Vaqif Mustafayev: "Ən böyük arzum "Don Kixot"u çəkmək olub" - Müsahibə

Vaqif Mustafayev:  "Ən böyük arzum "Don Kixot"u çəkmək olub" - Müsahibə
28 avqust 2023
# 12:17

Bu gün Xalq artisti, Əməkdar incəsənət xadimi, Dövlət Mükafatı laureatı, “Şərəf” ordenli görkəmli kinorejissor Vaqif Mustafayevin doğum günüdür.

Kulis.az şair, esseist Qismətin Xalq artisti, rejissor Vaqif Mustafayevlə söhbətini təqdim edir.


– Ad günlərinizi necə keçirirsiniz?
Uşaqlıqda bir adətim vardı, gizlənirdim. “Sovetski”də, həyətimizdə gizlənirdim ki, məni tapmasınlar. Bilmirəm, niyə belədir, ancaq içimdə həmin hiss yenə var, məsələn, yubileyim keçiriləcək, amma istəyirəm gizlənim.


– Çoxluğu, izdihamı sevmirsiz, ya necə?
Yox, əslində, çoxluğu xoşlayıram, ictimai insanam, ancaq tez-tez qaçmaq istəyirəm. Məsələn, indi sizin nəşriyyatın sayəsində kitab yazıram, xatirələrimi. Yeri gəlmişkən, buna görə Kamal müəllimə, sizə, sizin nəşriyyata təşəkkür edirəm. Mənə, elə bil, ikinci həyat verdiniz. Yaza-yaza bir daha əmin oldum ki, xatırlamaq üçün, düşünmək üçün, tək qalmaq lazımdır. Yüz nəfərin içində, iclasda bu mümkün deyil. Bu, bəlkə də, uşaq oyunlarına xas məsələdir, gizlənmək ki, hamı səni axtarsın. Əgər lazımamsa, axtarsınlar, yoxsa elə gizləndiyim yerdə qalım.


– Söz açılmışkən, Kamal Abdullanın ideyası ilə “Sim-sim press” sizinlə müqavilə bağladı, artıq bir neçə müddətdir ki, xatirələrinizi yazırsınız. Necə gedir?
Əvvəl çətin idi, birinci dəfə biz danışanda mən bir yandan “Molla Nəsrəddin” filminin ssenrasini işləyirdim, sonra Fikrət Əmirov filmini işlədim, buna görə də birinci cəhddə alınmadı. İkinci cəhddə alındı, artıq elə bil mən buna iş kimi vaxt ayırmıram, xatırlamaq üçün yaşayıram. Yaza-yaza anladım ki, yaşanan hər gün içində nə qədər yazılası xatirə var, fikir verdiyimiz, yaxud yanından ötüb keçdiyimiz. Artıq başlamışam hərəkətlərimə ikiqat fikir verməyə ki, sonradan xatirəyə çevriləndə, xatırlayanda maraqlı olsun. İnsan gərək maraqlı olsun. Baxırsan, kimsə iclasda çıxış edir, adam həyatdan bezir. Elə filmlər, musiqilər, əsərlər var ki, iclasda danışa bilməyən adam kimi maraqsızdır, darıxdırıcıdır. Maraqlı əsər də, insan da sənin içində bir prosesi, mexanizmi işə salır.



– Yəni maraqlı adam özünü tapmış adamdır...
Bəli. Mən kinostudiyaya küçədən – “Sovetski”dən gəlmişəm. Ordakı hamıya böyük adam kimi baxırdım, hamısı zirvələr, kultlar idi. Ancaq sonra küçənin məntiqi ilə ordakıları dişimə vurmağa başladım, görüm həqiqətən, maraqlı adamdır ya yox? Şəxsiyyətdir ya yox? Bu gün Şahmar Ələkbərzadənin yubileyində iştirak etdim. Məsələn, Şahmar falş deyildi. Məncə, hər şey şəxsiyyət olmaqla bağlıdır.

