsvir etdiyi dünyanın vətəndaşlarıyıq. Hamımız ən dəyərli olan şeylərimizi verib, əvəzinə saxta reallıqlar qazanmışıq. Bu da mənim paranoyam : qaçmaq lazımdı bəylər, siçovullar yoldadı.

# 3750 dəfə oxunub

Müəllifin son yazıları

# # #