– Bu, görünür bir az da yaddaşla – həm fərdi, həm də cəmiyyət yaddaşıyla bağlıdır. Xatirə kitabına salmadığınız, ancaq unudulmasını istəmədiyiniz belə anlar varmı?
Əlbəttə, var. Mənə də belə gəlir ki, yaddaş da, xatırlamaq da şəxsiyyətlə bağlı məsələdir. Çünki bunlar şəxsiyyətin daxili tutumundan asılıdır. Mən Şahmarı elə-belə xatırlamadım. Bir xatirə danışım. O vaxt Moskvada “Dövlət Kino İttifaqı” vardı, dəhşətli bir qurum idi. Getmişdik “Bəyin oğurlanması” filmini təhvil verməyə. Şahmar da bizimlə filmin rusca mətnini oxumağa getmişdi. Filmi uğurla təhvil verdik, Şahmar da gözəl nitqiylə mətni oxudu. İşimiz yekunlaşdı, hərə bir yana çəkildi. O vaxtlar hər şey defisit idi, mənə də evdən “Quş südü” – “Птичье молоко” tortu almaq tapşırmışdılar. Şirniyyat dükanının qabağında növbəyə yazılıb gözləməyə başladım, gördüm ki, mənim sıram gec çatacaq, öz növbəsini satan bir nəfərdən nömrəsini aldım. Təxminən bir saatdan sonra sıram çatdı, bileti göstərdim, nəzarətçi kişi alıb baxdı, qəzəblə bileti cırdı ki, sən burda yazılan adam deyilsən! Burada yazılıb Sneşko, sən Sneşkoya oxşamırsan. Mənim də o vaxt saçlarım qapqara idi, nə Sneşko?!
Qanıqara mehmanxanaya qayıtdım. Şahmar gördü ki, kefim yoxdur, soruşdu nolub? Məsələni danışdım. Dedi, fikir eləmə, Bakıda həll edərik. Bakıya qayıdandan bir-iki həftə sonra bir gün Şahmar əlində yekə bir tort gəldi. Demək, unutmayıb, evdə yoldaşına bişirtdirib. Nədir bu? Sözübütövlük. Bu, xırda epizod olsa da, xarakterlə, yaddaşla bağlı çox şey deyir. İnsan fikir verdiklərinin, yadda saxladıqlarının cəmidir. İstedad bunları maraqlı danışmaq, maraqlı ifadə etmək, ümumiyyətlə, maraqlı etməkdir.



– Mənə həmişə belə gəlib ki, sizin filmlərinizdə, belə deyək, bir zəlzələ sonrası ovqat var. Əksər filmləriniz bir yerdən başqa yerə köçlə, həmiş yolüstündə olmaqla başlayır. Əhvalat həmişə elə yerdən başlayır ki, elə bil bir dəqiqə qabaq zəlzələ olub...
Həyatın özü də belədir. Həmişə birbaşa hərəkətdən, hadisənin ortasından başlamağı sevirəm. Uzatmadan, birbaşa hadisənin içində daxil olmaq lazımdır.

– İndi “Molla Nəsrəddin” filmini işləyirsiniz?
Bəli, bu il “Molla Nəsrəddin” hərəkətə gəlməlidir. Sizə deyim ki, Mədəniyyət Nazirliyinin yeni heyəti məni çox sevindirir. Məsələn, yaxın aylarda Kinoforum keçirildi və çox faydalı oldu. Ondan sonra bir-iki yığıncaq da oldu. Mən gördüm ki, yeni Mədəniyyət Naziri Adil müəllim hər işə missiya kimi baxır, müasir yanaşır və can yandırır. Bu, ən böyük vətənpərvərlikdir. Yeni heyət vətənini sevən insanlardır. Ona görə əminliklə deyirəm ki, “Molla Nəsrəddin” filmi alınacaq, çünki mən onlara inanıram. Bəzən elə olur ki, sənin arzun var, ideyan var, yanıb-tökülürsən, ancaq heç kim səni anlamır, dəstəkləmir. Ancaq həmin dəstəyi görəndə fərəhlənirsən. Mən bu münasibəti yeni nazirdə və yeni heyətdə gördüm.



– “Molla Nəsrəddin” filminin ikinci adı mənə maraqlı gəldi – “Çətin günlərimin dostu”. Çətin günlərinizdə Molla Nəsrəddinlə çox yoldaşlıq etmisiniz?
Dəqiq müşahidədir. Bütün sirr elə buradadır. Molla Nəsrəddin həyatın bütün çağları üçündür. İnsanı çətin anlarda yumor xilas edir. Əgər yaxınlar, dostlar yanında deyilsə, təksənsə, çətin günlərdə, darda – yumora, Molla Nəsrəddinə sarılırsan. Məncə, Molla Nəsrrədin ruhu xeyirxahdır. İndi də aramızda Molla Nəsrəddin ruhunu daşıyan adamlar var. Molla Nəsrəddin özü olmayan, özgəsini oynayanları təyin etmək alətidir. İnsan gərək özünü tapmağı və özü kimi qalmağı bacarsın, buna can atsın, məsələn, adam var vəzifəyə keçən kimi yerişi də dəyişir, ədaları da.


– Bir də içində latent məmur olmaq istəyi olanlar var, çaşıb ondan bir ünvan soruşsan, yolu belə başa salır: Ədliyyə Nazirliyini keç, bir az gedəndən sonra Vergilər Nazirliyi görəcəksən, ordan sağa burul, keçmiş komitənin binasına çatmamış, düz oradadır.
Ay sağ ol. Dəqiqdir. Halbuki “Hüseyn Cavid” parkından Müşfiqin heykəlinə tərəf düşəndə” - deyə bilər, ancaq bu informasiyanın onun üçün əhəmiyyəti yoxdur.

– Ağalar Qut “Tərsinə danışan müdrik – Molla Nəsrəddin” adlı bir esse yazıb, yazını sizə ithaf edib. Oxumaq imkanınız olub?
Deyəsən, xaricdə yaşayır. Yazısını böyük məmnuniyyətlə oxudum, çox maraqlı yazıdır. Minnətdaram ona. Çox yüksək səviyyədə düşünən insandır, belə insanların varlığı sevindirir. Belə yazılar insanda lazımlı olmaq hissini qüvvətləndirir. Siz də yaradıcı insansınız, məni yaxşı anlayarsınız, bu cür stimul verən məqamlar vacibdir. Mənim “Milli bomba” filmim də bu haqdadır, insanın özünü lazımlı hiss etməsi barədə. Baku TV mənim haqqında film çəkib, ordakı bir çarxda rusiyalı kinoşünas Şpagin deyir ki, mən bu filmə baxanda ağladım. Bunu eşidəndə elə bil başıma qaynar qazanla su tökdülər. Necə yəni ağladım, mənim filmlərin tragikomikdir, ironikdir, nə ağlamaq?! Sonra Şpagin izah edir: Ata sonda deyir ki, demək, biz kiməsə lazımıq, bu cümlə məni tutdu, ağladım. Demək, Şpagin özü daxilən zəngin adamdır ki, həmin məqama diqqət edib, onu mənalandırıb, zənginləşdirib.



– Vaqif müəllim, “Həyat, deyəsən, gözəldir” filminin adındakı “deyəsən” sözü, bu tərəddüd məqamı maraqlıdır. Nə deməkdir bu “deyəsən”?
– Çox gözəl tutmusunuz. Xeyli adam bu məqama fikir vermir, tuta bilmir, bir sözlük fərqi başa düşmür. Tutalım, Benininin “Həyat gözəldir” filmi var və s. Ancaq məndə məsələ başqadır. Məsələ belədir ki, məncə, yüz faiz xoşbəxtlik mümkün deyil. Fikir verin, kimdənsə xoş söz eşidəndə, kimsə səninlə maraqlananda, düşünürsən ki, həyat, deyəsən, gözəldir. Bunu hərdən deyirsən, konkret anlarda. Bir italyan yazıçısı vardı, İtalo Svevo, yəqin tanıyırsız.


– Əlbəttə, “Zenonun özünüdərki”, “Bir həyat” romanlarını maraqla oxumuşam.
Bəli, həmin Svevodur, onun maraqlı fikri var, deyir, həyatda elə məqamlar olur ki, onlara görə yenidən yaşamaq istərdim. Xoşbəxt anlar isə günlərlə, illərlə davam etmir, anlarda olur.


– Söhbət ədəbiyyata yönəldisə, poeziya ilə aranız necədir?
Çox yaxşıdır, bütün böyük şairləri oxuyuram. Rus, Amerika, Avropa poeziyasının ustalarını. Məsələn, Tonino Querra. Allahın işinə baxın, mən onun şeirlərini oxuyurdum, hətta bəzilərini əzbərləmişəm. Sonra ssenarilərinə çəkilən filmlərinə baxdım, Fellininin “Amarkord”u. Deyəsən, Antonioninin “Fotoböyütmə” filminin ssenarisini də o yazıb.



– Kortasarın hekayəsi əsasında.

Bəli, bəli, Querra dünya səviyyəli sənətçidir. Sankt-Peretburqda, mənim iştirak etmədiyim bir festivalda Querra “Hər şey yaxşılığa doğru” filmini görür, çox bəyənir, orada filmin operatoru və prodüseri Rafiq Quliyevə yaxınlaşır, rejissorla tanış olmaq istədiyini deyir.
Mənimlə əlaqə saxladılar, aramızda ünsiyyət yarandı. Bir müddət sonra, təxminən, bir il sonra mənə Amerikadan bir film kataloqu gəldi, baxdım ki, ən yaxşı filmlər sırasında mənim filmim də var. Maraqlandım ki, bunu kim etmiş olar? Bizimkilər qəti eləməz, Moskvadan da deyilmiş, öyrəndim ki, məlumat İtaliyadan gedib. Qayıdaq poeziyaya. Digər sahələrə baxanda bizim poeziya güclüdür, məncə.


– Bəs proza?
Kamal Abdullanı oxuyuram. Mən onun əsərlərinin qabağında özümü partada oturan şagird kimi hiss edirəm, çünki burada yüksək intellektual ədəbiyyatdan söhbət gedir, onu məsuliyyətlə oxumaq lazımdır.


– Sizin aldığınız mükafatların içində də ədəbiyyat boy göstərir. Məsələn, “Hər şey yaxşılığa doğru” filminə görə aldığınız iki mükafat xüsusilə diqqətimi çəkdi. Biri “Ulenşpigel” mükafatıdır, digəri “Don Kixot” mükafatı...
Yaxşı məqama toxundunuz. Mən hədsiz çox kitab oxuyan adam olmuşam. Ədəbiyyatsız olmaz. Səmimi deyim, bəlkə də, oxumadığım azsaylı əsərlərdən biri də Şarl Kosterin “Ulenşpigel”i idi. Elə oldu ki, onun adına mükafat qazandım, öz-özümə dedim ki, gec də olsa, oxumaq lazımdır. Kitabı aldım, həvəslə başladım, amma oxuya bilmədim, bir də oyandım ki, yuxuya getmişəm. Nə bilim, belə alındı. “Don Kixot” isə dünyada ən çox sevdiyim əsərlərdən biridir. Bu yaxınlarda oğlum İspaniyadan mənə Servantesin yaşadığı yerdən barelyefinin fotosunu göndərdi, çox sevindim. Sizə deyim ki, uzun müddət “Don Kixot”u çəkmək haqqında düşünmüşəm. Ən böyük arzularımdan biri olub. Əvvəllər “Don Kixot” çəkilib, məsələn, Qriqori Kozintsev çəkib, yaxşı filmdir, ancaq nəsə mənə qaramat gəlir.
“Yaramaz” filmini çəkəndə aktyor axtarırdım, yadıma düşdü ki, tələbəlik vaxtı Nikita Mixalkov bizə Gürcüstan İncəsənət Universitetinin məzunlarının qısa filmlərini göstərmişdi, orda mən bir qısa film görmüşdüm: Kvazimoda. Orda kök bir aktyor oynayırdı, həmin aktyor yadıma düşdü, başladım onu axtarmağa. Zəng vurdum, dedilər Gürcüstanda deyil, sorağı gah Parisdən gəldi, gah da İspaniyadan. Dedilər, “Don Kixot”a çəkilir, Sanço Pansa rolunda. Bu, Mamuka Kikaleyşvili idi. Onu tapa bilmirdim, bir gün bir nəfər gəldi ki, sənin axtardığın adam “İçərişəhər”dədir. Getdim ki, indi Muğam Mərkəzinin yerində çəkilişdədir. Orda tanış olduq, filmə dəvət etdim.
Rezo Çxeidze də “Don Kixot və Sançonun rəvayəti” adlı çoxseriyalı film çəkmişdi. O film də məni bir o qədər açmadı. Mən “Don Kixot”u başqa cür təsəvvür edirdim. Mənim içimdə “Don Kixot” bağlı arzu hələ də diridir. Əsas olan da budur. Sizə deyim, biz sənət adamları da Don Kixotuq, bəlkə, bu əsər ona görə bizə belə doğma gəlir, çünki bu, elə bizim haqqımızdadır. Xəyal qurmağı bacaran hamı bir az Don Kixotdur.



– İstəyirəm, gələk ədəbi əcdadlar məsələsinə. Kimləri ədəbiyyatda, kinoda və digər sahələrdə özünüzə müəllim sayırsınız?
Məsələn, Çexov. Onu çox sevirəm, bəzi hekayələri az qala, əzbər bilirəm. Ancaq əzbər bilsəm də, yenidən oxuyuram, tutalım, “Rotşildin skripkası” hekayəsini. Bu, ovqatdan, daxili ehtiyac asılı olaraq dəyişir. Yaxud Coysu götürüb vərəqləyirəm, bəzi səhnələrinə qayıdıram, ironik prozadır, sizin də Coysla bağlı çox maraqlı çıxışınız vardı. Bir sözlə, ən müxtəlif müəlliflərə baş vurub özüm üçün atmosfer yaradıram. Kinodan da çoxları Fellini, Antonioni, Berqman, Kurosava... Yaxud bəxtim gətirib ki, tanımışam, dostlaşmışam, Nikita Mixalkov. Sonra Kşiştof Kyeslovski, onunla tanış olduq, dostlaşdıq. Onun sayəsində “Yaramaz” filmi Neapolda keçirilən Sorrento Beynəlxalq Kino festivalına getdi, orda “Vittorio de Sika” adına qızıl mükafat qazandı.
Özü də bizim Kyeslovski ilə tanışlığımız qəribə oldu, Varşavada böyük kinoteatr vardı, orda filmim göstərildi, çıxanda bir nəfər mənə yaxınlaşdı, sadə geyimdə, sadə plaşda, başında beret. Dedi, sizinlə kofe içmək olar? Dedim, buyurun, bir yerdə kofe içdik və o, başladı filmim haqqında danışmağa, xoş sözlər söylədi, sonra dedi ki, vaxtınız varsa, sizə bir filmimi göstərmək istəyərəm. Dedim, məmnuniyyətlə, hələ iki gün Varşavadayam.
Səhəri gün məni öz maşınıyla studiyasına apardı və orda mənə məşhur “Dekaloq” seriyasından iki hissəni göstərdi.
Belə qəribə, gözlənilməz tanışlıq. Ancaq bundan çox məmnunam.
Keçmişə boylananda görürəm ki, arzuladığım şeylərin çoxuna çatmışam.

# 6693 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #